Məhkəmə qərarları › İş №2(051)-1142/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1142/2025

24.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1142/2025 24.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh2, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə və və iş üzrə sözügedən qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 18 sentyabr 2012-ci il tarixli daşınmaz əmlakın alqı-salqı müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, Vidadi küçəsi 5 saylı evin 10 saylı mənzili iddiaçıya, yəni İddiaçı məxsusdur. Belə ki, sözügedən mənzilə dair xx.xx.1997-ci il tarixli Mingəçevir şəhər DNK-nın 3M-10-224 nömrəli alqı-satqı müqaviləsinə əsasən Mingəçevir şəhər DTİ və MHQİ tərəfindən xx.xx.1997-ci il tarixli 1014B nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2012-ci il tarixdə isə Mingəçevir şəhər notariusu X3 təsdiq etdiyi 4Ə/02-1050 nömrəli müqaviləyə əsasən guya ona məxsus mənzil Cavabdeh2 satılmışdır. Cavabdeh2 satılmış və alıcının mülkiyyət hüququ xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onun sözügedən alqı-satqıdan xəbəri olmamışdır. Heç vaxt alqısatqı etməmiş və özünə məxsus əmlakı heç kimə satmamışdır. Belə ki, sözügedən Cavabdeh2 xalasıdır və keçmiş qaynanası olmuşdur. O, 1997-ci ildə sözügedən mənzili almış və 01 oktyabr 2010-cu ildə ailə qurmuşdur. Hazırda bir neçə ay bundan əvvəl Məmmədova (Mirzəyeva) Aytən Elmidar qızı ilə aralarında olan nikah pozulmuş və ona məxsus evdən istifadə etməyə çalışsa da sözügedən mənzilin ona məxsus olmaması bildirilimişdir. Bu günlərdə ona məlum olmuşdur ki, Mingəçevir şəhəri, Vidadi küçəsi 5 saylı evin 10 saylı mənzili ondan xəbərsiz 2012-ci ildə qaynanası olmuş Cavabdeh2 öz adına keçirmişdir. Heç vaxt evin onun adına keçirilməsi ilə bağlı razılığı olmamış və heç vaxt bu barədə razılıq verməmişdir. Ona məxsus mənzilin xəbəri olmadan başqa şəxsə keçməsi maraqlı gəlir. Ona görə də hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Heç vaxt notariat ofisində olmamışdır və ona məxus olan evin başqa şəxs tərəfindən satılması və ya alınması qanun pozuntusudur. Qanunu pozmaqla bağlanmış müqavilə qanunsuzdur və əvvəlindən etibarsız sayılmalıdır. Yetərincə sübutları var və bu halın yetərincə qanunsuz olmasını sübut edə bilər. Xəbəri olmadan bağlanmış alğı-satqı müqaviləsi vicdanlılıq prinsiplərinə də ziddir. Belə ki, sözügedən müqaviləni bağlamaqda məqsəd onun mülkiyyət hüquqlarına son qoymaq niyyətindən başqa bir şey deyil. Xəbəri olmadan bağlanmış müqavilə bağlandığı andan etibarsızdır. Ona görə də xəbəri olmadan bağlanmış müqavilə etibarsız olması səbəbindən onun hüquqi nəticəsi olan torpağın mülkiyyətə alınması barədə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarış ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı əvvəl mənzili ona valideynlərinin aldığını bildirsə də, sonradan izahat verərək göstərmişdir ki, Mingəçevir şəhəri, Vidadi küçəsi 5 saylı evin 10 saylı mənzili xalası Cavabdeh2 almış və onun adına rəsmiləşdirmişdir. Həmin mənzili xalası ona vermişdir. Onun məlumatı olmadan və imzası saxtalaşdırılaraq 2012-ci ildə adından etibarnamə verilmiş və həmin mənzili cavabdeh yəni xalası Cavabdeh2 öz adına rəsmiləşdirərək mülkiyyət hüququnu qeydiyyata keçirmişdir. Qeyd olunan mənzilin onun adından çıxarılmasını 2024-cü ildə aralarında olan mübahisədən sonra bilmişdir. Ona görə də hazırki iddia ilə müraciət etmişdir. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verib, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində heç bir məlumatı olmadan Mingəçevir şəhəri Vidadi küçəsi 5 saylı evin 10 saylı mənzili Cavabdeh2 adına sənədləşdirilməsini qeyd etmişdir. 10 sentyabr 2012-ci il tarixli etibarnamədən görünür ki, etibarnamə iş üzrə hazırki İddiaçı tərəfindən X9 verilmişdir. Bütün hüquqlar və o cümlədən əmlaklarla bağlı alğı-satqı bütün əqdlərin bağlanması qeyd edilmişdir. 2012-ci ildə verilmiş etibarnamə əsasında Cavabdeh2 Mingəçevir şəhəri, Vidadi küçəsi 5 saylı evin 10 saylı mənzil alğı-satqı yolu ilə satılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** saylı qeydiyyat nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, mülkiyyət hüquqları xx.xx.2012-ci il qeydiyyat tarixinə əsasən Cavabdeh2 adına qeydə alınmışdır. Həmin vaxtdan da Mingəçevir şəhəri, Vidadi küçəsi 5 saylı evin 10 saylı mənzili mülkiyyətində olmağı ilə bərabər sahibliyində və istifadəsində olmuşdur. İddiaçı bundan xəbəri olmalı idi. xx.xx.2012-ci ildən Mingəçevir şəhəri, Vidadi küçəsi 5 saylı evin 10 saylı mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində və istifadəsində olmuşdur. 13 ildən sonra yenidən alğı-satqı müqaviləsinin etibarsız sayılması mümkün deyildir. Hesab edir ki, iddia tamamilə əsassızdır, rədd edilməlidir. Hüquqi prosedurlar qanuni aparılmışdır. Alğı-satqı etibarnamə əsasında aparılmışdır. Qanuni əsaslarla aparılmışdır. Qanuni əsaslarla Cavabdeh2 mülkiyyətinə verilmişdir. İddia əssasız olduğundan rədd edilməlidir. Digər tərəfdən isə iddia müddətinin keçməsi ilə bağlı iddia müddəti tətbiq edilməlidir. 13 ildən sonra bağışlama müqaviləsi və yaxud da alğı-satqı müqaviləsinin etibarsız sayılması mümkün deyildir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək göstərmişdir ki, İddiaçı onun bacısı oğludur. İddiaçı yanında yaşamış, özü böyütmüşdür. Mingəçevir şəhəri, Vidadi küçəsi 5 saylı evin 10 saylı mənzilini aldıqda Ramilin adına rəsmiləşdirmişdir. 2010-cu ildə qızı ilə İddiaçı arasında nikah bağlanmışdır. Mingəçevir şəhəri, Vidadi küçəsi 5 saylı evin 10 saylı mənzili İddiaçı məlumatı əsasında, məhz onun verdiyi etibarnamə ilə alğı-satqı müqaviləsi bağlayaraq öz adına rəsmiləşdirmişdir. Ramilin bu proseslərin hər birindən xəbəri olmuşdur. Lakin, 2024-cü ildə aralarında olan mübahisədən sonra münasibətləri pozulmuş, cavabdeh qəsdən belə bir iddia qaldırmışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, tərəflər nümayəndələrin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə məlumat vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi iddia tələbinə etiraz ərizəsi təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin əsaslarına görə İddiaçı daşınmaz əmlakın xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi (AN- İ№ 0310690) ləğv edilməli olduğunu qeyd etmişdir. İddiaçı əsas olaraq göstərmişdir ki, həmin alğı-satqı müqaviləsi özünün iradəsi və xəbəri olmadan bağlanmışdır. Hansı ki alqısatqı müqaviləsi bağlanan zaman onun iradəsi olmadan alğı-satqının həyata keçirilməsi onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. İddia ərizəsi əsasında Ərazi İdarəsinin arxiv materialları yoxlanılmış, ilkin hüquqmüəyyənedici sənəd üzrə göstəricilərlə etibarsız hesab edilməsi nəzərdə tutulan sənəddə qeyd edilən göstəricilər arasında uyğunsuzluğun olub-olmaması araşdırılmışdır. Belə ki, sözügedən alğı-satqı müqaviləsi (hansı ki çıxarışın verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici sənəd) Ərazi İdarəsinin arxiv materialları sırasında qorunub saxlanılmaqla üzərində aparılmış bütün prossesual əməliyyatlar qanunvericiliyin tələbləri baxımından mötəbərdir. Alğı-satqı müqaviləsi iddiaçının etibarnamə ilə səlahiyyətli nümayəndəsi tərəfindən onun adından bağlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 öz izahatında bildirdi ki, ünvan 1 ünvanında yaşayır. Həmin binada olan 10 saylı mənzil bacısı Cavabdeh2 məxsusdur. Həmin evi onlar işləyərək öz hesablarına almış və bacısı oğlu İddiaçı adına mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmin vaxt İddiaçı 13 yaşı var idi. Evi onun alması məntiqsiz olmuşdur. Həmin mənzil bacısı Fatmaya məxsus idi. Müəyyən vaxtda mənzil kirayəyə verilmiş, gəliri bacısı Cavabdeh2 götürmüşdür. Ona görə də 2012-ci ildə həmin alğı-satqı vaxtı Ramilin məlumatı ilə onun adına etibarnamə verilmiş və digər hərəkətlər edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 öz izahatında bildirdi ki, İddiaçı onun qardaşıdır. Xalası Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzili özü almışdır. Lakin bəzi səbəblərdən, yəni ev almasını digər şəxslərin bilməsini istəmədiyindən həmin mənzili qardaşı Ramilin adına sənədləşdirmişdir. Qardaşı Ramil xalası Cavabdeh2 qızı ilə 2009-cu ildə evlənmişdir. Evliliklərini 1 il sonra qeydə aldırmışlar. Evləndikdən sonra Ramil ailəsi ilə birlikdə Mingəçevir şəhərində 1 il ata evində onlarla yaşamışdır. Mingəçevir şəhəri, Vidadi küçəsi, ev 5 ünvanında yerləşən 10 saylı mənzil qardaşının olmadığından orada az müddət yaşamışlar. O, qardaşı Ramil ilə işləmək üçün Bakı şəhərinə getmiş 1 il də orada yaşamışlar. Daha sonra Ramil işləmək üçün Ukraynaya getmişdir. Xalası Cavabdeh2 da həmin vaxt Ukraynada yaşamışdır. Həmin mənzil bu müddətlərdə də boş qalmışdır. Onların yaşadığı Ukraynanın Krım bölgəsi Rusiyanın nəzarəti altına keçdiyindən X7 pasportu almışdır. Təxminən 2023-2024-cü ilə qədər orada sakit yaşamışlar. Ramil arvadından boşandıqdan sonra Cavabdeh2 Rusiyada onlara işləməyə imkan verməmişdir. Ramilin maddi vəziyyəti zəiflədiyindən ünvan 2 ünvanında yerləşən mənzili satmaq qərarına gəldiyi vaxt həmin mənzilin Cavabdeh2 mülkiyyətinə keçməsi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 öz izahatında bildirdi ki, Cavabdeh2 həyat yoldaşıdır. X14 yaşamışlar. 1997-ci ildə oradan pul göndərmiş, ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı adına almışlar. 2012-ci ildə isə həmin mənzili qanuni yolla öz adlarına keçirmişlər. İddiaçı onun qızı ilə evləndikdən sonra 2012-ci ildə şərik olaraq Ramili yanına gətirmişdir. Qızı ilə İddiaçı arasında ailə mübahisələri yarandıqdan sonra Ramil məhz bu mənzil məsələni mübahisələndirmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Ramil qardaşı Familin toy mərasimi ilə bağlı ölkəyə gələndə etibarnamə məsələsini öz aralarında həll etmişlər. ünvan 2 ünvanında yerləşən mənzildə bir müddət Ramil və ailəsi yaşamışdır. Qısa bir müddət də həmin mənzili kirayə vermişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlar: xx.xx.2026-cı il tarixdə 3 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 adına olan ünvan 2 ünvanındakı mənzilin xidmət haqqı pulunu həmin günə qədər özü ödəmişdir. xx.xx.2025-ci il tarixdə 4 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Məmmədov X2 şəhəri, H.Əliyev prospekti, ev 68/1, mənzil 41 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli sənəd surətinin təqdim edilməsi barədə məktubundan görünür ki, Mingəçevir şəhəri Vidadi küçəsi 5 nömrəli binanın 10 saylı mənzili İddiaçı adına qeydiyyata alınması və satılmasına aid sənədlərin təsdiq olunmuş surətinin təqdim edilməsi ilə bağlı sorğuya cavab olaraq bildirilmişdir ki, Mingəçevir şəhəri, Vidadi küçəsi 5 nömrəli binanın 10 saylı mənzilinə dair İddiaçı adına xx.xx.1997-ci il tarixli Mingəçevir şəhər 3 saylı DNK-nun 3M- 10-224 nömrəli alqı-satqı müqaviləsinə əsasən Mingəçevir şəhər DTİ və MİHQİ tərəfindən xx.xx.1997-ci il tarixli 1014B nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2012-ci il tarixdə isə Mingəçevir şəhər notariusu X3 təsdiq etdiyi 4Ə/02-1050 nömrəli müqaviləyə əsasən Cavabdeh2 satılmış və alıcının mülkiyyət hüququ xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2025-ci il tarixdə müraciətə cavab məktubundan görünür ki, «Elektron notariat» İnformasiya sistemində İddiaçı barəsində Mingəçevir şəhəri 2 saylı notariat ofisində xx.xx.2012-ci il tarixdə 4Ə-02-1050 reyestr nömrəsi ilə müqavilənin rəsmiləşdirildiyi müəyyən edilmişdir. Mingəçevir şəhəri 2 saylı notariat ofisində 2012-ci ildə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. xx.xx.2025-ci il tarixli **********96 №li mədaxil qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mingəçevir şəhər notariusuna Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, onunla X1 Ramil Xanlar oğluna məxsus olan daşınmaz əmlak mənzilin 8000 manata ona satılması barədə razılığa gəlmişlər. xx.xx.2009-cu il tarixdə verilmiş etibarnamədən görünür ki, İddiaçı onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq,satmaq, bağışlamaq,hədiyyə qəbul etmək, ipoteka qoymaq hüququ ilə hərəkətlər etməyi Cavabdeh2 5 il müddətinə xx.xx.2014-cü ilədək etibar etmişdir. xx.xx.2012-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, İddiaçı onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq,satmaq, bağışlamaq,hədiyyə qəbul etmək, ipoteka qoymaq hüququ ilə hərəkətlər etməyi X9 etibar etmişdir. xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X12 tərəfindən İddiaçı adından ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 33.42 kv.m olan 1 otaqlı mənzili Cavabdeh2 8000 manata satmışdır. xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışdan görünür ki, İddiaçı adına xx.xx.1997-ci il tarixli Mingəçevir RDTİ və MHQİ tərəfindən verilmiş sənədə əsasən ümumi sahəsi 33.42 kv.m olan ünvan 2 ünvanında yerləşən mənzil tam payla mülkiyyət hüququ qeydiyyata alınmışdır. 2012-ci il tarixdə 3 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Mirzəyeva X6 şəhəri, Vidadi küçəsi, ev 5, mənzil 10 ünvanında yerləşən mənzildə yaşayır. Mənzildə İddiaçı yaşamaq hüququ olmaqla qeydiyyatdadır. X12 tərəfindən xx.xx.2012-ci il tarixdə Mingəçevir şəhər notariusuna ünvanlanmış ərizədən görünür ki, nümayəndəsi olduğu İddiaçı subaydır. Özgəninkiləşdirdiyi əmlaka kənar şəxsin hüququ yoxdur. BA seriyalı 057768 №li daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil sığortalı Cavabdeh2 15000 manat sığorta məbləği ilə sığortaçı "xxxx" ASC tərəfində sığorta edilmişdir. AZ-T 066709 №li xx.xx.2024-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2010-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 273 №li nikah qeydi bağlanmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 4/1874 saylı ekspert rəyindən görünür ki, İddiaçı imza nümunələrində həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması səbəbindən ekspertizaya təqdim edilmiş xx.xx.2009-cu il tarixli etibarnamənin kserosurətində imza qrafasındakı “Мəммədoв R” yazısının qarşısında əks olunmuş imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 127 manat məbləğində müəyyən edilmişdir. **********93-05101-093045 reyestr nömrəli ünvan 2 ünvanında 1-ci giriş qapısı 4-cü mərtəbədə yerləşən mənzilin hüquq subyekti Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdə texniki pasportu tərtib edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ******* №li RX seriyalı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 33.42 kv.m olan mənzil **********93-05101-093045 reyestr nömrəsi ilə Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdə ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşin müəyyən olunmuş halları: ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 tərəfindən əvəzi ödənilməklə və 1997-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının xalasıdır. Mənzil alınanda iddiaçının 13 yaşı olmuşdur. İddiaçı cavabdehin qızı ilə 2009-cu ildə ailə qurmuşdur. 2009-cu il tarixdə iddiaçı bütün əmlakını idarə etmə və onun üzərində sərəncam vermə barədə cavabdehə 5 il müddətinə etibarnamə vermişdir. İddiaçı həmin evdə yaşamamışdır. Cavabdeh həmin evə gəlib getmişdir. xx.xx.2012-ci ildə cavabdeh etibarnamə üzrə ona verilmiş səlahiyyətləri qardaşı X9 ötürmüşdür. xx.xx.2012-ci ildə X12 qeyd olunan mənzili iddiaçının adından cavabdehə satmışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzil **********93-05101-093045 reyestr nömrəsi ilə Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlak reyestrində qeydiyyata alınmışdır. İddiaçının cavabdehin qızı ilə nikahına 2024-cü ildə xitam verilmişdir. İddiaçının xalası və keçmiş qaynanası olan cavabdeh ilə münasibətləri pozulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: İşin hallarından göründüyü kimi Mingəçevir şəhəri, Vidadi küçəsi, ev 5, ünvanında yerləşən 10 saylı mənzil Cavabdeh2 gəliri hesabına, 1997-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının xalasıdır. İddiaçı məhkəmə iclasında qeyd olunan mənzilin valideynləri tərəfindən ona alındığını bildirsə də, sonra mənzilin məhz cavabdehin gəliri hesabına alındığını etiraf etmişdir. Məhkəmədə iddiaçı tərəfdən şahid qismində dindirilən iddiaçının qardaşı cavabdehin həmin vaxt bu mənzili iddiaçının adına almaqda məqsədinin əmlak almasını digər şəxslərdən gizlətməsi olduğunu bildirmişdir. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında iddiaçıya etibar etdiyi üçün mənzili məhz iddiaçının adına rəsmiləşdirdiyini bildirmişdir. Mənzil alınanda iddiaçının 13 yaşı olmuşdur. İddiaçı cavabdehin qızı ilə 2009-cu ildə ailə qurmuşdur. Bununla da həmin dövrdə iddiaçının cavabdehlə qohumluq bağları daha da sıxlaşmışdır. İddiaçının qardaşının ifadəsindən göründüyü kimi iddiaçı cavabdehin qızı ilə ailə qursa da qeyd olunan mənzildə köçüb yaşamamışdır. Beləliklə iddiaçı qeyd olunan mənzilin məhz cavabdehin olduğunu qəbul etmiş, ailə başçısı olaraq cavabdehə məxsus mənzildə yaşamağa cəhd etməmişdir. İddiaçı 2009-cu ildə bütün əmlakını idarə etmə və onun üzərində sərəncam vermə barədə cavabdehə 5 il müddətinə etibarnamə vermişdir. Beləliklə iddiaçı mənzil barədə sərəncamverici hərəkətləri icra etməyi mənzilin həqiqi sahibi hesab etdiyi cavabdehə ötürmüşdür. Cavabdeh də faktiki olaraq ona məxsus olan əmlakı öz adına rəsmiləşdirmək üçün xx.xx.2012-ci ildə iddiaçı tərəfindən etibarnamə üzrə ona verilmiş səlahiyyətləri qardaşı X9 ötürmüşdür. xx.xx.2012-ci ildə X12 qeyd olunan mənzili iddiaçının adından cavabdehə satmışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzil **********93-05101-093045 reyestr nömrəsi ilə Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlak reyestrində qeydiyyata alınmışdır. Keçən 13 il müddət ərzində iddiaçı tərəfindən alğı-satqı müqaviləsi mübahisələndirilməmişdir. İddiaçının cavabdehin qızı ilə nikahına 2024-cü ildə xitam verilmişdir. İddiaçının xalası və keçmiş qaynanası olan cavabdeh ilə münasibətləri pozulmuşdur. İddiaçının özünün izahatından və şahid kimi ifadə verən qardaşının ifadəsindən müəyyən olunmuşdur ki, nikaha xitam verildiyi müddətdə tərəflər arasında münasibətlər gərginləşmişdir. Cavabdeh iddiaçının və qardaşının xarici ölkədəki sahibkarlıq fəaliyyətinə maneələr yaratmış, sonuncuların işlərinin pozulmasına səbəb olmuşdur. Beləliklə iddiaçı aralarında yaranmış mübahisələrdən sonra 2024-cü ildə qeyd edilən mənzilin cavabdehin mülkiyyətinə keçməsini bildiyini, etibarnamənin onun tərəfindən imzalanmadığına istinad etməklə daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsini tələb etməkdə məqsədi cavabdehdən əvəz çıxaraq əlindən çıxmış imkanların qaytarılmasına nail olmaq olmuşdur. İddiaçının ailə münasibətlərinə son qoyulduqdan, həqiqi iradə ifadəsini nümayiş etdirməsindən 15 il müddət keçdikdən sonra həmin mənzillə bağlı cavabdehə qarşı əqdin etibarsızlığını irəli sürməsi vicdanlılıq prinsipinə zidd olduğundan iddiaçının iddiası təmin edilə bilməz. Cavabdehin iddiaya etiraz edərək iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı MM-in 337.3-cü maddəsinə əsasən hər hansı şərtdən, o cümlədən müddətin keçməsindən asılı deyil və əqd bağlandığı andan özü-özlüyündə etibarsızdır. Dolayısı ilə də, belə əqd bağlandığı andan avtomatik etibarsız olduğundan, onun etibarszılığı ilə bağlı məhkəməyə müraciət etməyə də ehtiyac yoxdur, belə müraciətlər adətən mübahisə halında əqdin etibarsızlığının məhkəmə qaydasında təsdiq olunması ilə bağlı olur. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət isə iddia müddəti olmaqla əvəz edilən əşyaların verilməsi halında əqdin etibarsızlığı nəticələrinin tətbiqinə şamil olunan müddətdir. Göstərilənlər ümumiləşdirilərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. İddia tələbi rədd edildiyinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 manat məbləğində pul İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ:

İddiaçı Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinə qarşı 18 sentyabr 2012-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddiaçı ekspertiza xərci olan 127 (bir yüz iyirmi yeddi) manat alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar