Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-946/2025 01.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə borcun azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 sentyabr 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 17280 m kub qaz sərfiyyatının və ona əsasən borcun azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək aktın etibarsız hesab olunması deyil, akt əsasında hesablanmış borcun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonunun Yeddioymaq-1 kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Onun evi üçün quraşdırılmış sayğac həyətdən kənarda yerləşir. 27 sentyabr 2023-cü ildə qaz idarəsindən nümayəndələr gəlib evdə əlavə qaz xəttinin olduğunu deyərək, qaz xəttinin etrafında qazıntı işləri aparmışlar və ağzı bağlı xətt aşkarlamışlar. Həmin xəttin evə getməsini yoxlamadan onun atası X2 adına olan ******* nömrəli qaz sayğacına yüksək məbləğdə cərimə yazaraq ona heç bir akt vermədən evə gələn qaz xəttini qaynaqla kəsərək getmişlər. Bir müddət sonra o, qazın kəsilməsinə görə qaz idarəsinə getmiş, görmüşdür ki, onun mərhum atasının adına olan qaz sayğacına yüksək məbləğdə cərimə yazıblar. Atası xx.xx.2024cü il tarixində uzun sürən xəsdəlikdən sonra vəfat etmişdir. Özü vətən müharibəsinin qazisidir, ailənin bütün yükü onun üzərindədir. Ailəni dolandırmaq ona həqiqətən də çətindir. Ona yazılan 17280 m kub yüksək məbləğli cərimənin azaldılmasını xahiş edir. Hesab edir ki, həmin akt etibarsız hesab olunmalı və 17280 m3 qaz sərfiyyatı azaldılmalıdır. Tərtib etdikləri aktda qeyd olunan aqreqatlar onun evində olmayıb, ona həddən artıq çox cərimə yazıblar. Odur ki, tərtib olunmuş akt əsassızdır, heç bir ekspertiza təyin edilmədən və ekspert rəyi olmadan bir il sonra belə bir nəticəyə gələrək qanunsuz akt tərtib edərək cərimə yazıblar. Halbuki, qaz sayğaclarına olan müdaxilənin və itirilmiş qaz sərfiyyatının müəyyənləşdirməsindən ötrü müvafiq ekspertiza keçirilməli və ekspert rəyi alındıqdan sonra həmən rəyin bir nüxsəsi istifadəçiyə təqdim edilməklə şahidlərin iştirakı ilə və müvafiq qaydada çəkiliş aparmaqla akt tərtib olunmalıdır ki, Qaz İstismar əməkdaşları bu qaydalara riayyət etməməklə qanunsuz akt tərtib etmişlər. Ona görə də aktın etibarsız hesab olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, yaşadığı evdə kənar qaz xətti həqiqətən olub, bu halı inkar etmir. Lakin, akt əsasında itirilmiş qaz sərfiyyatına görə hesablanmış cərimə məbləği ilə razı deyil. Belə ki, tələbnamədə fasiləsiz olaraq qazdan istifadə edilməsi göstərilmiş və buna uyğun olaraq itirilmiş qaz sərfiyyatına görə cərimə yazılmışdır. Məhkəmədən cərimənin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, həmçinin iddia ərizəsinə etirazla müraciət edərək göstərdi ki, 27 sentyabr 2023-cü il tarixdə idarənin əməkdaşları iddiaçının fərdi yaşayış evinə verilən təbii qaz borusuna baxış keçirən zaman iddiaçının təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə etməsi halı aşkar edilmişdir. Həmin zaman videoçəkiliş də aparılmışdır. Sonradan dəymiş ziyana görə iddiaçının mərhum atası Məzahir Ağayevin adına itirilmiş qazın bərpasına üçün 360 günlük hesabat aparılmaqla 17280 kub metr sərfiyyatına görə abonentin hesabına 2073.60 manat cərimə məbləği hesablanmışdır. Hər bir şəxs sərf etdiyi təbii qazın dəyərini ödəməli və sayğaca müdaxilə etməməlidir. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. iş materiallarında olan: 27 sentyabr 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh əməkdaşları X4 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə baxış keçirən zamanı sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə halı aşkar edilmiş və təbii qazdan istifadə edilməsinə görə dəymiş ziyan məbləğinin hesablanması barədə akt tərtib edilmişdir. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə qeyd olunmuş fakt aktın tərtib edilməsində iştirak edən şəxslər tərəfindən və istehlakçını nümayəndəsi İddiaçı tərəfindən təsdiq edilmişdir. Cavabdeh Lənkəran X6 İdarəsinin rəisi Elçin Qocayev tərəfindən təsdiq edilmiş 27 sentyabr 2023-cü il tarixli hesabatdan görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 17280 kub/metr itirilmiş qaz hesablanmışdır. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Ölüm haqqında şəhadətnamdən görünür ki, X5 16 noyabr 2024-cü il tarixdə ölmüşdür. Məhkəmə iclasında CD diskə baxış keçirilmiş və iddiaçının yaşadığı evə gedən qaz xəttindən rezin boru ilə qeyri qanuni təbii qazdan istifadə halı müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarı: 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 3.4.1-ci bəndə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-cü maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, İddiaçı mərhum atasının qanuna zidd əməlinin, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Lakin məhkəmə dəymiş ziyan məbləğini müzakirə edərək qeyd edir ki, tədqiq olunmuş akta əsasən 17280 kub metr itirilmiş qazın bərpa olunması hesablansa da, göstərilən dərəcədə ziyanın dəyməsi həqiqətə uyğun deyil və ehtimallarla hesablanmışdır. Aktdan və tələbnamədən göründüyü kimi, ziyanın hesablanması barədə tələbnamədə qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 3.1.10-cu və 6.5-3-cü maddəsinin göstərişindən göründüyü kimi, dəymiş ziyanın məbləği maksimium 90 gün və gündəlik 12 saat üçün hesablana bilərdi. Aktın tərtib edildiyi əvvəlki aylarda qazın maksimal səviyyədə istifadə olunması ağlabatan deyil və bu barədə cavabdeh tərəf məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən iddiaçıya məxsus sayğac yaşayış sahəsindən kənarda yerləşdiyindən 3 aydan bir cavabdeh şirkətin əməkdaşları tərəfindən yoxlanılmalı idi. Şirkət tərəfindən qeyri-qanuni qoşulma aşkar edilməmişdən əvvəl konkret hansı tarixdə yoxlamanın keçirildiyini müəyyən etmək mümkün deyildir. Belə olan halda, qeyri qanuni qoşulma faktının aşkar edildiyi vaxtdan 3 ay əvvəl cavabdeh şirkət tərəfindən sayğacın yoxlanıldığını, həmin vaxt isə sayğaca qanunsuz qoşulmanın olmadığı qənaətinə gəlmək olar. Ona görə də məhkəmə yalnız son 3 aya münasibətdə dəymiş ziyanın bərpa olunmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa təbii qazın günlük istehlakı maksimal saatlıq qaz sərfi ilə bağlı məhkəmə iddiaçı tərəfin etirazı ilə razılaşmayaraq əsaslı hesab etmir. Çünki iddiaçı gündəlik 12 saatdan az müddətdə qazdan istifadə etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Tərtib edilmiş tələbnamədən görünür ki, cavabdeh şirkət iddiaçının qeyri-qanuni qoşulma yolu ilə qazdan 12 saatdan çox istifadə edilməsi halını müəyyən edə bilmədiyindən “Qazdan istifadə qadaları”nın tələblərinə əsaslanmaqla gündəlik 12 saat ərzində hesablanmaqla düzgün qərar qəbul etmişdir. Məhkəmə göstərilənləri Mülki Məcəllənin 560.1-560.3. və 560.3.5.2.-ci maddələrinə istinadən hüquqdan sui-istifadə olaraq qiymətləndirir. Həmin maddələrə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılşamalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəf minimum, cavabdeh tərəf maksimum qaz istehlak edilməsi barədə sübut təqdim etmədiklərinə görə, qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün olmaqla,(12x04x90=4320 m3), itirilmiş qaz sərfiyyatına görə, ümumlikdə (4320x0.12=518.4 manat) cərimə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Lənkəran X6 İdarəsi tərəfindən mərhum X2 adına 27 sentyabr 2023-cü il tarixli, ******* saylı akt üzrə 27 sentyabr 2023-cü il tarixli tələbnamə əsasında itirilmiş qazın bərpası üçün hesablanmış borc azaldılaraq, 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-946/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-946/2025
01.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver