Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-46/2023 04.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı, Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlaka ödənilmiş pul vəsaitinin ona aid hissəsinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlaka ödənilmiş pul vəsaitinin ona aid hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş mənzilə dair "İNKİŞAF-S” MMC ilə iddia üzrə üçüncü şəxs olan X6 arasında bağlanmış müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki, 1950-ci məhəllədə, Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində, 6-cı blok 2-ci mərtəbəsində ümumi sahəsi 49.13 kv.m olan 1 saylı, 2 otaqlı mənzilin alınması və təmirinə xərclənmiş hazırkı bazar qiymətinə uyğun olaraq 150.000 manat vəsaitin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissəsinin, yəni 100.000 manatının Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh2 ilə 09 aprel 2011-ci il tarixdə Rusiya Federasiyasında rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından 09 iyul 2011-ci il tarixdə X8 və 31 yanvar 2015-ci il tarixdə X11 adlı iki uşaqları doğulmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə “İNKİŞAF-S MMC”-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində, 6-cı blok, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 49.13 kv.m olan 1 saylı, 2 otaqlı mənzil almışlar. Həmin mənzilin alınması üçün onlar 30.000 manat ilkin ödəniş etmişlər. Sonradan həmin mənzilə görə 16000 manat pul və mənzilin əsaslı təmiri üçün 40.000 manat vəsait sərf etmişlər. Bundan sonra onlar Rusiya Federasiyasında olan zaman cavabdeh nikahlarının Rusiya Federasiyasında rəsmiləşdirilməsindən istifadə edib, Azərbaycanda subaylıq arayışı alaraq xx.xx.2020-ci il tarixli, 220 saylı müqaviləyə əsasən adına olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə “İNKİŞAF-S MMC”nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində, 6-cı blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.13 kv.m olan, 1 saylı, 2 otaqlı mənzilin digər şəxsin adına keçməsinə etiraz etməməsi baradə 22 dekabr 2021-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət mərkəzinin Notariat Ofisində notarial qaydada ərizə verərək həmin mənzili bacısı X3 adına keçirmişdir. Göründüyü kimi, Cavabdeh2 onun mülkiyyət hüququnu pozaraq birgə nikah dövründə əldə etdikləri əmlakı gizli şəkildə bacısının mülkiyyətinə vermişdir. Həmin mənzilə dair müqavilənin əldə edilməsi üçün Cavabdeh1 MMC-yə vəkil sorğusu ilə müraciət edilsə də, Cavabdeh1 MMC tərəfindən vəkil sorğusuna cavab verilməmişdir. Ona görə də o, həmin müqavilənin nömrəsini və tarixini əldə edə bilməmişdir. Odur ki, məhkəmədən birgə nikah dövründə əldə edilmiş mənzilə dair Cavabdeh1 MMC ilə iddia üzrə üçüncü şəxs X6 arasında bağlanmış müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində, 6-cı blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.13 kv.m olan, 1 saylı, 2 otaqlı mənzilin alınması və təmirinə xərclənmiş hazırki bazar qiymətinə uyğun olaraq 150.000 manat vəsaitin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissəsinin, yəni 100.000 manatının cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddia tələbi MPM-in tələblərinə uyğun verilməmişdir. İddiaçı qeyd etdiyi tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilə dair Cavabdeh1 MMC ilə iddia üzrə üçüncü şəxs X6 arasında bağlanmış müqaviləni məhkəməyə təqdim etməmiş və birgə nikah dövründə əldə etdikləri əmlakda pay bölgüsü aparılmadan, ümumi əmlakdan təmir xərcini tələb edir. Qeyd edilən mənzil onların ümumi gəlirləri hesabına əldə edilməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 MMC-nin nümayəndəsi X7 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, iddia ərizəsində qeyd olunan üçüncü şəxs X6 ilə "İNKİŞAF-S” MMC arasında müqavilə bağlanmamışdır. 04 mart 2020-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında 220 saylı çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), 2-ci mərtəbəsində, ümumi sahəsi 49.13 kv.metr olan, 2 otaqlı, 1 saylı mənzil Cavabdeh2 təhvil verilib. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh2 mənzilin ümumi dəyərindən (71200 AZN) 29000 manat ilkin olaraq, qalan 42200 manat məbləği isə 24 ay müddətində hər ay 1758 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin sonuncu dəfə Cavabdeh2 2021-ci ilin oktyabr ayında 2000 manat ödəniş etmişdir. O, müqavilə üzrə Cavabdeh1 MMC-yə ümumilikdə 35000 manat ödəniş etmişdir. Cavabdeh2 Cavabdeh1 MMC-yə qalıq borcu isə 36200 manat təşkil edir. Müqavilənin 5.5-ci bəndinə görə mənzil əldə edən tərəfindən müqavilənin icrasından imtina edilməsi, ödənişlərin 2 aydan çox gecikdirilməsi hallarında mənzil əldə edən mənzil təqdim edənin gecikmə ilə bağlı rəsmi bildirişini aldıqdan sonra 2 ay müddətində mənzili özünə sərf etdiyi qiymətə üçüncü şəxslərə satmalıdır. Həmin müddət ərzində sata bilməzsə, mənzil təqdim edən mənzili onun müqavilədə göstərilən dəyərindən 10-15% aşağı qiymətə üçüncü şəslərə satmaq hüququ əldə edir. Qeyd edilənlərə əsasən iddia tələbinin Cavabdeh1 MMC-yə yönəlmiş hissəsində təmin edilməməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə üçüncü şəxs olan X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatlarını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah bağlanması haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı xx.xx.2011-ci il tarixdə Norilsk şəhəri Talnax rayonu üzrə Krasnoyarsk diyarı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı agentliyinin ərazi şöbəsində rəsmi nikah bağlamışlar. Bu barədə 109 nömrəli nikah haqqında akt qeydi tərtib olunub. İşdə olan doğum haqqında şəhadətnamələrin tərcümə edilmiş surətlərindən görünür ki, Cavabdeh2 ilə İddiaçı birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Zəhra, xx.xx.2015-ci il tarixdə Əli adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, , Cavabdeh2 ilə İddiaçı arasında olan nikah 12 aprel 2022-ci il tarixdə pozulmuş, bu barədə 19 aprel 2022-ci il tarixli akt qeydi aparılmışdır. İşdə olan Cavabdeh2 Cavabdeh1 MMC-yə ünvanlandığı notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə bağlanmış 220 saylı müqaviləyə əsasən Cavabdeh1 MMC-nin inşa etdiyi binada onun adına olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki, 1950-ci məhəllədə, yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), 6-cı blokunda 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.13 kv.m olan 1 saylı 2 otaqlı mənzildən imtina etmiş, həmin mənzilin digər şəxsin adına keçməsinə etiraz etməmişdir. İşdə olan vəkil X1 Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, Cavabdeh2 04 mart 2020-ci il tarixdə Cavabdeh1 MMC ilə çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair 220 nömrəli müqaviləni bağlamışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə aidiyyəti dövlət qurumunun Sərəncamı əsasında inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), ümumi sahəsi 49.13 kv.metrdən ibarət, 2-ci mərtəbədə, 2 otaqlı, 1 (soldan sağa) saylı mənzil Cavabdeh2 təhvil verilib. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh2 mənzilin ümumi dəyərindən (71200 AZN) 29000 manat ilkin olaraq, qalan 42200 manat məbləği isə 24 ay müddətində hər ay 1758 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Sonuncu dəfə Cavabdeh2 2021-ci ilin oktyabr ayında 2000 manat ödəmişdir. Müqavilə bağlandığı andan ilkin ödənişdən başqa Cavabdeh2 tələb olunan borcdan ümumi 6000 manat vəsaiti ödənilib. Cavabdeh2 Cavabdeh1 MMC-yə qalıq borcu 36200 manat təşkil edir. İşdə olan Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 04 mart 2020-ci il tarixli çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair 220 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC (mənzil təqdim edən) Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə aidiyyəti dövlət qurumunun Sərəncamı əsasında inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), ümumi sahəsi 49.13 kv.metrdən ibarət, 2-ci mərtəbədə, 2 otaqlı, 1 (soldan sağa) saylı mənzili Cavabdeh2 (mənzil əldə edən) təhvil verməyi, Cavabdeh2 isə həmin müqavilə ilə müəyyən olunmuş qaydada və tərəflər arasında razılaşdırılmış şərtlər daxilində əldə etdiyi mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh2 mənzilin ümumi dəyərindən (71200 AZN) 29000 manat ilkin olaraq, qalan 42200 manat məbləği isə 24 ay müddətində hər ay 1758 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə çoxmərtəbəli yaşayış kompleksinin 6-cı girişində, 2-ci mərtəbədə, 2 otaqlı, ümumi sahəsi 49.13 kv.metrdən olan, 1 (soldan sağa) saylı mənzilin pay dəyərindən 35000 manat ödənmişdir, qalıq borcu 36200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/7562 nömrəli, 03 mart 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsində 1950-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 6-cı giriş, 6-cı blok 2-ci mərtəbədə yerləşən, 1 saylı mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 18181 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahından 09 iyul 2011-ci il tarixdə Zəhra və 31 yanvar 2015-ci il tarixdə Əli adlı uşaqları doğulmuşdur. 12 aprel 2022-ci il tarixdə onlar arasındakı nikah pozulmuşdur. Birgə nikah dövründə, yəni 04 mart 2020-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında 220 saylı çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), 2-ci mərtəbəsində, ümumi sahəsi 49.13 kv.metr olan, 2 otaqlı, 1 saylı mənzil Cavabdeh2 təhvil verilmişdir. Müqavilə üzrə Cavabdeh1 MMC-yə mənzilin ümumi dəyərindən (71200 manat) cəmi 35000 manat ödənilmişdir. Hazırda Cavabdeh2 müqavilə üzrə 36200 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Hazırda iddiaçı "İNKİŞAF-S” MMC ilə iş üzrə üçüncü şəxs olan X6 arasında bağlanmış müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, qeyd edilən mənzilin alınmasına və təmirinə xərclənmiş, hazırkı bazar qiymətinə uyğun olaraq 150.000 manat vəsaitin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissəsinin, yəni 100.000 manatının Cavabdeh2 tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, üçüncü şəxs X6 ilə nə Cavabdeh2, nə də Cavabdeh1 MMC arasında mübahisəli mənzilin alqı-satqısına və yaxud hər hansı bir formada özgəninkiləşdirilməsinə dair yazılı müqavilə bağlanmamış, həmçinin mübahisəli mənzil üzərində tərəflərin mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nikah və ailə münasibətlərindən irəli gələn əmlak mənsubiyyəti ilə bağlı mübahisədir. Mübahisənin düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən normaları ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında birgə əmlakın bölünməsi barədə bu vaxta qədər ümumi razılıq əldə edilməmiş, iddiaçı birgə vəsait hesabına ödənilmiş məbləğin dəyərinin yarı bölünməsini tələb etsə də, cavabdeh tələbi qəbul etməmiş və iddiaçının payına düşən hissənin verilməsini təmin etməmişdir. Məhkəmə ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün birgə nikah dövründə əldə edilməsi iddia edilən əmlakın ümumi birgə mülkiyyətə aid edilməsi üçün əmlakın əldə olunması tarixinin, ona dair əsas və mənbənin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), 2-ci mərtəbəsində yerləşən 1 saylı mənzil iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə 04 mart 2020-ci il tarixli, 220 saylı çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair müqaviləyə əsasən cavabdeh "İNKİŞAF-S” MMC-dən təhvil alınmış, mənzilin ümumi dəyərindən (71200 manat) cəmi 35000 manat ödənilmişdir. Mənzilin ümumi dəyəri tam ödənilmədiyindən mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır, yəni həmin əmlak üzərində mülkiyyət hüququ əldə etməmişdir. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə nikah müddətində onların ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar da daxildir. Həmin maddədə əmlakın əldə olunması dedikdə ona olan mülkiyyət hüququnun əldə edilməsi nəzərdə tutulur. Belə ki, Mülki Məcəllənin 178.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Ona görə də məhkəmə hesab edir ki, həmin daşınmaz əmlak tərəflərin birgə mülkiyyəti hesab edilə bilməz. Digər tərəfdən iddiaçı öz tələbində həmin mənzilin təhvil alınmasına və təmirinə xərclənmiş vəsaitin onların ümumi gəlirləri hesabına ödənildiyini göstərmişdir. Cavabdeh2 nümayəndəsi isə xərclənmiş vəsaiti təmsil etdiyi şəxsin öz qazancı hesabına ödədiyinə istinad etmişdir. Ona görə də məhkəmə mübahisənin düzgün həll edilməsi üçün aşağıdakı maddi hüquq normalarının tətbiq edilməsini işin həqiqi hallarına uyğun hesab edir. Belə ki, Ailə Məcəlləsinin 32-ci maddəsində göstərilir ki, ər-arvadın ümumi birgə mülkiyyətinə nikah müddətində onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər daxildir. Həmçinin Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Sadalanan hüquq normalarından ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əldə etdikləri (qazandıqları) gəlirlərin aid edildiyi anlaşılır. Məhkəmə qeyd edir ki, çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair müqavilə birgə nikah dövründə bağlanmış, müqavilə üzrə sonuncu dəfə 2021-ci ilin oktyabr ayında, yəni nikah pozulmamışdan əvvəl ödəniş edilmişdir (bu barədə cavabdeh "İNKİŞAF-S” MMC-nin nümayəndəsi Cavabdeh2 müqavilə üzrə sonuncu dəfə 2021-ci ilin oktyabr ayında ödəniş etdiyini bildirmişdir). Bu da onu deməyə əsas verir ki, müqavilə üzrə edilmiş ödənişlər, həmçinin təmir xərcləri nikah müddətində həyata keçirilmişdir. Məhkəmə, o cümlədən qeyd edir ki, onlar arasında nikah kontraktı və ya hər hansı başqa razılaşmanın mövcudluğu məhkəmə araşdırması nəticəsində müəyyən edilmədi. Belə olan halda həmin mənzilin təhvil alınmasına və təmirinə xərclənmiş pul vəsaitləri ər-arvadın nikah müddətində qazandıqları birgə vəsait hesab edilməlidir. İddiaçı qeyd edilən mənzilin alınmasına və təmirinə xərclənmiş, hazırkı bazar qiymətinə uyğun olaraq 150.000 manat vəsaitin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissəsinin, yəni 100.000 manatının Cavabdeh2 tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, cavabdeh "İNKİŞAF-S” MMC-nin məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, bağlanmış müqavilə üzrə cəmi 35000 manat ödənilmişdir. Həmçinin aparılmış məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunur ki, mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 18181 manat məbləğindədir. Odur ki, məhkəmə tərəflərin mənzil üçün çəkdiyi ümumi xərclərin məbləğini 53181 manat müəyyən edir. Məhkəmə, iddianın xərclənmiş vəsaitin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissəsinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmiş, yalnız yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin nəzərə alınmasını bildirmişdir. Bu isə əmlakın qeyri-bərabər bölünməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrıayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ona görə də məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş əmlakın qeyri-bərabər bölünməsinə əsas olan hallar müəyyən edilmədiyindən, iddiaçı ilə Cavabdeh2 mübahisəli mənzilin alınmasına və təmirinə sərf edilmiş 53181 manat məbləğində vəsait tərəflərin ümumi birgə qazancları hesab edilməli və həmin məbləğin ½ hissəsi, yəni 26590,5 manat məbləğində pul Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər–arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Mülki Məcəllənin 223.2–ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə iddianın mübahisəli mənzilə dair "İNKİŞAF-S” MMC ilə iş üzrə üçüncü şəxs olan X6 arasında bağlanmış müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı qeyd etdiyi müqaviləni məhkəməyə təqdim edə bilməmiş, cavabdeh "İNKİŞAF-S” MMC isə belə bir müqavilənin bağlandığını məhkəmə iclası zamanı təsdiq etməmiş, həmçinin mübahisəli mənzilin əldə edilməsinə dair cavabdeh "İNKİŞAF-S” MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin qüvvədə olduğunu göstərmişdir. Bu halda mövcudluğu sadəcə ehtimal edilən, məhkəmə iclasında bağlandığı sübut olunmayan müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Odur ki, iddia tələbinin həmin hissəsi təmin edilməməlidir. Məhkəmə, həmçinin iddia tələbini cavabdeh "İNKİŞAF-S” MMC-yə münasibətdə də əsalı hesab etmir. Belə ki, iddiaçı iddia tələbində "İNKİŞAF-S” MMC-nin cavabdeh olmasını iş üzrə üçüncü şəxs olan X6 ilə qanunsuz müqavilə bağlaması ilə əsaslandırmışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, "İNKİŞAF-S” MMC ilə iş üzrə üçüncü şəxs olan X6 arasında mübahisəli mənzilə dair müqavilə bağlanmamışdır. Belə olan halda "İNKİŞAF-S” MMC iddia tələbinə cavab verməli olmayan şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh "İNKİŞAF-S” MMC-yə münasibətdə iddia təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 169.77 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 birgə nikah müddətində ümumi qazancları hesabına Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsində 1950-ci məhəllədə, Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), 2-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin əldə edilməsi üçün ödənilmiş 35.000 (otuz beş min) manat, təmirinə sərf edilmiş 18.181 (on səkkiz min bir yüz səksən bir) manat, cəmi 53.181 (əlli üç min bir yüz səksən bir) manat məbləğində vəsait ½ hissəyə bölünsün və Cavabdeh2 26590 (iyirmi altı min beş yüz doxsan) manat 50 (əlli) qəpik məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 169.77(bir yüz altmış doqquz manat, yetmiş yeddi qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-46/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-46/2023
04.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver