Məhkəmə qərarları › İş №2(051)-267/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-267/2023

14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-267/2023 14.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ona əsassız yazılmış 1036.8 manat məbləğdə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, 88 yaşı var. Mingəçevir şəhəri Təbriz küçəsi 60№-li evin 2№-li mənzilində yaşayır. 2022-ci ilin iyun ayında qaz idarəsinin işçiləri onun mənzilinə quraşdırılmış qaz sayğacını söküb götürdülər, yenisi ilə əvəz etdilər. Ona bildirdilər ki, qaz sayğaclarını dəyişdirirlər. Noyabr ayında məlum oldu ki, onun adına olan qaz sayğacına 1036.8 manat cərimə hesablanıb. Onlar işlətdikləri qazın pulunu hər ay ödəyirlər ki, borc yığılıb qalmasın. 1036.8 manat pulun hesablanması səbəbini öyrəndikdə məlum olmuşdur ki, guya onun mənzilinə əvvəl quraşdırılmış sayğacın plombu əzilib. Sayğaca onun və ya ailəsinin digər üzvü tərəfindən heç vaxt müdaxilə olmadığını, plombun əzilməsini də görmədiklərini, cərimənin haqsız olaraq yazılmasını bildirsə də heç bir nəticəsi olmadı. Hesab edir ki, mənzilinə quraşdırılmış sayğaca hesablanmış 1036.8 manat borc əsassızdır. İddianın təmin olunmasını, həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 30 iyun 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, ******* nömrəli qaz sayğacı **********4 nömrəli qaz sayğacı ilə əvəz edilmiş və həmin qaz sayğacı üzərinə 12357241 nömrəli plomb vurulmuşdur. Sayğacın çıxarılma səbəbi aydın deyil. İşdə olan təbii X1nın pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktda göstərilir ki, ******* nömrəli sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib. Sayğac istismara yararsızdır. İşdə olan 28 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8640 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyan hesablanmışdır. İşdə olan Abonentin Saldosundan görünür ki, **********4 №li qaz sayğacına 1036.8 manat qalıq borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. İş materialları ilə müəyyən edildi ki, dəymiş ziyanın bərpasına dair tələbnamə ilə itirilmiş qaz 8640 m3 hesablanmış, nəticədə iddiaçıya 1036.8 manat borc yazılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”-nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı müqavilənin 2.2.5-ci bəndinin istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) olmuşdur. Lakin abonentin hərəkət və ya hərəkətsizliyinin nədən ibarət olması məlum deyil. Belə ki, sayğaca məhz abonent tərəfindən müdaxilə olunması və yaxud quraşdırılmış sayğacın qorunub-saxlanması vəzifəsinin abonentə aid olması barədə onunla bağlı müqavilə bağlanması müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1–ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh təşkilat qaz paylayıcısı kimi iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətə ödənişsiz qaydada dövlət yoxlamasından keçirmək vəzifəsi daşımasına baxmayaraq, onu etməmişdir. Halbuki, cavabdeh təşkilat qaz paylayıcısı kimi istehlakçının, yəni iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11–ci maddəsinin 6–cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqısı, müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın 6.7–ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.7–ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün tətbiq edilməli olan mülki hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında mülki məsuliyyət daşıması üçün bilavasitə onun hərəkətlərində mülki hüquq pozuntusu törətməsi halı məcmu halında mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt əsasında **********4 №li qaz sayğacına hesablanmış 1036.8 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. 0356555 nömrəli, xx.xx.2022-ci il tarixli akt əsasında **********4 №li qaz sayğacına hesablanmış 1036.8 (bir min otuz altı manat səksən qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar