Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1538/2021 20.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı vəkili - Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X1, Cavabdeh: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin direktoru X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı «Bağlanmış müqavilə ilə öhdəliyin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına» dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-yə qarşı bağlanmış müqavilə ilə “Öhədliyin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işin mahiyyəti üzrə baxılması və Cavabdeh ASC-in üzərinə müqavilə ilə götürdüyü öhdəliyin yerinə yetirilməsi vəzifəsinin qoyulması, yəni cavabdehin klub, yeməkxana və 30 (otuz) sot torpaq sahəsini onun adına keçirməsi, yaxud ona ödədiyi 132000 (bir yüz otuz iki min) ABŞ dolları məbləğində pulun geri qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, O 17 sentyabr 2013-cü il tarixdə Cavabdeh ASC ilə müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə o Cavabdeh ASC-yə 132000 (bir yüz otuz iki min) ABŞ dolları məbləğində pul ödəməli, Cavabdeh ASC isə mülkiyyətində olan qəzalı vəziyyətdə olan klub, yeməkxana və 30 sot torpaq sahəsini girovdan çıxarıb onun adına keçirməsini öz öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən məbləği, yəni 132000 (bir yüz otuz iki min) ABŞ dolları məbləğində pulu o Cavabdeh ASC-in kassasına ödəmişdir. Həmin vəsaiti Cavabdeh ASC-yə ödəməyini ASC-in 09/27 nömrəli 25 fevral 2020-ci il tarixli məktubu ilə ASC-in direktoru etiraf etmişdir. Lakin bu günə qədər cavabdeh müqavilədə qeyd olunan klub, yeməkxana və 30 sot torpaq sahəsini onun adına rəsmiləşdirməmişdir, bununla da onun hüquqlarını pozmuşdur. Cavabdeh inzibati orqan deyil. Cavabdeh hüquqi şəxs olmaqla səhmdar cəmiyyətdir. Ona görə də bu mübahisə şəhər (rayon) Məhkəməsində baxılmalıdır. O, Cavabdeh ASC-dən üzərinə müqavilə ilə götürdüyü öhdəliyin yerinə yetirilməsi tələbi ilə 2020-ci ilin aprel ayında Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Cavabdeh ASC-in nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cəmiyyətin rəhbəri onunla əlaqə saxlayaraq ərizənin məhkəmədən götürülməsini və ona müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün bir neçə ay vaxt verilməsini xahiş etmişdir. O onunla razılaşıb cavabdehə 6 ay vaxt vermiş və məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin baxılmamış saxlanmasını xahiş etmişdir. Ona görə də məhkəmədən Cavabdeh ASC-yə qarşı bağlanmış müqavilə ilə “Öhədliyin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işin mahiyyəti üzrə baxılması və Cavabdeh ASC-in üzərinə müqavilə ilə götürdüyü öhdəliyin yerinə yetirilməsi vəzifəsinin qoyulması, yəni cavabdehin klub, yeməkxana və 30 (otuz) sot torpaq sahəsini onun adına keçirməsi, yaxud ona ödədiyi 132000 (bir yüz otuz iki min) ABŞ dolları məbləğində pulun geri qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili X3 məhkəmə iclası zamanı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin direktoru X5 iddianı etiraf edərək izahatında göstərmişdir ki, o, yəni Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin direktoru X5 ilə İddiaçı arasında müqavilə bağlanıb. Həmin müqavilədə göstərilən məbləğ 132000 ABŞ dollardır. İndi iddiaçı onları məhkəməyə vermişdir və onların nəzərinə çatdırır ki, o pul onlar tərəfdən alınıbdır. Lakin həmin əmlaklar hal-hazırda bankda girovda olduğuna görə klub, yeməkxana və 30 (otuz) sot torpaq sahəsini onun adına keçirə bilmirlər. iddianı etiraf edərək qəbul edirlər. İşə əlavə olunmuş 17 sentyabr 2013-cü il tarixli müqavilədən görünür ki, pul verən pul alanın mülkiyyətinə əməli idarəçiliyinə - 132 000 (bir yüz otuz iki min) ABŞ dolları məbləğində pul verdi. Pul alan Hüseynov Ağabək Babək oğlu pul məbləğinin əvəzində Mingəçevir şəhəri Cavabdeh ASC-in mülkiyyətindəki qəzalı vəziyyətdə olan klub və yeməkxana və 30 (otuz) sot torpaq girovdan çıxardıb İddiaçı adına keçirir. İşə əlavə olunmuş Cavabdeh ASC-in 25 fevral 2020-ci il tarixli 09/27 saylı cavab məktubundan görünür ki, İddiaçı Cavabdeh ASC-in mülkiyyətində olan klub, yeməkxana və 30 sot torpaq sahəsini almaq məqsədilə ASC-yə 132000 (bir yüz otuz iki min) ABŞ dolları məbləğində vəsait vermişlər. Lakin hal-hazırda maliyyə imkanları olmadığı üçün vəsaitləri geri qaytarmaq mümkün olmamışdır. Cavabdeh ASC-in mülkiyyətində olan klub, yeməkxana və 30 sot torpaq sahəsi girovda olduğu üçün hal-hazırda adına rəsmiləşdirmək mümkün deyildir. İşə əlavə olunmuş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin direktoru X5 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə göstərilmişdir ki, o, yəni Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin direktoru X5 ilə İddiaçı arasında müqavilə bağlanıb. Həmin müqavilədə göstərilən məbləğ 132000 ABŞ dollardır. İndi iddiaçı onları məhkəməyə vermişdir və onların nəzərinə çatdırır ki, o pul onlar tərəfdən alınıbdır. Lakin həmin əmlaklar hal-hazırda bankda girovda olduğuna görə bunu təmin edə bilmirlər. iddianı etiraf edərək qəbul edirlər. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, İddiaçı Cavabdeh ASC-dən qəzalı vəziyyətdə olan klub və yeməkxana və 30 (otuz) sot torpaq sahəsinin alınması məqsədi ilə 132000 ABŞ dolları pul vermişdir. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş materiallarını, habelə tərəflər arasında bağlanmış müqaviləni və cavabdeh tərəfin etiraf ərizəsini əhatəli şəkildə təhlil edərək belə hesab edir ki, iddiaçının tələbi təqdim olunmuş sübutlarla tam sübut olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi İddiaçı Cavabdeh ASC-dən qəzalı vəziyyətdə olan klub və yeməkxana və 30 (otuz) sot torpaq sahəsinin alınması məqsədi ilə 132000 ABŞ dolları pul vermişdir. Lakin nə əmlak nə də ödənilmiş pul cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iddia ərizəsini etiraf etmiş, lakin müqavilə predmeti olan əmlaklar girovda olduğundan müqavilə öhdəliyinin yerinə yetirilməsinin mümkün olmadığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, müqavilə öhdəliyi yerinə yetirilə bilmədiyi üçün iddiaçının verdiyi 132000 ABŞ dolları məbləğində pul müqavilənin şərtlərinə əsasən cavabdehdən alınıb iddiaçıya qaytarmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə bağlandığı vaxt əmlakların əvəzi kimi ödənilmiş 132000 ABŞ dolları məbləğində pul ABŞ dollarının müqavilənin bağlandığı 17 sentyabr 2013-cü il tarixə olan manat məzənnəsi ilə iddiaçıya qaytarılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh ASCdən 132000 ABŞ dolları (ABŞ dollarının 17 sentyabr 2013-cü il tarixə olan məzənnəsi ilə 102960 manat) pul alınıb İddiaçı verilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Cavabdeh ASC-dən 132000 ABŞ dolları (ABŞ dollarının 17 sentyabr 2013-cü il tarixə olan məzənnəsi ilə 102960 manat) pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1538/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1538/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver