Məhkəmə qərarları › İş №2(051)-226/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-226/2024

15.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-226/2024 15.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi «fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 26 yanvar 2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, 26 yanvar 2005-ci ildə anadan olmuş X5 onun oğludur. Oğlu Ülvi anadan gəlmə xəstədir. Belə ki, İ qrup əlil olmaqla “Çox ağır əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu ilə müşayiət olunan enurez və enkoprez. Kənar şəxslərin daima köməyinə və qulluğuna ehtiyacı var.” diaqnozu ilə 13 fevral 2019-cu ildən Mingəçevir Psixo-Nevroloji Dispanserində psixiatrik müşahidəyə götürülmüşdür. Oğlu çox ağır əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə edə bilmir. Ülvi hazırda ev şəraitində müalicə olunur və ona qəyyum təyin olunmalıdır. Bununla bağlı o, Maraqlı şəxs1nə müraciət etdi. Lakin oradan ona məhkəməyə müraciət etməli olduğu tövsiyyə olundu. O bu faktı başqa cür müəyyən edə bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli oldu. Ona görə də ərizəçi məhkəmədən 26 yanvar 2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 Qəyyumluq və Himayəçilik Orqanı və Mingəçevir şəhər X7 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilsə də nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan AZ-T seriyalı, 082021 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində doğulmuşdur. X1 anası isə Ərizəçidır. İş materiallarında olan Mingəçevir Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 22, mənzil 1-də yaşayan 2005-ci il təvəllüdlü X6 xx.xx.2019-cu ildən Mingəçevir Psixo-Nevroloji Dispanserində “Çox ağır əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu ilə müşayiət olunan enurez və enkoprez. Kənar şəxslərin daima köməyinə və qulluğuna ehtiyacı var.” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İş materiallarında olan Maraqlı şəxs1 Başçısı tərəfindən verilmiş cavab məktubundan görünür ki, Ərizəçi oğlu çox ağır əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi, öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyətli şəxs hesab olunmur. Bu cür şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilər. Bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında oğlu üzərində qəyyum təyin edilə bilər. Odur ki, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, onun 1-ci dərəcəli əlil olan oğlu üzərində patron təyin edilməyi üçün qanuni əsas yoxdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə portaldan çıxarışdan görünür ki, X6 birinci dərəcə əlildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 852 saylı Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə məhkəmədə müəyyən edildi ki, ərizəçinin oğlu X6 xx.xx.2005-ci il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində doğulmuşdur. X6 anadangəlmə əqli qüsurlu doğulmuşdur. Daimi müalicə olunsa da bir müsbət nəticə olmamışdır. 2019-cu ildən Mingəçevir Psixo-nervoloji Dispanserində “Çox ağır əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu ilə müşayiət olunan enurez və enkoprez. Kənar şəxslərin daima köməyinə və qulluğuna ehtiyacı var.” diaqnozu ilə qeydiyyatdadır. O, öz hərəkətlərinin mənasını başa düşmür, eləcə də öz hərəkətlərini idarə edə bilmir. Bu günə qədər nəzarət altındadır. Müxtəlif sosial problemləri yerinə yetirmək üçün müxtəlif əqdlər, müqavilələr bağlanmalıdır, lakin X6 psixi xəstəliyə düçar olduğundan bütün bunları edə bilmir. Odur ki, ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmamasını, onun daim kənar şəxsin köməyinə ehtiyacının olmasını və ekspertiza rəyini nəzərə alıb məhkəmə hesab edir ki, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 317-321, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs X6 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar