Məhkəmə qərarları › İş №2(051)-1452/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1452/2022

28.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1452/2022 28.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun **********00920 saylı abonent koduna əsassız olaraq hesablanaraq daxil olunmuş 518.40 manat məbləğində borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Mingəçevir şəhəri, Muğan küçəsi, ev 92-ə, İddiaçı adına quraşdırılmış **********0 №li qaz sayğacına Mingəçevir qaz idarəsinin əməkdaşları tərəfindən baxış keçirilərək, sayğacın guya işləmədiyi bildirilmiş və sayğac sökülərək yoxlamaya göndərilmişdir. xx.xx.2022-ci il tarixdə isə təmsil etdiyi şəxsə 518.40 manat cərimə yazılmışdır. Hesab edir ki, Mingəçevir şəhəri, Muğan küçəsi, ev 92-ə, İddiaçı adına quraşdırılmış **********8 №li qaz sayğacına hesablanmış 518.40 manat məbləğində borc qanunsuz və əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə cavabdeh hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, **********0 nömrəli qaz sayğacı ********** nömrəli qaz sayğacı ilə əvəz edilmiş və həmin qaz sayğacı üzərinə 11622877 nömrəli plomb vurulmuşdur. İşdə olan təbii X3nın pozulması haqqında ******* saylı aktdan görünür ki, xx.xx.2022ci il tarixli 29/1710-00800-1 saylı akta əsasən İddiaçı evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın plastmas şüşəsi, zavod plastmas plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4320 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyan hesablanmışdır. İşdə olan Abonentin Saldosundan görünür ki, Mingəçevir şəhəri, Muğan küçəsi, ev 92-ə, İddiaçı adına quraşdırılmış **********8 №li qaz sayğacına 518.40 manat qalıq borc hesablanmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən **********0 nömrəli qaz sayğacı ********** nömrəli qaz sayğacı ilə əvəz edilmiş və həmin qaz sayğacı üzərinə 11622877 nömrəli plomb vurulmuşdur. xx.xx.2022-ci il tarixli 29/1710-00800-1 saylı akta əsasən İddiaçı evinə quraşdırılmış sayğaca baxış keçirilmişdir. Həmin baxış zamanı sayğacın plastmas şüşəsi, zavod plastmas plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamışdır. Həmin pozuntu aktı əsasında cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya 4320 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyan hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən iddia tələbinə qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia əsaslıdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, Muğan küçəsi, ev 92-də, iddiaçının yaşadığı evə təbii qazın istehlak miqdarını ölçmək üçün ictimai yolda quraşdırılmış sayğac yenisi ilə əvəz olunması üçün sökülüb götürülmüş, yenisi ilə əvəz olunmuş və bununla bağlı xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Lakin iddiaçının iştirakı təmin edilməmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamə ilə itirilmiş qaz 4320 m3 hesablanmış, nəticədə iddiaçıya 518.40 manat borc yazılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”-nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələbləri olmuşdur. Lakin mənzil sahibinin (abonentin) hərəkət və ya hərəkətsizliyinin nədən ibarət olması məlum deyil. Belə ki, sayğaca məhz abonent tərəfindən müdaxilə olunması və yaxud yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış qaz sayğacının və plombun toxunulmazlığının təmin edilməsi vəzifəsinin abonentə aid olması barədə onunla bağlı müqavilə bağlanması müəyyən edilmədi. Həmçinin, faktiki olaraq ictimai yolda quraşdırılmış qaz sayğacına iddiaçının nəzarət etməsi mümkün sayıla bilməz. Belə olan halda iddiaçının mübahisəli sayğaca müdaxilə etməsi də inandırıcı görünmür. Həmçinin, iddiaçı tərəf isə həmin müdaxilə faktını etiraf etməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehə ziyan iddiaçının təqsirli hərəkəti nəticəsində dəyməmişdir. Eləcə də, cavabdehə dəymiş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqə olduğu müəyyən edilməmişdir. Ona baxmayaraq, cavabdeh təşkilat formal şəkildə tərtib edilmiş pozuntu aktına istinad edərək, həmin hüquq pozuntusunun iddiaçı tərəfindən törədilməsi haqqında qərar qəbul etmişdir. Halbuki, cavabdehə dəymiş ziyanın iddiaçı tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. Bununla da cavabdeh təşkilat öz üstün mövqeyinə əsaslanaraq hüquqdan sui–istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1–ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2–ci maddəsinə əsasən hüquqdan sui–istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh təşkilat qaz paylayıcısı kimi iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətə ödənişsiz qaydada dövlət yoxlamasından keçirmək vəzifəsi daşımasına baxmayaraq, onu etməmişdir. Halbuki, cavabdeh təşkilat qaz paylayıcısı kimi istehlakçının, yəni iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3–cü maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi hüquqdan sui–istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11–ci maddəsinin 6– cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqısı, müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13–cü maddəsinin 9–cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 6–cı maddəsinin 2–ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın 6.7–ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5–ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7–ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarında qazın alqı–satqısı və digər şərtləri yalnız qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməli, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi, həmçinin işlək vəziyyətdə saxlanması isə qaz paylayıcısının hesabına təmin edilməli olduğu, eləcə də qaz qurğusu sahibinə dəymiş ziyana görə yalnız qaz qurğularına bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxsin məsuliyyət daşıdığı imperativ şəkildə göstərilmişdir. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına əsasən hesab edir ki, iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün ictimai yolda sayğac quraşdırılmış, qaz paylayıcısı olan cavabdeh tərəfindən yoxlamadan keçirilməmişdir. Qaz paylayıcısı iddiaçıya xidmət edən qaz sayğacının istismar müddəti bitdiyi üçün sayğaca baxış keçirmiş və onu yenisi ilə əvəz etmişdir. Bundan sonra G–4 markalı **********0 nömrəli sayğacın plastmas şüşəsinin, zavod plastmas plombunun, hesablayıcı mexanizminin və zavod nömrəsi olan lövhənin gövdənin üzərində aşkar olunmadığı göstərilmişdir. Lakin cavabdeh təşkilatın mütəxəssisləri həmin müdaxilənin kimin tərəfindən və hansı şəraitdə törədildiyi barədə heç bir zəruri araşdırma aparmadan, həmçinin heç bir sübuta əsaslanmadan formal şəkildə dəymiş ziyana görə iddiaçının təqsirli olması qənaətinə gəlmişdir. İddiaçı isə həmin müdaxilə faktını etiraf etməmişdir. Belə olan halda cavabdeh təşkilat ilk növbədə qaz qurğularına bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində ziyan vuran şəxsin məhz iddiaçı olmasını, həmin ziyanının məhz iddiaçının hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyinin və onun hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqənin olmasını əsaslı şübhələrdən kənar sübutlarla təsdiq etməli olduğu halda etməmiş, yalnız həmin sayğacın iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılması faktına istinad edərək, dəymiş ziyana görə iddiaçını təqsirli hesab etmişdir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün tətbiq edilməli olan mülki hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında mülki məsuliyyət daşıması üçün bilavasitə onun hərəkətlərində mülki hüquq pozuntusu törətməsi halı məcmu halında mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəf G–4 markalı **********0 nömrəli sayğacın üzərində olan plastmas şüşəyə, plomba, hesablayıcı mexanizmə və zavod nömrəsi olan lövhəyə hər hansı bir kənar müdaxilənin olduğunu aşkar etməmiş, həmçinin iddiaçının hərəkətlərində cavabdeh təşkilata zərər vurulmasına səbəb olan hüquqa zidd hallar müəyyən etməmişdir. Bu da onu deməyə əsas verir ki, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi işdə olan sənədlərlə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna iddiaçının aidiyyəti olmadığından, cavabdeh hüquqi şəxsin subyektiv hüququ iddiaçı tərəfindən pozulmadığından, cavabdeh hüquqi şəxs tərəfindən tərtib edilmiş X3nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı qərar əsassız olduğu üçün ləğv edilməli və həmin qərar əsasında iddiaçının abonent koduna qanunsuz hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM–in 77.1–ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı barəsində tərtib edilmiş X3nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı qərar ləğv edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00920 saylı abonent koduna hesablanaraq daxil edilmiş 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar