Məhkəmə qərarları › İş №2(051)-316/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-316/2021

22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-316/2021 22.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyev Aləmzar Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək onun şərəf və ləyaqətini alçaldan, eləcə də işgüzar nüfuzuma xələl gətirən Cavabdeh üzərinə 1) ondan yazılı formada üzr istəməsinə dair yaşadığı ünvana təkzib məktubu göndərmək bir vəzifə olaraq qoyulsun və 2) Cavabdeh onun xeyrinə 2000 (iki min) manat miqdarında ona dəymiş mənəvi zərərin və məhkəməyə müraciət üçün dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manatın tutularaq ona verilməsinə dair qətnamə çıxarasılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, xx.xx.1965-ci ildə Rusiyada anadan olmuşdur. Hazırda Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 1, mənzil 21-də yaşayır. Bütün qonşularla normal, mehriban münasibətdədi, heç kimlə düşmənçilik və ya ədavəti yoxdur. 2008-ci ildən başlayaraq səhhəti pisləşmişdir. Həmin ildə zobdan əməliyyat olunmuşdur. 2008-ci ildə ona X1 Rayonlararası onkoloji Dispanseri tərəfindən “qalxanabənzər vəzinin embrional quruluşunun sol hissəciyinin adenonması, sağ hissəciyinin follekulyar adenonması” diaqnozu təyin edilmişdir. 2017-ci ildən şəkərli diabed xəstəsidir. Müntəzəm olaraq müalicə və müayinə olunur. xx.xx.2019-cu ildə Regional Hospital tərəfindən “Qalxanvari vəzin V=14.1 L ölçüdə düyünü Adenoması” diaqnozu təyin edilmiş və “dinamik həkim nəzarəti” tövsiyyə edilmişdir. xx.xx.2019-cu ildə X3 tərəfindən “taxikardiya, müşahidə olunması” diaqnozu ilə EXO kardioqrafiya müayinəsi aparılmışdır. xx.xx.2020-ci ildə X1 həkim-endokrinoloqu tərəfindən “Radioaktiv yod müalicəsi üçün” Bakı şəhərində yerləşən EGE Hospital klinikasına göndərilmə təyinatı verilmişdir. xx.xx.2020-ci ildə Milli Onkologiya Mərkəzində Radionuklid diaqnostika olunmuşam və “sol süd vəzində duktektaziya” müşahidə olunmuşdur. 2018-ci ildən başlayaraq, müntəzəm şəkildə ultrasəs müayinəsi alıram, daimi həkim nəzarətindəyəm, hər gün dərmanlar qəbul edirəm. xx xxxxxx 2020-ci il tarixdə həyat yoldaşı binanın blokundakı kanalizasiya borusunu təmir edən qonşusu Cavabdeh ərinə “bu boru bütün bina üçün infeksiya mənbəyidir, pis iy-qoxu gəlir” sözü deməsi narazılıqla qarşılanmışdır. Halbuki, həyat yoldaşının qonşu ilə hər hansı bir problem və ya münaqişə yaratmaq, onu təhqir etmək niyyəti olmayıb. Bundan dərhal sonra, Cavabdeh hay-küy salaraq, onların evinə daxil olmuş və həm onu, həm də ərini çox pis, əxlaqa zidd, nalayiq söz və ifadələrlə təhqir etmişdir. Ona “əxlaqsız qadınlara” deyilən sözləri demişdir. Hətta bu azmış kimi, sırf onu əsəbləşdirmək niyyəti ilə cavan yaşında rəhmətə getmiş oğlu Elcanın da ruhunu təhqir etmiş və söyüş söymüşdür. Sonda isə Bakı şəhərində yaşayan və bu işə heç bir aidiyyəti olmayan qızı Gülcanı və onun ərini də çox pis söyüşlər söyərək təhqir etmişdir. Cavabdeh bu söyüşləri yüksək səslə, qışqıraraq etmişdir ki, bütün bina sakinləri eşitsin. Bu hadisədən sonra onun səhhəti pisləşdi, sağlamlığında ciddi problemlər yarandı. İynə və dərmanlar qəbul edəndən sonra bir qədər özünə gəlib və halı normallaşmışdır. Bu hadisədən bir qədər sonra nəvəsi azyaşlı Assunu binanın qarşısında gəzdirən zaman Cavabdeh öz evinin eyvanından yüksək səslə yenidən onu və bütün ailə üzvlərini təhqir etməyə, çox pis, əxlaqsız söyüşlər söyməyə başlamışdır. Bütün bu söyüş və təhqirləri nəinki yaşadığı binanın, hətta həyətdə oturan, dincələn qonşu binanın sakinləri də eşitmişdi. Bundan sonra, onun vəziyyəti yenidən pisləşmiş, şəkəri 400-ə qalxmış, təzyiqi isə 200-ə qalxmış, həmin anda ürək döyüntüləri 1170-ə qalxmışdı. Yenə də çoxlu sayda iynə, dərman və sistem köçürüləndən sonra birtəhər özünə gəlmişdir. Lakin bu hadisədən sonra onda təngnəfəslik başlamış, normal nəfəs ala bilməmişdir. 04 sentyabrda kürəkəni onları Bakı şəhərinə aparmış və orda müalicə almışdır. Ümumilikdə, Bakı şəhərində aldığı müalicə, verdiyi analizlər, həkim müayinələri və dərmanlara 500 (beş yüz) manat pul xərcləmişdir. Cavabdehin belə tərbiyəsiz hərəkətləri nəticəsində mən arzuolunmaz vəziyyətə düşmüş, xüsusilə rəhmətlik oğlunun ruhuna qarşı belə şərəfsizlik etməyi, azyaşlı nəvəsinin yanında onu və ailəsini təhqir etməsi, onun qonşular və yaxın çevrəsində olan insanlar içərisində olan işgüzar nüfuzuma, eləcədə cəmiyyət arasında etibarına ciddi ziyan vurmaqla mənə mənəvi sarsıntı və iztirablar formasında mənəvi zərər dəymişdir. Cavabdeh həqiqəti əks etdirməyən, normal insana xas olmayan, mənəviyyatdan kənar, tərbiyəsiz davranışları və zorakılığı səbəbindən çəkdiyi mənəvi sarsıntılar nəticəsində psixoloji durumumda ciddi mənfi hallar hiss etmiş və bu hadisə onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Hazırda əmək fəaliyyətini yerinə yetirməyi bir xeyli çətinləşmiş durumdadı. Həmçinin cavabdehin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasındada mənəvi zərər vurulmuşdur. Baş vermiş hadisədən sonra onlar Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmiş, onların və qarşı tərəfin izahatlarını almışlar. Lakin yekunda məhkəməyə müraciət etməyi tövsiyə etmişdilər. Cavabdeh onu və ailəsini təhqir etməyə davam edir. Demək olar ki, hər gün həyat yoldaşına söyüş söyürdü. Həyat yoldaşı 2012-ci ildə infarkt keçirib, o da onun kimi daim müalicə və müayinə olunur. Cavahden son günlər, nəinki onu, hətta onunla həmfikir olan digər qonşularını da “sizi saçınızdan tutub sürüyəcəm” deyərək təhdid etmişdir. Hətta digər qonşular arasında onların ailəsinə qarşı “Azərbaycanda lazımsız millətlər var, onları rədd etmək lazımdır” ifadələri işlətməklə ona və ailəsinə qarşı dini və milli zəmində ayrı-seçkilik etmişdir. Halbuki, onlar demokratik, tolerant, multikultural ölkədə yaşayır. Ölkə başçısı, cənab İlham Əliyev hər zaman öz çıxışlarında, qərarlarında qeyd edir ki, “Azərbaycan çoxmillətli, multikultural ölkədir və heç bir millətin nümayəndəsinə qarşı milli və ya dini zəmində ayrı-seçkilik ola bilməz”. Bir sözlə, Cavabdeh öz əxlaqsız, tərbiyəsiz davranışı ilə seçilir, daim onları təhqir etmiş, müxtəlif şər və böhtanlarla hədələmişdir. Cavabdeh tərəfindən ona dəymiş maddi zərər 500 (beş yüz) manat dəyərində qiymətləndirmiş, çünki aldığı müalicə, analizlər, dərmanlar və müayinə üçün ödədiyi məbləğ 500 manat təşkil etmişdir. Eyni zamanda, cavabdehin hərəkətləri nəticəsində mənəvi iztirab keçirmiş, yəni sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Bu səbəbdən cavabdehdən mənəvi ziyan üçün 1500 manat tələb etmişdir. Ona görə də, cavabdeh, onun şərəf və ləyaqətini alçaldan, həqiqətə uyğun olmayan məlumatların yayılmasından ibarət olan hüquqazidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzini verməlidir. Ona görə də Cavabdeh tərəfindən onun şərəf və ləyaqətini alçaldan, eləcə də işgüzar nüfuzuma xələl gətirən Cavabdeh üzərinə 1) ondan yazılı formada üzr istəməsinə dair yaşadığı ünvana təkzib məktubu göndərmək bir vəzifə olaraq qoyulsun və 2) Cavabdeh onun xeyrinə 2000 (iki min) manat miqdarında ona dəymiş mənəvi zərərin və məhkəməyə müraciət üçün dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manatın tutularaq ona verilməsinə dair qətnamə çıxarasılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, uzun müddətdir İddiaçı tanıyır və qonşudurlar. İddiaçı ilə münasibətləri heç vaxt pis olmamışdır. O heç vaxt iddiaçı barəsində təhqiredici fikirlər söyləməmişdir. Belə bir hadisənin olması reallığı əks etdirmir. Onun iddiaçını təhqir etməsi üçün heç bir insident olmamışdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin qismən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri şərəf və ləyaqətin müdafiəsi ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi haqqında işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halda qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Eyni zamanda həmin bənddə məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Şərəf və ləyaqəti ləkələyən məlumatların doğru olub olmamasını sübut etmə vəzifəsi həmin məlumatları yayan şəxsin üzərinə düşür. İddia tələbinin qanuni əsasları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi zərərin ödənilməsi barədə birbaşa göstəriş olmasa da «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan Respublikası Mülki Məcəlləsinin «Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 23.4-cü maddəsində deyilir ki, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2012-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Bundan başqa, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Adı çəkilən qərarın 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İş materiallarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı barəsində reallığa uyğun olmayan ifadələr işlətməsi iş materialları ilə öz əksini tapmışdır. Müəyyən edilmişdir ki, İddiaçı barəsində işlədilən ifadələr şər və böhtan xarakterli olmaqla onun mənafeyinə zərər vurmaq kimi qiymətləndirilməlidir. Həmin ifadələrin işlədilməsi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməli və iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçı qarşı işlətdiyi ifadələr təkzib olunmalı və Cavabdeh İddiaçı üzr istəməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı qarşı işlətdiyi ifadələr təkzib olunaraq həqiqətə uyğun olunmayan hesab edilsin və Cavabdeh İddiaçı üzr istəsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar