Məhkəmə qərarları › İş №2(051)-1908/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1908/2025

13.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1908/2025 13.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli ******* saylı Akt əsasında hesablanan 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. Hazırda ailə üzvləri ilə birgə ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. İndiyədək yaşadığı evdə təbii qazdan istifadə etmişdir və vaxtlı-vaxtında aylıq ödənişləri etmişdir. Bu müddət ərzində qaz sayğacı normal şəkildə işləmişdir. Qaz sayğacı isə onun mənzilinin içində deyil, binanın blokunda yerləşir, yəni sayğac onun nəzarətindən kənardadır. Hətta Qaz İdarəsinin əməkdaşlarına dəfələrlə bildirmişdir ki, sayğac xüsusi qoruyucu vasitə ilə örtülməlidir ki, kənar təsirlərdən qorunsun. Lakin İdarə əməkdaşları iddiaçının bu iradlarına da cavab verməmişlər. 27 May 2022-ci il tarixində qaz sayğacında problem yarandı, Mingəçevir Qaz İdarəsinin əməkdaşları gəldilər və sayğaca baxış keçirəndən sonra problemi həll edəcəklərini bildirdilər. 31 May 2022-ci ildə Cavabdeh X2 Qaz İdarəsinin əməkdaşları sayğaca baxış keçirmiş və ******* nömrəli 31 may 2022-ci il tarixli Akt tərtib etmişlər. Həmin Aktda qeyd edilmişdir ki, "sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib". Sayğaca baxış keçiriləndə və Akt tərtib olunanda sayğacın məhz onun və ya ailə üzvlərinin müdaxiləsi nəticəsində yararsız vəziyyətə salınmasına dair hər hansı bir əsasın olub-olmamasını soruşanda bu suala belə cavab verdilər ki, "təbii haldır, abonentin günahı deyil". Buna rəğmən iddiaçı həmin Aktı imzalamamışdır. Bundan sonra, Qaz İdarəsinin əməkdaşları ona bildirdilər ki, narahat olmayın, özləri yeni sayğac quraşdıracaqlar və məsələ həll olunacaq. Bundan sonra, onların qaz istifadəsi bərpa olundu və əvvəlki kimi normal qaydada qaz verilişi olurdu, ödənişləri də hər ay vaxtlı-vaxtında ödəmişlər. Yəni bütün bu müddət ərzində onlara heç kim nə şifahi, nə də yazılı şəkildə bildirməyib ki, onlara cərimə tətbiq edilmişdir. Yalnız 21 avqust 2025-ci il tarixində, yəni 2 gün öncə “ASAN Xidmət”də ev sənədləri ilə bağlı işlər görən zaman onlara məlum oldu ki, 518 manat 40 qəpik cərimə borcu var. Həmin borcun hansı səbəbdən yaranmasını öyrəndikdə ona bildirdilər ki, "problem köhnə problemdir. 2022-ci ildə sayğacda problem yarandığına görə tərtib olunan Akta görə cərimə yazılıb". Hətta həmin vaxtı belə həmin problemin səbəbini izah etməmişlər. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, o indiyə kimi qazdan istifadə ödənişlərini vaxtlı-vaxtında etmişdir, təqvim ili ərzində aylıq ödənişi 10-15 manat təşkil edir, iddiaçının evində kombi istilik sistemi də yoxdur ki, qazdan çox istifadə etsindər. Bunu ərizəsinə əlavə etdiyi Abonent saldosundan da görmək olar. Qeyd etmək istəyir ki, həmin aktın tərtib olunmasında Qaz İdarəsinin 3-4 əməkdaşı iştirak etmiş və imzalamışlar. Ümumiyyətlə həmin vaxt heç kim onun və ya ailə üzvlərinin sayğaca müdaxiləsini sübuta yetirməmişdir və buna görə də 518.4 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Belə ki, sayğac çıxarılan zaman Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən ona məhz onun və ya ailə üzvləri tərəfindən müdaxilə olunması aşkar edilməmişdir. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 518.4 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalı idi. Onun qardaşı X1 Qarabağ Müharibəsində şəhid olub. Bundan əlavə, yaxın qohumları və ailə üzvlərindən də X5 iştirakçıları var. Onlar uzun müddətdir ki, Mingəçevir şəhərində yaşayırlar və cəmiyyətdə normal davranışları ilə, vətənə sevgiləri və qanunlara riayət etmələri ilə seçilmişlər, belə qanunsuz və əsassız vəziyyətlə qarşılaşmamışlar. Odur ki, borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşayır. İndiyə qədər həmin evdə təbii qazdan istifadə etmişdir. Bu müddət ərzində qaz sayğacı normal işləmişdir. Həmçinin aylıq ödənişləri də vaxtlı-vaxtında etmişdir. Bu müddət ərzində cərimə barədə onlara yazılı və ya şifahi formada heç bir məlumat verilməmişdir. Borc məbləği 518 manat təşkil edir. Ev hazırda onun mülkiyyətində olsa da, bağışlama yolu ilə bir neçə ay öncə nəvəsinə bağışlamışdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 686 saylı arayışdan görünür ki, Ağdam rayonunda qeydiyyatda olan İddiaçı ünvan 1 ünvanında yaşayır. İşdə olan 06 iyun 2022-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə qazın verilişinə başlanmışdır. İşdə olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. İtirilmiş qazın həcminin hesablanıb, abonent tərəfindən ödənilməsi təmin olunması tələbi qoyulmuşdur. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, 31 may 2022-ci il tarixli, ******* saylı Akta əsasən 4320 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 29 fevral 2023-cü il tarixli aktdan görünür ki, ******* nömrəli qaz sayğacı **********9 nömrəli qaz sayğacı ilə əvəz edilmiş və həmin qaz sayğacı üzərinə 11765641 nömrəli plomb vurulmuşdur. İşdə olan Abonentin Saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına quraşdırılmış **********9 sayğacına 2022-ci ilin may ayına 518,40 manat qalıq borc hesablanmışdır. İşdə olan 02 aprel 1997-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 02 aprel 1997-ci il tarixli 3M10-149 reyestr saylı müqaviləsi ilə İddiaçı adına qeydə alınmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən ******* nömrəli qaz sayğacı **********9 nömrəli qaz sayğacı ilə əvəz edilmiş və həmin qaz sayğacı üzərinə 11765641 nömrəli plomb vurulmuşdur. Sonradan İddiaçı evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. İtirilmiş qazın həcminin hesablanıb, abonent tərəfindən ödənilməsi təmin olunması tələbi qoyulmuşdur. **********9 nömrəli qaz sayğacına 2022-ci ilin may ayına 518,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 -ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir, Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-mn və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna 2022-ci ilin may ayına hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna iddiaçının aidiyyəti olmadığından, cavabdeh hüquqi şəxsin subyektiv hüququ iddiaçı tərəfindən pozulmadığından, cavabdeh hüquqi şəxs tərəfindən yazılmış 518,4 manat borc pul silinməlidir. Azərbaycan Respublikasının MPM–in 77.1–ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə (Abonent kodu: **********00590) Cavabdeh tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 518,4 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc məbləği silinsin Cavabdehndən 30 (otuz manat) dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar