Məhkəmə qərarları › İş №2(051)-1320/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1320/2021

03.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1320/2021 03.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Cavabdeh (Qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh2 iştirakı ilə, İddiaçı (Qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər (Qarşılıqlı iddia üzrə iddiaçı) Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi və Cavabdeh2 qarşı «Müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (Qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ona cavabdeh X6 tərəfindən 15000 manat pulun verilməsi ilə bağlı cavabdeh Şəki Regional “Asan” Ximdət Mərkəzinin Notariat Ofisi tərəfindən 07 avqust 2020-ci il tarixdə təsdiq edilərək həmin kontorda 3M-440 reyestr nömrəsi ilə qeydiyyata alınmış 07 avqust 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Quliyev Nüsrəddin oğlunun iddiasının rədd olunmasını və 15000 (on beş min) manat və əlavə gəlir kimi 5000 (beş min) manat məbləğində pulun alınaraq ona verilməsini (qaytarılmasını) müəyyən edən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (Qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisində guya onunla cavabdeh X6 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi cavabdeh Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən 07 avqust 2020-ci il tarixli, 3M-440 reyestr nömrəsi ilə qeydiyyatda alınaraq təsdiq edilmişdir. Həmin kredit müqaviləsinə əsasən ona guya 15000 manat məbləğində kredit verilmişdir. Halbuki, ona həmin məbləğ verilməmişdir. Ona görə də məhkəmədən ona cavabdeh X6 tərəfindən 15000 manat pulun verilməsi ilə bağlı cavabdeh Şəki Regional “Asan” Ximdət Mərkəzinin Notariat Ofisi tərəfindən 07 avqust 2020-ci il tarixdə təsdiq edilərək həmin kontorda 3M-440 reyestr nömrəsi ilə qeydiyyata alınmış 07 avqust 2020ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (Qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 məhkəmə iclası zamanı qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X3 ona qarşı müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. X2 iddiası əsassız və qanunsuzdur. Şəki şəhəri Aydınbulaq kəndində yaşayan X5 ona 20000 (iyirmi min) manat məbləğində pul borcludur. Cavabdeh Şəki şəhəri Aydınbulaq kəndində yaşayır. Onunla qohumluq əlaqələri vardır. Cavabdeh 07.08.2020-ci il tarixdə ona müariət edərək yaşadığı kənddə kənd təsərrüfatı ilə məşğul olduğunu və əkdiyi buğda sahəsinin genişləndirilməyi və həmin sahələri gübrə və başqa dərman vasitələri ilə təmin etmək və başqa şəxslər tərəfindən satlıq olan əkilmiş yaşıl buğda sahələrini almağı və daha sonra yetişdirilib biçib satmaq məqsədilə ona 15000 manat məbləğində pul vəsaitinin lazım olduğunu və pul vəsaitini ona verdiyi təqdirdə buğda biçini başa çatan kimi əlavə 5000 manat ona pul verəcəyini ona təklif etdi. Bundan sonra Şəki Regional Cavabdeh1ndə Notariat Ofisinin xüsusi notariusunda cavabdehlə 15000 manat məbləğində borc verərək aralarında kredit müqaviləsi bağlanılmışdır. Müqavilədə cavabdeh həmin borcu 22.09.2020-ci il tarixinədək ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh ondan borc kimi aldığı pul vəsaiti ilə əkin sahələrini genişləndirərək 90 hektara çatdırmış və bundan yüksək gəlir əldə etmişdir. Cavabdeh aralarında bağlanılan kredit müqaviləsinin vaxtı bitsədə sövdələşməyə əməl etməmiş və ondan aldığı həmin məbləğin qaytarılmasından yayınmışdır. Cavabdehdən borcunun qaytarılmasını tələb etmək məqsədilə onun yaşadığı Şəki şəhəri Aydınbulaq kəndində olan evinə gedərək borcunu tələb etsə də, o buğda əkinindən əldə etdiyi pulları başqa borclarına ödədiyi üçün ona olan borcunu qaytara bilməyəcəyini və borcunu qaytarmaq üçün buğda biçən (konbayn) adlı texnikasını tez bir müddət ərzində satıb onun borcunu tam şəkildə qayataracağına söz verdi. O isə qohumluq münasibətləri pozulmasın deyə ona inanaraq qeyri-rəsmi şəkildə müəyyən müddət vaxt vermişdir. Lakin cavabdeh həmin texnikanı satsa da, ona olan borcunu qaytarmamışdır. Nəzərə çatdırır ki, xeyli müddət keçməsinə baxmayaraq onun dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymamış və borc məbləğini qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh yazılı müqavilə formasında aralarındakı sövdələşməyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır və bu səbəbdən də yaranmış mübahisənin yalnız məhkəmə qaydasında həll oluna biləcəyini nəzərə alaraq o məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ona görə də məhkəmədən Quliyev Nüsrəddin oğlunun iddiasının rədd olunmasını və 15000 (on beş min) manat və əlavə gəlir kimi 5000 (beş min) manat məbləğində pulun alınaraq ona verilməsini (qaytarılmasını) müəyyən edən qətnamə çıxarılmasını xahiş edir. İddiaçı İddiaçı və cavabdeh Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə cavabdeh Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinin 06.08.2021-ci il tarixli 2811 №-li məktubundan görünür ki, notariat ofisində gündəlik iş yükünün çoxluğunu nəzərə alaraq 11.08.2021-ci il tarixdə, saat 10:45-ə təyin edilmiş 2(051)-1320/2021 saylı mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edir. Bununla belə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, icraatda olan 2(051)-1320/2021 saylıMülki iş üzrə verilmiş Qarşılıqlı iddia ərizəsi geri qayatarılmalıdır. Belə ki, Şəki Rayon Məhkəməsinin icraatında Cavabdeh2 pul tələbinə dair iddiası üzrə artıq məhkəmə araşdırması aparılmışdır. Yəni Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-1089/2021 saylı Mülki iş baxılmamış saxlanmasına Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-1320/2021 saylı Mülki iş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməz. İşə əlavə olunmuş Şəki Rayon Məhkəməsinin 2(075)-1089/2021 saylı qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası yanında vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə X9 Regional Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(051)- 1320/2021 saylı mülki işə baxılaraq qəbul edilmiş yekun qərar qanuni qüvvəsini alanadək hazırkı 2(075)-1089/2021 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə iddiaçının teleqramda bildirdiyi Şəki Rayon Məhkəməsinin 2(075)-1089/2021 saylı qərardadını nəzərdən keçirib belə qənaətə gəlir ki, Şəki Rayon Məhkəməsi tərəfindən 2(075)- 1089/2021 saylı iş üzrə hazırkı 2(051)-1320/2021 saylı işin yekun qərarı qanuni qüvvəsini alanadək icraatı dayandırıldığından qarşılıqlı iddia ərizəsi icraata götürülə bilər. İşə əlavə olunmuş 7 avqust 2020-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı 15000 manat məbləğində pul borc verir. İddiaçı krediti 22.09.2020-ci il tarixinədək qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, ilkin iddia əsassızdır. Qarşılıqlı iddia isə qismən əsaslıdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, Quluyev X4 Adil Həsən oğlundan 22.09.2020-ci il tarixinədək qaytarmaq şərti ilə 15000 manat məbləğində borc pul götürmüşdür. Tərəflər arasında bu barədə notarial qaydada müqavilə bağlanmışdır. Müqavilə öhdəlikləri tam aydın göstərilmişdir. Tərəflər müqavilə öhdəliklərini notariusun iştirakı ilə imzalamış və bütün öhdəlikləri qarşılıqlı olaraq qəbul etmişlər. İddiaçı müqavilədə göstərilən məbləği almadığını bildirsə də, müqaviləyə imza atması ilə o bu halı təsdiq etmişdir. Bununla bərabər onun iddia etdiyi bu hal müqavilənin etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, kreditt müqaviləsindən də aydın görünür ki, iddiaçı kredit müqaviləsində “oxudum razıyam” sözlərini yazmışdır. Bundan əlavə iddiaçı fəaliyyət qabiliyyətlidir və mülki hüquq və vəzifələrini öz adından tam icra edir. Tərəflər arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün heç bir əsas müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış ilkin iddia üzrə hüquq münasibətləri əqdin etibarsız hesab edilməsi ilə bağlı yaranan mülki mübahisədir. Qarşılıqlı iddia üzrə isə müqavilə üzrə borcun qaytarılmasına dair mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324-cü maddəsinin tələbinə görə: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Mülki Məcəllənin 329.1-ci maddəsinin tələbinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.1-ci maddəsinin tələbinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə işin faktiki hallarını, işə əlavə olunmuş kredit müqaviləsini və digər iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, iddiaçının tələbi tam əsassızdır. Belə ki, müqavilənin etibarsız sayılması üçün heç bir əsas müəyyən olunmamışdır. Əksinə iş materiallarında olan sənədlərdən və notariat kontoru tərəfindən göndərilən sənədlərdən də göründüyü kimi müqavilə tam əsaslıdır və tərəflərin iradə ifadəsi kimi müqavilə bütün tərəflər tərəfindən imzalanmışdır. Bundan əlavə iddiaçı öz tələbinə əsaslandıran lazımi sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qarşılıqlı iddia üzrə iddiaçını izahatını dinləyib, kredit müqaviləsini əhatəli şəkildə nəzərdən keçirib hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçıkredit müqaviləsi üzrə borcunu və əlavə gəlir nəzərdə tutulmuş məbləği tələb etmək də haqlıdır. Belə ki, işə əlavə olunmuş kredit müqaviləsindən də görünür ki, Quluyev X4 Adil Həsən oğlundan götürdüyü 15000 manat məbləğində borcu 22.09.2020-ci il tarixədək qayataracağını öhdəsinə götürsə də, öhdəliyinə əməl etməmiş və bununla da Cavabdeh2 maddi ziyan vurmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh2 15000 manat məbləğində pulu İddiaçı verməyib həmin müddət ərzində başqa hər hansı bir yerə yatırım etsəydi oradan müəyyən məbləğdə qazanc əldə edə bilərdi. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının əlavə gəlir kimi müəyyən etdiyi 5000 manat məbləğində pulu ədalətli və düzgün hesab edir. Belə ki, Azərbaycan Republikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı qeyd olunan əqdin etibarsız olması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı (Qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər (Qarşılıqlı iddia üzrə iddiaçı) Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi və Cavabdeh2 qarşı «Müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməli, Qarşılıqlı iddia təmin edilməli və X1 15000 manat və əlavə gəlir kimi 5000 manat məbləğində pul alınaraq Cavabdeh2 verilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddiaçı (Qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər (Qarşılıqlı iddia üzrə iddiaçı) Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi və Cavabdeh2 qarşı «Müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. X1 15000 (on beş min) manat və əlavə gəlir kimi 5000 (beş min) manat məbləğində pul alınaraq Cavabdeh2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar