Məhkəmə qərarları › İş №2(050)-952/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-952/2025

28.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-952/2025 28.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X3 İdarəsinin əməkdaşlarının tərtib etdikləri 08 dekabr 2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1440 kub/metr qaz sərfiyyatına görə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Masallı rayonu, Qarğalıq kəndində yerləşən fərdi yaşayış evində qaz xətti çəkilməklə müvafiq sayğac quraşdırılmışdır. İstifadə edilmiş qazın dəyərini hər ay nəzarətçinin verdiyi bildiriş əsasında ödəmişdir. Ötən ilin oktyabr ayının 6-da Qaz İstismar İdarəsinin əməkdaşları gəlib qaz sayğacını yenisi ilə əvəz etmişlər. Bunun sayğacın köhnənilməsi ilə bağlı olmasını bildirmişlər. Sonradan isə məlum olmuşdur ki, barəsində 08 dekabr 2023-cü il tarixli ******* saylı akt tərtib edilərək qaz sərfıyyatı ilə bağlı əsassız borc hesablanmışdır. Lakin bu barədə ona heç bir məlumat bildirilməmişdir. X2 “ASAN xidmət” Mərkəzindən müvafiq sənədləri götürərkən bununla bağlı ona məlumat verilmişdir. Mübahisəli aktla tələbnamə tərtib edilərkən və bu məsələ müzakirə edilərkən nəinki iştirakı təmin edilməmiş, bununla bağlı izahatı dinlənilməmiş, hətta müvafiq aktla tələbnamənin surəti ona göndərilməmişdir. Yalnız qaz nəzarətçisinin məlumatından sonra Masallı Regional «Asan xidmət» Mərkəzindən mübahisəli aktla tələbnamənin surətlərini əldə edə bilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında yol uzunluğunu nəzərə alaraq iştirak edə bilməyəcəyini qeyd etmiş, mülki işin onun iştirakı olmadan keçirilib qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 06 oktyabr 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Masallı rayonu, Qarğalıq kəndində fərdi evdə quraşdırılmış qaz sayğacı “ZENNER” tipli G2.5T MEXANİKİ markalı **********9 nömrəli sayğacı ilə əvəz olunmuşdur.

10. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 08 dekabr 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Masallı rayonu, Qarğalıq kəndində fərdi evdə quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda – 100% nisbi xətayla işləyir. Həmin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir aşkar olunmadı. Sayğac istismara yarasızdır, itirilmiş təbii qazın dəyəri hesablansın və ödənilsin. İtirilmiş təbii qazın dəyərinin hesablanması tələb olunmuşdur.

11. Dəymiş ziyanın bərpasına dair 08 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, 08 dekabr 2023-cü il tarixli, 14-2-/3-5-11503-/Q003 nömrəli akta əsasən G-4 markalı ******* nömrəli sayğaca ümumi baxış keçirildi. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda – 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yarasızdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 4x12x30=1440 m3.

12. Abonentin saldosundan görünür ki, Masallı rayonu, Qarğalıq kəndində fərdi evində İddiaçı adlı abonentə 30 oktyabr 2023-cü il tarixdə ZENNER G2.5T MEXANİKİ markalı, **********9 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********01730-dir. 2023-cü ilin noyabr ayında 1440 m3 qaz sərfiyyatına görə 172,80 manat borc hesablanmışdır

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 08 dekabr 2023-cü il tarixli akta əsasən İddiaçı məxsus Masallı rayonu, Qarğalıq kəndində yerləşən fərdi evində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı abonentin ******* nömrəli sayğacın xətaları normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda – 100% nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, həmçinin kamera ilə sayğacın daxilinə keçirilmiş baxış zamanı kənar təsir izlərinin aşkar edilmədiyi, nəticədə sayğacın istismara yarasız olduğu müəyyən edilmişdir. İddiaçıya 1440 m3 qaz sərfiyyatına görə 172,80 manat məbləğində dəymiş ziyan borcu hesablanmışdır. Hesabat müddəti ümumi 30 gün qəbul edilmişdir. İddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş 08 dekabr 2023-cü il tarixli, ******* saylı akta və tələbnamayə əsasən hesablanmış 1440 kub/metr ziyana görə hesablanmış borcun silinməsini xahiş edir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın: 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddənin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

Məhkəmə baxışının hədləri:

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

20. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da, göründüyü kimi müdaxilə edilmədiyi və istismara yarasız olduğu qeyd edilən smart tipli qaz sayğacı onun iştirakı olmadan mexaniki qaz sayğacına dəyişdirilmişdir. Sayğaca baxış keçirilən zamanı xətaların normadan artıq olduğu, sayğac minimal sərfiyyatda – 100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, kamera ilə sayğacın daxilinə baxış zamanı kənar təsir izləri aşkar edilmədiyi, nəticədə sayğacın istismara yarasız olduğu müəyyən olunmuşdur. Sayğacın istismara yarasız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

21. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz istismara yarasız qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.

22. Həmçinin nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 25 fevral 2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşdən görünür ki, cavabdeh barəsində ******* saylı akt 08 dekabr 2023-cü il tarixdə, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə cavabdehin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu, Qarğalıq kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 08 dekabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, həmin akt əsasında **********01730 abonent kodu üzrə cavabdeh İddiaçı 1440 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 172,80 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri:

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

25. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Masallı rayonu, Qarğalıq kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 08 dekabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, həmin akt əsasında **********01730 abonent kodu üzrə cavabdeh İddiaçı 1440 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 172,80 manat məbləğində borc silinməlidir.

26. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. Masallı rayonu, Qarğalıq kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 08 dekabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında **********01730 abonent kodu üzrə İddiaçı hesablanmış 172,80 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar