Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1091/2023 13.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X11, Cavabdeh: Cavabdeh və nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat kompensasiya verilməklə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və onun azyaşlı Hünər və Uğur adlı uşaqları və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Aralarındakı nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. O, nikaha daxil olmazdan əvvəl cavabdehin zəbt etdiyi həmin ünvandakı iki otaqlı hazırki yaşayış mənzilini xx.xx.2017-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. Ailə qurarkən cavabdeh onun xüsusi mülkiyyəti olan mübahisəli mənzilə qeydiyyata düşmüş və hazırda iki azyaşlı uşaqla birlikdə orada qeydiyyatdadır. Cavabdehlə aralarında kəskin ziddiyyətlər və münaqişələr vardır. Eyni yaşayış mənzilində yaşamaqları mümkün deyildir və o bunu qətiyyən istəmir. Cavabdeh isə onun mülkiyyətini özbaşına zəbt etmiş, mənzillə bağlı əmlakına air hüquqlarını həyata keçirməyə imkan vermir. Ona mülkiyyəti olan mənzilində yaşamaq imkanından məhrum etmişdir. Hazırda o, dözülməz şəraitlə üzüzədir. Yaşamağa və qalmağa yeri yoxdur. Müvəqqəti olaraq digər qardaşının 4 nəfər ailə üzvü ilə birlikdə yaşadığı anasının himayəsinəç sığınmışdır. Artıq iki ilə yaxındır, o, mənzilinə daxil ola və istifadə edə bilmir. Məlumat üçün bildirir ki, cavabdehin valideynləri 3 otaqdan ibarət mənzildə tək yaşayırlar. Cavabdehin orada yaşaması üçün hər cür imkanı vardır. Cavabdehlə onun və ailə üzvlərinin arasında münaqişə həddinə çatan kəskin ixtilaflar və ziddiyətlər vardır. Hazırda onun onun mənzilində yaşaması və onu buraxmaması mülkiyyətçi kimi onun üçün həddindən artıq arzuolunmazdır və bu hal onlar üçün fiziki və mənəvi zorakılıqla nəticələnə bilər. Mənzillə bağlı mübahisələr kəskin şəkildə davam etdiyindən mülkiyyətçi kimi sərəncam vermək hüququndan istifadə edərək, mənzili özgəninkiləşdirmək-satmaq istəyir. Cavabdeh isə bu istəyə qarşı çıxır, münaqişənin davam etdirilməsində maraqlıdır. Ona görə də, cavabdehin fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna kompensasiya müqabilində xitam verilməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır və indiki vəziyyətdə ən məqsədəuyğun çıxış yoludur. Hazırda mübahisəli mənzilin yerləşdiyi Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ərazisində həmin şəraitli evlərdə kirayə haqqı – bir otaqlı 130 manat, iki otaqlı 150 manat, üç otaqlı mənzillərin kirayə haqqı 200 manatdır. Onun təklif etdiyi 7000 (yeddi min) manat kompensasiya cavabdehin həmin ərazidə eyni şəraitli mənzildə uzun müddət yaşaması üçün kifayət qədər əlverişlidir. Qeyd edir ki, onun xüsusi mülkiyyətində olan mənzil 6-cı mərtəbədə yerləşir, iki otaqlıdır. Odur ki, məhkəmədən Cavabdeh 7000 (yeddi min) manat kompensasiya verilməklə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və onun azyaşlı Hünər və Uğur adlı uşaqları və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı etiraz ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, qeyd edir ki, iddiaçı Mustafayev X6 şəhər Məhkəməsində cavabdeh X3 qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia qaldırmışdır. İddia tələbinə görə iddiaçı cavabdeh X3 7000 (yeddi min) manat kompensasiya verilməklə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və onun azyaşlı uşaqları Hünər və Uğur adlı uşaqları və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o onun mülkiyyətində olan mənzili zəbt etmişdir. O onun keçmiş arvadıdır və birgə nikahdan olan iki azyaşlı uşaqları var. Hazırda həmin mənzildə o övladlarıyla birlikdə yaşayır və İddiaçı yaşamasına mane olmur. Mənzilin bir otağı onun, digər otağı onunla uşaqlarının istifadəsindədir. İddiaçı ilə nikahlarını rəsmiləşdirməklə ailə qurduqdan sonra onun razılıği ilə həmin mənzilə cehiz əşyalarıyla birlikdə köçərək yaşamağa başlamış və qeydiyyata düşmüşdür. Onun mənzilə daxil olmasına və orada yaşamasına heç bir maneçilik törətmir. Əksinə o özü hər dəfə evdə söz-söhbət yaradaraq uşaqlarının psixologiyasını pozur. Övladları hər an qorxu içərisində yaşayırlar. Bununla bağlı dəfələrlə polis şöbəsinə də müraciət etmişdir. Eyni zamanda iddia ərizəsində mübahisəli mənzilin yerləşdiyi Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ərazisində həmin şəraitli evlərin kirayə haqqının bir otaqlı mənzillər üçün 130 manat, iki otaqlı mənzillər üçün 150, üç otaqlı mənzillər üçün 200 manat olması qeyd edilir. Hesab edir ki, cavabdeh təklif etdiyi 7000 (yeddi min) manat kompensasiya ilə həmin ərazidə eyni şəraitli mənzildə uzun müddət yaşaya bilər. Etiraz ərizəsinə əlavə etdiyi “Daşınmaz Əmlakın Kirayə Qiymətləndirilməsi barəsində rəyə” görə “Güvən Əmlak” Daşınmaz əmlak Agentliyi tərəfindən Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsində iki otaqlı mənzilin bu gün üçün bir aylıq kirayə dəyəri 350 manat təşkil edir. Bundan əlavə "xxxx" MMC tərəfindən verilmiş “bina yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə rəyə görə Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 11 A, mənzil 32-də olan bina yaşayış evi 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən təmirli iki otaqdan ibarət bina yaşayış evinin may 2023-cü ildə satış qiyməti 70000 (yetmiş min) manat dəyərində qiymətləndirilmişdir. Onun və övladlarının yaşamaq üçün başqa yaşayış sahəsi yoxdur. Hər bir halda azyaşlı uşağın mənafeyi mütləq nəzərə alınmalıdır. Cavabdeh nümayəndəsi vəkil X4 cavabdehin etiraz ərizəsinə uğun məzmunda çıxış epədərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə əlavə olunmuş DƏDRX-ın RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, verilir İddiaçı ondan ötrü ki, Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsində istifadədə olan 0.21 ha torpaq sahəsində yerləşən 11A nömrəli, 6 mərtəbəli binanın 2-ci girişində, 6-cı mərtəbəsində yerləşən 69.98 kv.m ümumi,42.08 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 32 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 16 №-li Rəydən görünür ki, Mingəçevir şəhərində yerindən asılı olaraq bina yaşayış evlərində yaşayışa uyğun şəraitdə olan (əşyasız boş vəziyyətdə) 1 (bir) otaqlı mənzillərin kirayə qiyməti 130 (bir yüz otuz) manat, 2 (iki) otaqlı mənzilllərin kirayə qiyməti 150 (bir yüz əlli) manat, 3 (üç) otaqlı mənzillərin kirayə qiyməti 200 (iki yüz) manat dəyərindədir. İşə əlvə olunmuş Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən İddiaçı oğuna ünvanlanmış cavab məktubundan görünür ki, “sizin Mingəçevir şəhər polis şöbəsinə ünvanladığınız ərizəniz tərəfimizdən araşdırıldı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq X2 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məhkəmə orqanlarının səlahiyyətindədir. Odur ki, məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiq hesab olunur.” İşə əlavə olunmuş Daşınmaz Əmlakın kirayə qiymətləndirməsi barəsində rəydən görünür ki, Mingəçevir şəhər, Nigar Rəfibəyli küçəsində 2 otaqlı mənzilin xx.xx.2023-cü il tarixinə olan yekun: 1 aylıq kirayə dəyəri 350 (üç yüz əlli) manat təşkil edir. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, qiymətləndirmə yerindən asılı olaraq ünvan 1-də olan bina yaşayış evi 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, təmirli 2 otaqdan ibarət bina yaşayış evinin may 2023-cü il tarixdə mənzilin orta bazar satış qiyməti 70000 (yetmiş min) manat qiymətində dəyərləndirilir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 29 yanvar 2009-cu il təvəllüdlü X9 və 07 dekabr 2012-ci il təvəllüdlü X7 atası İddiaçı anası isə X5r. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)- 109/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş. İddiaçı ilə X8 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış və dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra 29 yanvar 2009-cu il tarixdə doğulmuş Hünər və 07 dekabr 2012-ci il tarixdə doğulmuş Uğur adlı uşaqların cavabdeh X2 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsinə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir Belə ki, Cavabdeh mübahisəli evdən istifadə hüququ vardır. Bu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən iddiaçının Cavabdeh kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etmək hüququ vardır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Sadalanan hallara əsasən araşdırma aparılarkən məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh mülkiyyətçinin keçmiş arvadıdır. Lakin aralarında olan münasibətlər münaqişəlidir və bir-birinə qarşı barışmaz mövqedədirlər. Cavabdehin mənzildə yaşamaqda davam etməsi mülkiyyətçinin mülkiyyətindən dinc istifadəsinə məhdudiyyət törədəcəkdir. Yuxarıda qeyd olunan xüsusatlar baxımından məhkəmə hesab edir ki, mülkiyyətçinin mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 7000 manat məbləğdə kompensasiya onun davamlı surətdə və müəyyən müddət daxilində, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı verir və cavabdehin evdən istifadə hüququnun itirilməsi üçün yetərlidir. Həmçinin iddia tələbi mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin müddəaları baxımından əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddədə sərəncam hüququnun mahiyyəti açıqlanaraq göstərilir ki, sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Odur ki, məhkəmə bu normaların tələbindən çıxış edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi 11A saylı evin, 32-ci mənzilindən istifadə hüququna xitam verilməli və Hünər və Uğur adlı övladı ilə birlikdə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi 11A saylı evin, 32-ci mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi 11A saylı evin, 32-ci mənzilindən istifadə hüququna xitam verilsin və Hünər və Uğur adlı övladı ilə birlikdə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi 11A saylı evin, 32-ci mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1091/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1091/2023
13.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver