Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-457/2025 30.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 olmaqla) “vərəsəlik şəhadətnaməsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anasından miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair mirasın qəbulundan imtina haqqında ərizənin etibarsız hesab edilməsi, həmin miras əmlaka dair verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin Şəhadətnaməyə əsasən ona çatası miras payının cavabdehə bağışlanması haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin miras əmlak üzrə cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlə üçüncü şəxsin bağladığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müvafiq olaraq üçüncü şəxsin adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Mərhum anasından miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair mirasın qəbulundan imtina haqqında ərizənin etibarsız hesab edilməsi, həmin miras əmlaka dair verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin miras əmlak üzrə cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlə üçüncü şəxsin bağladığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müvafiq olaraq üçüncü şəxsin adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X2 24 may 2016-cı il tarixdə vəfat etmişdir. O, atası X9, qardaşı Cavabdeh mərhum anasının vərəsələri idilər. Anası hələ sağlığında hər zaman israr edirdi ki, bu ev onun övladları arasında bərabər bölünməlidir və bu məsələdə heç zaman mübahisə ola bilməz. Anası rəhmətə gedəndən sonra qardaşı Cavabdeh ona və atası X5 əminliklə bildirdi ki, ev onun adına keçsin, o da gələcəkdə bu evi satanda paylarını bərabər şəkildə bölərik, yəni ikisinin arasında bölərlər, atası da onunla qalacaq. Həmin vaxtı o və atası məhz bu şərtlə razılığa gəldilər ki, ev satılanda paylar iki hissəyə bölünməlidir, atası da məhz bu şərti əsas götürməklə razılaşdı. Anası rəhmətə gedəndən bir neçə il sonra evin rəsmiləşdirilməsi ilə bağlı iş görmədilər, heç buna zərurət də yox idi, belə ki, həmin evdə atası və qardaşı öz ailəsi ilə birgə yaşayırdı, o da təbii ki, heç bir narazılıq etmirdi. Təxminən 2021-ci ilin mart ayında qardaşı Cavabdeh bildirdi ki, evi satmaq istəyir, onun payını da verəcək, yəni rəhmətlik anasının vəsiyyətini də yerinə yetirəcək, atası da bu məsələdə mərhum anasının fikrinə tərəfdar idi, belə ki, atası da həmin evin onların ikisi arasında bərabər bölünməsini istəyirdi. Beləcə, 16 mart 2021-ci ildə o qardaşı, hazırkı işdə Cavabdeh xeyrinə öz miras payından imtina etdi. Bundan sonra, cavabdeh rahatlıqla evi öz adına rəsmiləşdirdi və çıxarış da aldı. 16 dekabr 2024-cü ildə cavabdeh miras əmlakları üçüncü şəxs X1. Həmin gün cavabdeh ona bildirdi ki, pulu alanda özü ona xəbər edəcək. O da ona inandı və gözlədi. Bundan sonra o cavabdehə bildirdi ki, əgər evi satdınsa, o zaman ona çatası haqqını, miras payını da verməlidir, cavabdeh isə elə həmin anda fikrini dəyişərək israrla bildirdi ki, ev onundur, ona heç nə verəsi deyil. O öz miras payını tələb edəndə, cavabdeh ona bildirdi ki, o ona pul verəsi deyil, getsin nə istəyirsə eləsin. Atası hazırda məhkumluq həyatı yaşayır və uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, cavabdehə bildirdi ki, bu vicdansız və nahaq əməldir, həmin pulda onun da payı var və hazırda pula ehtiyacı var. Lakin cavabdeh heç bir tələbinə məhəl qoymadı və o məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Bütün bu məsələlər telefon danışıqlarında və “WhatsApp” şəbəkəsi yazışmalarında var. Bundan əlavə, xalası X3 və digər qohumlar da gəlib məhkəmədə onun haqlı olduğuma şahid kimi ifadə verməyə hazırdılar. Bu işin yuxarıda qeyd etdiyim faktiki tərəfləri yanaşı, aşağıdakı hüquqi tərəfləri də var. İlk öncə qeyd edir ki, mirası qəbul etmək və ya mirası qəbulundan imtina birtərəfli əqddir. Mirasdan imtina öz hüquqi təbiətinə görə əqddir. Buna görə də, ona əqdlərin etibarlı olmasını şərtləndirən ümumi qaydalar tətbiq edilir. Əgər bu qaydalar pozularsa, əqdlər etibarsız hesab edilir. Əqdlər müxtəlif səbəblərə görə etibarsız sayıla bilər. Bu səbəblərdən hər hansı biri mirasdan imtinanın etibarsızlığına səbəb ola bilər. Əgər hədə, zorakılıq, aldatma, mühüm yanılma və s. nəticəsində mirasdan imtina olunarsa, onda mirasdan imtina məhkəmə qaydasında etibarsız sayıla bilər. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək, səhhətilə bağlı yaranan narahatlığa görə məhkəmədə iştirak edə bilməyəcək. Məhkəmə iclasının onsuz keçirilib qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki Məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddiaçı payından imtina edib. İddiaçı ilə onun arasında pay verilməsinə dair razılıq olmayıb. O pay vermək istəmir. O müharibə iştirakçısıdır. Müharibədən sonra atası evi ona verəcəyini bildirmişdir. Müharibəyə qədər bacısının bütün xeyir işlərinin xərcini o çəkmişdir. İddiaçıya da pay vermək istəmir. Hazırda o, həmin evi satmışdır. Atasından bu barədə razılıq almışdır. Onların arasında iddiaçının qeyd etdiyi razılaşma olmamışdır. Ev 82.000 manata satılmışdır. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısı qızıdır. Tərəflərin ikisi də bacısı uşaqlarıdır. Murad bacısına dedi ki, evi onun adına keçirtsin. Ev satıldıqdan sonra bacısına onun payını verəcəyini vəd etdi. Lakin evi satdı və həmin pula özünə ev aldı. Evin satışından əldə edilən məbləğdən 10000 manat pulu bacısına verməyi vəd etmişdi. Keçən ilin yanvar ayından müəyyən səbəblərə görə Murad ilə küsmüşlər. Buna səbəb isə Muradın icazəsiz evlənməsi olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan: İddiaçı tərəfindən Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi ərizədən görünür ki, anası X2 xx.xx.2016-cı ildə vəfat edib. Ondan miras əmlak qalmışdır. O həmin mirası qəbul etməmişdir və etməyəcəkdir. Ona miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır. AZ-İİ seriyalı, 408426 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı ildə sağ süd vəzin xərçəngi səbəbindən ölmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh tam mülkiyyətində olmuşdur. Qeydiyyat tarixi xx.xx.2024-cü ildir. AZ-İ seriyalı, ******* №-li, 16 dekabr 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh alıcı X4 ünvan 1 ünvanında yerləşən mənzili 75000 manata satmışdır. X9 tərəfindən Şəki regional “ASAN xidmət” mərkəzində notariat kontoruna təqdim etdiyi ərizədən görünür ki, X9 qeydiyyatda olduğu Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.97 kv.m. olan mənzilin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. İşin müəyyən olunmuş halı: İddiaçının X2 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Cavabdeh iddiaçının qardaşıdır. İddiaçının qardaşı anasından qalan miras əmlakı qəbul etmişdir. Sonra isə cavabdeh həmin əmlakı digər şəxs olan iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145 Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Miras qoyan X2 xx.xx.2016-cı il tarixdə öldüyündən miras həmin gün açılmışdır. Buna görə də mübahisəli hüquq münasibətinə hazırda qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq olunmalıdır. Hazırki iş üzrə İddiaçı tərəfindən Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsindən aydın olur ki, anası X2 xx.xx.2016-cı ildə vəfat edib. Ondan miras əmlak qalmışdır. O həmin mirası qəbul etməmişdir və etməyəcəkdir. Ona miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır. Yəni iddiaçı vaxtilə öz könüllü iradəsi ilə qardaşı olan cavabdehin xeyrinə anasından qalmış miras paydan imtina etmişdir. Hazırda iddiaçı iddia edir ki, qardaşı ilə aralarında razılaşma olmuş qardaşı ev satılan zaman ona həmin satışdan əldə olunan puldan pay verəcəyini vəd etmişdir. Lakin cavabdeh olan qardaşı evi satmış buna baxmayaraq ona verəcəyini vəd etdiyi pulu ona verməmişdir. Məhkəmə 1272-ci maddəsinə münasibətdə qeyd edir ki, iddiaçı mirasın qəbulundan imtina edilməsi barəsində müvafiq əsasın olduğunu bildiyi, yəni alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2024-cü il tarixindən 2 ay müddətində yəni, xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Həmin kəsici müddət iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının sözügedən vəd vermə ilə bağlı iddiasını qardaşı olan cavabdeh inkar edərək belə bir halın baş vermədiyini söyləmişdir. İddiaçı bu vədin həqiqiliyini sübut etmək üçün məhkəməyə şahid gətirmişdir. Məhkəmə şahidin ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə bütün bu faktiki halları araşdırıb belə hesab edir ki, hazırki iş üzrə iddiaçının ona çatası paydan imtinaya dair ərizənin müəyyən şərtdən asılı olaraq verilməsi, eyni zamanda həmin miras paydan imtina haqqında ərizəni n aldatma halında verilməsi və s. hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, əqdin aldatma ilə bağlanması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin mövcudluğu məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onların sübuta yetirilməməsi isə MM-in 339.3-cü maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Yəni, iddiaçı tərəf əqd bağlanılarkən aldadıldığını (yuxarıda sadalanan halların mövcudluğunu) sübut etmək yükünü daşıyır. Hazırkı mülki işdə isə iddiaçı tərəf birtərəfli iradə ifadəsinin (mirasdan imtina barədə ərizənin) aldatma yolu ilə bağlanmasına istinad etsə də, bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Eyni zamanda, iddiaçı tərəf mirasdan imtinanın qeyd edilən şərtlər əsasında həyata keçirməsini ərizəsində göstərməmişlər. Əksinə, işin hallarından müəyyən olunur ki, iddiaçı tərəf könüllü iradə ifadəsi nəticəsində mirasdan cavabdehin xeyrinə imtina etmişdir və bu imtina da qanunvericiliyə uyğun qaydada həyata keçirilmişdir. Məhkəmə X3 tərəfindən verilmiş şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, X3 iddiaçının qohumu olduğundan və həmçinin onlar arasında münasibətlər gərgin olduğundan məhkəmə onun tərəfindən verilən ifadəni mötəbər sübut hesab etmir və sübut qismində nəzərə almır. Belə ki, məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1268.1-ci maddəsinin mənasından aydın olur ki, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Odur ki, iddianın digər hissələri iddianın təmin olunmayan hissəsinə nisbətdə törəmə tələblər hesab olunur, iddianın əsasını təşkil edən hissə təmin edilmədiyi üçün törəmə tələblər də əsassız hesab edilərək təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 olmaqla) “vərəsəlik şəhadətnaməsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-457/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-457/2025
30.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver