Məhkəmə qərarları › İş №2(051)-1334/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1334/2021

25.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1334/2021 25.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 23.06.2010-cu il təvəllüdlü Rauf adlı övladı ilə birlikdə 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə Mingəçevir şəhəri, Sabir küçəsi 3 saylı evin, 42-ci mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 23.06.2010-cu il təvəllüdlü Rauf adlı övladı ilə birlikdə 15000 (on beş min) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə Mingəçevir şəhəri, Sabir küçəsi 3 saylı evin, 42-ci mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, O, Mingəçevir şəhəri Sabir küçəsi 3 saylı evin 42-ci mənzilinin mülkiyyətçisidir. Həmin mənzil 07.11.2014-cü il tarixdən onun mülkiyyətindədir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-759/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və 23.06.2019-cu il təvəllüdlü Rauf adlı övladı ilə birlikdə onun mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüququ tanınmış və həmin mənzildə köçüb yaşaması qət olunmuşdur. Lakin cavabdeh mübahisəli mənzilə köçüb yaşamasına etiraz edir. Belə ki, cavabdeh oğlu Şahin Mustafayevlə aralarında bağlanmış nikah pozulduğundan o artıq onun ailə üzvü deyil və onun həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, mənzil kommunal xidmətlər haqqını ödəməmişlər, həmin haqları ödəmək yalnız onun üzərinə düşmüşdür. Bu baxımdan, cavabdehlərin formal cəhətdən mənzilinin qeydiyyatında qalması onun mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozur. Cavabdehin həmin mənzildə qeydiyyatda olduqları üçün mənzildən istədiyi qaydada istifadə etmək hüquqlarını məhdudlaşdırır. Cavabdehin onun və ailə üzvləriylə birgə yaşamasını istəmir. Buna görə də bir mülkiyyətçi kimi hüquqlarından istifadə edərək, mənzili satıb cavabdehə 7000 manat məbləğində kompensasiya təklif edir və belə hesab edir ki, bu məbləğ cavabdehə və bir övladı ilə birlikdə istifadə etdikləri yaşayış sahəsinə oxşar yaşayış sahəsində onlara davamlı və uzun müddət yaşamaq imkanı verəcəkdir. Ona göərədə məhkəmədən Cavabdeh 23.06.2010-cu il təvəllüdlü Rauf adlı övladı ilə birlikdə 15000 (on beş min) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə Mingəçevir şəhəri, Sabir küçəsi 3 saylı evin, 42-ci mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 15000 (on beş min) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə Mingəçevir şəhəri, Sabir küçəsi 3 saylı evin, 42-ci mənzilindən onun istifadə hüququna xitam verilməsinə razıdır. İşə əlavə olunmuş DƏDRX-ın RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 15 saylı evin 42 saylı mənzili İddiaçı xüsusi və tam mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-759/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağı ilə birlikdə Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 №-li evin, 42 №-li mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi qət edilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-in 10 iyun 2021-ci il tarixli, 108 saylı rəyindən görürünür ki, Mingəçevir şəhərindən yerindən asılı olmayaraq yaşayışa uyğun səviyyədə boş vəziyyətdə 1 (bir) otaqlı Leninqrad layihəli mənzillərin kirayə qiyməti 100 manat dəyərindədir. İşə əlavə olunmuş "xxxx" MMC-in bina evinin (mənzilin) bazar dəyərinin müəyyən edilməsi barədə rəyindən görünür ki, mülkiyyətçi İddiaçı məxsus Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi ev 3, mənzil 42 saylı evdə yerləşən, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 3 otaqlı bina yaşayış evi iyun 2021-ci il tarixə olan bazar satış qiyməti 60.000 (altmış min) manat dəyərində qiymətləndirilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsinə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir Belə ki, Cavabdeh məhkəmə qətnaməsi əsasında mübahisəli evdən istifadə hüququ vardır. Bu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən iddiaçının Cavabdeh kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etmək hüququ vardır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Sadalanan hallara əsasən araşdırma aparılarkən məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh mülkiyyətçinin keçmiş gəlinidir. Lakin aralarında olan münasibətlər münaqişəlidir və bir-birinə qarşı barışmaz mövqedədirlər. Cavabdehin mənzildə yaşamaqda davam etməsi mülkiyyətçinin mülkiyyətindən dinc istifadəsinə əngəl törədəcəkdir. Yuxarıda qeyd olunan xüsusatlar baxımından məhkəmə hesab edir ki, mülkiyyətçinin mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 15000 manat məbləğdə kompensasiya onun davamlı surətdə və müəyyən müddət daxilində, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı verir və cavabdehin evdən istifadə hüququnun itirilməsi üçün yetərlidir. Həmçinin iddia tələbi mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin müddəaları baxımından əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddədə sərəncam hüququnun mahiyyəti açıqlanaraq göstərilir ki, sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Odur ki, məhkəmə bu normaların tələbindən çıxış edərək, həmçinin cavabdehin etirafını qəbul edərək və həmin etiraf digər üçüncü şəxslərin hüquqlarını pozmadığı belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 23.06.2010-cu il təvəllüdlü Rauf adlı övladı ilə birlikdə 15000 (on beş min) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə Mingəçevir şəhəri, Sabir küçəsi 3 saylı evin, 42-ci mənzilindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 23.06.2010-cu il təvəllüdlü Rauf adlı övladı ilə birlikdə 15000 (on beş min) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə Mingəçevir şəhəri, Sabir küçəsi 3 saylı evin, 42-ci mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar