Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1850/2024 26.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı nümayəndəsi (vəkil) Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Aliyə, xx.xx.2012-ci il tarixdə Əli, xx.xx.2018-ci il tarixdə Aylin və xx.xx.2020-ci il tarixdə Arif adlı uşaqları doğulmuşdur. Oğlu Əli autizm xəstəsidir, uşaqlar onun himayəsindədir. ünvan 1 ünvanına gəlin köçmüşdür. Cavabdeh2 onun qaynanasıdır. 2014-cü ildə Mingəçevir şəhərində torpaq sahəsi almışlar və 2015-ci ilin mart ayında həmin torpağın içərisində 3 otaqlı ev tikmiş, istifadəyə verib evdə yaşamışlar. 2015-ci ilin sentyabr ayında o, əri və uşaqları ilə birlikdə Almaniyaya yaşamağa getmiş, orada xeyli qazanc, yəni pul əldə etdikdən sonra geri qayıtmışlar. 2019-cu ilin noyabr ayında Almaniyadan gəldikdən sonra yenidən həmin evin yanında ikinci evin tikintisinə başlamışlar. 20 sentyabr 2020-ci il tarixdən təzə evdə, 2-ci tikilən evdə nikahları pozulanadək uşaqları ilə yaşamışlar. Həmin ev bir mərtəbəli olmaqla, dörd otaqdan ibarətdir və 3-ü yataq otağı, biri isə zaldır və tikintisi onun və ərinin vəsaiti hesabına həyata keçirilmişdir. Onun əşyaları mübahisəli mənzil olan ünvan 2 ünvanında yerləşir. Onun başqa yaşayış yeri yoxdur. Azyaşlı uşaqları da xəstədir və onların müalicəsi Mingəçevir şəhərində mümkün deyil, ancaq Bakı şəhərində müalicə olunmalıdır. Vəsaitləri hesabına həmin ev tikilmişdir. Pulunu onlar versə də, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə əri Cavabdeh1 torpağı bağışlanma adı ilə vermiş, demişdir ki, belə məsləhətdir. Torpaq sahəsinin pulunu onlar versələr də, qaynanası bağışlanma müqaviləsi ilə üç övladının hər birinə ayrı-ayrı torpaq sahələri bağışlamışdır. Yuxarıda qeyd etdiyi kimi mənzil də ər-arvad onların hesabına tikilmiş, evin sxemi olsa da, lakin bugünə kimi əri həmin evin öz adlarına keçirilməsini ləngitmişdir. Qeyd edirdi ki, darıxma, öz adlarına keçirəcəkdir. Əri ona xəyanət etdiyinə, gələcəkdə ev mübahisəsi olduğuna görə, torpağı, evi öz adına qəsdən keçirtməmişdir. Beləliklə, evin hələlik sənədləri onun bildiyinə görə yoxdur. Cavabdeh2 bir il ərzində bağışlanma müqaviləsini ləğv edə bilərdi, lakin aradan 10 il keçmişdir. Ona görə də cavabdehlər onun konstitusion hüququnu pozmuşdur. Cavabdeh2 hər üç oğluna 6 sot torpaq sahəsi bağışlayıb. Lakin onunla Cavabdeh1 arasında bağlanmış nikah pozulduqdan sonra İddiaçı həmin mübahisəli mənzilə köçürülmə tələbi qoymuşdur. İş Ali Məhkəmədə olarkən, torpaq sahəsini bağışlayan Cavabdeh2 bağışlanma müqaviləsini qəsdən ləğv etmişdir. Odur ki, məhkəmədən xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 0.05 hektar olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, 0.05 hektar olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin hüquq sahibi Cavabdeh2dır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 124.9 kvadratmetr olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı ünvan 6 ünvanında yerləşən 0.2031 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2012-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi xx.xx.2012-ci il tarixində bağlanmış alqısatqı müqaviləsi (Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontorunun xüsusi notariusu X5) ilə X1 tərəfindən Cavabdeh2 satılmışdır. ünvan 7 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin Cavabdeh2 adına xx.xx.2023-cü il tarixində hansı əsasla qeydə alınması ilə bağlı bildirilmişdir ki, Cavabdeh2 adına qeydiyyata alınması üçün tərəfindən ********** qeydiyyat nömrəli ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqavilənin (Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6) məzmunundan məlum olmuşdur ki, ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsi xx.xx.2014-cü il tarixində bağlanmış 4Ə/791 nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 bağışlanmışdır. 0.05 ha torpaq sahəsi Cavabdeh1 adına qeyd olunan bağışlanma müqaviləsi və ya digər əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2014-cü il tarixində bağlanmış 4Ə/791 nömrəli bağışlanma müqaviləsi barədə məlumatlar Ərazi İdarəsində mövcud deyildir. ünvan 7 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin Cavabdeh2 adına xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqavilə əsasında qeydiyyata alınmışdır. Məktubda göstərilən daşınmaz əmlaka dair sənədlərin təsdiq olunmuş surətinin verilməsi mümkün olmamışdır. İşdə olan xx.xx.2014-cü il tarixində bağlanmış 4Ə/791 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsi Cavabdeh1 bağışlanmışdır. İşdə olan xx.xx.2014-cü il tarixində bağlanmış 4Ə/792 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsi X3 bağışlanmışdır. İşdə olan xx.xx.2014-cü il tarixində bağlanmış 4Ə/798 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsi X7 bağışlanmışdır. İşdə olan notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş Aliyə adlı uşağın anası X4, atası Cavabdeh1dur. İşdə olan notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş Əli, xx.xx.2020-ci il tarixdə doğulmuş Arif adlı uşaqların anası İddiaçı, atası Cavabdeh1dur. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş Aylin adlı uşağın anası Paşayeva (Bəkirova) Gülnar Məsim qızı, atası Cavabdeh1dur. İşdə olan xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqavilədən görünür ki, ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış ümumi sahəsi 0.2031 ha olan torpaq sahəsindən 0.05 ha hissəsini Cavabdeh1 bağışlanılmasına dair Mingəçevir şəhər 1 saylı notariat ofisində xx.xx.2014-cü il tarixdə bağlanmış 4Ə/791 reyestr nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsini pozmuşlar. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Aliyə, xx.xx.2012-ci il tarixdə Əli, xx.xx.2018-ci il tarixdə Aylin və xx.xx.2020-ci il tarixdə Arif adlı uşaqları doğulmuşdur. Cavabdeh2 onun qaynanasıdır. Mingəçevir şəhəri, M.Rəhimov küçəsi ünvanında yerləşən 0.2031 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2012-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi xx.xx.2012-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi ilə X1 tərəfindən Cavabdeh2 satılmışdır. xx.xx.2014-cü il tarixində bağlanmış 4Ə/791 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ********** nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsi Cavabdeh1 bağışlanmışdır. 0.05 ha torpaq sahəsi Cavabdeh1 adına qeyd olunan bağışlanma müqaviləsi və ya digər əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqaviləyə əsasən ********** nömrə ilə Cavabdeh2 adına qeydiyyata alınmış ümumi sahəsi 0.2031 ha olan torpaq sahəsindən 0.05 ha hissəsinin Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2014cü il tarixdə bağlanmış 4Ə/791 reyestr nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsini pozmuşlar. Ondan sonra ünvan 3 ünvanında yerləşən 0.05 hektar torpaq sahəsi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsasən qənaətə gəlir ki, iddianın uğurluluq məsələsi həll edilmədən əvvəl, ilk növbədə iddiaçının hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olub–olmaması məsələsi araşdırılmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8–ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14–cü maddəsinin 1–ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6–cı maddəsinin 1–ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin və Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyində qeyd edilən tələblərdən görünür ki, mübahisənin qanuni həll edilməsi üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkəmə tərəfindən araşdırmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, Cavabdeh2 adına qeydiyyata alınmış 0.2031 ha torpaq sahəsinin 0.05 ha hissəsinin Cavabdeh1 bağışlanmasına dair xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, həmçinin həmin bağışlama müqaviləsinin pozulmasına dair xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqavilə bağlanan zaman iddiaçının heç bir hüququ cavabdeh tərəfindən pozulmamışdır. Belə ki, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsini Cavabdeh1 bağışlamış, 0.05 ha torpaq sahəsi Cavabdeh1 adına qeyd olunan bağışlanma müqaviləsi və ya digər əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli müqavilənin ləğvinə dair müqaviləyə əsasən Cavabdeh2 adına qeydiyyata alınmış ümumi sahəsi 0.2031 ha olan torpaq sahəsindən 0.05 ha hissəsini Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2014-cü il tarixdə bağlanmış 4Ə/791 reyestr nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsini müqavilə üzrə tərəflər öz iradələrini sərbəst ifadə etmək yolu ilə pozmuşlar. Belə ki, hədiyyə alan Cavabdeh1 hədiyyəni qəbul etmədiyinə görə hədiyyə verən Cavabdeh2 hədiyyəni geri götürmüşdür. Bu da onu deməyə əsas verir ki, iddiaçı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Həmin Məcəllənin 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Məhkəmə, həmçinin hesab edir ki, mülkiyyət toxunulmazdır və mülkiyyətçi öz əmlakı üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüququna malikdir. Onun bu hüququ heç bir şəkildə məhdudlaşdırıla bilməz. Bağışlama müqaviləsi isə mülki qanunvericiliklə tənzimlənən elə bir müqavilədir ki, mülkiyyətçi öz əmlakının bir hissəsini hədiyyə alana verməsi, hədiyyə alanın isə onu qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi bağışlama müqaviləsi mülkiyyətçinin sərbəst iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi qanunverici istinad edilən maddi hüquq normalarında müqaviləni bağlandığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını imperativ qaydada müəyyən etməklə yanaşı, müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin də tərəflərin razılaşması ilə mümkünyünü eyni qaydada müəyyən etmişdir. Həmin şərtlərin və qaydaların pozulması, müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehlərin öz aralarında bağladıqları bağışlama müqaviləsini pozmaları, üçüncü şəxslərin, o cümlədən iddiaçının hüquqlarınıvə qanuni maraqlarını pozmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin Cavabdeh1 və yaxud Cavabdeh2 mülkiyyətində qalması, iddiaçının gələcəkdə hər hansı daşınmaz əmlak və yaxud əmlak hüququ əldə etməsinə mane olmur. Hazırkı vəziyyətdə bağışlanmış torpaq sahəsini iddiaçının Cavabdeh1 ilə birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə etmələri ilə bağlı istinad etdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, həmçinin nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin cavabdehlərdən hər hansı birinin mülkiyyətində olması, iddiaçının birgə nikah dövründə inşa edilməsini iddia etdiyi fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq hüququnu istina etmir. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə cavabdehlər arasında bağlanmış, 3M-409 nömrəli reyestrdə qeydə alınmış bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin mövcudluğu, iddiaçının qanunla qorunan maraqlarına və mənafeyinə zidd deyildir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının subyektiv hüququ cavabdehlər tərəfindən pozulmamışdır. Məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli 3M-409 nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1850/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1850/2024
26.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver