Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1902/2021 15.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh X15 və üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı vərəsə tanınması, mirasın faktiki qəbul edilməsi faktının və miras əmlakdan payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X15 və üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilə qanun üzrə vərəsə tanınması, miras mənzildən onun miras payının tam həcmdə müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxsin anası X7 Mingəçevir şəhər XDS İK-nin 24.09.1992-ci il tarixli, 154 saylı Sərəncamına əsasən Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən 166 saylı evin 52 saylı mənzili verilmiş və onun adına 000080 saylı order yazılmışdır. Orderdə iddiaçının anasından başqa qardaşları Fariz və Xəlilin adları yazılmışdır. İddiaçı 1993-cü ildə, yəni mənzil verildikdən sonra doğulduğu üçün orderdə adı yazılmamışdır. Anası 14 aprel 1994-cü ildə vəfat etmişdir. Atası İkram anasının yas mərasimindən sonra onu bibisi Röya Həmzəyevaya verib Rusiya Federasiyasına getmişdir. Atası gedərkən qardaşı Xəlili də özü ilə aparmışdır. Cavabdeh Fariz isə onun doğma qardaşı deyildir. O, Mübariz Əliyev adlı şəxsin oğludur və sonradan soyadını İsgəndərov soyadına dəyişmişdir. Fariz də təxminən 2008-ci ildə Rusiya Federasiyasına getmişdir və hazırda ailəsi ilə birlikdə orada yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-260/2015 saylı, 17 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən anası Şahzadə İskəndərovaya məxsus mübahisəli mənzilin tərkib hissəsindən Fariz və Xəlil İskəndərovların istifadə hüquqları itirilmiş və onlar həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışlar. Bundan sonra mübahisəli mənzil həmin şəxslərin iştirakı olmadan 09 aprel 2016-cı il tarixdə özəlləşdirilmişdir. Təmsil etdiyi şəxs anasının vəfatından sonra daimi olaraq həmin mənzildə yaşamışdır. Mənzilin bütün idarəçiliyi və saxlanması onun tərəfindən həyata keçirilmişdir. Həmin şəxslər qeyd olunan mənzildə yaşamamış və bir gün də olsun onu idarə etməmişlər. İddiaçı miras əmlakın qəbulu üçün notariat kontoruna müraciət etmiş və bununla bağlı V-108/2016 saylı vərəsəlik işi açılmışdır. X4 29.08.2021-ci il tarixdə, qardaşı X19 isə 04.09.2021-ci tarixdə RF-da koronovirus xəstəliyindən vəfat etmişlər. Cavabdeh X20 isə 2008-ci ildən təmsil etdiyi şəxslə əlaqə saxlamır, dəqiq yaşayış yeri və ya iş yeri haqqında məlumatı yoxdur. Bununla belə cavabdeh X20 mirası nə faktiki, nə də miras açıldıqdan sonra notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişdir. Bununla da cavabdeh X20 mirasdan pay almaq hüququnu itirmişdir. Ona baxmayaraq, təmsil etdiyi şəxs miras açılandan halhazıradək həmin mənzildən təyinatına uyğun olaraq istifadə etməklə yanaşı, həm də mirasın qorunub saxlanmasını və abadlaşmasını təmin etməklə mirasa faktiki sahibliyi həyata keçirir. Belə ki, təmsil etdiyi şəxs bütün kommunal ödənişləri və digər xərcləri öz vəsaiti hesabına təmin edir. Hesab edir ki, təmsil etdiyi şəxs miras mənzilə yeganə qanun üzrə vərəsə olduğundan, həmçinin miras mənzil bütövlükdə onun tərəfindən faktiki qəbul edildiyindən, onun miras mənzildən payı tam həcmdə müəyyən edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X15 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 2 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmış, qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuş, həmin qeyddə X11 ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamadığı göstərilmişdir. Üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X10 ilə X9 nikahları 17.02.1983-cü il tarixdə Mingəçevir şəhərində bağlanmış və 29 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “İskəndərova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1993-cü il tarixdə, X19 isə 01.01.1986-cı il tarixdə X10 ilə X6 birgə nikahından doğulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X20 xx.xx.1975-ci il tarixdə mərhum Əliyeva ( İskəndərova) Şahzadə Həmzə qızı ilə X21 birgə münasibətindən doğulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 barəsində “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində 01.12.2021-ci il tarixədək həmin şəxsə dair aparılmış yoxlama zamanı, əri X18, oğlu X19 və qızı İskəndərova Nərmin İkram qızı barədə məlumatlar aşkar edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 15.04.1994–cü il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********30-05101-093048 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 166, mənzil 52 ünvanında yerləşən ümumi sahəsi 52.30 kvadrat metr olan mənzil üzərində X6 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 09.04.2016–cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir şəhər 2 saylı Xüsusi Notariat Kontorundan verilmiş 02 avqust 2016-cı il tarixli, 468 saylı arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan X2 şəhəri, 20 Yanvar küçəsi, ev 166, mənzil 52 ünvanında yaşamış, 14.04.1994-cü il tarixdə vəfat etmiş anası X5 qalmış mirasın qəbulu üçün 19.07.2016-cı il tarixdə notariat kontoruna müraciət etmiş və həmin tarixdə bununla bağlı V-108/2016 saylı vərəsəlik işi açılmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-260/2015 saylı, 12 fevral 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X11 və X13 Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən 166 saylı evin 52 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən qeydiyyatdan çıxarılmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-483/2021 saylı, 04.03.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Ələkbərova (İskəndərova) Nərmin İkram qızının ünvan 2 ünvanında yerləşən mənzili miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 20.08.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 14.04.1994-cü il tarixdə vəfat etmiş anası X5 qalmış miras əmlaka digər vərəsələrin olmasına baxmayaraq, yalnız onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-483/2021 saylı, 04.03.2020-ci il tarixli qətnaməsində digər varis X11 vərəsəlik hüququndan məhrum edilməsinə dair məlumat qeyd edilmədiyindən, miras əmlaka dair bütöv şəkildə onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı qeyd edilərək, İddiaçı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə edilmiş 18 seriyalı, ******* saylı ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X18 29.08.2021-ci il tarixdə Rusiya Federasiyanın Volqoqrad vilayəti, Kamışin şəhəri, Kalinina küçəsi, ev 115 ünvanında vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 18 seriyalı, ********* saylı ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X19 04.09.2021–ci il tarixdə Rusiya Federasiyanın Volqoqrad vilayəti, Kamışinski rayonu, Kamişin şəhəri, 4mkr., ev 6, mənzil 104 ünvanında vəfat etmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X23 ilə X8 nikahları 28.03.2017-ci il tarixdə Mingəçevir şəhərində bağlanmış və 59 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Ələkbərova” soyadı verilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçının anası mərhum X12 17.02.1983-cü il tarixdə X14 nikah bağlamaqla evlənmişdir. Onların birgə nikahından 01.01.1986-cı il tarixdə X19, xx.xx.1993-cü il tarixdə isə iddiaçı doğulmuşdur. Cavabdeh X20 isə xx.xx.1975-ci il tarixdə mərhum Əliyeva ( İskəndərova) Şahzadə Həmzə qızı ilə X21 birgə münasibətindən doğulmuşdur. X12 15.04.1994–cü il tarixdə, X10 29.08.2021-ci il tarixdə, X19 isə 04.09.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh X20 isə mübahisəli miras mənzildən uzun müddətdir çıxmış və onun harada olmas məlum deyildir. X1 ünvan 2 ünvanında yerləşən mənzil miras qalmışdır. X3 tərəfindən vəsiyyətnamə verilməmişdir. Ona görə də onun ölümündən sonra onun yalnız birinci növbəli qanun üzrə vərəsələri dairəsinə 3 nəfər uşağı və əri daxil olmuşdur. Hazırda əri X10 və uşağı X19 vəfat etmiş və onlardan sonra birinci növbəli vərəsə qalmamışdır. Cavabdeh X20 isə nə faktiki, nə də qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verməklə mirası qəbul etməmişdir. Lakin qanun üzrə vərəsələr dairəsinə daxil olan digər birinci növbəli vərəsə olan iddiaçı isə miras evdə yaşamaqla faktiki olaraq mirası qəbul etmişdir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici həm köhnə Mülki Məcəllənin 552-ci maddəsində, həm də qüvvədə olan Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, mərhum Şahzadə İskəndərova 15.04.1994-cü il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə 01.09.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. 01.09.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528–ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə onun ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı gün hesab olunur. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Məhkəmə, həmçinin hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik tətbiq edilməlidir. Məhkəmə, mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq belə hesab edir ki, X1 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 52,30 kv.m. olan mənzil miras qalmışdır. Məhkəmə, həmçinin mübahisənin qanuni və düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, X1 qalmış mirası, onun qanun üzrə birinci növbəli vərəsəsi olan iddiaçı qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq, yəni mübahisəli mənzildən miras açılan gündən başlayaraq, təyinatına uyğun qaydada istifadə etməklə faktiki olaraq qəbul etmişdir. Belə ki, iddiaçı birinci növbəli qanun üzrə vərəsə kimi həm miras qoyanın sağlığında, həm də onun ölümündən sonra mübahisəli miras mənzildə yaşamışdır. Bununla da iddiaçı mirası faktiki qəbul etmişdir. Lakin qanun üzrə birinci növbəli vərəsə olan cavabdeh X20 isə mirası nə faktiki, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişdir. Belə olan halda məhkəmə, X11 mirasın qəbul etməsinə dair qanunla müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə əməl etməməsini, yəni mirası nə faktiki, nə də notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməməsini nəzərə alaraq qənaətə gəlir ki, cavabdeh X20 mirasın açıldığını bilməsinə baxmayaraq, nə qanun üzrə birinci növbəli vərəsə, nə də vəsiyyət üzrə vərəsə kimi qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmək niyyətində olmamışdır. Belə ki, cavabdeh X20 qanunla müəyyən olunmuş müddət ərzində notariat kontoruna ərizə verməmiş, miras əmlakı idarə etməmiş, habelə dəfələrlə rəsmi qaydada çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməyərək susmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin qüvvədə olan 12.02.2015-ci il tarixli qətnaməsi ilə onun ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 52,30 kv.m. olan mənzilin tərkib hissəsindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin mirası qəbul etmək niyyəti olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə, hesab edir ki, vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Cavabdeh X20 mirası vaxtında qəbul etmədiyi üçün mirasdan pay almaq hüququnu itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Bununla yanaşı, məhkəmə cavabdehin X1 qalmış mirası faktiki qəbul etməməsi qənaətinə gələrkən, onun qeyri-müəyyən ünvanlarda yaşamasını və miras əmlakın abadlaşmasında və qorunub saxlanmasında iştirak etməməsini, o cümlədən qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməsini nəzərə almışdır. Belə ki, 01.09.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinin 1-ci bəndinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 552-ci maddəsinin 2-ci bəndinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinin 3-cü bəndinə əsasən bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Həmin Məcəllənin 552-ci maddəsinin 5-ci bəndinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli miras əmlak qanun üzrə vərəsə olan iddiaçı tərəfindən qəbul edildiyindən, iddiaçı X3nın vərəsəsi tanınmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq qənatə gəlir ki, cavabdeh X20 nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiyinə və susduğuna görə X1 miras qalmış əmlakdan ona çatası miras payı mirası qəbul etmiş digər qanun üzrə vərəsənin payına əlavə edilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdeh X20 qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiyinə və susduğuna, o cümlədən mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirmədiyinə görə X1 qalmış mirasdan pay almaq hüququnu itirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı X1 miras qalmış əmlaklara vərəsə tanınmalı, həmçinin ünvan 2 ünvanında yerləşən mənzildən iddiaçının miras payı tam həcmdə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T Dİ: İddia təmin edilsin. X1 qalmış miras iddiaçı Ələkbərova (İskəndərova) Nərmin İkram qızı tərəfindən faktiki qəbul olunduğundan, iddiaçı Ələkbərova (İskəndərova) Nərmin İkram qızı X1 qalmış mirasa vərəsə tanınsın. X1 miras qalmış, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 52,30 kv.m. olan mənzil üzərində İddiaçı Ələkbərova (İskəndərova) Nərmin İkram qızının miras payı tam həcmdə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1902/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1902/2021
15.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver