Məhkəmə qərarları › İş №2(050)-992/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-992/2023

04.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-992/2023 04.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə və Lənkəran X2 İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə və Lənkəran X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı şəhərində fərdi yaşayış evləri vardır. Evlərinə quraşdırılan qaz sayğacını xx.xx.2023-cü ildə qaz idarəsinin işçiləri ******* nömrəli akt yazaraq **********981 nömrəli smat tipli sayğacla yeniləmişdilər. Sayğac dəyişən zaman onların yanında olmuş və video çəkiliş etmişdir. Bütün bunları Cavabdeh İB-nin nümayəndələri görmüş və səsləri də çəkilişə düşmüşdür. Sayğaca özlərinin vurduğu plombun simini işçiləri kəsərək, xəttdən ayıraraq, demişdilər ki, sayğacın içi deşikdir. Bildirmişdir ki, bəs sayğac plomlu idi, sayğacı quraşdıran Sizsiniz, vurulan plomba da cavabdehsiniz, sayğac deşik quraşdırılıb, yenidən bilərəkdən gəlirərək cərimə ilə edirlər ki, pul alsınlar. Sayğac dəyişib xx.xx.2023 cü ildə, ******* nömrəli aktda göstərilir ki, tarix xx.xx.2023, yəni ki, sayğac dəyişilmədən və heç bir labaratoriaya gedmədən, ekspert rəyi olmadan yüksək məbləğdə cərimə edilmişdir. Hər ay neçə manat qaz pulu köçürdüyü abonentin saldosundan görünür. Təkrar yazılan aktdan xəbəri olmayıb, imzanın qarşısında çəkilən imzalardan xəbərsizdir, açılıb yenilənən sayğac tam olaraq işlək vəziyyətdə olmuşdur. Ona məxsus olan qaz sayğacının xususi nəzərdə tutulmuş Dövlət plombu ilə plomblanmışdır. Həmən xususi plombu kəsici alətlə cavabdeh təşiklatın nümayəndələri kəsərək sayğacı xəttdən ayırmışdılar. Bütün olanları telefonuna çəkmişdir. O, Cavabdeh İB-nin baş direktoruna məktubla müraciət etmiş, sonradan məlum olmuşdur ki, rəhbərlik məsul şəxsləri belə əməllərinə görə töhmətlə cəzalandırmış, bunu özləri etiraf etmişdilər. Bu əməkdaşları rəhbərləri cəzalandırır ki, Siz sayğacı quraşdıranda necə baxıb plomblamısınız? Sayğacı bilərəkdən deşib plomblayıblar. Xaricdən müdaxilə mümkün ola bilməzdi, yazılan akt sayğac dəyişən vaxt yazılmamışdır. Qaz sayğacının həyətdən aralıda küçədə olması və üzərində qoruyucu qutu və ya hər hansı bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayğacına ediləcək müdaxiləyə görə vətəndaş məsuliyyət daşımamalıdr. Akt yazılarkən şahidlərin iştirakları təmin edilməmişdir. Aktı 1 ay sonra Masallı regional “ASAN xidmət” mərkəzindən almışdır. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 6-cı bəndinə, Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın müvafiq bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 560.1 ə 560.2-ci maddələrinə istinad edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğac növbədənkənar Dövlət yoxlaması üçün çıxarılmış, sayğac labaratoriya şəraitində yoxlanılmış, müəyyən edilmişdir ki, sayğacın plastmas borusu deşilib. Xətalar təyin edilə bilməmişdir. Sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş, plastmas boruda deşik aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. Baş vermiş problem (qaz itkisi, müdaxilə) kimi qiymətləndirilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. Sayağac həyətdən kənarda, abonentin hasarına vurulmuş, qruyucu qutunun içərisində yerləşir. Həmin vaxt videoçəkiliş də aparılmışdır. Hər bi şəxs sərf etdiyi təbii qazın dəyərini ödəməli və sayğaca müdaxilə etməməlidir. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı aid **********5 nömrəli qaz sayğacı növbədənkənar Dövlət yoxlanması üçün çıxarılmışdır. Aktın “Digər qeydlər” adlanan hissəsindən göstərilir ki, sayğacın çıxış borusu içəridən deşilib. Həmin fakt aktı tərtib etmiş cavabdeh təşkilatın nümayəndələrinin, o cümlədən istehlakçı imzası ilə təsdiq edilmişdir. Azərbaycan Metrologiya İnstitutunun və Cavabdeh İB-nin Metrologiya Departamentinin nümayəndəsi tərəfindən təsdiq edilmiş “Qaz sayğaclarının yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-813-1 saylı aktda göstərilir ki, zavod seriya nömrəsi **********5 olan qaz sayğacına baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar təyin edilə bilmədi. Sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Sayğac istismara yararsızdır. 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktda göstərilir ki, sayğacın çıxış plastmast borusu deşilib, sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil. AzeriExpress poçt xidmətinə aid göndəriş sənədindən görünür ki, 30 yanvar 2023-cü il tarixli, ******* saylı akt xx.xx.2023-cü ildə İddiaçı göndərilmişdir. Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli hesabatın “Aşkar edilmiş nöqsan” adlanan hissəsində sayğacın çıxış plastmast borusunda deşik aşkar olunması göstərilmiş, baş vermiş nöqsan müdaxilə, qaz itkisi kimi qiymətləndirilmiş, “Dəymiş ziyan həcminin hesablanması hissəsində “qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub/metr itirilmiş qaz hesablanmışdır. Məhkəməyə təqdim edilmiş CD deskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir mübahisəli sayğac istehlakçının fərdi yaşayış evinin çöl tərəfindən divarına vurulmuş, sayğac dəmir qutuda yerləşir, mübahisəli sayğacın aşağı hissəsində su sərfiyyatını qeydə alan digər sayğac yerləşir. Mübahisəli sayğac xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının nümayəndəsinin iştirakı ilə açılmış, sayğacın çıxış plastmas borsunun deşik olması gözlə görünür, qarşı tərəfə sayğacın daxilində olan çıxış plastmas borsunun 4 yerdən deşik olması bildirilmiş, o, isə həmin deşiklərə baxaraq heç bir söz deməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsassız hesab edir.

1. Fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan mübahisəli sayğacın çıxış borusunun içəridən deşilməsi istehlakçı tərəfindən də təsdiqlənmişdir. Belə ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı aid **********5 nömrəli qaz sayğacı növbədənkənar Dövlət yoxlanması üçün çıxarılmışdır. Aktın “Digər qeydlər” adlanan hissəsindən göstərilir ki, sayğacın çıxış borusu içəridən deşilib. Həmin fakt aktı tərtib etmiş cavabdeh təşkilatın nümayəndələrinin, o cümlədən istehlakçı imzası ilə təsdiq edilmişdir.

2. Mübahisəli sayğacın içəridən (xaricdən yox) çıxış borusunun deşilməsi Azərbaycan Metrologiya İnstitutunun və Cavabdeh İB-nin Metrologiya Departamentinin nümayəndəsi tərəfindən təsdiq edilmiş “Qaz sayğaclarının yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-813-1 saylı aktla da təsdiq edilir. Belə ki, həmin akta göstərilir ki, zavod seriya nömrəsi **********5 olan qaz sayğacına baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar təyin edilə bilmədi. Sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Sayğac istismara yararsızdır.

3. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi sayğacın mühafizə olunmayan ərazidə yerləşməsi və belə vəziyyətdə sayğacda baş vermiş problemə görə onun məsuliyyət daşımaması ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, məhkəməyə təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir mübahisəli sayğac istehlakçının fərdi yaşayış evinin çöl tərəfindən divarına vurulmuş, sayğac dəmir qutuda yerləşir, mübahisəli sayğacın aşağı hissəsində su sərfiyyatını qeydə alan digər sayğac yerləşir. Mübahisəli sayğac xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının və ya onun nümayəndəsinin iştirakı ilə açılmış, sayğacın çıxış plastmas borsunun deşik olması gözlə görünür, qarşı tərəfə sayğacın daxilində olan çıxış plastmas borsunun 4 yerdən deşik olması bildirilmiş, o, isə həmin deşiklərə baxaraq heç bir söz deməmişdir. Nəzərə alınmalıdır ki, sayğacda baş vermiş problem hər hansı bir zərbə nəticəsində deyil, sayğac məqsədli şəkildə açılmaqla xüsusi işlə sayğacın daxilində yerləşən sayğacın sərfiyyatı düzgün qeyd etməməsi üçün çıxış plastmas borsu bir neçə yerdən deşilmiş, sonrada da saycağ olduğu kimi bağlanmışdır. Belə bir vəziyyət sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıması kimi qiymətləndirməməlidir. Sayağaca müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət qaz sərfiyyatına müdaxilə edilməsi məqsədilə birbaşa qəsdlə törədilmişdir.

4. Belə bir vəziyyətdə sayğacın işləmə prinsipini pozan hər hansı hərəkətin məqsədli şəkildə edilməsinin istehlakçının özü tərəfindən edilməməsi ilə razılaşmaq o anlama gələr ki, hər hansı bir şəxs abonentin xeyrinə sayğacın işləmə prinsipini pozan hərəkət edir. Bu isə qəbul edilən deyil. Əksini, düşünmək o, olardı ki, Cavabdeh İB hər bir sayğac üzrə xüsusi texniki vasitə quraşdıraraq, çəkiliş vasitəsi ilə qeydə almalıdır ki, bütün bu proseslər necə baş verir. Cavabdeh İB-nin isə belə bir öhdəliyi yoxdur.

5. Şəxsin aktın yazılmasında iştirakının təmin edilib-edilməməsi, sayğaca nəzarət edən cavabdeh təşkilatın səlahiyyətli şəxsin sayğacda aşkar edilmiş hər hansı bir qüsur (ilkin vəziyyətdə bilinməsi mümkündürsə) barədə vaxtında istehlakçıya bildiribbildirməməsi məsələnin bir başqa tərəfidir və təbii ki, həmin məsələlərin qanunauyğun həyata keçirməməsi həmin şəxsin məsuliyyətinə səbəb ola bilər. Lakin bütün bu məsələlər Dövlətə vurulmuş zərərin ödənilməməsinin əsası ola bilməz. Həmin qeyd edilən məsələlər buna cavabdeh olan şəxslərin məsuliyyət məsələsinin əsası kimi çıxış edə bilər. Məsələn, yoxlama zamanı hər hansı abonentin kənar xətt vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilir, bu video dayışıcı vasitəsi ilə qeydə alınır, lakin aktın tərtibində nöqsana (abonentin iştirak edib-etməməsi barədə qeyd olmur) yol verilir. Bu o, demək deyil ki, qeyd edilən fakt olmamış, həmin fakt nəticəsində Dövlətə zərər dəyməmişdir və dəymiş həmin zərər ödənilməməlidir.

6. İddiaçı iddia ərizəsində baş vermiş hadisədə cavabdeh təşkilatın əməkdaşlarını günahlandırsada, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması adlanan 79-1-ci maddəsində göstərilir ki, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4749/2021 saylı qərarının 34-cü bəndinə göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, əslində fərqli fikirlərin, mövqelərin yaranmasına səbəb aktlar üzrə hesablanmış məbləğlərin həddən artıq və ədalətli olmaması real sərfiyyatı əhatə etməməsi ilə bağlıdır. Belə hesablamalar iddiaçı təşkilatın qəbul etdiyi qaydalar və təlimatlar əsasında hesablandığından, onlar normativ xarakterli aktlar olmadığından məhkəmələr həmin qaydalardan kənara çıxaraq vahid bir mövqe nümayiş etdirməkdə haqlı olardılar. Lakin hər bir halda qanunsuz qoşulma halı təsdiq edildiyi təqdirdə məbləğin ədalətli olmaması əsası ilə iddianı təmin etməkdən çəkinmə əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. “Qazdan istifadə Qaydaları” na 2 nömrəli əlavə ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” nin forması təsdiqlənmişdir. Həmin müqavilənin 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 2.2.5-ci bəndinə əsasn istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavbadehlər Cavabdehnə və Lənkəran X2 İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar