Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-345/2022 21.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı qaz sayğacında olan 432 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, 16 №-li evin, 19 №-li mənzili onun mülkiyyətindədir. Həmin mənzili 2020ci ilin sentyabr ayında almışdır. Mənzilə istifadə olunacaq qaz sərfiyyatının hesablanması üçün qaz sayğacı quraşdırılmışdır. İstifadə etdikləri qazın dəyərini vaxtında ödəyirlər ki, borc qalmasın. 2021ci ilin dekabr ayında ona məlum oldu ki, evinə 432 manat borc yazılmışdır. Səbəbini öyrənəndə ona məlum olmuşdur ki, 2021-ci ilin noyabr ayında “Azəriqaz” İB-nin əməkdaşları onun iştirakı olmadan mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirmiş, sayğacın plasmas qapağının aşağı hissəsinin deşilməsi aşkar edilmiş, yeni sayğac quraşdırılmasına zərurət olduğuna görə həmin sayğac sökülüb götürülmüş, yeni sayğac quraşdırılmışdır. Bunlarla bağlı qaz idarəsinin əməkdaşları akt tərtib etmişlər. Qeyd etdiyi kimi, bütün bunlardan onun məlumatı olmamış, onun iştirakı təmin edilməmişdir. Bundan əlavə o, çoxmənzilli binada yaşayır, sayğac da binanın dəhlizinə quraşdırılmışdır. Qaz idarəsinin əməkdaşları onun xəbəri olmadan sayğaca baxış keçirib, söküb apardığı kimi, kimsə də həmin sayğaca onun xəbəri olmadan zərər vura bilər. Dəhlizə quraşdırılmış sayğaca müdaxilə olunmuşsa, kim tərəfindən zədə vurulmasından xəbəri yoxdur. Hesab edir ki, sayğaca nəzarət etmək onun vəzifəsi deyil, bununla bağlı ya əvvəlki mənzili sahibi ilə, ya da onunla qaz idarəsi arasında müqavilə bağlanmamışdr. Ona görə də hesab edir ki, mənzilinə hesablanmış 432 manat borc əsassızdır. İddianın təmin olunmasını, həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, 16 №-li evin, 19 №-li mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən tərtib edilmiş ******* №-li 08.11.2021-ci il tarixli aktda göstərilir ki, Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi, 16 №-li evin, 19 №-li mənzilinə quraşdırılmış qaz sayğacının plasmas qapağının aşağı hissəsi deşildiyi üçün çıxarıldı, yenisi ilə əvəz olundu. İşdə olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli ******* №-li aktda qeyd edilmişdir ki, istehlakçı Vaqif Əliyevə məxsus Aydın Məmmədov küçəsi, 16 №-li evin, 19 №-li mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirildi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. İtirilmiş qazın həcminin hesablanması və ödənilməsi abonent tərəfindən təmin olunsun. İşdə olan dəymiş ziyanın bərpasına olan 30 noyabr 2021-ci il tarixli tələbnamədə göstərilir ki, itirilmiş qazın bərpası üçün hesablanmış 4320 m3 qazın dəyəri ödənilsin. İşdə olan abonentin saldosundan görünür ki, Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi, 16 №-li evin, 19 №-li mənzilinə 18.11.2021-ci il tarixdə quraşdırılmış **********1 №-li qaz sayğacına 432.00 manat qalıq borc qeyd edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 08.11.2021-ci il tarixdə Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi, 16 №-li evin iddiaçıya məxsus 19 №-li mənzilinə binanın dəhlizində quraşdırılmış sayğaca baxış keçirilmiş, qaz sayğacının plasmas qapağının aşağı hissəsi deşildiyi üçün sayğac sökülüb götürülüb, yenisi ilə əvəz olunmuş və bununla bağlı həmin tarixdə ******* №-li akt tərtib edilmişdir. Lakin mənzil sahibinin (abonentin) iştirakı təmin edilməmiş, həmin hərəkətlərdən mənzil sahibinin məlumatı olmamışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamə ilə itirilmiş qaz 4320 m3 hesablanmış, nəticədə iddiaçıya 432 manat borc yazılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı müqavilənin 2.2.5-ci bəndinin istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) olmuşdur. Lakin mənzil sahibinin (abonentin) hərəkət və ya hərəkətsizliyi nədən ibarət olması məlum deyil. Belə ki, sayğaca məhz abonent tərəfindən müdaxilə olunması və yaxud binanın dəhlizinə quraşdırılmış sayğacın qorunubsaxlanması vəzifəsinin abonentə aid olması barədə onunla bağlı müqavilə bağlanması müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mənzilinə quraşdırılmış **********1 №-li sayğaca hesablanmış 432 manat borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri 16 №-li evin 19 №-li mənzilinə quraşdırılmış abonent kodu **********00190, **********1 №-li qaz sayğacına hesablanmış 432 (dörd yüz otuz iki) manat borc silinsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-345/2022
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-345/2022
21.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver