Məhkəmə qərarları › İş №2(051)-1586/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1586/2022

04.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1586/2022 04.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və vəkili X3 Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 5000 (beş min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 isə 5000 (beş min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və onun əşyaları ilə birlikdə həmin mənzildən məcburi qaydada çıxarılması, cavabdehlərdən müştərək qaydada məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 300 manat məbləğində qonarar, Mobil MMC-dən rəylərin alınması üçün ödənilmiş 150 manat və 100 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 550 (beş yüz əlli) manat məbləğində məhkəmə xərcinin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh3 ilə xx.xx.2007-ci il tarixdə faktiki ailə münasibətlərinə daxil olaraq evlənmiş və o, hazırda ona məxsus olan mübahisəli evə gəlin köçmüşdür. Aralarındakı nikah xx.xx.2009-cu il tarixdə rəsmi qeydiyyata alınmış və həmin vaxtlarda Cavabdeh3 həmin evə qeydiyyata düşmüşdür. Mübahisəli mənzil Mingəçevir şəhər XDS İK-nin xx.xx.1983-cü il tarixli 304 saylı qərarına əsasən həmin vaxtlar Toxuculuq Kombinatında xadimə işləyən anasına verilmişdir. Həmin mənzil xx.xx.2012-ci il tarixdə onun adına özəlləşdirilmişdir. Cavabdeh3 ilə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Muraz və xx.xx.2010-cu il tarixdə Cəsur adlı iki uşaqları olmuşdur. Aralarında olan narazılığa görə onunla faktiki olaraq ayrılmışlar. Hazırda boşanma tələbi ilə bağlı iddia ərizəsi məhkəmənin icraatındadır. Ailədə özünün təhriki ilə baş vermiş dava-dalaş üzündən Cavabdeh3 Cəsur adlı uşağı özü ilə apararaq yaşadığı evi tərk edib getmişdir. Muraz adlı uşaq isə öz istəyi ilə onunla birlikdə yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-685/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 iki uşağı ilə birlikdə onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh3 ilə onun və ailə üzvlərinin arasında münaqişə həddinə çatan kəskin ixtilaflar və ziddiyyətlər vardır. Hazırda onun həmin mənzilə köçürülməsi mülkiyyətçi kimi onun və ağbirçək anası üçün həddindən artıq arzuolunmazdır və bu hal onlar üçün fiziki və mənəvi zorakılıqlarla nəticələnə bilər. Hal-hazırda mübahisəli mənzildə keçmiş həyat yoldaşı Cavabdeh3 əlavə anası Cavabdeh1 və bacısı Cavabdeh2 da qeydiyyatdadırlar. Anası onunla birlikdə, bacısı isə başqa ünvanda yaşayır. Mənzillə bağlı mübahisələr davam etdiyindən mülkiyyətçi kimi sərəncam vermək hüququndan istifadə edərək, mənzili satmaq istəyir. Cavabdehlər isə bu istəyə qarşı çıxır, mənzilə hüququ olan şəxslər kimi hüquqlarını tələb edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödəmək təklifi ilə razılaşsalar da, digər Cavabdeh3 onunla razılığa gəlməmişdir. Ona görə də Cavabdeh3 həmin mənzilin tərkib hissəsindən istifadə hüququna kompensasiya müqabilində xitam verilməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hazırda mübahisəli mənzilin yerləşdiyi Mingəçevir şəhəri, Xətai küçəsi ərazisində həmin şəraitli evlərin kirayə haqqı bir otaqlı mənzillər üçün 90, iki otaqlı mənzillər üçün 120, üç otaqlı mənzillər üçün isə 150 manatdır. O, həmçinin məhkəmə iclası zamanı ərizə verərək iddia ərizəsində Cavabdeh3 təklif etdiyi 5000 manat kompensasiyanın məbləğinin artırılaraq 6000 manat olmasına razılıq verdi və hesab edir ki, Cavabdeh3 həmin ərazidə eyni şəraitli mənzildə uzun müddət yaşaması üçün kifayət qədər əlverişlidir. Həmin mənzilin bu gün üçün olan bazar dəyəri 38000 manat qiymətləndirilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı verdiyi izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və göstərdi ki, iddiaçı onun qardaşıdır. ünvan 1 ünvanında yerləşən mənzil qardaşının mülkiyyətindədir. Tam təmirsiz mənzilin bu gün üçün olan bazar dəyərinin 38000 manat olduğunu nəzərə alaraq ona kompensasiya kimi 5000 manat məbləğində pulun verilməsinə etiraz etmir. Odur ki, iddianın təmin olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh3 iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən təklif edilən 5000 manat məbləğində kompensasiya məbləği ilə razı deyildir. Belə ki, hazırda o və uşaqları mübahisəli mənzildə yaşamırlar. Hal-hazırda onun mülkiyyətində və ya istifadəsində hər hansı başqa mənzil və ya torpaq sahəsi yoxdur. Ona təklif olunan kompensasiya məbləği Mingəçevir şəhəri ərazisində əvvəlki mənzillə müqayisədə ona oxşar başqa mənzildə yaşamaq imkanı vermir və onun uşaqları ilə birlikdə həmın mənzildən çıxarılmaları üçün yetərli deyildir. 5000 manat məbləğində kompensasiya bu günə olan kirayə haqqı və mənzillərin bazar qiymətləri ilə mütənasiblik təşkil etmir. Odur ki, məhkəmədən iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclası zamanı Cavabdeh2 ilə eyniməzmunlu izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yaşayış yeri üzrə ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. İşdə olan daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli 117 saylı rəydən görünür ki, tam təmirsiz mənzilin bu gün üçün olan bazar dəyəri 38 000 manat olaraq qiymətləndirilmişdir. Eləcə də, Mingəçevir şəhərində, yerləşdiyi ərazidən asılı olaraq bina yaşayış evlərində yaşayış evlərində yaşayışa uyğun şəraitdə olan (əşyasız boş vəziyyətdə) 1 otaqlı mənzillərin kirayə qiyməti 90 manat, 2 otaqlı mənzilin kirayə qiyməti 120 manat, 3 otaqlı mənzilin kirayə qiyməti isə 150 manat dəyərindədir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1171/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsində 18 aprel 2009-cu ildə 134 № ilə qeydə alınmış nikah aktı pozulmuş və birgə nikahdan xx.xx.2008-ci il tarixdə doğulmuş X1 atası İddiaçı yanında və 11 avqust 2010-cu il tarixdə doğulmuş X2 isə anası Cavabdeh3 yanında qalmaları müəyyən edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-685/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh3 xx.xx.2008-ci il tarixdə doğulmuş Muraz və xx.xx.2010-cu il tarixdə doğulmuş Cəsur adlı uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə iddiaçının anası, bacısı və keçmiş arvadıdır. Cavabdehlərin hər biri iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırda başqa evdə yaşayırlar. Lakin digər Cavabdeh1 iddiaçı ilə birlikdə iddiaçıya məxsus mübahisəli mənzildə yaşayır. Aralarında olan narazılığa görə iddiaçının Cavabdeh3 ilə nikahları rəsmi qaydada pozulmuşdur və iddiaçı onunla birlikdə yaşamaq istəməmiş, ona görə də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun istifadə hüququ tanınmışdır. İddiaçı hər birinə 5000 manat məbləğində kompensasiya verməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsini, Cavabdeh3 isə 6000 manat məbləğində kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və ona məxsus mübahisəli mənzildən çıxarılmasını tələb edir. Cavabdeh3 başqa digər cavabdehlər isə iddiaçının təklif etdiyi məbləğə etiraz etmirlər. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Ona görə də cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8–ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14–cü maddəsinin 1–ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6–cı maddəsinin 1–ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, cavabdehin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qanunla müəyyən olunmuş qaydada tanınmalı, tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamalı, lakin iddiaçı bazar qiymətinə müvafiq olaraq cavabdehə kompensasiya təklif etməlidir. Cavabdeh isə həmin təklifi qəbul etməməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və həmin norma iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının adına qeydə alınmış və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir, yəni iddiaçı mülkiyyətçidir. Cavabdehlər isə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı ilə cavabdehlər arasında məhkəməyə qədər yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Məhkəmə, göstərilən hüquq normalarına istinadən iddia tələbinin təmin olunmasına dair hüquqi mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29–cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007–ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxslər arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının Cavabdeh1 və Cavabdeh2 hər birinə təklif etdiyi 5000 və Cavabdeh3 təklif etdiyi 6000 manat kompensasiya məbləği kifayət qədərdir. Belə ki, Cavabdeh2 hazırda başqa yaşayış yeri vardır. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə isə onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün kifayətdir. Məhkəmə kompensasiya məbləğinin fərqli olması ilə bağlı qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının təklif etdiyi 5000 manat məbləğində kompensasiya ilə razılaşdıqlarından, məhkəmə onlara münasibətdə kompensasiya məbləğini işin mübahisə edilməyən halı kimi qəbul etmişdir. Lakin digər Cavabdeh3 iddiaçının təklif etdiyi 5000 manat məbləğində kompensasiya ilə razı olmadığına görə məhkəmə həmin cavabdehə münasibətdə hazırkı bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğini 6000 manat həddində müəyyən etmişdir. İddiaçı da həmin məbləği ödəməyə razılıq vermişdir. Məhkəmə yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla belə hesab edir ki, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində Cavabdeh1 və Cavabdeh2 hər birinə 5000 və Cavabdeh3 isə 6000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Bu zaman məhkəmə iddiaçı tərəfin kompensasiya məbləğinin Cavabdeh3 münasibətdə 6000 manat ödəməyə razılıq verməsinə dair ərizəsini və iddiaçının təqdim etdiyi, cavabdeh tərəflərin isə təkzib etmədiyi, Mingəçevir şəhərində yerləşən tam təmirsiz 3 otaqlı evlərin bu günə olan bazar dəyərinin 38000 manat həddində, həmçinin üç otaqlı mənzillərin kirayə qiymətinin 150 manat olmasına dair mütəxəssis rəyini də nəzərə almışdır. Məhkəmə, həmçinin nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 sentyabr 2007–ci il tarixli qərarındakı hüquqi mövqelərini rəhbər tutmuşdur. Həmin qərardakı hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən, yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ arasındakı fərq daim dıq ətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair işlərə baxılarkən, mübahisəli yaşayış evinin bazar qiyməti deyil, davamlı müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və bu səbəbdən təmin olunmalıdır. Məhkəmə, həmçinin cavabdehlər tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 300 manat məbləğində qonarar, mütəxəssisə ödənilmiş 150 manat və 100 manat məbləğində dövlət rüsumu olmaqla, 550 manat məbləğində məhkəmə xərcinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmək məqsədi ilə vəkillə müqavilə bağlanması üçün 300 manat məbləğində pulun ödənildiyini qeyd etsə də, lakin bununla bağlı hər hansı sübutu iş materiallarına əlavə etməmişdir. Məhkəmə mütəxəssis rəyi üçün ödənilmiş 150 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd tdiyi məhkəmə xərcinin ödənilməsinə dair sübut təqdim etməmişdir. Belə ki, Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş materiallarında da göründüyü kimi mübahisəli mənzilin qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mütəxəssis rəyi üçün ödənilmiş pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi əsassızdır. Bundan başqa qanunla müəyyən edilmiş qaydada və miqdarda dövlət rüsumu ödənilmişdir. Hazırda iddia tələbi iddiaçının xeyrinə çıxarılmışdır. Belə olan halda ödənilmiş 100 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərci cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM–in 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 5000 (beş min) manat, Cavabdeh1 5000 (beş min) manat kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onların istifadə hüquqlarına xitam verilsin. İddiaçı tərəfindən Cavabdeh3 6000 (altı min) manat kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onun istifadə hüququna xitam verilsin. Cavabdeh3 İddiaçı mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılsın. Kompensasiyanın verilməsi ilə Cavabdeh3 mənzildən çıxarılması eyni vaxtda icra edilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada məhkəməyə müraciət edərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar