Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-356/2021 08.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «bağışlama müqaviləsinin ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 72 saylı evin 30 saylı mənzilini alqı-satqısına dair xx xxxxxxx 2009-cu il tarixli AN-İ № ******* saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin onun nəticələrinin ləğv olunaraq əmlakının geri qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh onun qızıdır. Özü Mingəçevir şəhəri ü.Hacıbəyov küçəsi 72 saylı evin, 30 saylı mənzilində qeydiyyatdadır. Həmin mənzil özünə məxsus olmuşdur. O, qeyd edilən mənzili xx xxxxxxx 2009-cu il tarixli AN-İ ******* Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh olan qızı Cavabdeh bağışlamışdır. Qızı olduğu üçün ona çox etibar etmişdir. Həmin evi cavabdehə bağışlayarkən aralarında heç bir mübahisə olmamışdır. Dörd övladı var yoldaşı rəhmətə gedib. 3 il qızının yanında qalıb indi yanında qaldığı oğlu 2 dəfə əməliyyat olub. Bağışladığı evə qızı 2010-cu ildə köçüb. Oğlunun əməliyyatı və evin xüsusləşdirilməsi üçün qızının evini 30000 manata satmış əvəzində isə hazırki mübahisəli mənzili qızı İnarəyə bağışlamışdır. Rusiyada ki oğlundan pul istədi lakin oğlu pul göndərmədi. Sonra yanında qalan oğlu dediki evi versin İnarəyə. Lakin sonradan qızının ona qarşı münasibəti dəyişmişdir. Qızı onu evinə buraxmır onunla danışmır, ona heç cürə imkan vermir ki, oda həmin evdə yaşasın. Özü hazırda oğlu ilə birlikdə yaşayır. Özü xəstədir daimi müalicə alır. Ona görə də Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 72 saylı evin 30 saylı mənzilini alqı-satqısına dair xx xxxxxxx 2009-cu il tarixli AN-İ № ******* saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin onun nəticələrinin ləğv olunaraq əmlakının geri qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı həmin evi qızı İnarəyə öz iradəsi əsasında öz istəyi ilə bağışlamışdır. İnarə anasını heç vaxt evdən qovmayıb. İstədiyi zaman həmin mənzildə istədiyi qədər yaşamasına heç vaxt etiraz etməyib. Hazır ki, mübahisəli mənzil isə ona əvəssiz olaraq verilməmişdir. Anası oğlunun əməliyyatı və evin xüsusləşdirilməsi üçün qızının evini 30000 manata satdırmış əvəzində isə hazırki mübahisəli mənzili öz istəyi qızı İnarəyə bağışlamışdır. Onların aralarında heç vaxt mübahisə olmamışdır. İddiaçının qızına verdiyi mənzili yenidən məhkəmədə iddia qaldıraraq bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiası tam əsassızdır, iddiaçı bununla bağlı heç bir mötəbər sübutda təqdim edə bilməmişdir. Həmçinin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ötürülmüşdür. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsində yerləşən 72 saylı evin 30 saylı mənzili üzərində Cavabdeh tam mülkiyyət hüququ xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən mənzil hazırda Cavabdeh mülkiyyətindədir. İşə əlavə olunmuş xx xxxxxxx 2009-cu il tarixli AN-İ № ******* saylı alqı satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsində yerləşən 72 saylı evin 30 saylı mənzilini alqı satqı müqaviləsi əsasında Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunun mənasına görə təmsilçilik dedikdə, bu şəxsin (təmsilçinin) almış olduğu səlahiyyət dairəsində başqa şəxsin (təmsilçinin) almış olduğu səlahiyyət dairəsində başqa şəxsin (təmsil edənin) marağına müvafiq olan və onun adından əqd bağlaması və digər hüquqi hərəkətlər etməsi anlaşılır. Adətən əqd onu bağlayanlar arasında hüquq və vəzifələr yaratdığından təmsilçinin bağladığı əqd onun özü ilə ücünçü şəxs arasında hüquq və vəzifələr yaradır. Əqdi bilavasitə bağlayan təmsilçi bu münasibətlərdən kənarda qalmaqla öz hərəkəti ilə yalnız təmsil edilənin iradə ifadəsinin gercəkləşdirilməsini təmsil edir. Təmsilçiliyin başlıca xüsusiyyəti də onun məhz başqasının mənafeyi üçün fəaliyyət göstərməsidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, X2 özünə məxsus torpaq sahəsini cavabdeh X1. Tərəflər arasında bu barədə notarial qaydada müqavilə bağlanmışdır. Müqavilə öhdəlikləri tam aydın göstərilmişdir. Tərəflər müqavilə öhdəliklərini notariusun iştirakı ilə imzalamış və bütün öhdəlikləri qarşılıqlı olaraq qəbul etmişlər. İddiaçı müqavilənin onun iradəsindən asılı olmayan səbəbə görə yəni qoca olması ilə əlaqələndirsə də bu hall müqavilənin etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, iddiaçı fəaliyyət qabiliyyətlidir və mülki hüquq və vəzifələrini öz adından tam icra edir. Tərəflər arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün heç bir əsas müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsız hesab edilməsi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324-cü maddəsinin tələbinə görə: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Mülki Məcəllənin 329.1-ci maddəsinin tələbinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.1-ci maddəsinin tələbinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Mülki Məhkəmə iş materiallarını və iddiaçının izahatlarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi tam əsassızdır. Belə ki, müqavilənin etibarsız sayılması üçün heç bir əsas müəyyən olunmamışdır. Əksinə iş materiallarında olan sənədlərdən və notariat kontoru tərəfindən göndərilən sənədlərdən də göründüyü kimi müqavilə tam əsaslıdır və tərəflərin iradə ifadəsi kimi müqavilə bütün tərəflər tərəfindən imzalanmışdır. İddiaçı öz tələbinə əsaslandıran lazımi sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı qeyd olunan əqdin etibarsız olması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı mübahisələndirdikləri bağışlama müqaviləsi barədə mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olmasını da sübut edə bilməmişdir. Həmçinin müqvilənin etibarsız hesab edilməsi ilə əlaqdar olaraq nəzərdə tutulmuş müddətdə keçirilmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, nəticələrinin ləğv edilməsi və əmlakın geri qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-356/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-356/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver