Məhkəmə qərarları › İş №2(050)-921/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-921/2025

03.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-921/2025 03.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 Ağavedi oğlunun iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq təşkilatının əməkdaşları tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli, 017478 nömrəli aktın etibarsız hesab edilməsini və abunə kodu **********81063 olan sayğaca yazılmış 2385 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Masallı rayonu Böyük Xocavar kəndində yaşayır. Onların işıq sayğacları həyat yoldaşı Hüseynov Bəxtiyarın adına qeydiyyata alınıb. Həyat yoldaşı rəhmətə gedəndən sonra təsərrüfata o başçılıq edir. Hər bir abonent kimi o da sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə etmiş və ödənişlər etmişdir. İndiyə kimi də işığa görə heç bir borcu qalmamışdır. Ailə vziyyəti ilə əlaqədar olaraq 2022-ci ilin noyabr ayında Bakıya getmiş. 2023-cü ilin oktyabr ayında rayondakı evinə qayıdanda evdə işıq yanmadığını görüb Masallı işıq idarəsinə mürciət etmişdir. İdarə əməkdaşları sayğaca baxış keçirərək onun qüsurlu olduğunu və dəyişdiriləcəyini bildirdilər. Bir neçə gün sonra idarə işçiləri sayğacı dəyişərək çıxıb getdilər. Daha sonra kəndin işığ nəzarətçisi ona akt yazıldığını və 2385 manat cərimə olduğunu bildirərək onu ödəməyini tələb etdi. O, təkrarən Masallı işıq idarəsinə müraciət etmişdir. Onlar narahat olmamağını, bunun sayğac qüsuru olduğunu bildirərək cəriməni özləri həll edəcəklərini bildirdilər. Lakin bu yaxınlarda idarə işçiləri həmin aktın cəriməsinin qaldığını bildirərək sayğacın işığını kəsərək çıxıb getdilər. Ona verilən aktın surətindən məlum oldu ki, xx.xx.2023-cü il tarixində sayğaca baxış keçirilmiş və sayğacın impuls lampasının döyünməsi barədə akt yazılmış və ona 2385 manat cərimə hesablanmışdır. O, sayğaca heç bir müdaxilə və ya heç bir kənar xətdən istifadə etmədiyinə görə həmin aktı qanunsuz hesab edərək onun etibarsız sayılması və əsassız hesablanmış cərimənin silinməsi üçün məhkəyə müraciət edir. Onun həmin aktın yazılmasından xəbəri olmayıb. Onlar hansı tarixdə və hansı şəraitdə akt tərtib ediblər məlum deyil. Axı o heç vaxtı sayğaca müdaxilə etməmişdir. Sayğac da küçədə quraşdırılıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 Ağavedi oğlu iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli akt 2023-cü ilin oktyabr ayında yazılmış və aktın yazılmasına səbəb sayğacda qüsurların olmasıdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. İddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: 04 oktyabr 2023-cü il tarixli, 017478 saylı aktda göstərilir ki, Masallı rayonu, Binə Xocavar kəndində yaşayan abonent kodu **********81063 olan istehlakçı Bəxtiyar Hüseynova məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq abonentin fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış zamanı məlum oldu ki, abonentə məxsus elektrik sayğacının impuls lampasının vurulmasına baxmayaraq, sayğacın hesablama rəqəmi işləmir. Hesabatdan görünür ki, 04 oktyabr 2023-cü il tarixli, 017478 saylı akta əsasən 317 gün üçün 2385 manat əlavə sərfiyyat hesablanmışdır. ölüm haqqında arayışdan görünür ki, X3 xx.xx.2019-cu ildə ölmüşdür. Abunə haqqında məlumatdan görünür ki, 04 oktyabr 2023-cü il tarixli, 017478 saylı akt yazılmamışdan əvvəl istehlakçı X1 verilən elektrik sərfiyyatını qeydə alan sayğacın göstəriciləri xx.xx.2023-cü il tarixdə götürülmüş, mübahisələndirilən akt yazılan aydan əvvəlki ay abonentin sərfiyyatı olmamışdır. Məhkəmə ilk növbədə iddiaçının hazırki iddia ilə bağlı subyektiv hüququ malik olubolmamasına münasibətdə bildirir ki, elektrik enerjisinin verildiyi fərdi yaşayış evi iddiaçının ərinin mülkiyyətində olmuş və əri xx.xx.2019-cu ildə vəfat etdiyindən sonra iddiaçının faktiki isifadəsinə keçmişdir, sayğacın formal olaraq vəfat etmiş abonentin adında qalması mülkiyyətçinin məhkəmə müdafiəsi hüququnun olmaması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, 04 oktyabr 2023-cü il tarixdə Masallı rayonu, Binə Xocavar kəndində yaşayan istehlakçı X1 məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, baxış keçirilən zaman müəyyən olunmuşdur ki, abonentə məxsus elektrik sayğacının impuls lampasının vurulmasına baxmayaraq, sayğacın hesablama rəqəmi işləmir. Bununla bağlı akt tərtib edilmiş və akta əsasən 2385 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı da həmin aktın etibarsız hesab edilməsini və akta əsasən hesablanmış borcun silinməsini tələb edir. Məhkəmə bildirir ki, abunə haqqında məlumatdan görünür ki, 04 oktyabr 2023-cü il tarixli, 017478 saylı akt yazılmamışdan əvvəl istehlakçı X1 verilən elektrik sərfiyyatını qeydə alan sayğacın göstəricisi xx.xx.2023-cü il tarixdə götürülmüş, həmin vaxt hər hansı kənar qoşulma müəyyən edilməmişdir (əgər qüsur olsaydı hazırki vəziyyətdə olduğu kimi akt yazılardı), mübahisələndirilən akt yazılan aydan əvvəlki aylarda abonentin elektrik enerjisindən sərfiyyatı olmuşdur. Buna səbəb iddiaçı tərəf qeyd edilən fərdi yaşayış evində yaşayışın olmamasını göstərir, lakin buna dair heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia aktın etibarsız hesab edilməsi hissəsində əsassızdır. Lakin məhkəmə cavabdeh tərəfindən elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi müddətinin 317 gün olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə bir vəziyyətdə qeyri-qanuni istifadə edilmiş sərfiyyatın dəyəri mübahisələndirilən akt yazılmamışdan əvvəl sayğaca sonuncu baxışdan xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək olan, 19 gün üçün hesabat aparılmalıdır. (5.7 kvt x 12 saat x 19 gün x 0.11 manat (tarif) = 142.95 manat). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Şəxsin aktın yazılmasında iştirak etməməsi məsələnin bir başqa tərəfidir və təbii ki, həmin məsələnin qanunauyğun həyata keçirilməməsi buna məsul olan şəxslərin məsuliyyətinə səbəb ola bilər. Lakin bu məsələ Dövlətə vurulmuş zərərin ödənilməməsinin əsası ola bilməz. Həmin qeyd edilən məsələ ilə bağlı hər hansı bir pozuntu olarsa, bu hal buna cavabdeh olan şəxslərin məsuliyyət məsələsinin əsası kimi çıxış edə bilər. Məsələn, yoxlama zamanı hər hansı abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən qeyri-qanuni istifadə etməsi aşkar edilir, bu video dayışıcı vasitəsi ilə qeydə alınır, lakin aktın tərtibində nöqsana (abonentin iştirak edib-etməməsi barədə qeyd olmur və s.) yol verilir və ya abonent iştirak etmir. Bu o, demək deyil ki, qeyd edilən fakt olmamış, həmin fakt nəticəsində Dövlətə zərər dəyməmişdir və dəymiş həmin zərər ödənilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 04 oktyabr 2023-cü il tarixli, 017478 saylı akta əsasən hesablanmış 2385 manat borc azaldılaraq 142.95 manat saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 04 oktyabr 2023-cü il tarixli, 017478 saylı akta əsasən hesablanmış 2385 manat borc azaldılaraq 142.95 manat saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar