Məhkəmə qərarları › İş №2(051)-319/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-319/2024

28.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-319/2024 28.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi və Vəkil2, cavabdeh X7, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən Etdi: İddiaçı cavabdeh X2 8000 (səkkiz min) manat kompensasiya verilməklə mülkiyyətində olan Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 11 A № li evin 32 № li mənzilindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmalarını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Aralarındakı nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. O, nikaha daxil olmazdan əvvəl cavabdehin zəbt etdiyi həmin ünvandakı iki otaqlı hazırki yaşayış mənzilini xx.xx.2007-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. Ailə qurarkən cavabdeh onun xüsusi mülkiyyəti olan mübahisəli mənzilə qeydiyyata düşmüş və hazırda iki azyaşlı uşaqla birlikdə orada qeydiyyatdadır. Cavabdehlə aralarında kəskin ziddiyyətlər və münaqişələr vardır. Eyni yaşayış mənzilində yaşamaları mümkün deyildir və o, bunu qətiyyən istəmir. Cavabdeh isə onun mülkiyyətini özbaşına zəbt etmiş, mənzillə bağlı əmlakına dair hüquqlarını həyata keçirməyə imkan vermir. Onu mülkiyyəti olan mənzilində yaşamaq imkanından məhrum etmişdir. Hazırda o, dözülməz şəraitlə üz-üzədir. Yaşamağa və qalmağa yeri yoxdur. Müvəqqəti olaraq digər qardaşının 4 nəfər ailə üzvü ilə birlikdə yaşadığı anasının himayəsinə sığınmışdır. Artıq iki ilə yaxındır o, mənzilinə daxil ola və istifadə edə bilmir. Məlumat üçün bildirir ki, cavabdehin valideynləri 3 otaqdan ibarət mənzildə tək yaşayırlar. Cavabdehin orada yaşaması üçün hər cür imkanı vardır. Cavabdehlə onun və ailə üzvlərinin arasında münaqişə həddinə çatan kəskin ixtilaflar və ziddiyyətlər vardır. Hazırda onun mənzilində yaşaması və onu buraxmaması mülkiyyətçi kimi onun üçün həddindən artıq arzuolunmazdır və bu hal onlar üçün fiziki və mənəvi zorakılıqla nəticələnə bilər. Mənzillə bağlı mübahisələr kəskin şəkildə davam etdiyindən mülkiyyətçi kimi sərəncam vermək hüququndan istifadə edərək, mənzili özgəninkiləşdirmək-satmaq istəyir. Cavabdeh isə bu istəyə qarşı çıxır, münaqişənin davam etdirilməsində maraqlıdır. Ona görə də, cavabdehin fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna kompensasiya müqabilində xitam verilməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır və indiki vəziyyətdə ən məqsədəuyğun çıxış yoludur. Hazırda mübahisəli mənzilin yerləşdiyi Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ərazisində həmin şəraitli evlərdə kirayə haqqı – 180- 250 manatdır. Onun təklif etdiyi 8000 manat kompensasiya cavabdehin həmin ərazidə eyni şəraitli mənzildə uzun müddət yaşaması üçün kifayət qədər əlverişlidir. Qeyd edir ki, onun xüsusi mülkiyyətində olan mənzil 6-cı mərtəbədə yerləşir, iki otaqlıdır. Odur ki, məhkəmədən Cavabdeh 8000 manat kompensasiya verilməklə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və onun azyaşlı Hünər və Uğur adlı uşaqları və birgə nikah dövründə əldə edilmiş əşyalar istisna olmaqla şəxsi əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddiaya etiraz edərək göstərdi ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, o, onun mülkiyyətində olan mənzili zəbt etmişdir. O, iddiaçının keçmiş arvadıdır və birgə nikahdan olan iki azyaşlı uşaqları var. Hazırda həmin mənzildə o övladlarıyla birlikdə yaşayır və İddiaçı yaşamasına mane olmur. Mənzilin bir otağı onun, digər otağı onunla uşaqlarının istifadəsindədir. İddiaçı ilə nikahlarını rəsmiləşdirməklə ailə qurduqdan sonra onun razılıği ilə həmin mənzilə cehiz əşyalarıyla birlikdə köçərək yaşamağa başlamış və qeydiyyata düşmüşdür. Onun mənzilə daxil olmasına və orada yaşamasına heç bir maneçilik törətmir. Əksinə o özü hər dəfə evdə söz-söhbət yaradaraq uşaqlarının psixologiyasını pozur. Övladları hər an qorxu içərisində yaşayırlar. Bununla bağlı dəfələrlə polis şöbəsinə də müraciət etmişdir. Eyni zamanda iddia ərizəsində mübahisəli mənzilin yerləşdiyi Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ərazisində həmin şəraitli evlərin kirayə haqqının 180-250 manat olması qeyd edilir. Hesab edir ki, cavabdeh təklif etdiyi 8000 (yeddi min) manat kompensasiya ilə həmin ərazidə eyni şəraitli mənzildə uzun müddət yaşaya bilər. Bundan əvvəl də eyni mübahisə predmeti ilə bağlı keçirilən (Şəki Apellyasiya Məhkəməsi) məhkəmə iclasında iddiaçı tərəf kompensasiyanı 8000 manat təklif etsə də, nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, kompensasiya çox azdır və iddia ərizəsində nəzərə alınmamışdır ki, iki azyaşlı uşaqları da mənzilə istifadə hüququ var. Etiraz ərizəsinə əlavə etdiyi “Daşınmaz Əmlakın Kirayə Qiymətləndirilməsi barəsində rəyə” görə “Güvən Əmlak” Daşınmaz əmlak Agentliyi tərəfindən Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsində iki otaqlı mənzilin bu gün üçün bir aylıq kirayə dəyəri 350-400 manat təşkil edir. Bundan əlavə "xxxx" MMC tərəfindən verilmiş “bina yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə rəyə görə Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 11 A, mənzil 32-də olan bina yaşayış evi 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən təmirli iki otaqdan ibarət bina yaşayış evinin may 2023-cü ildə satış qiyməti 70000 (yetmiş min) manat dəyərində qiymətləndirilmişdir. Onun və övladlarının yaşamaq üçün başqa yaşayış sahəsi yoxdur. Hər bir halda azyaşlı uşaqların mənafeyi mütləq nəzərə alınmalıdır. Cavabdeh nümayəndəsi Vəkil1 cavabdehin etiraz ərizəsinə uğun məzmunda çıxış edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Seriya MH, ******* №-li Azərbaycan RespublikasıDƏDRX-ın Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, verilir İddiaçı ondan ötrü ki, Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsində istifadədə olan 0.21 ha torpaq sahəsində yerləşən 11A nömrəli, 6 mərtəbəli binanın 2-ci girişində, 6-cı mərtəbəsində yerləşən 69.98 kv.m ümumi,42.08 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 32 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********10-05301-093001, Qeydiyyat nömrəsi 200700994, Qeydiyyat tarixi xx.xx.2007. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 16 №-li Rəydən görünür ki, Mingəçevir şəhərində yerindən asılı olaraq bina yaşayış evlərində yaşayışa uyğun şəraitdə olan (əşyasız boş vəziyyətdə) 1 (bir) otaqlı mənzillərin kirayə qiyməti 130 (bir yüz otuz) manat, 2 (iki) otaqlı mənzillərin kirayə qiyməti 150 (bir yüz əlli) manat, 3 (üç) otaqlı mənzillərin kirayə qiyməti 200 (iki yüz) manat dəyərindədir. Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, “sizin Mingəçevir şəhər polis şöbəsinə ünvanlandığınız ərizəniz tərəfimizdən araşdırıldı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq X1 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məhkəmə orqanlarının səlahiyyətindədir. Odur ki, məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiq hesab olunur.” Daşınmaz Əmlakın kirayə qiymətləndirməsi barəsində rəydən görünür ki, Mingəçevir şəhər, Nigar Rəfibəyli küçəsində 2 otaqlı mənzilin xx.xx.2023-cü il tarixinə olan yekun: 1 aylıq kirayə dəyəri 350 (üç yüz əlli) manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, qiymətləndirmə yerindən asılı olaraq Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 11A, mənzil 32-də olan bina yaşayış evi 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, təmirli 2 otaqdan ibarət bina yaşayış evinin may 2023-cü il tarixdə mənzilin orta bazar satış qiyməti 70000 (yetmiş min) manat qiymətində dəyərləndirilir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 29 yanvar 2009-cu il təvəllüdlü X8 və 07 dekabr 2012-ci il təvəllüdlü X4 atası İddiaçı anası isə X3r. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-109/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X5 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış və dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra 29 yanvar 2009-cu il tarixdə doğulmuş Hünər və 07 dekabr 2012-ci il tarixdə doğulmuş Uğur adlı uşaqların cavabdeh X1 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1091)/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi 11A saylı evin, 32-ci mənzilindən istifadə hüququna xitam verilməsi və Hünər və Uğur adlı övladı ilə birlikdə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi 11A saylı evin, 32-ci mənzilindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-1121/2023 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfinən verilmiş apellyasiya şikayəti təmin olunmuş və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1091)/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, qiymətləndirmə yerindən asılı olaraq Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 11A, mənzil 32-də olan bina yaşayış evi 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, təmirli 2 otaqdan ibarət bina yaşayış mənzilin orta bazar satış qiyməti 60000 (altmış min) manat qiymətində dəyərləndirilir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ML01 №-li Rəydən görünür ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 11A, mənzil 32-də olan bina yaşayış evi 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, təmirli 2 otaqlı mənzilin kirayə qiyməti 200- 250 manat dəyərindədir. Tətbiq edilən Hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Ailə Məcəlləsi 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstutusiyasına və qanunlarına uyğunluğnun yoxlanılmasına dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya istifadəçinin yaşayış sahəsindən istifadə etmək hüququnun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il Qərarında aşağıdakılar qeyd olunmuşdur. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. İş materiallarından görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdeh iddiaçının keçmiş arvadıdır, digər cavabdehlər azyaşlı Hünər və Uğur adlı uşaqlar tərəflərin uşaqlarıdır. Hər üçü mübahisəli mənzildə qeydiyyatdadır və həmin mənzildə yaşayırlar. İddiaçı ilə Cavabdeh ilə arasındakı nikah pozulmuşdur. Ailə münasibətləri pozulduğuna, bir mənzildə yaşamaqları qeyri-mümkün olduğuna görə iddiaçı Cavabdeh 8000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilmiş mütəxəssis rəylərini müqayisəli şəkildə təhlil edərək, iddiaçının hazırda yaşadığı mənzilə köçərkən mənzilin şəraitini, hansı müddətdə orada yaşadığını, uşaqları ilə birlikdə mənzili tərk edəcəyini nəzərə alaraq 9000 manat məbləğində kompensasiya məbləğinin müəyyən etmişdir. Müəyyən olunan məbləğ iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği cavabdehə kompensasiya məbləği kimi verməyə razı olmuşdur. Məhkəmə iddiaçının uşaqlar istisna olunmaqla istifadə hüququna xitam verilməsi tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında nikah pozulmuş, uşaqlar ananın yanında qalmışdır. Belə olan halda ananın istifadə hüququ itirildiyi halda uşaların həmin mənzildə istifadə hüququnun qalması mümkün olmur. Ona görə də cavabdehin uşaqları istisna olmaqla həmin mənzildən istifadə hüququn xitam verilməsi hissəsində iddia təmin edilməməlidir. Məhkəmə iddiaçının mənzilə köçərkən gətirdiyi və özünə məxsus əşyalarına münasibətdə qeyd edir ki, həmin əşyalar şəxsin özünə məxsusdur. Ona görə çıxarkən aparmaq hüququna malkdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 9000 manat kompensasiya ödənilməklə onun İddiaçı mülkiyyətində olan ünvan 1-də yerləşən, 2 otaqdan ibarət bina yaşayış mənzildən istifadə hüququna xitam verilməli və mənzildən çıxarılmalıdır. Kompensasiya verilməklə mənzildən çıxarılma eyni vaxtda icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub Qət etdi : İddia qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 9000 (doqquz min) manat kompensasiya verilməklə onun ünvan 1-də olan 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, 2 otaqdan ibarət yaşayış mənzilinə istifadə hüququna xitam verilsin. Cavabdeh ünvan 1-də olan 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, 2 otaqdan ibarət yaşayış mənzilindən çıxarılsın. Kompensasiya verilməklə mənzildən çıxarılma eyni vaxtda icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar