Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1176/2022 06.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi: Qəhrəmanova (İbrahimova) Roza Cahangir qızının nümayəndəsi X1 Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi Qəhrəmanova (İbrahimova) Roza Cahangir qızının Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Qəhrəmanova (İbrahimova) Roza Cahangir qızı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 11.10.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi və 25 mart 2011-ci il təvəllüdlü Nərgiz adlı uşağın saxlanması üçün hər ay yetkinlik yaşına çatana kimi 175 manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X2 məhkəmə iclası zamanı ərizəni müdafiə etdi, əsasən ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizəçi 2010-cu ildə tarixdə Maraqlı şəxs ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından 25 mart 2011-ci il təvəllüdlü Nərgiz adlı uşaqları olmuşdur. Aralarında olan narazılıq səbəbindən rəsmi olaraq ayrılmışlar. Alimentin ödənilməsi ilə bağlı mediatorun iştirakı ilə 11.10.2021-ci il tarixdə aralarında barışıq sazişi bağlanmış və Maraqlı şəxs 25.03.2011-ci il tarixdə doğulmuş Nərgiz adlı uşağın yetkinlik yaşın çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin alınması ilə bağlı razılıq əldə edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini pozmuş və aliment öhdəliyini lazımı qaydada icra etməmişdir. Belə ki, maraqlı şəxs alimenti vaxtı-vaxtında ödəmir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Maraqlı şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, ərizəçi ilə aralarında olan nikahları 11 oktyabr 2021-ci ildə pozulmuşdur. Birgə nikahlarından 25 mart 2011-ci il təvəllüdlü Nərgiz adlı uşaqları olmuşdur. Mediasiya prosesində iştirak etmişlər və barışıq sazişi bağlayaraq sivil qaydada bir sıra razılaşmalar əldə etmişlər. Belə ki, 11.10.2021-ci il tarixli barışıq sazişində nikahın pozulmasına razılıq, aliment məsələsi və uşaqla görüş məsələsi öz həllini tapmışdır. Lakin sonra ərizəçi ona zəng edib ailə qurduğunu, Sumqayıtda yaşadığını və artıq uşaqları Nərgizin onu görmək istəmədiyini bildirmişdir. Bundan əlavə qaynatası Cahangir Qəhrəmanov birgə yaşadıqları vaxt onlara aid olan evlərini satmış, öz həyətində ünvan 1 ünvanında qeyri-qanuni, onların razılığı olmadan ev tikmişdir. Hal-hazırda həmin evi kirayə vermişdir. Həmçinin o, ünvan 2 ünvanlı yataqxanadakı bir otaqlı mənzilini qızı və keçmiş həyat yoldaşının adına keçirmişdir. Ərizəçi barışıq sazişinin onun üçün daha çox önəm kəsb edən uşağı ilə görüş məsələsinin təşkilinə düzgün qaydada əməl etmir. Belə ki, ərizəçi əsassız olaraq maneələr törədərək onu uşaqla görüşdürmür və həmin sazişin 2.1.3-cü tələbini (“ikinci tərəf” uşağı ilə istənilən vaxt və istədiyi qaydada görüşə bilər) kobudcasına pozur. Bununla belə barışıq sazişinin digər şərtlərinin də ərizəçinin diqqətinə çatdırılmaqla təsdiq edilməsinə etiraz etmir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə Qəhrəmanova (İbrahimova) Roza Cahangir qızının birgə nikahından 25.03.2011-ci il tarixdə Nərgiz adlı uşaqları doğulmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Qəhrəmanova (İbrahimova) Roza Cahangir qızı arasında bağlanmış rəsmi nikah 28.12.2021-ci il tarixli qətnaməyə əsasən pozulmuşdur. İşdə olan 11.10.2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, 25.03.2011-ci il tarixdə doğulmuş Nərgiz adlı uşağın saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin ödənilməsi, həmçinin Maraqlı şəxs uşaqla gürüşünün Qəhrəmanova (İbrahimova) Roza Cahangir qızı tərəfindən təmin edilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmişlər. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs 2010-cu il ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və onların birgə nikahlarından 25.03.2011-ci il tarixdə Nərgiz adlı uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Nərgiz adlı uşağın saxlanması üçün Maraqlı şəxs hər ay 175 manat sabit pul məbləğində alimentin alınaraq ərizəçiyə verilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində 11.10.2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi məcburi icrası üçün mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Qəhrəmanova (İbrahimova) Roza Cahangir qızı arasında 11.10.2021-ci il tarixdə bağlanmış, Maraqlı şəxs Ələgər oğlundan 25.03.2011-ci il təvəllüdlü Nərgiz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin alınaraq ərizəçiyə ödənilməsinə, həmçinin Maraqlı şəxs uşaqla gürüşünün Qəhrəmanova (İbrahimova) Roza Cahangir qızı tərəfindən təmin edilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Qəhrəmanova (İbrahimova) Roza Cahangir qızı arasında mediasiya prosesi nəticəsində 11.10.2021-ci il tarixdə bağlanmış, Maraqlı şəxs 25.03.2011-ci il təvəllüdlü Nərgiz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentın alınaraq Qəhrəmanova (İbrahimova) Roza Cahangir qızına ödənilməsinə, həmçinin Maraqlı şəxs uşaqla gürüşünün Qəhrəmanova (İbrahimova) Roza Cahangir qızı tərəfindən təmin edilməsinə dair barışıq sazişi təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1176/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1176/2022
06.05.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver