Məhkəmə qərarları › İş №2(051)-1624/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1624/2024

04.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1624/2024 04.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması və əlavə xərclərə cəlb olunma tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması və əlavə xərclərə cəlb olunma tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən xx.xx.2012-ci il tarixdə doğulmuş Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq, hər ay 250 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi, uşağın xəstəliyi ilə bağlı 500 manat məbləğində əlavə xərc tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə Əli adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-884/2018 saylı qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuş, uşağın onun yanında qalması müəyyən olunmuş və 09 fevral 2018-ci il tarixdə başlayaraq, Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa 140 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən artıq 6 ildən artıq müddət keçmişdir. Uşaq təbii olaraq xeyli böyümüş, oxuması və gündəlik yaşayışı ilə bağlı tələbatı da xeyli artmışdır. Əli həm də anadangəlmə xəstədir. Belə ki, uşaq autizmi, kanner sindromu diaqnozu ilə müntəzəm müalicələr götürür. Əlinin daimi müayinə və müalicəsi kifayət qədər yüksək xərc tələb edir. Cavabdeh isə uşağın əlavə xərclərinin ödənilməsində heç vaxt iştirak etməmişdir. Bundan sonra da belə bir niyyəti yoxdur. Belə olan halda o, Əlinin gündəlik yaşayış və ardıcıl müalicə xərclərinin təmin edilməsində ciddi çətinliklər çəkir. Oğlu Əli sağlamlıq imkanları məhdud olan uşaqdır. Psixoloji inkişafın ümumi pozğunluğu, uşaq autizmi xəstəliyindən əziyyət çəkir. Davamlı olaraq müayinədən keçirilir və yüksək xərc tələb edən müalicələr götürür. Uşağın xəstəliyinin hal-hazırda xeyli irəliləməsi və ağırlaşması, bununla əlaqədar onun xərclərinin artması cavabdehin həmin xərclərə cəlb olunmasını zəruri edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, iddia tələbi ilə razı deyildir. Belə ki, yeni ailə qurmuşdur və bu övladına da baxmalıdır. Uşağın müalicəsi isə dövlət tərəfindən pulsuz həyata keçirilir. İddiaçının uşağın müalicəsi ilə bağlı heç bir xərci çıxmır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

«Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu

“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

«Uşaq hüquqları haqqında» Konvensiya

12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir.

Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında AR Qanunu

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş Əli adlı uşağın anası İddiaçı, atası Cavabdehdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-884/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan, xx.xx.2011-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 405 № ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il tarixdə doğulmuş Əli adlı uşağın anası İddiaçı yanında qalması müəyyən olunması, 09 fevral 2018-ci il tarixdə başlayaraq, Cavabdeh xx.xx.2012ci il tarixdə doğulmuş Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa 140 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, Cavabdeh 20 manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilməsi qət edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının cavabından görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş Əli adlı uşaq sağlamlıq imkanları məhdud olan uşaqdır. Diaqnoz: Uşaq autizmi. Kanner sindromu. İşdə olan ABRAL ACADEMY tərəfindən verilmiş ödəniş qəbzlərindən görünür ki, ad və soyadı Əli Binnətov göstərilmiş, şəxs tərəfindən müxtəlif tarixlərdə, cəmi 1550 manat məbləğində təyinatı göstərilməyən ödənişlər edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2012-ci il tarixdə Əli adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-884/2018 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında olan, xx.xx.2011-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 405 № ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il tarixdə doğulmuş Əli adlı uşağın anası İddiaçı yanında qalması müəyyən olunması, 09 fevral 2018-ci il tarixdə başlayaraq, Cavabdeh xx.xx.2012ci il tarixdə doğulmuş Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa 140 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, Cavabdeh 20 manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş alimentin məbləğinin artırılmasını və uşağın xəstəliyi ilə bağlı 500 manat məbləğində əlavə xərc tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının artırılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının dəyişdirilib yaşayış minumumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaq iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Nəzərə alsaq ki, 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş, hazırda 140 manat sabit pul məbləğində aliment uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, uşağın üstün mənafeyi və iddiaçının himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaq üçün ödənilən alimentin miqdarı, onun üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay 140 manat sabit pul məbləğində alimentin alınmasının müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay 210 manat sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur, həmçinin yuxarıda qeyd olunduğu kimi uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 210 manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddiaçının aliment tələbi qismən təmin edilməlidir. Məhkəmə, tələbin əlavə xərc ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Belə ki, iş materiallarına Əli adlı uşağın müalicəsi ilə əlaqədar çəkilən xərclərin qəbzləri əlavə edilməmişdir. Bununla belə iş materiallarına əlavə edilmiş ABRAL ACADEMY tərəfindən verilmiş ödəniş qəbzlərində Əli adlı uşağın xəstə olması göstərilməmiş, habelə ödənişlərin məbləği yalnız rəqəmlə yazılmışdır. Eləcə də uşağa kənar xidmətin göstərilməsi, həmçinin həmin kənar xidmətin nədən ibarət olması və yaxud kənar xidmətin haqqının məbləği və sair haqqında sənədlərə istinad edilməmiş, nə də iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, Əli adlı uşağın müalicəsinin tibbi sığorta sahəsinə aid olmadığına dair arayış məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 234 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2012-ci il tarixdə doğulmuş Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-884/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 210 (iki yüz on) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar