Məhkəmə qərarları › İş №2(051)-1065/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1065/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1065/2022 13.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 5877 (beş min səkkiz yüz yetmiş yeddi) manat borc kimi verilmiş pulun, 20 qram çəkidə, 583 əyarlı qızıl sepin və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1903/2021 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, sonradan cavbadeh tərəf qiyabi qətnamənin ləğvi edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1065/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1903/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. İşə məhkəmədə baxılan vaxt iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində 20 qram çəkidə, 583 əyarlı qızıl sep hissəsində dəqiqləşdirərək sep sözünün qolbaq sözü ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, girov qoyub problemlərini həll etmək üçün cavabdehə xx.xx.2018-ci il tarixdə 100 qram qızıl (1 ədəd bismark sep, qolbaq, 1 ədəd tros sep) vermişdir. Sonra isə cavabdeh ona qızılları girov qoyduğu yerdə pulları ödəmədiyinə görə qızıllar satışa çıxarıldığını bildirmişdir. O da məcbur qalıb cavabdehə həmin qızılların qaytarılması üçün 5877 manat borc pul vermişdir. Cavabdeh iddiaçıdan 5877 manat pulu borc alıb qızıllarını girovdan geri alıb ona verməli, sonra isə həmin pulu 3 il müddətinə ona qaytarmağı öhdəsinə götürmüşdür. Ancaq cavabdeh qızılların 80 qramını götürmüş, lakin ödənişi vaxtında etmədiyinə görə girov saxlayan faiz hesablamışdır. Ona görə də cavabdehin pulu çatmamış, nəticədə girov saxlayan 20 qramlıq qızıl qolbağı özündə saxlamışdır. Cavabdeh isə yaxın vaxtlar da həmin qolbağın da pulunu ödəyib qaytaracağına söz vermişdir. Bununla yanaşı cavabdeh borclu olduğu pul məbləğinə dair yazılı qəbz versə də, 20 qramlıq qolbağı tezliklə qaytarcağını bildirdiyi üçün ona dair qəbz yazmamışdır. Lakin sonradan telefon danışıqları vaxtı həmin qolbağı qaytarmalı olıduğunu etiraf etmişdir. Artıq 3 ildir ki, cavabdeh onun qızılını və pulunu qaytarmır. Hazırda isə cavabdeh qızılı və pulu qaytardığını bildirərək, borcu qaytarmaqdan imtina edir. Hesab edir ki, cavabdehin niyyəti onun hesabına əsassız varlanmaqdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanıiddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin və təmsil etdiyi şəxsin izahatına uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, o, iddiaçı ilə yaxın münasibətdə olmuşdur. Belə ki, o, iddiaçının oğlunun hərbi hissəyə işə düzəlməsinə köməklik etmişdir. Ondan sonra aralarında xoş münasibət yaranmışdır. Bir müddət sonra ona təcili pul lazım olmuşdur. Onda o, pul üçün iddiaçıya müraciət etmişdir. İddiaçı nağd pulu olmadığına görə ona borc kimi 100 qram qızıl (1 ədəd bismark sep, qolbaq, 1 ədəd tros sep) vermişdir. O da həmin qızıl-zinət əşyalarını Ağdaş rayonunda adını bilmədiyi şəxsə girov qoyub 4000 manat pul götürmüşdür. O, hər ay həmin şəxsə 400 manat sələmə pul vermişdir. Lakin onun aylıq maaşı 467 manat olduğundan, bu ödənişləri çatdıra bilməmişdir. Ona görə də çıxılmaz vəziyyətə düşdüyü üçün yenidən iddiaçıya müraciət etmiş və ondan borc pul istəmişdir. İddiaçı 2018-ci ildə bankdan 4000 manat məbləğində kredit götürərək ona vermişdir. O isə sələmi tam ödəyərək, qızılların hamısını girovdan çıxarıb iddiaçıya qaytarmışdır. Həmin 4000 manat məbləğində pul bankın faizləri və komissiyası ilə birlikdə 5877 manat təşkil etmişdir. O da həmin məbləği ödəməsinə dair öz xətti ilə qəbz yazıb iddiaçıya vermişdir. Borcun az bir qismini ödəmiş, lakin o həmin vaxtlarda əməliyyat keçirdiyindən, işləyə bilməmişdir. Ona görə də borcunu tam qaytara bilməmişdir. İddia tələbində göstərilən 20 qram çəkidə qızıl-zinət əşyasını isə 2020-ci ilin iyun ayında lotereya oynayıb qaytarmışdır. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 5877 manat məbləğində pulun və 20 qram çəkidə qızıl qolbağı borc verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı 3 il müddətinə 5877 manat məbləğində borc pul almışdır. Məhkəmə iclası zamanı tərəflərin iştirakı və razılığıilə CD diskə yazılmış audio səs yazıları dinlənilərkən müəyyən olundu ki, Cavabdeh İddiaçı 100 qram çəkidə qızıl-zinət əşyası götürdüyünü, 80 qram çəkidə olan hissəsini qaytardığını və qalan 20 qram çəkidə olan qolbağı isə qaytaracağını söyləmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsi müəyyən etdi ki, iddiaçı cavabdehə 100 qram qızıl (1 ədəd bismark sep, qolbaq, 1 ədəd tros sep) vermiş, cavabdeh də həmin qızılları girov qoyaraq 10 faiz dərəcəsi ilə girov qoyub 4000 manat məbləğində pul götürmüş və hər ay 400 manat faiz ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin şəxsə 400 manat faizi ödəyə bilmədiyi üçün borcu çoxalmışdır. Ona görə də həmin şəxs qızılları satılması ilə bağlı cavabdehi xəbərdar etmişdir. Ondan sonra cavabdeh iddiaçıdan kömək istəmişdir. İddiaçı isə 29 noyabr 2018ci il tarixdə bankdan 4000 manat kredit götürüb cavabdehə vermişdir. Cavabdeh həmin 4000 manat pulu qızılları girov saxlayan şəxsə vermişdir. Ondan sonra cavabdeh həmin krediti faizi ilə birlikdə, yəni 5877 manat məbləğində pulu 3 il müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüş və o barədə yazılı qəbz vermişdir. Bu faktı hər iki tərəf qəbul etdiyindən, məhkəmə həmin halları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Bununla yanaşı iddiaçıya məxsus olmuş 20 qramlıq qolbağın cavabdeh tərəfindən qaytarılmaması və hazırda da həmin qızıl əşyasının cavabdehdə olması ilə bağlı iddiaçının bildirdiklərini cavabdeh tərəf qəbul etməmiş və bu barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən halları kimi qəbul edir və tərəflərin təqdim etdikəri sübutlar əsasında araşdırır. Belə ki, cavabdeh 4000 manat pulu girov saxlayana verib 100 qram qızılların (1 ədəd bismark sep, qolbaq, 1 ədəd tros sep) hamısını alıb iddiaçıya qaytardığını bidirsə də, iddiaçı tərəf cavabdehin bildirklərini 20 qramlıq qolbağa münasibətdə qəbul etməmişdir. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən audio səs yazılarını əks etdirən CD–ni məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə öz etirazlarının əsası kimi heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə, iddia tələbini tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən edilmiş hallar əsasında həll edilməsinin mümkünlüyü qənaətinə gəlir. Belə ki, məhkəçmə iclası zamanı cavabdeh tərəf iddiaçıdan aldığı 4000 manat pulub verib 100 qram qızılların (1 ədəd bismark sep, qolbaq, 1 ədəd tros sep) hamısını alıb iddiaçıya qaytardığını bildirmiş, lakin məhkəmə iclası zamanı tərəflərin iştirakı və razılığı ilə dinlənilmiş CD diskdə olan audio səs yazılarında isə cavabdeh 20 ramlıq qolbağı qısa müddətə qaytaracağına söz vermişdir. Göründüyü kimi cavabdehin izahatı ziddiyyətli olmuşdur. İddiaçı tərəf isə cavabdehin bildirdiklərini qəbul etməmişdir. Cavabdeh tərəf isə 20 qramlıq qolbağı qaytarmasına dair sübut təqdim etməmiş, yalnız formal mülahizələr irəli sürməklə kifayətlənmişdir. Məhkəmə müəyyən olunmuş bu hallara əsaslanaraq, iddiaçının izahatında göstərdiklərini, cavabdeh tərəfin bildirdiklərinə münasibətdə daha inandırıcı hesab edir və nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan 20 ramlıq qolbağın cavabdehdə qalması ilə bağlı iddiaçının bildirdikləri əsaslıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc müqaviləsindən irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə 100 qram çəkidə qızıl-zinət əşyaları və 5877 manat borc pul vermişdir. Cavabdeh isə həmin qızıl-zinət əşyalarını və pulu iddiaçıdan almış və olduğu kimi qaytaracağına dair öhdəlik götürmüşdür. Bundan sonra cavabdeh 100 qram çəkidə olan qızıl-zinət əşyalarından 80 qramını iddiaçıya qaytarmış və 20 qram çəkidə olan qolbağı və 5877 manat məbləğində pulu qaytarmamışdır. Nəticədə, iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yarandığından, 5877 manat məbləğində pul və 20 qram çəkidə olan qızıl qolbağ Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı 5877 manat məbləğində pulu alması faktını yazılı qəbzdə öz imzası ilə təsdiq etmiş, 20 qram çəkidə, 583 əyarlı qızıl qolbağı isə İddiaçı qaytarmadığını məhkəmə iclası zamanı səsləndirilmiş audio səs yazısında etiraf etmişdir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216–220, 241, 242, 244 və 253-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5877 (beş min səkkiz yüz yetmiş yeddi) manat məbləğində pul və əyarı 583, çəkisi 20 qram olan qızıl qolbaq alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar