Məhkəmə qərarları › İş №2(050)-905/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-905/2023

26.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-905/2023 26.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı X3 iştirakı ilə. İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarszı hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 03 mart 2020-ci il tarixli, 255351 saylı aktın etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış 711.67 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Çaxırlı kəndində yaşayış evi var, həmin ev elektrik enerjisi ilə təmin edilmiş, qaydalara və qanunlara uyğun olaraq sayağacın sərf etdiyi aylıq elektrik enerjisinin pulunu tam ödəmişdir. Bu vaxta kimi heç vaxt sayağaca müdaxilə edilməmiş, əlavə xəttdən istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun evində quraşdırılmış sayağaca baxış keçirilmiş, baxış zamanı guya sayağacdan kənar elektrik enerjisindən istifadə etməyi müəyyən edilmiş, kabel vasitəsi ilə sayağaca müdaxilə etmişdir.Həmin tarixdə yəni xx.xx.2022-ci ildə Akt R 255351 saylı akt tərtib edilmiş, sayağacdan kənar elektrik enerjisindən istifadə etdiyi guya qeyd edilmişdir.İşıq idarəsinin işçiləri evə gələn elektrik xəttlərini yoxlamamışlar, sayağacdan kənar hansı formada elektrik enerjisindən istifadə etdiyi qeyd etməmişlər, əgər o, sayağacdan kənar elektrik enerjisindən istifadə edirdisə bu fakt tam aydın formada (sayağaca edilən müdaxilə və əlavə xəttin başlama-bitmə yeri) foto şəkillərini çəkməli idilər. Qeyd edilən akt onun iştirakı olmadan tərtib edilmişdir. Sonradan ona qəbz gələndə görmüşdür ki, ona artıq sərfiyyat hesablanmış, maraqlandığında müdaxilə olunub deyilmişdir. Halbuki o, heç vaxt sayağaca müdaxilə etməmişdir.Göründüyü kimi heç bir əsas olmadan qanunsuz olaraq ona əlavə 711.67 manat sərfiyyat hesablanmışdır. Halbuki o, həmin məbləğdə elektrik enerjisi sərf etməmişdir. Onun evi bir ay ərizndə 100 manat elektrik enerjisi sərf etmədiyi halda, necə ola bilər ki, ona 711 manat sərfiyyat hesablansın. Odur ki, aktın etibarsız hesab edilməsini və əsassız yerə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5.-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 03 mart 2022-ci il tarixli, 255351 saylı aktdan görünür ki, EEİQ qaydalarına uyğun olaraq baxış keçirilən zaman məlum olmuşdur ki, abonent sayağacdan kənar elektrik enerjisindən istifadə edir. Sayğacdan kənar xəttin ləğv olunması, sayğacın yenisi ilə əvəz olunması qərara alınmışdır. Abunə haqqında məlumatdan görünür ki, Masallı rayonu Çaxırlı kənd sakini X3 adına "xxxx" ASC tərəfindən 738.48 manat məbləğində borc hesablanmışdır. Həmin məlumatdan həmçinin görünür ki, 03.03. 2022-ci il tarixli akt üzrə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə xx.xx.2022-ci il tarixli, Rİ255351 nömrəli aktlarla 0,08 qəpik tariflə 21,36 manat, 0,09 qəpik tariflə 11,97 manat, 0,13 manat tariflə 678,34 manat, cəmi 711,67 manat ziyan hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. İşin faktiki hallarına əsasən, 03 mart 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 əməkdaşları fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttinə və sayğaca baxış keçirmişlər. 03 mart 2022-ci il tarixli, 255351 saylı aktla abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi əsası ilə akt tərtib olunmuşdur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə X3 adı qeyd edilmiş, lakin imza edilməmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. «Elektrik enerjisindən istifаdə qаydаlаrı»nın 7.11-ci bəndinə əsаsən yаşаyış binаlаrının girişində, yаxud pilləkən meydаnçаlаrındа qurаşdırılmış mənzillər üzrə hesаblаşmа elektrik sаyğаclаrının, о cümlədən üzərindəki plоmblаrın qоrunmаsınа və işçi vəziyyətdə sаxlаnılmаsınа görə enerjitəchizаtı müəssisəsi cаvаbdehlik dаşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 8.33.-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq qeyd edir ki, göstərilən maddi hüquq normalara və Qaydalara əsasən cavabdeh tərəfin hesabladığı ziyana görə iddiaçının təqsirli və qanuna zidd hərəkətləri, səbəbli əlaqə müəyyən olunmur. Belə ki, aktdan belə nəticəyə gəlmək olur ki, abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi əsası ilə akt tərtib olunmuşdur. Həmin göstəricilərlə sayğaca müdaxilə edib-etməməsi müəyyən deyil. Bundan başqa Hadi Məmmədlinin iştirakı təmin edilməmiş, qayda pozuntusu texniki vasitələrlə qeydə alınmamışdır. Bu hallar da aktın doğru olmasını şübhə altına alır. Bu iş üzrə isə qeyr-qanuni qoşulma halının olması qeyrimüəyyəndir. Belə olan halda istifadə edilməmiş elektrik enerjisinə görə ziyan hesablanması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Odur ki, akt etibarsız hesab edilməlidir. Məhkəmə silinməli məbləği müzakirə edərək qeyd edir ki, 03.03. 2022-ci il tarixli akt üzrə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə xx.xx.2022-ci il tarixli, Rİ255351 nömrəli aktlarla 0,08 qəpik tariflə 21,36 manat, 0,09 qəpik tariflə 11,97 manat, 0,13 manat tariflə 678,34 manat, cəmi 711,67 manat ziyan hesablanmışdır. Belə olan halda, həmin həcmdə hesablanmış ziyan məbləği də silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Masallı Elektrik X1 adına tərtib etdiyi 03 mart 2022-ci il tarixli, 255351 nömrəli akt etibarsız hesab edilsin, abonent X3 adına hesablanmış 711,67 manat ziyan məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar