Məhkəmə qərarları › İş №2(051)-1896/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1896/2023

02.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1896/2023 02.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı və vəkili X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 12000 (on iki min) manat kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili məhkəmə iclası zamanı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 1 ünvandakı yaşayış mənzili idiaçının xüsusi mülkiyyətidir. Tam mülkiyyət hüququnun ona məxsus olması barədə adına ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Seriya RX № ******* olan Çıxarış vardır. Asan- Mingəçevir Xidmət Mərkəzi tərəfindən verilmiş ******* №li arayışdan da məlum olduğu kimi, ona məxsus olan sözügedən həmin mənzildən digər Cavabdeh qeydiyyatdadır. İddiaçı-mülkiyyətçi kimi ondan sözügedən mənzilə olan istifadə hüququ müqabilində ona düşən payı (haqqı) tələb edir. Qeyd edir ki, Cavabdeh onun qızıdır. 29 yaşı var, onlarla birlikdə həmin mənzildə yaşayır. Cavabdehlə aralarında kəskin ixtilaflar və ziddiyyətlər vardır. O, anası kimi ona qarşı çox aqressiv və qəzəblidir. Onunla birlikdə yaşamaq istəmədiyini bildirir. Cavabdehin qərəzli hərəkətləri nəticəsində uzun müddətdir ki, davam edən münaqişələr üzündən onunla eyni yaşayış mənzilində yaşamaq artıq mümkün deyildir və cavabdeh qətiyyən bunu istəmir. O, isə artıq belə vəziyyətə dözə bilmir. Odur ki, qeyd edilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdehin onun mənzilində yaşaması və onu ağır formalarda hədələməsi mülkiyyətçi kimi onun üçün həddindən artıq arzuolunmazdır və bu hal onlar üçün fiziki və mənəvi zorakılıqlarla nəticələnə bilər. Cavabdehin iddiaçının mənzilində qeydiyyatda olması və yaşaması onun hüquqlarının, xüsusilə əmlak üzərində sərəncam hüququnun həyata keçirilməsində əsaslı maneədir. Qanunvericilik mülkiyyətçiyə hüquq verir ki, özünə məxsus əmlak üzərində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Hesab edir ki, iddia tələbi əsaslıdır və indiki vəziyyətdə ən məqsədəuyğun çıxış yoldudur. Onun təklif etdiyi 12000 (on iki min) manat kompensasiya cavabdehin həmin ərazidə eyni şəraitli mənzildə müəyyən müddət yaşaması üçün kifayət qədər əlverişlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və göstərdi ki, ona kompensasiya kimi 12000 manat məbləğində pulun verilməsinə etiraz etmir. Odur ki, iddianın təmin olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddianın dəlillərini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh yaşayış yeri üzrə ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının qızıdır. Cavabdeh iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı cavabdehə 12000 manat məbləğində kompensasiya verməklə cavabdehlər Cavabdeh istifadə hüquqlarına xitam verilməsini və ona məxsus mübahisəli mənzildən çıxarılmasını tələb edir. Cavabdeh isə iddiaçının təklif etdiyi məbləğə etiraz etmir. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Ona görə də cavabdehin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8–ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14–cü maddəsinin 1–ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6–cı maddəsinin 1–ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, cavabdehin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qanunla müəyyən olunmuş qaydada tanınmalı, tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamalı, lakin iddiaçı bazar qiymətinə müvafiq olaraq cavabdehə kompensasiya təklif etməlidir. Cavabdeh isə həmin təklifi qəbul etməməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və həmin norma iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının adına qeydə alınmış və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir, yəni iddiaçı mülkiyyətçidir. Cavabdeh isə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etmək hüququna malikdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Məhkəmə, göstərilən hüquq normalarına istinadən iddia tələbinin təmin olunmasına dair hüquqi mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29–cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007–ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxslər arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının Cavabdeh təklif etdiyi 12000 manat kompensasiya məbləği kifayət qədərdir, onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün kifayətdir. Məhkəmə yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla belə hesab edir ki, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində Cavabdeh 12000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Cavabdeh həmin məbləğə razı olduğunu bildirmişdir. Məhkəmə, həmçinin nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 sentyabr 2007–ci il tarixli qərarındakı hüquqi mövqelərini rəhbər tutmuşdur. Həmin qərardakı hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən, yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ arasındakı fərq daim dıq ətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair işlərə baxılarkən, mübahisəli yaşayış evinin bazar qiyməti deyil, davamlı müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və bu səbəbdən təmin olunmalıdır. Bundan başqa qanunla müəyyən edilmiş qaydada və miqdarda dövlət rüsumu ödənilmişdir. Hazırda iddia tələbi iddiaçının xeyrinə çıxarılmışdır. Belə olan halda ödənilmiş 100 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərci cavabdehdən alınıb iddiaçıya verilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM–in 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh 12000 (on iki min) manat kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onun istifadə hüququna xitam verilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Kompensasiyanın verilməsi ilə Cavabdeh mənzildən çıxarılması eyni vaxtda icra edilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh, məhkəməyə müraciət edərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar