Məhkəmə qərarları › İş №2(051)-397/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-397/2023

15.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-397/2023 15.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İBnın Tərtər X2 İdarəsi Mingəçevir şəhər Şöbəsi tərəfindən tərtib edilmiş akt əsasında hesablanan 1145,90 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, İddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. Hazırda ailə üzvlərində birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır, indiyədək yaşadığı evdə təbii qazdan istifadə etmiş və vaxtlı-vaxtında aylıq ödənişlərini etmişdir. Bu müddət ərzində qaz sayğacı normal şəkildə işləsə də, onun yeri və dayanıqlığı barədə Mingəçevir Qaz İdarəsinə dəfələrlə rəsmi müraciətlər etmiş, lakin bütün müraciətlərim cavabsız qalmışdır. 25 sentyabr 2022-ci il tarixdə külək və tufan bas vermiş və qaz savğacının quraşdırıldığı qaz xətti aşaraq sayğacı yararsız vəziyyətə salmışdır. Elə həmin günün səhəri, yəni 26 sentyabr 2022-ci ildə qaz sayğacının işləmədiyini və yararsız vəziyyətə düşdüyünü gördü və dərhal Mingəçevir Qaz İdarəsinə zəng edib, əməkaşlarını evə çağırdı. 26 sentyabr 2022-ci ildə Mingəçevir Qaz İdarəsinin əməkdaşları sayğaca baxış keçirmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı Akt tərtib etmişlər. Həmin Aktda qeyd edilmişdir ki, “külək nəticəsində sayğacın başlıq hissəsi deformasiyaya uğramışdır”. Sayğaca baxış keçiriləndə və Akt tərtib olunanda sayğacın məhz onun və ya ailə üzvlərinin müdaxiləsi nəticəsində yararsız vəziyyətə salınmasına dair hər hansı bir əsasın olub-olmamasını soruşanda bu suala belə cavab verdilər ki, “təbii fəlakətdir, təbiət hadisəsidir, abonentin günahı deyii”. Bundan sonra, Qaz idarəsinin əməkdaşları ona bildirdilər ki, narahat olmayın özləri yeni sayğac quraşdıracaq və məsələ həll olunacaq. xx.xx.2022-ci il tarixdə onunla Mingəçevir ASAN Xidmət Mərkəzində yerləşən Cavabdeh İB-nin Tərtər X2 İdarəsi arasında abonentin adının dəyişdirilməsinə dair yenidən müqavilə bağlandı. Məsələ burasındadır ki, əvvəlcə sayğac rəhmətlik atası Abdullayev Nəcəfin adına olub. Bundan başqa, xx.xx.2022-ci il tarixli AKT və Təhlükəsizlik Qaydaları barədə Sənəd də təqdim etdilər. Həmin müqavilə və digər sənədlər imzalananda o, bir daha soruşdu ki, sayğacla bağlı bir problem və ya onun əvvəlki illərdən qalan borcu və ya cəriməsi yoxdur ki, dedilər ki, heç bir borcunuz və ya cəriməniz yuxdur, hər şey qaydasındadır. Həmin aktın tərtib olunmasında Qaz İdarəsinin 3-4 əməkdaşı iştirak etmiş və imzalamışlar. Ümumiyyətlə həmin vaxt heç kim onun və ya ailə üzvlərimin sayğaca müdaxiləsini sübuta yetirməmişdir və buna görə də 1145.9 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Bir daha bildirmək istərdi ki sayğac çıxarılan zaman Qaz istismar idarəsinin əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmişdir. Ona görə də məhkəmədən Cavabdeh İB-nın Tərtər X2 İdarəsi Mingəçevir şəhər Şöbəsi tərəfindən tərtib edilmiş akt əsasında hesablanan 1145,90 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Tərtər X2 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş Cavabdeh Mingəçevir şəhər Şöbəsinin ******* №-li Aktından görünür ki, öncə quraşdırılmış sayğacın yenilənməsinə səbəb əvvəl ki, sayğacın külək nəticəsində 57 xəttinin salaraq sayğacın başlıq hissəsi deformasiyaya uğramış, yeni quraşdırılmış qaz sayğacının texniki qaydalara cavab verdiyi, qaz sayğacının abonentə təhfil verildiyi göstərilmişdir. İşə əlavə edilmiş Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə AKX-04618xx/xx-2022 saylı müqavilədən görünür ki, bundan sonra paylayıcı adlanacaq Cavabdeh İB şəxsində bir tərəfdən və bundan sonra istehlakçı adlanacaq İddiaçı İş materialları ilə, eləcə də məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı Cavabdeh əməkdaşları tərəfindən çıxarılaraq yerinə yeni qaz sayğacı quraşdırılmışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı mənzildə deyil mənzildən kənarda qurlaşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilən ******* nömrəli aktdan görünür ki, sözü gedən sayğac külək nəticəsində 57 xətti salaraq sayğacın başlıq hissələri deformasiyaya uğramış, sayğacda qeyd olunan nöqsanın həqiqətən də abonendən asılı olan səbəblərdən baş verməsi də Cavabdeh İB-nın əməkdaşlrının özlərinin tərtib etdiyi aktandan da bir növ dolayısı ilə etiraf edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX- 04618xx/xx-2022 saylı müqavilənin 6-cı maddəsindən də görünür ki, Fors-Major halda tərəflərin iradəsindən asılı olmayan hadisələr səbəbindən bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsinə görə tərəflər məsuliyyət daşımadığı göstərilmişdir. Göründüyü kimi sözü gedən evdə yerləşdirimiş sayğaca abonent tərəfindən hər hansı müdaxilə edilməsi məhkəmə iclası zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bu hal öz növbəsində iddiaçının qaz sərfiyyatının normal olmasını və onun tərəfindən sayğaca heç bir müdaxilə olunmadığı qənaətinə gəlməyə əsas verir. Sayğacda olan müdaxilənin iddiaçı tərəfindən olması müəyyən olunmamışdır. Həmçinin Nazirlə Kabinetinin qeyd edilən qərarının 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dəfə yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə vəsait ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir- 4 profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yol verilməzdir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox mənzildən kənarda olmuş və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən müdafiə etməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı tərəfindən olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 1145,90 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar