Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2131/2022 18.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz yazılmış 467.88 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri, Z.Həsənova küçəsində yerləşən 10 saylı evin 2 saylı mənzili atası X1 məxsus olmuşdur. O isə Z.Həsənova küçəsində yerləşən 10 saylı evin 1 saylı mənzilində yaşayır. Atası xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Onun adına olan bütün ödənişlər onun adına gəlir. Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən yaşadığı evə qaz sərfiyyatının hesablanması üçün həyətyanı sahəsinin çöl tərəfinə sayğac quraşdırılmışdır. Fərdi yaşayış evinə qazın verilməsi əvvəllər normal olmuşdur. Hər ay əvvəlcədən Cavabdehın əməkdaşları tərəfindən bildiriş-xəbərdarlıq verildikdən sonra, bildiriş üzrə borcları hissəhissə, yaxud tam formada ödəmişdir. Lakin, Cavabdeh əməkdaşları 30 dekabr 2021-ci il tarixdə atasına məxsus Mingəçevir şəhəri, Z.Həsənova küçəsindəki 10 saylı evin 1 saylı mənzilinə aid qaz sayğacına baxış keçirtmiş, bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktda hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi, sayğacın çıxış plastmas borusunun istilik nəticəsində əzildiyini və sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı qeyd olunmuşdur. Bunun da əsasında ona 467.88 manat məbləğdə borc yazılmışdır. O həmin aktı və ona yazılmış borcu əsassız hesab edir. Belə ki, 18 avqust 2021-ci il tarixdə “Qaz 3302” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 həmin avtomobili Mingəçevir şəhərinin Z.Həsənova küçəsində idarə edərkən atasına məxsus mənzildə quraşdırılmış və onun adına qeydə alınmış qaz sayğacını vurub əzmişdir. Bunun da nəticəsində X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat miqdarda inzibati cərimə olunmuşdur. Göründüyü kimi qaz sayğacı onun cavabdehliyi sərhəddində quraşdırılmamış və onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Sayğacı "‘Qaz 3302” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 əzmiş və buna görə də inzibati tənbeh almışdır. Belə olan halda ona yazılmış borc silinməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə cavabdeh hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan X6 İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2021–ci il tarixli 219 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı– satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçıya xidmət edən qaz xətti üzərində G–4 markalı qaz sayğacı quraşdırılmışdır. İşdə olan qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli MSK-29/1710- 05538-1 saylı aktdan görünür ki, qaz sayğaclarına xx.xx.2021-ci il tarixdə Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən baxış keçirilmiş və G–4 markalı qaz sayğacının çıxış plasmas borusunun istilik nəticəsində əridiyi və oturacaqdan aralandığı müəyyən edilmişdir. İşdə olan təbii X2nın pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, G–4 markalı qaz sayğacına ümumi baxış keçirilmiş və həmin qaz sayğacının çıxış plasmas borusunun istilik nəticəsində əridiyi və oturacaqdan aralandığı müəyyən edilmişdir. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, ******* nömrəli qaz sayğacı **********7 nömrəli qaz sayğacı ilə əvəz edilmiş və həmin qaz sayğacı üzərinə 11432937 nömrəli plomb vurulmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4320 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyan hesablanmışdır. İşdə olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına quraşdırılmış **********7 saylı qaz sayğacına 467.88 manat qalıq borc hesablanmışdır. İşdə olan inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN ******* saylı qərardan görünür ki, X3 idarə etdiyi avtomobillə hərəkət edərək qaz kəmərini vurub qırmış və hadisə yerindən çıxıb getmişdir. Buna görə də o, AR İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, məişət qaz qurğusu istifadəçisi olan iddiaçı ilə qaz paylayıcısı olan cavabdeh arasında təbii qazın alqı–satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilmiş hesaba ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün xx.xx.2021–ci il tarixdə 11432937 nömrəli plomb vurulmuş qaz sayğacı quraşdırılmışdir. Lakin cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istisimara qəbulu haqqında xx.xx.2021–ci il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən sökülmüş sayğac laboratoriyada baxış keçirilməsi üçün göndərilmişdir. Həmin sayğaca xx.xx.2021-ci il tarixdə Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən baxış keçirilmişdir. Həmin baxış zamanı qaz sayğacının çıxış plasmas borusunun istilik nəticəsində əridiyi və oturacaqdan aralandığı qeyd edilmişdir. Ondan sonra cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən xx.xx.2021–ci il tarixdə X2nın pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən qaz sayğacının çıxış plasmas borusunun istilik nəticəsində əridiyi və oturacaqdan aralandığı göstərilmişdir. Həmin pozuntu aktı əsasında cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya 4320 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən iddia tələbinə qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia əsaslıdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında təbii qazdan istifadəyə görə alqı–satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqaviləyə əsasən paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək, “X2nın” tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək və sair vəzifələr daşımışdır. Lakin həmin müqavilədə yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış qaz sayğacının və plombun toxunulmazlığını təmin etmək iddiaçının vəzifəsi kimi müəyyən edilməmişdir. Çünki ictimai yolda quraşdırılmış qaz sayğacına iddiaçının nəzarət etməsi, faktiki olaraq mümkün sayıla bilməz. Həmçinin iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi X3 idarə etdiyi avtomobillə hərəkət edərək qaz kəmərini vurub qırmış və onun barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati protokol tərtib edilərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Belə olan halda iddiaçının mübahisəli sayğaca müdaxilə etməsi də inandırıcı görünmür. Həmçinin, iddiaçı tərəf isə həmin müdaxilə faktını etiraf etməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehə ziyan iddiaçının təqsirli hərəkəti nəticəsində dəyməmişdir. Eləcə də, cavabdehə dəymiş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqə olduğu müəyyən edilməmişdir. Ona baxmayaraq, cavabdeh təşkilat formal şəkildə tərtib edilmiş pozuntu aktına istinad edərək, həmin hüquq pozuntusunun iddiaçı tərəfindən törədilməsi haqqında qərar qəbul etmişdir. Halbuki, cavabdehə dəymiş ziyanın iddiaçı tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. Bununla da cavabdeh təşkilat öz üstün mövqeyinə əsaslanaraq hüquqdan sui–istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1–ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2–ci maddəsinə əsasən hüquqdan sui–istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh təşkilat qaz paylayıcısı kimi iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətə ödənişsiz qaydada dövlət yoxlamasından keçirmək vəzifəsi daşımasına baxmayaraq, onu etməmişdir. Halbuki, cavabdeh təşkilat qaz paylayıcısı kimi istehlakçının, yəni iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3–cü maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi hüquqdan sui–istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11–ci maddəsinin 6– cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13–cü maddəsinin 9–cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 6–cı maddəsinin 2–ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 6.7–ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2–ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5–ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7–ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarında qazın alqı–satqısı və digər şərtləri yalnız qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməli, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi, həmçinin işlək vəziyyətdə saxlanması isə qaz paylayıcısının hesabına təmin edilməli olduğu, eləcə də qaz qurğusu sahibinə dəymiş ziyana görə yalnız qaz qurğularına bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxsin məsuliyyət daşıdığı imperativ şəkildə göstərilmişdir. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı–satqısına dair müqavilə bağlanmış, iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün ictimai yolda sayğac quraşdırılmış, qaz paylayıcısı olan cavabdeh tərəfindən yoxlamadan keçirilməmiş, lakin qaz paylayıcısı xx.xx.2021–ci il tarixdə iddiaçıya xidmət edən qaz sayğacının istismar müddəti bitdiyi üçün sayğaca baxış keçirmiş və onu yenisi ilə əvəz etmişdir. Bundan sonra G–4 markalı ******* nömrəli qaz sayğacının çıxış plasmas borusunun istilik nəticəsində əridiyi və oturacaqdan aralandığı göstərmişdir. Lakin cavabdeh təşkilatın mütəxəssisləri həmin müdaxilənin kimin tərəfindən və hansı şəraitdə törədildiyi barədə heç bir zəruri araşdırma aparmadan, həmçinin heç bir sübuta əsaslanmadan formal şəkildə dəymiş ziyana görə iddiaçının təqsirli olması qənaətinə gəlmişdir. İddiaçı isə həmin müdaxilə faktını etiraf etməmiş və qaz sayğacına başqa bir şəxsin avtomobil ilə zərər vurduğunu bildirmişdir. Həmin şəxsin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Belə olan halda cavabdeh təşkilat ilk növbədə qaz qurğularına bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində ziyan vuran şəxsin məhz iddiaçı olmasını, həmin ziyanının məhz iddiaçının hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyinin və onun hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqənin olmasını əsaslı şübhələrdən kənar sübutlarla təsdiq etməli idi. Lakin cavabdeh təşkilat yalnız həmin sayğacın iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılması faktına istinad etməklə dəymiş ziyana görə iddiaçını təqsirli hesab etmişdir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün tətbiq edilməli olan mülki hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında mülki məsuliyyət daşıması üçün bilavasitə onun hərəkətlərində mülki hüquq pozuntusu törətməsi halı məcmu halında mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəf G–4 markalı ******* nömrəli sayğacın üzərində olan plomba hər hansı bir kənar müdaxilənin olduğunu aşkar etməmiş, həmçinin iddiaçının hərəkətlərində cavabdeh təşkilata zərər vurulmasına səbəb olan hüquqa zidd hallar müəyyən etməmişdir. Bu da onu deməyə əsas verir ki, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi, işdə olan sənədlərlə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna iddiaçının aidiyyəti olmadığından, cavabdeh hüquqi şəxsin subyektiv hüququ iddiaçı tərəfindən pozulmadığından və iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh hüquqi şəxs tərəfindən tərtib edilmiş X2nın pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı qərar əsassız olduğu üçün ləğv edilməli və həmin qərar əsasında iddiaçının abonent koduna qanunsuz hesablanmış 467.88 (dörd yüz altmış yeddi manat səksən səkkiz qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikasının MPM–in 77.1–ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş dəymiş ziyanın həcminin hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərar ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00020 saylı abonent koduna hesablanaraq daxil edilmiş 467.88 (dörd yüz altmış yeddi manat səksən səkkiz qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2131/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2131/2022
18.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver