Məhkəmə qərarları › İş №2(050)-973/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-973/2023

13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-973/2023 13.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 26 avqust 2022-ci il tarixü, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 17280 m3 qaz sərfiyyatına hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Masallı rayonunda anadan olmuşdur. Hazırda Masallı rayon Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayır. Fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Hamı kimi o, da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir. Heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh Lənkəran X6 İdarəsinin əməkdaşları ona məxsus fərdi yaşayış evini qazla təhciz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və sayğacı çıxarıb aparıblar. Lakin həmin vaxt o orda olmamışdır. Çünki 3 ildir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Ötən ilin payızında kəndə gəldiyi zaman qaz sayğacının olmadığını görmüş və istifadə olunmuş qaza görə bildirişi əldə etmişdir. Həmin bildirişdə onun ödəməli olduğu məbləğin həddindən artıq çox olduğunu görmüş və bunun səbəbini öyrənməkdən ötrü ASAN xidmət mərkəzinə müraciət etmişdir. Həmin mərkəzdən ona abonentin saldosu, akt, tələbnamə vermişlər. Verilmiş sənədlərə nəzər saldıqda görmüşdür ki, Cavabdeh Lənkəran X6 İdarəsinin əməkdaşları barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib etmişlər. Aktda sayğacdan kənar qeyri-qanuni birləşmə müəyyən edildiyi bildirilmiş və tələbnamə ilə itirilmiş qazın bərpasına görə dəymiş ziyan olaraq 17280 m3 müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. Azəriqaz İB-yə müraciət edərək sayğacı hansı səbəbə çıxardıqlarını ona bildirmələri ilə bağlı akt verilməsini istəmiş, Azəriqaz İB-nin əməkdaşları ona qaz sayğacının dəyişdirilməsi barədə akt verərək sayğacı növbəti dövlət yoxlaması adı ilə çıxardılarını qeyd etmişlər. Hazırda hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və 17280 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, aktdan da göründüyü kimi aktın tərtib olunmasına səbəb sayğacdan kənar qeyri-qanuni qaz xətti olmuşdur. Akt tamamı ilə səhv yazılmışdır. O, sayğacdan kənar qazdan istifadə etməmişdir. Cavabdeh işçiləri aktı yazarkən onun evinin qaz xəttində heç bir qeyri-qanuni istifadə olmamışdır. O, həmişə sayğacdan istifadə etmişdir. İdarə əməkdaşları aktı yazılarkən qaz xəttində sayğac olmuşdur. Sayğac ola-ola ona qazdan qeyri-qanuni istifadə yazılmışdır. Həmçinin, o, uzun müddətdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış ara-sıra Şərəfə kəndində olan evinə gəlir. O, burda yaşamadığı halda kənar xətdən istifadə etməyinə nə luzum vardır. Həmçinin Azəriqaz İB-nin əməkdaşları ona və 3 qardaşına eyni şəkildə 4 akt tərtib etmişlər, onun və qardaşlarının sayğacları dördüdə bir yerdə yerləşir. Həmdə həmin sayğacların yanında Sovet dövründən qalma qaz borusu vardır. Lakin bu o demək deyil ki, o, sayğacdan kənar qaz xəttindən istifadə edir. Belə hal varsa Azəriqaz İB bunu sübut edən möhtəbər dəlillərini ona təqdim etməlidirlər. Çünki o, idarə əməkdaşlarından bunu tələb etdiyi zaman idarə əməkdaşları ona sübutları təqdim edə bilməmişlər. İdarənin işçiləri otaq şəraitində onun iştirakı olmadan akt tərtib etmişlər. Akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Eləcədə idarənin işçiləri ayda iki dəfə olmaqla sayğaca baxış keçirirlər. İdarənin işçisi olan sahə nəzarətçisi bilir ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Əgər o, sayğacdan kənar qaz xətti çəkmiş olsaydı Qaz İstismarı İdarəsinin əməkdaşları həmin faktın şəkillərini və video görüntülərini çəkmiş olardılar (başqalarında olduğu kimi). Eləcədə əgər sayğacdan kənar qeyri-qanuni birləşmə var idisə Qaz İstismarı İdarəsinin əməkdaşları onuda çağırıb onun iştirakı ilə akt tərtib edərdilər və qonşularıda şahid kimi qeyd edərdilər. X8 İdarəsinin əməkdaşları yalançı, qanunsuz otaq şəraitində öz xülyalarına uyğun bir akt tərtib edərək həmin aktda onun sayğacdan kənar qeyri-qanuni birləşdirmə etdiyini qeyd etmişlər. Odur ki, həmin akt etibarsız hesab edilməli və yazılmış cərimə silinməlidir. Həmçinin, Qaz İstismarı İdarəsinin onun sayğacdan kənar qeyri-qanuni birləşdirmə etməsi barədə hər hansı bir möhtəbər dəlilləri vardırsa onun təqdim edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, İddiaçı yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və təbii qazdan istifadənin hesablanması üçün oraya sayğac quraşdırılmışdır. Lakin iddiaçının ünvanında yerləşən qaz sayğacına baxış keçirilərkən sayğacından kənar qeyri-qanuni birləşmə müəyyən edildiyi üçün akt tərtib olunmuşdur. Daha sonra isə 26 avqust 2022-ci il tarixli akt əsasında dəymiş ziyan hesablanmış və itirilmiş qazın dəyərinin ödənişinin təmin edilməsi qərara alınmışdır. Lakin abonent tərəfindən bugünədək heç bir ödəniş edilməmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran RQİİ-nin İSQN şöbəsinin mühəndisi X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, şöbənin işi sayğacda nöqsanları aşkar etməkdir. Masallı rayonu Şərəfə kəndində olan zaman qeyd edilən həyətdə olan qadından icazə almışlar və 3 nəfər həyətə girib sayğaca baxış keçirmişlər. Sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, göstərici azdır. Həmçinin, sayğacdan kənar qeyri-qanuni birləşmənin olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X6 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 26 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Masallı rayonu Şərəfə kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz işlədicilərinin qaz sayğacının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 03.2011-cı il tarixli 11 nömrəli qərarın 1 saylı əlavəsində Müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m3/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 17280 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X6 İdarəsinin Masallı XS-in mütəxəssisləri Günaəşli Nuralıyev, Bəhruz Qasımov və Cəlil Şükürov tərəfindən istehlakçının nümayəndəsi İddiaçı barəsində yazılmış və Lənkəran RQİİ-nin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 26 avqust 2022-ci il tarixli, ******* nömrəli aktın məzmunundan görünür ki, Masallı rayonu Şərəfə kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayağacından kənar təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdır. Akta əsasən qeyri qanuni təbii qaz xətinin ləğv edilməsi, dəymiş ziyanın hesablanması, dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskində olan videogörüntü ilə müəyyən edilir ki, Masallı rayonu Şərəfə kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayağacından kənar təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdır. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, hərtərəfli və tam qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda Cavabdeh əməkdaşları sayğaca müdaxilənin edilməsini müəyyən edərkən digər texniki vasitələrdən istifadə edilməklə mübahisəli aktı tərtib etmişlər. Halbuki qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Lakin, hazırkı mübahisə üzrə sayğaca müdaxilə müəyyən olunmaqla həmin hüquq pozuntusunun törədilməsi müəyyən olunmuş və buna dair Cavabdeh tərəfindən sübutlar təqdim edilmişdir. «Qazdan istifadə qaydaları»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir. Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır. Bundan başqa, itirilmiş qazın bərpası ilə bağlı tərtib edilmiş sənəddə 180 gün hesabat dövrü göstərilsə də, nəzərə alınmamışdır ki, qaz sayğacı bilavasitə küçə qaz xəttinin üzərində quraşdırılmış və paylayıcının işçiləri tərəfindən qaz sayğacının göstəricilərinin çıxarılması üçün ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilir və bu zaman istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi, eləcə də həmin müdaxilənin qaz paylayıcının işçiləri tərəfindən aşkar edilməməsi halları istisna edilir. Məhkəmə iddianın 17280 kub.metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsinə münasibətdə qeyd edir ki, tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi 26 avqust 2022-ci il tarixə təsadüf edir. Həmçinin iş materiallarına əlavə edilmiş “abonentin saldosundan” görünür ki, 2022-ci ilin noyabr ayında 44.52 manat məbləğində sərfiyyat hesablanmışdır. Bu isə onu deməyə əsas verir ki, eyni ilin mart ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə olan halda dəymiş ziyan məbləği hesablanarkən 90 gün hesabat müddəti hesablanmalı olduğu halda, 180 gün hesabat müddəti hesablanmışdır. Bundan başqa dəymiş ziyan məbləği hesablanarkən orta günlük iş rejimi 24 saat olduğu qeyd edilmişdir. Lakin 1 günün 24 saatdan ibarət olması nəzərə alınarsa orta günlük iş rejimi 24 saat hesablanmalıdır. Beləliklə qeyd olunanlar nəzərə alınmaqla aşağıdakı qaydada hesabat aparılmalı və boc məbləği azaldılaraq aşağıdakı qaydada müəyyən edilməlidir: 4x24x90x0.12=1036.80 Cəmi: 8640 kub.metr Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 26 avqust 2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış ziyanın həcmi azaldılaraq 1036.80 manat, yəni 8640 kub.metr müəyyən edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh Lənkəran X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 26 avqust 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında 1036.80 manat, yəni 8640 kub.metr qaz sərfiyyatına görə hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Lənkəran X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 26 avqust 2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin, həmin akt əsasında hesablanmış 1036.80 manat, yəni 8640 kub.metr qaz sərfiyyatına görə hesablanmış borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar