Məhkəmə qərarları › İş №2(051)-438/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-438/2024

24.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-438/2024 24.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh «Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndələri X3 və X2 iştirakları ilə İddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə (Maraqlı şəxs: X6 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsi) qarşı ödənilməyən əmək haqqı və əmək məzuniyyətinə görə cəmi 2541 və 60 manat ödənilmiş mediasiya xərcinin ona ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə (Maraqlı şəxs: X6 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsi) qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində işlədiyi 2020-2023-cü il tarixdən ödənilməyən 2541 manat əmək haqqının, 2023-cü ilin fevral ayına kimi istifadə edilməmiş əmək məzuniyyətinə görə (son haqqhesab) kompensasiyanın və 60 manat ödənilmiş mediasiya xərcinin (dövlət rüsumunun) hesablanaraq ona ödənilməsi arədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbin təqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində işlədiyi 2020-2023-cü il tarixlərində ödənilməyən əmək haqqı və əmək məzuniyyətinə görə cəmi 2541 və 60 manat ödənilmiş mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış və uzun müddətdir müxtəlif vəzifələrdə işləmişdir. Mingəçevir şəhər MTAİ-də 1983-cü ildən işləməyə başlamışdır. Sözügedən müəssisədə mühəndis kimi işləmişdir. O, işdən çıxmamışdan əvvəlki müddətin əmək haqqı və məzuliyyət pullarını almamışdır. O, işdən çıxdığı zaman sözügedən pulların ödənilməsini düşünürdü. Lakin hər hansı səbəbdən ona sözügedən ödənişlər edilməmişdir. Həmin müddətdə ona ödəniş edilməməsinin səbəbləri ona məlum deyil. Bu barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq ona olan əmək haqqının ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Əksinə əmək haqqının ödənilməməsi ilə bağlı əlavə hesablamalar aparılmalıdır. Bundan əlavə sözügedən müddət ərzində rəhbərlik etdiyi müəssisənin ona 2541 manat əmək haqqı borcu yaranmışdır. Bu hallar ona ödənilməyən əmək haqqı, məzuniyyətlər və son haqq-hesabın ödənilməməsinə görə əlavə faizlər ödənilməsi qənaətindədir. Bu dedikləri ilə əlaqədar o, cavabdehə rəsmi qaydada məlumat verilmiş və cavabdeh tərəfindən cavab verilməmişdir. Bununla əlaqədar sənədlərini əlavə etmiş və təqdim etmişdir. O, sözügedən hadisə ilə əlaqədar mediatora müraciət etmiş, ilkin mediasıya sessiyasında iştirak etmiş, 60 manat məbləğində mediasiya xərcini də ödəmiş, lakin qarşı tərəf mediasiya prosesinə gəlmədiyi üçün bununla əlaqədar arayışı alımışdır. Odur ki, cavabdeh «Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsində işlədiyi 2020-2023-cü il tarixlərində ödənilməyən əmək haqqı və əmək məzuniyyətinə görə cəmi 2541 və 60 manat ödənilmiş mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, mənzil istismar sahəsinin işçiləri MİS qeyri büdcə təşkilatı olduğuna görə əhalidən yığılan xidmət haqqına görə əmək haqqı alırdılar. Onların əmək haqları maliyyədən gələn gəlir vasitəsi ilə formalaşmayıb. Qeyd edir ki, MİS işçiləri çalışdıqları ərazi üzrə yığılan komunnal ödənilərin məbləğindən asılı olaraq əmək haqqı alırdılar. Buna görə də əmək haqqı ödənişləri natamam olmuşdur. Məhkəmədən iddia müddəti tətbiq olunmaqla qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X5 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, İddiaçı borcu onun MİS-də işlədiyi 2020 və 2023-cü illəri əhatə edir. İddiaçı axırıncı dəfə 2023-cü ilin iyul ayında məzuniyyətdə olub. O, 2023-cü ildə əmək haqqını tam olaraq alıb. MİS işçilərinə qeyd olunan əmək haqları onların fəaliyyət göstərdiyi ərazi üzrə kirayə və digər ödənişlər əsasında verilir. İddiaçı isə 8 saylı MİS-də işləyib. O, çalıdığı müddətdə ən az əmək haqqı məbləği 2023-cü ildə olub. Hazırda MİS-tərəfindən İddiaçı işlədiyi müddətdə almadığı əmək haqqı 215 manat təşkil etmişdir. Həmin əmək haqları əhalidən yığılan xidmət haqları əsasında müəyyən edilir. Həmin müddət ərzində yığım olmadığı üçün əmək haqqı verilməmişdir. Lakin hesab edir ki, MİS-in İddiaçıa iddia ərizəsində qeyd olunan miqdarda borcu qalmamışdır. Belə ki, iddia müdəti ötürülməklə iddia ərizəsi verilmişdir. Odur ki, Məhkəmədən iddia müddəti tətbiq olunmaqla qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs: X6 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və gələməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməməlidir. Belə ki, işdə olan 8 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Nağıyev X1 şəhəri A.Məmmədov küçəsi ev 8/1, mənzil 47 ünvanda yaşayır. İşdə olan əmək müqaviləsnə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 48 № li əmrdən görünür ki, İddiaçı 8 saylı X4 mühəndisi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. İşdə olan İddiaçı məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində mühəndis kimi çalışdığı fəaliyətinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏM-in 70-ci maddəsinin “e” bəndinə əsasən (yaş həddinə çatdığına görə) xitam verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 29 nömrəli əmrə əsasən 8 № li MİS-nin mühəndisi İddiaçı xx.xx.2022 və xx.xx.2023-cü iş ili üçün xx.xx.2023-xx.xx.2023-cü il tarixə kimi 36 təqvim günü ilə (30 əsas 6 gün əlavə) məzuniyyətə buraxılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 62 nömrəli əmrə əsasən 8 № li MİS-nin mühəndisi İddiaçı xx.xx.2021 və xx.xx.2022-ci iş ili üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 36 təqvim günü ilə (30 əsas 6 gün əlavə) məzuniyyətə buraxılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli 85 nömrəli əmrə əsasən 8 № li MİS-nin mühəndisi İddiaçı xx.xx.2020 və xx.xx.2021-ci iş ili üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 36 təqvim günü ilə (30 əsas 6 gün əlavə məzuniyyət staja görə) məzuniyyətə buraxılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli 215 nömrəli əmrə əsasən 8 № li MİS-nin mühəndisi İddiaçı xx.xx.2019 və xx.xx.2020-ci iş ili üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi 37 təqvim günü ilə (30 əsas 6 gün əlavə məzuniyyət staja görə) məzuniyyətə buraxılmışdır. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 2020-ci il üçün Ştat cədvəlində nəzərdə tutulmuş Mənzil İstismar sahəsində mühəndis vəzifəsi üzrə VTC tarif əmsalları üzrə vəzifə maaşı 346 manat, aylıq əmək haqqı fondu isə cəmi 346 manat müəyyən edilmişdir. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 2021-ci il üçün Ştat cədvəlində nəzərdə tutulmuş Mənzil İstismar sahəsində mühəndis vəzifəsi üzrə VTC tarif əmsalları üzrə vəzifə maaşı 346 manat, aylıq əmək haqı fondu isə 3460 manat müəyyən edilmişdir. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 2022-ci il üçün Ştat cədvəlində nəzərdə tutulmuş Mənzil İstismar Sahəsində mühəndis vəzifəsi üzrə VTC tarif əmsalları üzrə vəzifə maaşı 415 manat, aylıq əmək haqqı fondu isə cəmi 830 manat müəyyən edilmişdir. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 2023-cü il üçün Ştat cədvəlində nəzərdə tutulmuş Mənzil İstismar Sahəsində mühəndis vəzifəsi üzrə VTC tarif əmsalları üzrə vəzifə maaşı 422 manat, aylıq əmək haqqı fondu isə cəmi 422 manat müəyyən edilmişdir. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin, İddiaçı qalıq əmək borcu haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı 2023-cü il üçün qalıq əmək haqqı borcu 215,04 manat müəyyən edilmişdir. Cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən iddiaçının tələbi 2020- 2022-ci il tarixlərdə ödənilməyən əmək haqqına dair hissədə əsassızdır. İddiaçı iddia ərizəsində etiraf etmişdir ki, həmin dövrdə pulunu almamışdır. Buna baxmayaraq iddiaçı həmin dövrdə əmək haqqını tələb hüququnu əldə etmiş, lakin məsələni mübahisələndirib məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi iddiaçı pul tələbi ilə bağlı AR ƏM–nin 296.4-cü maddəsində nəzərdə tutulan iddia müddətini buraxmışdır. Məhkəmədən iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə tərəflərin izahtlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı 1983-cü il tarixdən hazırkı iş üzrə cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində mühəndis kimi çalışmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏM-in 70-ci maddəsinin “e” bəndinə əsasən (yaş həddinə çatdığına görə) işinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı «Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsində mühəndis kimi çalışdığı müddətdə işdən çıxmamışdan əvvəlki tarixlərdə əmək haqqı və məzuniyyət pullarını almadığını qeyd etmişdir. Hazırda iddiaçı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində işlədiyi 2020-2023-cü il tarixlərində ödənilməyən əmək haqqı və əmək məzuniyyətinə görə cəmi 2541 manatın ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin düzgül həll edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud olmuş hüquq münasibətlərinin xarakteri müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarında görünür ki, iddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə yaranmış mübahisənin həll edilməsini əmək mübahisəsi kimi təqdim etmiş, buradan aydın görünür ki, işdə olan sənədlərə əsasən iddiaçı ilə cavabdeh arasında əmək hüququ ilə tənzimlənən əmək münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, mübahisənin həlli zamanı əmək qanunvericiliyinin normaları tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərin təhlili ilə müəyyən edilmişdir ki, iddiaçı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində çalışdığı müddətdə mühəndis vəzifəsi üzrə hər il üçün müəyyən edilmiş ştat cədvəlinə uyğun olaraq əmək haqqı almışdır. Bununla yanaşı iddiaçı çalışdığı müddətdə onun üçün AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq olaraq əmək məzuniyyətlərindən müəyyən edilmiş qaydada istifadə etmişdir. Hazırda iddiaçı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində çalışdığı müddət də 2020-2023-cü illərdə ona ödənilməyən əmək haqının və əmək məzuniyyətinə görə cəmi 2541 manat pulu tələb etmişdir. Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. İddiaçının 2020-2022-ci illər ərzində əmək haqının və əmək məzuniyyətinə görə öna ödənilməyən qalıq pulun tələb edilməsi qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə əlaqədar olaraq əsassızdır. İddiaçı 2020-2022-ci illər üzrə hər hansı iddia tələbi irəli sürməmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixində müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən bütün istinad etdiyi dövrü əhatə edən tələb etmə müddəti ötürüldüyündən, iddia tələbi qismən təmin edilməli və dekabr 2022-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi dekabr 2023-cü il tarixədək olan son bir illik müddətə aid olan əmək haqının və əmək məzuniyyətinin pulu hesablanıb iddiaçıya verilməlidir. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin qalıq əmək borcu haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı 2022-ci il dekabr ayına olan əmək haqqı tam ödənilmiş, 2023-cü il üçün qalıq əmək haqqı borcu 215,04 manat müəyyən edilmişdir. AR Əmək Məcəlləsinin 114-cü maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən, işçilərə məzuniyyət 21 və 30 gündən az olmayan müddətə verilir. İş materiallarından görünür ki, iddiaçı əmək məzuniyyətinə çıxarkən 30 təqvim günü və əlavə olaraq 6 gün cəmi 36 gün hər il üçün müəyyən edilmiş qaydada məzuniyyət götürülmüşdür. Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində nəzərdə tutulan məzuniyyətlər “əmək məzuniyyəti” kimi verilib. Məcəllənin 112-ci maddəsində isə əmək məzuniyyətinin əsas və əlavə məzuniyyətdən ibarət olduğu qeyd olunub. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin-c bəndinə əsasən Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən Əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən (3-cü bənd). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən (4-cü bənd). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Göründüyü kimi iddiaçı 2020-2022-ci ilin dekabr ayınadək qanunla müəyyən edilmiş qaydada müraciət etmək müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 215,04 manat pul tutulub iddiaçının xeyrinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat mediasiya xərcinin yarısı olan 25 manat pul tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 16:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etmişdir, lakin tərəflər razılığa gəlməmişlər. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərcinin yarısı, yəni 25 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Əmək haqqı və əmək məzuniyyətinə görə ödənilməyən cəmi 215,04 manat və ödənilmiş mediasiya xərcinin yarısı olan cəmi 25 manat məbləğində pul cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar