Məhkəmə qərarları › İş №2(051)-205/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-205/2025

05.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-205/2025 05.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik-hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik-hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər xüsusi notariusu tərəfindən X1 SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının 7732 №-li Mingəçevir bölməsində 58638, 05710083 və 7732/013 №-li Mingəçevir bölməsində 2271 №-li şəxsi əmanət hesabındakı qalıq pula X8 verilmiş xx.xx.2012-ci il tarixli 2V-03/2191 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Mingəçevir şəhəri DTİ və MHQİ tərəfindən X6 verilmiş xx.xx.1994-cü il tarixli 2/576 qeydəalma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli 2V-640 saylı, Cavabdeh4 verilmiş xx.xx.2023-cü il tarixli 2V-641 saylı, Cavabdeh3 verilmiş xx.xx.2023cü il tarixli 2V-642 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh2 adma Mingəçevir şəhəri, A.Puşkin küçəsi, 7 saylı evin 13 saylı mənzilinə verilmiş xx.xx.2023-cü il tarixli ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, X11 onun anasıdır. O, xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ondan Əmanət bankının Mingəçevir bölməsində pul və Mingəçevir şəhəri Puşkin küçəsindəki 7 saylı binanın ümumi sahəsi 45,7 kvm, yaşayış sahəsi 32,8 kvm, yardımçı sahəsi 12,9 kvm olan 2 otaqlı 13 saylı mənzil miras qalmışdır. Mirası qəbul etmək üçün o, vaxtında Mingəçevir Notariat kontoruna müraciət edib. Lakin notariat kontorunda onun ərizəsini qəbul etməyərək bildirmişlər ki, doğum haqqında şəhadətnamədə anasının adı “Lütviyyə” deyil, “Lətifə” kimi qeyd edilmişdir. Bundan sonra o doğum haqqında şəhadətnamədə anasının adının düzəldilməsi üçün müəyyən sənədləri toplamağa başlamışdır. Həmin dövrdə işləmək üçün ailəsi ilə birlikdə Rusiya Federasiyasına getdiyindən işi başa çatdıra bilməmişdir. 2023-cü ilin may ayında anasının adının doğum şəhadətnaməsində düzəldilməsi üçün sənədlər toplayıb Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Uzun çəkən prosesdən sonra Şəki İnzibati Məhkəməsi doğum şəhadətnaməsində anasının adının Lütviyyə qeyd edilməsi barədə xx.xx.2024-cü il tarixli, 2-1(116)2372/2024 saylı qərar qəbul etmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra doğum haqqında şəhadətnamədə anasının adı düzgün olaraq Lütviyyə kimi qeyd edilmişdir. Bundan sonra anasından qalmış mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Məlum olmuşdur ki, onun xəbəri olmadan mərhum qardaşı X13 (xx.xx.2014-cü ildə Moskva şəhərində vəfat etmişdir) 18 dekabr 2012-ci il tarixdə Mingəçevir şəhər xüsusi notariusuna müraciət edərək anasının adına Əmanət Bankındakı 3 ədəd şəxsi əmanət hesabındakı qalıq pula vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş və ərizəsində guya başqa vərəsə olmadığını göstərmişdir. Hətta 10 saylı MİS-nin rəisi də xx.xx.2012-ci il tarixli 1108 saylı saxta arayış verərək vərəsənin Elsevər Əliyevdən ibarət olduğunu göstərmişdir. Mingəçevir şəhər Xüsusi Notariusu Nidayət Rzayev də X1 SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının 7732 №-İi Mingəçevir bölməsində 58638, 05710083 və 7732/013 №-İİ Mingəçevir bölməsində 2271 №li şəxsi əmanət hesabındakı qalıq pula X8 xx.xx.2012-ci il tarixli 2V-03/2191 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadənamənin tamamilə qanunsuz olduğunu qeyd etmişdir. Belə ki, Elsevər Əliyevin doğum şəhadətnaməsində anasının adı “Lətifə”dir. Yəni Lütviyyənin miras əmlakı “Lətifənin”oğluna necə verilə bilər? Digər tərəfdən o, vərəsə olduğu halda, onun rəyi soruşulmamış, guya tək vərəsə Elsevər Əliyevmiş kimi miras əmlaka dair şəhadətnamə verilmişdir. Bundan başqa ona bu yaxınlarda məlum olmuşdur ki, doğum şəhadətnaməsində anasının adının düzəldilməsi üçün sənədlər hazırlayıb məhkəməyə müraciət etdiyi vaxt, mərhum Elsevər Əliyevin həyat yoldaşı Cavabdeh2 və onun qızları anasından miras qalmış mənzilə vərəsəlik şəhadətnaməsi almaq üçün xx.xx.2023-cü il tarixdə Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişlər. Ərizədə göstərmişlər ki, mənzil E.Əliyevə anasından qalmış və vərəsə yalnız onlardır. Notariat ofisində ətraflı araşdırma aparılmadan, Lütviyyə Əliyevanın vərəsələrinin dairəsi aydınlaşdırılmadan elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh2 və onun qızları Fidan və Cavabdeh4lərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik şəhadətnamələri əsasında da DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən mənzil Cavabdeh2 adına xx.xx.2023-cü il tarixli (vərəsəlik şəhadətnaməsi veriləndən cəmi 2 gün sonra) ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bütün işlərin cəmi 2-3 gün ərzində tələsik həyata keçirilməsi müəyyən şübhələr doğurmuş və onun doğum şəhadətnaməsində ana adının düzəliş edildikdən sonra mirasla bağlı iddia qaldırmağının qarşısını almağa hesablanmışdır. Əks halda indiyə kimi bu məsələni niyə qaldırmamışlar? Qardaşı və həyat yoldaşı onun qanun üzrə vərəsə kimi mövcudluğunu gizlədib yeganə vərəsə kimi anasından qalmış qalıq pul vəsaitini və mənzili ələ keçirmişdir. Nəticədə onun qanun üzrə vərəsə kimi hüququ kobud şəkildə pozulmuşdur. Anasından qalmış mirası qəbul etməklə bağlı vaxtında müraciət etmiş, lakin ana adının doğum şəhadətnaməsində düzgün qeyd edilməməsinə görə müraciəti qəbul olunmamışdır. Cavabdeh2 isə heç kimə xəbər vermədən vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Halbuki o, anası Lütviyyə Əliyevanın ölüm haqqında şəhadətnaməsini almaq üçün Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə müraciət etsə də ona verməmişlər və bildirmişlər ki, doğum şəhadətnaməsində anasının adı Lətifə yazılıb. Ancaq eyni vəziyyətdə olan qardaşı və onun həyat yoldaşı hansı yollarlasa ölüm şəhadətnaməsini əldə edə biliblər. Ona görə də anası X6 məxsus pul əmanətinə dair mərhum X8 verilmiş və miras mənzilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmiş vərəsəlik şəhadətnamələrinin, bunun əsasında mənzilə verilmiş çıxarışın ləğv edilməsini barədə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, X11 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt iddiaçı onlarla yaşamamışdır. Belə ki, İddiaçı 1996-cı il tarixdə ailə həyatı quraraq həmin evdən köçmüş və qeydiyyatdan da çıxmışdır. Həmin vaxt mənzildə Elsevər və onun ailəsi yaşamışdır. İş materiallarında olan MİS arayışda X11 vəfat edən zaman həmin mənzildə yaşamış Elsevər yeganə vərəsə kimi göstərilmiş və mirası qəbul etmişdir. İddiaçının ad səhvliyi ilə bağlı məsələsinə qarşı isə vərəsəlik haqqında şəhadətnamədə Əliyeva Lütviyyənin adının düzgün yazıldığını qeyd etmişdir. Anasının 2000-ci ildə vəfat etdiyini nəzərə alaraq iddiaçının 24 il sonra bu məsələ ilə bağlı müraciət etməsini, eləcə də qardaşı həmin vaxt anadan qalmış pulu götürərkən məlumatı olduğunu, lakin heç bir hərəkət etmədiyini bildirmişdir. Əliyev Elsevər mirasın bir hissəsini qəbul etdikdən sonra qəfil 2012-ci il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdehlər Cavabdeh2 və övladları Fidan və Lütviyyə Elsevərin vərəsələri kimi müraciət etmiş, miras vərəsə kimi tanınmış və onlara miras payın qalan hissəsi paylara uyğun verilmişdir. Daha sonra uşaqları Fidan və Lütviyyə miras paydan anaları Vəfanın xeyrinə imtina etmişlər və mirasa tam payla Cavabdeh2 şəhadətnamə verilmişdir. Odur ki, məhkəmədən iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi məhkəməyə müraciət edərək, üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik-hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 298458 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1991-ci il tarixdə ölmüşdür. AZ-V seriyalı 015465 №li xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1974-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası X12, anası X15 qeyd edilmişdir. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 408395 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2000-ci il tarixdə ölmüşdür. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2372/2024 saylı qərarından görünür ki, İddiaçı iddiası təmin edilmiş, Mingəçevir şəhər Qeydiyyat şöbəsinin üzərinə xx.xx.1974-cü il tarixli, 875 № ilə qeyd edilmiş doğum haqqında akt qeydində İddiaçı anası qrafasında adının Lətifədən Lütviyyəyə düzəliş edilməsi öhdəliyi qoyulmuşdur. xx.xx.2023-cü il çap tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 45.7 kv.m., yaşayış sahəsi 32.8 kv.m., yardımçı sahəsi 12.9 kv.m. olan 2 otaqdan ibarət mənzil X5 vərəsəsi X7 vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/3 hissədə pay alması barədə şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il çap tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 45.7 kv.m., yaşayış sahəsi 32.8 kv.m., yardımçı sahəsi 12.9 kv.m. olan 2 otaqdan ibarət mənzil X5 vərəsəsi X7 vərəsəsi Cavabdeh4 miras əmlakdan 1/3 hissədə pay alması barədə şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il çap tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 45.7 kv.m., yaşayış sahəsi 32.8 kv.m., yardımçı sahəsi 12.9 kv.m. olan 2 otaqdan ibarət mənzil X5 vərəsəsi X7 vərəsəsi Cavabdeh3 miras əmlakdan 1/3 hissədə pay alması barədə şəhadətnamə verilmişdir. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzildə X13 (vəfat edib), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aktiv statusunda qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2006-cı il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. xx.xx.2012-ci il tarixli 1108 №li 10 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, X2 Lütviyyə Musa qızı öldüyü günədək ünvan 5 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. X3 miras əmlakı qəbul etdiyini nümayiş etdirmiş və miras qoyan öldüyü gündən 6 ay ərzində həmin ünvanda passport qeydiyyatında olan vərəsəsi X13 olmuşdur. xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2000-ci ildə vəfat etmiş X5 vərəsəsi X9r. Şəhadətnamə verilən miras əmlak Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının 7732 №li Mingəçevir bölməsində 58638, 05710083 və Mingəçevir bölməsində 2271 №li şəxsi əmanət hesabındakı qalıq puldan ibarətdir. 855017 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2014-cü il tarixində Rusiya Federasiyası, Moskva şəhərində vəfat etmişdir. xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh4 və Əlizadə X4 şəhər, A.Puşkin küçəsi, ev 7, mənzil 13 ünvanında yerləşən mənzilə düşən vərəsəlik paylarını bəxşiş kimi Cavabdeh2 bağışlamışdır. İşin müəyyən olunmuş halı: İddiaçının anası xx.xx.2000-ci il tarixdə ölmüşdür. Cavabdehlərdən biri iddiaçının qardaşı arvadı, digərləri qardaşının uşaqlarıdır. İddiaçının qardaşı anasından qalan miras əmlakı qəbul etmişdir. İddiaçının qardaşı xx.xx.2014-cü ildə ölmüşdür. Qardaşından qalan miras əmlakı uşaqları və arvadı qəbul etmişdir. Tətbiq edilən hüquq: xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə 78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir. Maddə 82. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Miras qoyan X11 06 yanvar 2000-ci il tarixdə öldüyündən miras həmin gün açılmışdır. Buna görə də mübahisəli hüquq münasibətinə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiyalarından göründüyü kimi iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı müddətin ötürülməsinin üzrlü səbəbləri kimi vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı gedən proseslərdən xəbərinin olmamasını göstərmişdir. Halbuki, anasının vəfat etməsindən və ondan sonra miras əmlakın qalmasından xəbəri olmuşdur. İddiaçının qardaşı anasından miras qalmış əmlakı qanunda nəzərdə tutulmuş müddət ərzində qəbul etdiyindən 24 ildən artıq müddət keçməsinə baxmayaraq, məhkəmə iddiaçının bundan yeni məlumatlı olmasını inandırıcı hesab etmir. İddiaçı həqiqətən də miras açıldığı vaxtdan vərəsəlik hüququnun qeydə alınması üçün gedən proseslərdən 24 il keçməsinə baxmayaraq, xəbərsiz olduğunu sübuta yetirə bilməmişdir. Eyni zamanda iddiaçı anasından qalmış miras əmlakı faktiki surətdə idarə etməyə başlamamış, mirasa yiyələnməmişdir. İddiaçı anası vəfat etdikdən sonra miras əmlak barədə hüquqi hərəktləri həyata keçirmək imkanına malik olmuşdur ki, o, bu hərəkətləri həyata keçirməmiş və istinad edilən qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddətini ötürmüşdür. Hazırki halda onun istinadları iddia müddətinin ötürülməməsi anlamını ifadə edə bilməz. Buna görə də iddiaçının notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbinə dair iddiasıtəmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik-hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar