Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-783/2025 21.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “qanunsuz hesablanmış elektrik enejisi borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona hesablanmış 1435 manat borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona hesablanmış 1845,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Böyük Kolatan kəndində özünə məxsus fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq elektrik enerjisi və istifadə olunan elektrik enerjisinin dəyərinin müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq elektrik enerjisindən istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərimin icrasından yayınmamışdır. 2024-cü ilin noyabr ayı “Azərişıq" ASC-nin Masallı EŞ-nin işçiləri evinə gələn elektrik xətlərini və sayğacı yoxlamışlar, yoxladıqdan sonra hər hansı bir nasazlığın olmamasını bildirərək getmişlər. Elektrik sayğacını həyətindən 30 metr aralıda küçədə quraşdırmışlar. Yoxlamadan sonra ona aylıq ödənişləri üçün bildiriş göndərilmiş, bildirişin aşağı hissəsində qalıq borc olaraq 1435 manat göstərilmişdir. O, bu barədə “Azərişıq" ASC-nin Masallı EŞ-nə müraciət etmiş olsa da, əməkdaşlar ona heç bir tutarlı cavab verə bilməmişlər. X4 Xidmət Mərkəzində yerləşən “Azərişıq" ASC-nin filialına yaxınlaşaraq ona yazılmış borcun araşdırılmasını xahiş etmişdir. Oradan ona abunəçinin ödəniş cədvəlini verərək bildirmişlər ki, onun barədə heç bir akt yazılmamış, yaranmış borc istifadə etdiyi aylıq enerjinin borcudur. Ona yazılmış borcun əsassız olduğunu hesab edir. Əvvəllər onun sayğacı smart sayğac olmamış, nəzarətçi tərəfindən ona verilən bildiriş əsasında aylq ödənişlərini etmişdir. Son üç ilə baxdıqda onun aylıq ödənişləri kifayət qədər olmuş, əsassız borcun haradan yaranmasını bilmir. Acınacaqlı hal odur ki, bildirişində borc olaraq göstərilmiş məbləği həmçinin “Azərişıq" ASC-nin Masallı EŞ-də izah edə bilmir. Necə olar bilər ki, o, hər ay istifadə etdiyi elektrik enerjinin pulu ödədiyi halda, sayğacda nasazlıq var idisə sayğaclara baxan nəzarətçilər və sahə rəislər var. Sayğacı onun iştirakı olmadan açmışlar və yerinə smart tipli yeni sayğac quraşdırmışlar. Hesab edir ki, bütün bu qanunsuzluqlara səbəbkar “Azərişıq" ASC-nin Masallı EŞ-dir. “Azərişıq" ASC-nin Masallı EŞ-nə borcun silinməsi barədə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, hər ay sayğaclar yoxlanılır, hər ay işığa görə ödənişlər edirlər. İşığın sayğacı evin daxili həyətində deyil, çöldə yol tərəfdə yerləşir, tez-tez gedib sayğacı yoxlamaq imkanları olmur, həmçinin sayğaca Cavabdeh ASC-nin əməkdaşları baxış keçirəndə nəzarət edə bilmirlər. 2024-cü ilin noyabr ayında əməkdaşlar gəlib sayğacı yoxladıqdan sonra 20,15 manat borc barədə qəbzi onlara təqdim etmişlər. Sonradan dekabr ayında yoxladıqdan sonra borc çox yazılıb, onlar isə əməkdaşlara həmin noyabr ayının qəbzini təqdim etmişlər. Əməkdaşlar özləri də, görüblər ki, həqiqətən keçən ay üçün 20,15 manat məbləğində borc qeyd olunmuşdur. Sonradan köhnə sayğacı dəyişərək smart sayğac qoyulmuşdur. Borc var idi deyə ödəniş etmək lazım idi, o, da “ASAN xidmət” mərkəzində olan Cavabdeh ASC-nə yaxınlaşmış və 20 manat borc olduğunu demişlər, o, da 470 manat məbləğində ödəniş etmişdir. Cavabdeh ASC-nin Masallı rayon üzrə nəzarətçisi ona izah etmişdir ki, köhnə sayğacda sərfiyyat problemi olduğu üçün sayğac dəyişdirilmişdir. Sayğaca baxış keçirəndə, dəyişəndə onlara heç bir məlumat verilməmiş, həmçinin iştirakları olmadan həyata keçirilmişdir. Yeni sayğac üzrə müqavilə bağlanmalı olduğu üçün 20 manat olan borcu ödəməli idi. Ödəniş etdikdən sonra yeni müqavilə bağlanmış və yeni smart sayğaca 450 manat məbləğində ödəniş etmişdir. Ona belə izah etmişlər ki, nə qədər pul qoysan, onu işlədə bilərsən, ona görə də, çox ödəniş etmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin sayğac hal-hazırda laboratoriyadadır, rəyi ala bilməmişlər, lakin əldə olunandan sonra təqdim edə biləcək. Həmin laboratoriya özəl müəssisə deyil, dövlətin müəssisəsidir, həmçinin rəy təqdim olunandan sonra əgər elə bir zərurət olsa, ekspertizanın təyin edilməsinə etirazları yoxdur. Sayğac əslində sərfiyyəti düzgün göstərib, sadəcə nəzarətçi özü abonentlə gizli razılığa gələrək sərfiyyatı sayğacda olandan fərqli olaraq qəbzlərdə aşağı göstərici ilə qeyd etmişdir. Sonra sayğaca baxış zamanı sayğacda olan sərfiyyatla qəbzdə göstərilmiş sərfiyyat arasında fərq olduğu müəyyən edilmiş və sayğacda olan sərfiyyata əsasən borc hesablanmışdır. Həmin nəzarətçi işdən çıxarılmışdır. Rəyi alandan sonra şəxsin əməlində elektrik enerjisini talama halları müəyyən edilərsə barəsində inzibati yaxud cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müraciət olunacaqdır.
6. Cavabdeh "xxxx" ASC-nə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. 10 aprel 2025-ci il tarixdə "xxxx" ASC-nin nümayəndəsi Arif Ləzimzadə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
9. Abunə haqqında məlumatdan görünür ki, Masallı rayonu, Böyük Kolatan kəndində İddiaçı adlı abonentin fərdi evinə 01 noyabr 2022-ci il tarixdə M560 tipli 21454247M358286 nömrəli sayğac quraşdırılmış, həmin sayğac 28 noyabr 2024-cü il tarixdə çıxarılaraq 29 noyabr 2024-cü il tarixdə PAUD-MP106 tipli **********4M284403 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00586-dır.
10. Abunə haqqında məlumatdan görünür ki, Masallı rayonu, Böyük Kolatan kəndində İddiaçı adlı abonentin 28 noyabr 2024-cü il tarixdə 21060 göstərici ilə 1845,65 manat məbləğində sərfiyyat göstərilmişdir.
11. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli R seriyalı 361869 saylı aktdan görünür ki, EEİQ-nin tələblərinə uyğun tərəflərindən sayğac uçot dəstinə baxış keçirilən zaman məlum oldu ki, küçədə dirəkdə quraşdırılan sayğacın üzərində faktiki göstərici 21060 olduğu halda nəzarətçi mühəndis tərəfindən 02 noyabr 2024-cü il tarixində 6755 göstərici oxunmuşdur. Aylıq sərfiyyat 154 kvt/s oxunduğu halda 14305 kvt/s enerji oxunmamış saxlanılmışdır.
İşin faktiki halları:
12. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli akta əsasən İddiaçı məxsus Masallı rayonu, Böyük Kolatan kəndində fərdi yaşayış evinin küçədə quraşdırılmış sayğacın yoxlanması zamanı məlum olmuşdur ki, abonentin elektrik enerjisindən sayğacın üzərinə faktiki göstərici 21060 olduğu halda nəzarətçi mühəndis tərəfindən 02 noyabr 2024-cü il tarixində 6755 göstərici oxunmuşdur. Aylıq sərfiyyat 154 kvt/s oxunduğu halda 14305 kvt/s enerji oxunmamış saxlanılmışdır. İddiaçı adlı abonentə 28 noyabr 2024-cü il tarixdə 21060 kvt/s sərfiyyata görə 1845,65 manat məbləğində borc hesablanmışdır. Abonentə 29 noyabr 2024-cü il tarixdə PAUD-MP106 tipli **********4M284403 nömrəli yeni sayğac quraşdırılmışdır. Hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
13. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
18. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.
19. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.
20. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 26 noyabr 2024-cü il tarixli R seriyalı 361869 saylı akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndində nəzərdə tutulmuş qaydada istehlakçının iştirakı təmin edilməmiş, akt enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən imzalansa da, istehlakçı tərəfindən imzalanmamış, aktın bir nüsxəsi istehlakçıya təqdim edilməmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmamış və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. Həmçinin istehlakçının izahatı və aktın məzmunu barəsində mülahizələri akta əlavə edilməmişdir. Məhkəmə iclasında iddiaçı da, akt tərtib edildiyi zaman məlumatının olmadığını, sonradan xəbəri olduğunu qeyd etmişdir.
21. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Bundan başqa istinad edilən Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında) quraşdırılmış elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.
22. Həmçinin nəzərə alınmalıdır ki, istehlakçının elektrik enerjinin talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə enerjitəchizatı müəssisəsi vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşdən görünür ki, iddiaçı barəsində R seriyalı 361869 saylı akt 26 noyabr 2024-cü il tarixdə tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün iddiaçının təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir.
23. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borc silinməlidir. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, akt tərtib edikdikdən sonra 1845,65 manat borc hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən akt əsasında hesablanmış 1845,65 manat borc silinməlidir. Nəticə:
24. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu, Böyük Kolatan kəndində yerləşən fərdi yaşayış evinə dair “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması haqqında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş R seriyalı 361869 saylı 26 noyabr 2024-cü il tarixli akt əsasında **********00586 abonent kodu üzrə İddiaçı elektrik enerjisindən 21060 kvt/s sərfiyyata görə hesablanmış 1845,65 manat məbləğində borc silinməlidir.
25. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi təmin edilsin. Masallı rayonu, Böyük Kolatan kəndində yerləşən fərdi yaşayış evinə dair “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması haqqında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş R seriyalı 361869 saylı 26 noyabr 2024-cü il tarixli akt əsasında **********00586 abonent kodu üzrə İddiaçı elektrik enerjisindən 21060 kvt/s sərfiyyata görə hesablanmış 1845,65 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov