Məhkəmə qərarları › İş №2(050)-883/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-883/2025

03.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-883/2025 03.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X3 adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli, R338230 saylı və xx.xx.2024-cü il tarixli, R361694 saylı aktların etibarsız hesab olunması və aktlar əsasında əsassız hesablanmış 580.86 manat və 356.23 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək aktların etibarsız hesab edilməsi deyil, aktlar əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum X2nun Masallı rayonu Gəyəçöl kəndində yaşayış evi var, o da həmin evdə yaşayır, həmin ev elektrik enerjisi ilə təmin edilmiş, qaydalara və qanunlara uyğun olaraq sayağacın sərf etdiyi aylıq elektrik enerjisinin pulunu da tam olaraq ödəmişdir. Bu vaxta kimi heç vaxt sayağaca müdaxilə edilməmiş, əlavə xəttdən istifadə etməmişdir. X2 isə xx.xx.2021-ci ildə ürək çatışmazlığından vəfat etmişdir. xx.xx.2024-ci il tarixdə "xxxx" ASC-in əməkdaşları atasına məxsus evdə quraşdırılmış sayağaca baxış keçirmiş, baxış zamanı mərhum atasının barəsində AKT R № 338230 saylı akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, guya yaşadığı evə qoşulan elektrik sayağacına əlavə naqil qoşulmuşdur. Halbuki, hər hansı bir belə elektrik xətti mövcud olmamışdır. Elektrik idarəsinin əməkdaşları özlərindən yalandan akt tərtib edərək ona əlavə sərfiyyat etmədiyi elektrik enerjisinin dəyərini tələb edirlər. xx.xx.2024-cü il tarixli AKT R № 338230 saylı akta əsasən mərhum atasının adına əlavə sərfıyyat üzrə 580.86 manat əlavə pul hesablanmışdır. Bundan əlavə xx.xx.2024-ci il tarixdə "xxxx" ASC-in əməkdaşları atasının evində quraşdırılmış sayağaca baxış keçirilmiş, baxış zamanı mərhum atasının barəsində AKT R № 361694 saylı akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, guya yaşadığı evə qoşulan elektrik sayağacına əlavə naqil qoşulmuşdur. Təkrar olaraq elektrik idarəsinin əməkdaşları özlərindən yalandan akt tərtib edərək əlavə sərfiyyat etmədiyi halda elektrik enerjisinin dəyərini tələb etmişlər. xx.xx.2024-cü il tarixli AKT R № 361694 saylı akta əsasən mərhum atasının adına əlavə sərfiyyat üzrə 356.23 manat əlavə sərfiyat hesablanmışdır. Həmin tarixlərdə akt tərtib edilmiş, bir neçə şəxs imzalamış özü isə imza etməmişdir. Buna səbəb isə o, sayağaca heç bir müdaxilə etmədiyi üçün imzalamaqdan imtina etmişdir. Göründüyü kimi, heç bir əsas olmadan qanunsuz olaraq ona əlavə 936.59 manat sərfiyyat hesablanmışdır. Qanunvericilik işıqdan istifadə qaydalarının pozulması halında 1 aylıq istifadə göstəricilərini əsas tutulmasının qeyd etmişdir. Evinin elektrik enerjisindən istifadə yükü amperemaj cihazı ilə yoxlamadan ona əsassız olaraq sərfiyyat hesablamışlar. Göründüyü kimi, cavabdeh təşkilat qanunsuz olaraq akt tərtib etmiş, onun əsasında amperamaj cihazı ilə evin yükü yoxlanılmadan əsassız sərfiyyat hesablamışdır. Odur ki, aktların etibarsız hesab edilməsini və əsassız yerə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, evinə gələn elektrik xətti nasaz olduğundan məcbur qalıb elektrik xəttinə kənar qoşularaq istifadə etmişdir. Lakin, bu barədə idarənin əməkdaşlarına bildirmişdir. Cəmi 1 gün qanunsuz qoşulmaqla elektrik enerjisindən istifadə etmişdir. Lakin, ona aktlar əsasında müvafiq olaraq 300 gün və 184 gün hesabat aparılmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı adına sənədləşdirilmiş hesablaşma sayğacına baxış zamanı məlum olmuşdur ki, hər iki akt üzrə abonent sayğacdan kənar qeyri qanuni elektrik enerjisindən istifadə etmişdir. Bununla bağlı videoçəkilişlər də aparılmışdır. Qeyd edilən faktlarla bağlı xx.xx.2024-cü il tarixli, R338230 saylı və xx.xx.2024-cü il tarixli, R361694 saylı aktlar tərtib edilmiş və akta əsasən müvafiq olaraq 580.86 manat və 356.23 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, R338230 saylı aktda göstərilir ki, Masallı rayonu, Gəyəçöl kəndində yaşayan abonent kodu **********00439 olan istehlakçı X4 məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq abonentin fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış zamanı məlum oldu ki, abonent sayğaca gələn xətti yaşayış evinin qarşısına bağlanmış hissədən sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Sayğacdan kənar xəttin en kəsiyi 4 mm alminium iki damarlı naqillə çəkilmişdir. Hesabatdan görünür ki, xx.xx.2024-cü il tarixli, R338230 saylı akta əsasən (1.1 kvtx24saatx0.7x300gün=5544 kvt.s) 300 gün üçün 580.86 manat əlavə sərfiyyat hesablanmışdır. xx.xx.2024-cü il tarixli, R361694 saylı aktda göstərilir ki, Masallı rayonu, Gəyəçöl kəndində yaşayan abonent kodu **********00439 olan istehlakçı X4 məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq abonentin fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış zamanı məlum oldu ki, abonent giriş xəttinin başlanğıcından sayğacdan kənar çəkərək istifadə edir. Sayğacdan kənar xəttin en kəsiyi 10 mm alminium naqillə çəkilmişdir. Hesabatdan görünür ki, xx.xx.2024-cü il tarixli, R361694 saylı akta əsasən (1.1 kvtx24saatx0.7x184gün=3400 kvt.s) 184 gün üçün 356.23 manat əlavə sərfiyyat hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, 08 iyun 2024-cü il tarixli, R338230 saylı akt yazılmamışdan əvvəl elektrik sərfiyyatını qeydə alan sayğac sonuncu dəfə xx.xx.2024-ci il tarixdə oxunmuş enerji sərfiyyatına görə 8.08 manat borc hesablanmış, tərtib edilmiş akta əsasən 300 gün üzrə hesabat aparılaraq 580.86 manat cərimə hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, 09 dekabr 2024-cü il tarixli, R361694 saylı akt yazılmamışdan əvvəl elektrik sərfiyyatını qeydə alan sayğac sonuncu dəfə xx.xx.2024ci il tarixdə oxunmuş enerji sərfiyyatına görə 5.60 manat borc hesablanmış, tərtib edilmiş akta əsasən 184 gün üzrə hesabat aparılaraq 356.23 manat cərimə hesablanmışdır. Doğum haqqında şəhadətnamədən görünür ki, 02 avqust 1961-ci il təvəllüdlü İddiaçı atası X6r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 19 oktyabr 2021-ci ildə ölmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, CD diskdə olan videogörüntülərdən də məlum olur ki, istehlakçı X4 məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq abonentin fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış zamanı məlum olur ki, abonent sayğaca gələn xətti yaşayış evinin qarşısına bağlanmış hissədən sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdlərdə Masallı rayonu, Gəyəçöl kəndində yerləşən istehlakçı mərhum X4 məxsus fərdi yaşayış evində quraşdırılmış hesablaşma sayğacına baxış keçirilmiş, baxış keçirilən zaman müəyyən olunmuşdur ki, hər iki halda həmin evdə yaşayan mərhumun oğlu olan İddiaçı sayğacdan kənar xətt vasitəsilə qanunsuz qoşulmaqla elektrik enerjisindən istifadə etmiş, bununla bağlı aktlar tərtib edilmiş və aktlara əsasən müvafiq olaraq 580.86 manat və 356.23 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı da sayğacdan kənar xətt vasitəsilə qanunsuz olaraq istifadə etdiyini etiraf edir, lakin hesabatın aparıldığı 300 və 184 gün müddətində deyil, 3 gün müddətində elektrik enerjisindən qanunsuz istifadə etdiyini bildirmişdir. O bunu məcburiyyətdən etdiyini, şirkətin nümayəndələri vaxtında onun sayğacında olan problemi aradan qaldırmadıqlarından məcbur qalaraq evi enerji ilə təmin etmək üçün qanunsuz qoşulmuşdur. Buna görə də aktlara əsasən hesablanmış borcun tamamilə silinməsini tələb edir. Göründüyü kimi, tərtib edilmiş aktlarda göstərilən pozuntular iddiaçı tərəfindən də etiraf edildiyindən həmin aktlar tərtib edildiyi zaman mübahisələndirməməsi onu göstərir ki, aktlar qanuni olmuş, həmçinin istehlakçı aktı imzalamadığından qaydalara uyğun olaraq iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilmiş, eyni zamanda aşkar edilən pozuntular videoçəkiliş aparılaraq qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı aktlarda göstərilən pozuntulara yol verdiyini qəbul etdiyindən həmin aktların birmənalı olaraq qanuni olaraq tərtib edildiyi və aktda göstərilən halların reallığı əks etdirməsi qənaətinə gəlmək olar. Mübahisənin həllinə məhz bu kondekstdən yanaşılmalı, iddiaçının barəsində tərtib olunmuş aktlarda qanunsuz qoşulma ilə bağlı aparılmış qeydlər mübahisələndirilmədiyindən və həmin aktların qüvvədə olması nəzərə alınmaqla aktlar əsasında hesablanmış məbləğlərin düzgün olub-olmadığına qiymət verilməlidir. İddiaçının evindəki kənar xətdən axan yükün 1,1 kvt təşkil etdiyi aşkarlanmış, hesabat dövrü müvafiq aktlara əsasən 300 və 184 gün nəzərə alınmaqla müvafiq hesablama aparılmışdır; halbuki, sayğaca qanunsuz qoşulmanın məhz aktların tərtib olunmasından 300 və 184 gün əvvəldən mövcud olduğu sübuta yetirilməməklə yanaşı, inandırıcı da deyildir. Çünki həm “Elektrik enerjisindən istifadə Qaydaları”na, həm də bilinən işgüzar praktikaya görə elektrik enerjisi təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməlidir. Bu isə o deməkdir ki, əgər iddiaçı qanunsuz qoşulmuşdursa, bu hal sayğaca baxış keçirən nəzarətçi tərəfindən həmin baxış zamanı aşkar edilməlidir. İddiaçıya aid olan və iş materiallarına əlavə edilmiş “abunə haqqında” sənəddən aydın olur ki, iddiaçının evinə sayğac xx.xx.2024-cü il tarixdə quraşdırılmış, bundan sonra hər ay sayğacın göstəricisi oxunmuş və göstəricilərə uyğun ödəniş həyata keçirilmiş, xx.xx.2024ci il tarixli R 338230 akt tərtib edilməmişdən 3 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə sayğacın göstəricisi 171 kvts olaraq çıxarılmışdır (oxunmuşdur). Eyni zamanda xx.xx.2024-cü il tarixli R 361694 akt tərtib edilməmişdən 5 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə sayğacın göstəricisi 462 kvts olaraq çıxarılmışdır (oxunmuşdur). Bu mənada məhkəmə hesab edir ki, iddiaçının hər iki akt üzrə ümumilikdə 8 gün müddətində sayğacdan kənar xətdən istifadə etdiyi qənaətinə gəlinə bilər və məhz bu dövr üçün enerji itkisinin hesablanması daha ağlabatandır. Başqa sözlə, əgər kənar xəttin hansı tarixdən çəkildiyini müəyyənləşdirmək mümkün deyildirsə, bu halda istehlakçıdan yalnız, müvafiq pozuntunun aşkar edildiyi bildirilən tarixdən sayğaca baxış keçirilən əvvəlki tarix intervalında olan dövr üçün ödəniş tələb oluna bilər. Göstərilənlərə əsasən, məhkəmənin qənaəti bundan ibarətdir ki, xx.xx.2024-cü il tarixli akt əsasında iddiaçıya hesablanmalı olan əlavə sərfiyyat 55.44 kvts (1,1 kvt x 0,7 x 24 saat x 3 gün) təşkil edə bilər və bu sərfiyyatın dəyəri (55.44x0.07=3,88) 3.88 manat müəyyən edilir. xx.xx.2024-cü il tarixli akt əsasında iddiaçıya hesablanmalı olan əlavə sərfiyyat 92.4 kvts (1,1 kvt x 0,7 x 24 saat x 5 gün) təşkil edə bilər və bu sərfiyyatın dəyəri (92.4x0.07=6,47) 6.47 manat müəyyən edilir. İddiaçı ona aktlar əsasında hesablanmış 936.59 manat məbləğin silinməsini tələb etdiyindən əlavə sərfiyyat məbləği kimi 10.35 manat saxlanılmalı, tələb edilən əlavə sərfiyyat məbləği, yəni 926.24 manat (936.59-10.35=926.24) iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli R338230 saylı akta əsasən hesablanmış 580.86 manat borcun 3.88 manat hissəsi və xx.xx.2024-cü il tarixli, R361694 saylı akta əsasən hesablanmış 356.23 manat borcun 6.47 manat hissəsi, ümumilikdə 936.59 manat borcun 926.24 manat hissəsi silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli R338230 saylı akta əsasən hesablanmış 580.86 manat borcun 3.88 manat hissəsi və xx.xx.2024-cü il tarixli, R361694 saylı akta əsasən hesablanmış 356.23 manat borcun 6.47 manat hissəsi, ümumilikdə 936.59 manat borcun 926.24 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar