Məhkəmə qərarları › İş №2(050)-86/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-86/2025

28.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-86/2025 28.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 may 2023cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 35040 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB Lənkəran X6 İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə yaşadıqları evi təbii qazla təchiz edən qaz xəttinə, sayağaca baxış keçirmişlər və ******* saylı akt tərtib yazaraq heç bir qüsur aşkarlanmadan sayğacı açmışlar, qeyd edilən tarixdən bir ay keçdikdən sonra onun xəbəri olmadan özlərindən ******* saylı akt yazaraq onun evində əlavə xətt olduğu bildirilərək ona küllü miqdarda cərimə yazıblar. Ondan 35040 m3 dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi məbləğin ödənilməsini tələb etmişlər. Hazırda aşağıdakı əsaslara görə hesab edir ki, həmin akt etibarsız hesab olunmalı və 35040 m3qaz sərfiyyatı silinməlidir. Ona məxsus olan yaşayış evində aktda qeyd olunan aqreqatlar, qaz avadanlıqları olmayıb. Onun qazı borca görə səhər evdə olmayanda qaynaqla kəsilmiş, o, evə gəlib evində xəsdə olduğu üçün qaynaqı kəsərək rezin boruyla iki saat sayğacdan keçməklə işlətmiş, iki saat ərzində evində olan bir iki gözlü piltəylə maksimum 10 manat qaz yandıra bilərdi. Azəriqaz isə ona 4000 manata qədər haqsız olaraq cərimə yazıb ondan pul tələb edir. Yazılan akt sayğac dəyişən vaxt yazılmamışdır. Qaz sayğacının həyətdən evdən aralıda küçədə olması və üzərində qoruyucu qutu və ya hər hansı bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayğacına ediləcək müdaxiləyə də vətəndaş məsuliyyət daşımamalıdır. Odur ki, belə hesab edir ki, tərtib olunmuş aktlar əsassızdır, heç bir ekspertiza təyin edilmədən və ekspert rəyi olmadan belə bir nəticəyə gələrək qanunsuz akt tərtib edərək cərimə yazırlar. Halbuki, qaz sayğaclarına olan müdaxilənin və itirilmiş qaz sərfiyyatının müəyyənləşdirilməsindən ötrü müvafiq ekspertiza keçirilməli və ekspert rəyi alındıqdan sonra həmin rəyin bir nüsxəsi istifadəçiyə təqdim edilməklə şahidlərin iştirakı ilə və müvafiq qaydada çəkiliş aparmaqla akt tərtib olunmalıdır ki, Qaz İstismar əməkdaşları bu qaydalara riayət etməməklə qanunsuz akt tərtib etmişlər. Tərtib etdikləri aktları bir ay sonra Masallı ASAN xidmət mərkəzindən ala bilmişdir. Bütün bunlar isə onu göstərir ki, tərtib olunmuş akt sadəcə müəyyən maraqlara xidmət etmək üçün tərtib olunmuşdur, ona görə də aktın etibarsız hesab olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazla müraciət edərək, etirazda göstərmişdir ki, iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçı Əkbərov X5 rayonu, Xoşçobanlı kəndində yaşamaqla Lənkəran X6 İdarəsinin Masallı Xidmət Sahəsində **********02650 saylı hesabla abonent qeydiyyatındadır. Abonent göstərilən ünvanın qaz xəttində istifadədə olan sayğac quraşdırılmışdır. Sayğac quraşdırılmasına baxmayaraq abonent təbii qazdan qeyri-qanuni (sayğacdankənar qaz xətti vasitəsi ilə) istifadə etdiyinə görə Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmiş və həmin akt əsasında 4204,80 manat məbləğində ziyan hesablanmışdır. İddiaçı təbii qazdan qeyriqanuni sayğacdankənar istifadə etməsi əməkdaşlar tərəfindən video lentə alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarının 1 saylı əlavəsində qaz sərfinin hesablanması cədvəlinə əsasən qazın maksimal saatlıq sərfi 6 m3/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün qanunsuz istifadə olunmuş qazın dəyərnin bərpasının hesablanması” qaydalarına əsasən X7 İstismari İdarəsinin mütəxəssisləri tərəfindən “İtirilmiş qazın bərpası üzrə” İddiaçı abonent hesabında 35040 m3 olmaqla 4204.80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Odur ki, İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Sonradan İddiaçı iddia ərizəsinin dəqiqləşmədi barədə ərizə təqdim edərək, aktın etibarsız hesab olunması deyil, akt əsasında hesablanmış 4204.8 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qaz sayğacı onun atası X2 adına olsa da, həmin ev özünə məxsusdur. Onun evinə qələn qaz xətti kəsilərkən evdə olmamış, heç bir sənədə imza etməmişdir. Qaz xətti kəsildikdən sonra Azəriqazın əməkdaşları sayğacı da açıb aparmışlar. Bundan sonra onun evində xəstə uşağı olduğundan məcbur qalıb qaz xəttini rezin boru ilə birləşdirib qazdan qeyri-qanuni istifadə etmişdir. Lakin, ona yazılan cərimə həddən artıq yüksəkdir. Hesab edir ki, 3-4 gün ərzində bu qədər məbləğdə sərfiyyatın olması qeyri-mümkündür. Sonda İddiaçı iddianın təmin edilməsini və borcun azaldılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. iş materiallarında olan: 16 may 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh əməkdaşları X4 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə baxış keçirən zamanı sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə halı aşkar edilmiş və təbii qazdan istifadə edilməsinə görə dəymiş ziyan məbləğinin hesablanması barədə akt tərtib edilmişdir. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə qeyd olunmuş fakt aktın tərtib edilməsində iştirak edən şəxslər tərəfindən təsdiq edilmişdir. Lakin, X2 adının qarşısında imza yoxdur. Cavabdeh Lənkəran X6 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 31 may 2023-cü il tarixli hesabatdan görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 35040 kub/metr itirilmiş qaz hesablanmışdır. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. 04 oktyabr 2023-cü il tarixli razılaşdırma protokolundan görünür ki, abonent İddiaçı xx.xx.2023-cü il tarixinə təbii qaza görə 4204.80 manat borcu olduğunu bildirmiş, debitor borcun ödənilməsini təmin etdiyini və borcu ödəmədiyi halda qaz təhcizatının dayandırılmasına etirazının olmadığını bildirmişdir. Protokol Cavabdeh İB-nin nümayəndəsi və istehlakçı İddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmişdir. CD diskdə olan videogörüntüdən məlum olur ki, qaz xəttindən istehlakçının evinə gedən xəttin kəsilmiş hissələri rezin boru vasitəsilə birləşdirlimiş və sayğacdan kənar qaz xəttindən istifadə olunur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 3.4.1-ci bəndə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-cü maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, İddiaçı qanuna zidd əməlinin, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Lakin, məhkəmə dəymiş ziyan məbləğini müzakirə edərək qeyd edir ki, tədqiq olunmuş akta əsasən 35040 kub metr itirilmiş qazın bərpa olunması hesablansa da, göstərilən dərəcədə ziyanın dəyməsi həqiqətə uyğun deyil və ehtimallarla hesablanmışdır. Aktdan və tələbnamədən göründüyü kimi, ziyanın hesablanması barədə tələbnamədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarın 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m3/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 3.1.10-cu və 6.5-3-cü maddəsinin göstərişindən göründüyü kimi, dəymiş ziyanın məbləği maksimium 90 gün və gündəlik 12 saat üçün hesablana bilərdi. Aktın tərtib edildiyi əvvəlki aylarda qazın maksimal səviyyədə istifadə olunması ağlabatan deyil və bu barədə cavabdeh tərəf məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən iddiaçıya məxsus sayğac yaşayış sahəsindən kənarda yerləşdiyindən 3 aydan bir cavabdeh şirkətin əməkdaşları tərəfindən yoxlanılmalı idi. Şirkət tərəfindən qeyri-qanuni qoşulma aşkar edilməmişdən əvvəl konkret hansı tarixdə yoxlamanın keçirildiyini müəyyən etmək mümkün deyildir. Belə olan halda, qeyri qanuni qoşulma faktının aşkar edildiyi vaxtdan 3 ay əvvəl cavabdeh şirkət tərəfindən sayğacın yoxlanıldığını, həmin vaxt isə sayğaca qanunsuz qoşulmanın olmadığı qənaətinə gəlmək olar. Ona görə də məhkəmə yalnız son 3 aya münasibətdə dəymiş ziyanın bərpa olunmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, təbii qazın günlük istehlakı maksimal saatlıq qaz sərfi hesablansa da, məhkəmə iddiaçı tərəfin etirazı ilə razılaşaraq qeyd edir ki, hansı əsasla İddiaçı 24 saat ərzində maksimal qaz sərf etməsi qənaətinə gəlinməsi məlum deyil, bu da ona əsas verir ki, tələbnamə üzrə ziyan real əsaslara uyğun deyil, ehtimalla hesablanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş ziyan dedikdə, dəymiş real zərər nəzərdə tutulur. Məhkəmə göstərilənləri Mülki Məcəllənin 560.1-560.3. və 560.3.5.2.-ci maddələrinə istinadən hüquqdan sui-istifadə olaraq qiymətləndirir. Həmin maddələrə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılşamalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf minimum, cavabdeh tərəf maksimum qaz istehlak edilməsi barədə sübut təqdim etmədiklərinə görə, son 90 günə münasibətdə orta iş rejimi 12 saat olmaqla, qazın maksimal saatlıq sərfi 4 m3/saat olması əsas götürülməli, son 3 ay üçün 518,4 manat (90(gün)x12(saat)x4 (m3/saat)x0.12(qiymət)=518,4 AZN) cərimə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Lənkəran X6 İdarəsi tərəfindən X2 adına 16 may 2023-cü il tarixli, ******* saylı akt üzrə 31 may 2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 4204.80 manat borc azaldılaraq 518,4 (beş yüz on səkkiz manat qırx qəpik) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar