Məhkəmə qərarları › İş №2(051)-1761/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1761/2025

18.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1761/2025 18.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maraqlı şəxslər Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Bərdə regional “Asan Xidmət” mərkəzində notariat kontoru cəlb edilməklə “miras əmlaka tam pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maraqlı şəxslər Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Bərdə regional “Asan Xidmət” mərkəzində notariat kontoru cəlb edilməklə “mirasın qəbul edilməklə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış Mingəçevir şəhəri, Hacıbaba Hüseynov küçəsi 24də yerləşən 0,08 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməklə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Mingəçevir şəhəri, Hacıbaba Hüseynov küçəsi 24-də yerləşən 0,08 ha torpaq sahəsinin bütünlükdə onun tərəfindən qəbul edilməsinə əsaslanaraq torpağa dair tam həcmdə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1978-ci ildə anadan olmuşdur. X5 onun atasıdır. X5 10 dekabr 2020-ci ildə vəfat etmişdir. Bununla bağlı ölüm haqqında şəhadətnamə verilmişdir. Atası ölərkən son yaşayış yeri Mingəçevir şəhəri olmuşdur. Ölüm haqqında şəhadətnamə də Mingəçevir Şəhər Qeydiyyat Şöbəsindən alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** saylı Qeydiyyat nömrəsinə əsasən Mingəçevir şəhəri, Kənar küçəsi 11-ci döngə 22 Yeni qaydalara: AZ 4511 Mingəçevir şəhəri, Hacıbaba Hüseynov küçəsi 24-də yerləşən 0,08 ha torpaq torpaq sahəsi miras qalmışdır. Atasının ölümündən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/7-Q-15-249/2025 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 19 avqust 1945-ci ildə anadan olmuş X3 aşağıdakı vərəsələri vardır: arvadı Cavabdeh2, oğlu Cavabdeh1 və oğlu İddiaçı. O, qanun üzrə birinci növbəli vərəsədir. Atasının qanun üzrə birinci növbəli vərəsələri Mingəçevir şəhəri, Hacıbaba Hüseynov küçəsi 24-də yerləşən 0,08 ha torpaq sahəsinin onun, yəni İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Qanun üzrə birinci növbəli vərəsələr hamısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək ailə başçıları olmuş X3 ölümündən sonra miras qalmış torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etdi. Miras əmlakla bağlı mübahisələri yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən maraqlı cavab verildi. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən göndərilmiş məktubda göstərilmişdir ki, mərhum X1ndan qalmış miras əmlaka dair anası Cavabdeh2 və qardaşı Cavabdeh1 ərizələrinə əsasən Bərdə Regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində vərəsəlik işi açılmışdır. Odur ki, atasından qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almağı üçün həmin notariat ofisinə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd etdiyi kimi atası Mingəçevir şəhərində qeydiyyatda olmuş, Mingəçevir şəhərində vəfat etmiş və dəfn edilmiş, miras əmlak-torpaq sahəsi də Mingəçevir şəhərindədir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq qeyd etdi ki, atası öldükdən sonra qeyd olunan torpaq sahəsinə özü baxmış, orada bağ salmış, xərclərini ödəmişdir. Cavabdehlər məhkəmə baxış iclasında iştirak etməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək göstərdi ki, qeyd olunan torpaq sahəsi mərhum ərinin olmuşdur. Birgə nikah dövründə və birgə qazanc hesabına əldə edilməmişdir. Eyni zamanda əri öldükdən sonra oğlu Rafil qeyd olunan torpaq sahəsinə baxmışdır. Ona görə də həmin torpağa bütünlüklə iddiaçının pay hüququnun tanınmasına etiraz etmir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərdi ki, qeyd olunan torpaq sahəsinə qardaşı baxmışdır. Qeyd olunan torpağa qardaşının tam pay hüququnun tanınmasına etiraz etmir. Cavabdehlər Cavabdeh1 və anası Cavabdeh2 ərizə verərək, X2 miras qalmış torpaq sahəsinə İddiaçı sahiblik etdiyini, həmin torpaq sahəsinin İddiaçı adına keçməsinə etiraz etmədiklərini qeyd etmişlər. Maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Bərdə regional “Asan Xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən nümayəndənin məhkəmə iclasında iştirak edə bilməməsini, işə onların iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.1973-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X4 arasında xx.xx.1973-cü il tarixdə 11 saylı nikah qeydi bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir. xx.xx.1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.1975-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur. X1, anası Cavabdeh2dır. xx.xx.1979-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. X1, anası Cavabdeh2dır. Hüquqların dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Kənar küçəsi, 11-ci döngə, 22, Yeni qaydalarla: AZ 4511, Mingəçevir şəhəri, Hacıbaba Hüseynov ünvanında yerləşən xüsusi mülkiyyət növündə olan 0,08 ha torpaq sahəsi tam payla xx.xx.2023-cü ildən **********72 reyestr nömrəsi ilə X3 adına qeydiyyata alınmışdır. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/7-Q-15-249/2025 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 19 avqust 1945-ci ildə anadan olmuş X3 “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixə qədər yoxlama aparılmış və arvadı Cavabdeh2, oğlu Cavabdeh1 və oğlu İddiaçı olması aşkar edilmişdir. Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2025ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, mərhum X1ndan qalmış miras əmlaka dair anası Cavabdeh2 və qardaşı Cavabdeh1 ərizələrinə əsasən Bərdə Regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində vərəsəlik işi açılmışdır. Odur ki, atasından qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almağı üçün həmin notariat ofisinə müraciət etməyi tövsiyyə olunmuşdur. Bərdə regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh2 ünvanlanmış məktubdan görünür ki, 10 dekabr 2020-ci ildə vəfat etmiş ünvan 1 ünvanında qeydiyyatda olmuş X2 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün 12 may 2022-ci il tarixdə ərizə ilə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Odur ki, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. AZ-İİ 128338 №li xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 959 № ilə qeyd edilmişdir. İşin müəyyən olunmuş halı: İddiaçı miras qoyan X3 oğludur. Cavabdehlər Cavabdeh2 Fəryad Qarayevin arvadı, Cavabdeh1 isə Fəryad Qarayevin oğludur. Miras qoyan X5 xx.xx.2020-ci ildə ölmüşdür. O, öldükdə qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh2, övladları İddiaçı və Cavabdeh1 olmuşdur. İddianın predmeti miras qoyanın ayrıca mülkiyyətində olmuşdur. Miras qoyanın ölümündən sonra miras əmlaka faktiki olaraq İddiaçı sahiblik etmiş və əmlakı idarə etmişdir. X2 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün 12 may 2022-ci il tarixdə Cavabdeh2 ərizə ilə notariat ofisinə müraciət etmişdir. Mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin bütünlükdə onun tərəfindən qəbul edilməsinə əsaslanaraq torpağa dair tam həcmdə pay hüququnun tanınmasını xahiş etmişdir. Vərəsələr Cavabdeh2 və Cavabdeh1 miras qalmış həmin torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edildiyini və idarə edildiyini mübahisələndirməmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 28 dekabr 2023-cü il tarixədək qüvvədə olan: 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin iş üzrə gəldiyi nəticə: İddianın predmeti miras qoyanın ayrıca mülkiyyətində olmuşdur. Miras qoyan vəsiyyətnamə qoymamışdır. Miras qoyan 2020-ci ildə öldüyündən mirasın qəbulu məsələsi 2023-cü ilin dekabrından əvvəlki qaydada tənzimlənməlidir. Miras qoyan öldükdə qanun üzrə birinci növbə vərəsələri arvadı iş üzrə Cavabdeh2, övladları iş üzrə İddiaçı və Cavabdeh1 olmuşdur. Miras qoyan öldükdən sonra qeyd olunan torpaq sahəsinə iddiaçı tərəfindən sahiblik edilmiş və onun tərəfindən faktiki idarə edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd olunan torpaq sahəsinə iddiaçının sahiblik etməsini və faktiki idarə etməsini mübahisələndirməmişlər. Digər tərəfdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mirası faktiki olaraq idarə etməmiş, ona sahiblik etməmişlər. Eyni zamanda onlar mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etməmişlər. Qeyd olunanlara əsasən iddia təmin edilməli, X2 miras qalan Mingəçevir şəhəri, Kənar küçəsi, 11-ci döngə, 22 (Yeni qaydalarla: AZ 4511, ünvan 2 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə qanun üzrə vərəsə İddiaçı tam pay hüququ tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. X2 miras qalan Mingəçevir şəhəri, Kənar küçəsi, 11-ci döngə, 22 (Yeni qaydalarla: AZ 4511, ünvan 2 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə qanun üzrə vərəsə İddiaçı tam pay hüququ tanınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar