Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-49/2023 13.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Azərbaycan Respulikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı: Azərbaycan Respulikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin cavabdeh: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respulikası Dövlət Neft Şirkəti“Qaz İxrac” İdarəsinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Mingəçevir şəhəri, Nübar bağçılıq təsərrüfatı (Gəncə şossesi) ərazisində inşa edilmiş birmərtəbəli yaşayış evinin cavabdehlərin öz vəsaiti hesabına sökülərək, diametri 720 mm-lik yüksək təzyiqli Mingəçevir QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” idarəsinin X5 Kəmərləri Sahəsinin istismarında olan «Mingəçevir QPS qolu» yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, Mingəçevir şəhəri Nübar bağçılıq təsərrüfatı (Gəncə şossesi) ərazisində yerləşən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus birmərtəbəli fərdi yaşayış evinin öz vəsaitləri hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehlərdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respulikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, “Qaz İxrac” İdarəsi bildirir ki, Mingəçevir şəhəri, Nübar bağçılıq təsərrüfatı ərazisində (Gəncə şossesi) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin X5 kəmərləri Sahəsinin balans və istismarında olan, diametri 720 mm-lik yüksək təzyiqli Mingəçevir QPS qolu qaz kəmərinin mühafizə zonasında qaz kəmərindən 37 metr məsafədə birmərtəbəli yaşayış evi inşa olunmuşdur. “Qaz İxrac” idarəsinin X5 Kəmərləri Sahəsinin istismarında olan «Mingəçevir QPS qolu» yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, Mingəçevir şəhəri Nübar bağçılıq təsərrüfatı (Gəncə şossesi) ərazisində yerləşən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus birmərtəbəli fərdi yaşayış evinin öz vəsaitləri hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehlərdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin məxsus torpaq sahəsini zəbt etməmişdir. Həmçinin izahatında göstərdi ki, hesab edir ki, həmin tikili mülkiyyətdə olan torpaq sahəsində inşa edildiyi üçün qanunsuz sayıla bilməz. Həmin torpaq sahəsini o 3-cü əldən almışdır və həmin tikililər orada olmuşdur. Həmin torpaq sahəsində o və qardaşları Cavabdeh2 və Cavabdeh3 ailəsi ilə birlikdə yaşayırlar. Buna görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 lazımi qaydada xəbərdar edilməklərinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə xəbardarlıq etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutuaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin izahatını, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş Qaz İxrac İdarəsi Ağdaş MQKS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən sahəmizə məxsus D-720 mm-lik Mingəçevir QPS qolu qaz kəmərinin Mingəçevir şəhəri Nübar bagı ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında, kəmərdən 37 metr məsafədə birmərtəbəli yaşayış evi inşa olunmuşdur. Mülki işə əlavə edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının 10/3038 saylı, xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Resetri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş sxemdə qaz xətti ilə mübahisəli fərdi yaşayış evi arasındakı məsafə 45 metr olduğunu nəzərə alaraq, cavabdehlərə məxsus fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinentinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən qaz kəmərinin mühafizə zonasında inşa oldunduğu müəyyən olunur. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, həqiqətən Mingəçevir şəhəri, Nübar bağçılıq təsərrüfatı ərazisində (Gəncə şossesi) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin X5 kəmərləri Sahəsinin balans və istismarında olan, diametri 720 mm-lik yüksək təzyiqli Mingəçevir QPS qolu qaz kəmərinin mühafizə zonasında qaz kəmərindən 45 metr məsafədə birmərtəbəli yaşayış evi inşa olunmuşdur. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddiaçı təşkilatın tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999–cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1–ci bəndində göstərilmişdir ki, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına, “Qaz təchizatı haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998–ci il tarixli 773 saylı Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Qaydaların 2.7–ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə mühafizə zonaları təyin edilir: –boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göründüyü kimi qeyd olunan normativ– hüquqi aktın sadalanan tələblərinə görə magistral boru kəmərlərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 50 metr təyin edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehlərin inşa etdirdiyi tikili qaz xətti ilə arasındakı məsafə 45 metrdə yerləşir. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən mühafizə zolağı kəmərin orta oxundan 50 metr məsafədə müəyyən edilmişdir. Odur ki, mübahisələndirilən və cavabdehlər tərəfindən inşa edilmiş tikililər qaz kəmərin mühafizə zolağına düşür və bu səbəbdən həmin tikililər sökülməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19–cu maddəsinin İ hissəsinə əsasən sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Həmin maddənin İİ hissəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi qanun da mühafizə zonasında inşa edilmiş tikilinin mühafizə zonasının sərhədlərinədək kənarlaşdırılmasını nəzərdə tutur. Belə olan halda məhkəmə hesab edir ki, həmin tikililər cavabdehlərin vəsaiti hesabına sökülməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999–cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7– ci bəndi tətbiq edilməli və qaz təchizatında mühafizə zonası üçün 50 metr məsafənin müəyyən edildiyi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, mübahisəli torpaq cavabdehlərin istifadəsində olsa belə, tikinti məqsədləri üçün ayrılmadığından və cavabdeh tərəfindən tikintiyə lazımi qaydada icazə alınmadığından, həmin mübahisəli tikililər qanunsuz olaraq özbaşına inşa edilmişdir. Ona görə də cavabdehin həmin özbaşına tikili üzərində heç bir hüququ dövlət tərfindən tanınmamış və qeydiyyata alınmamışdır. Belə ki, iş materiallarından da görünür ki, mübahisəli torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqdı və mülkiyyətçisi Mİngəçevir Bələdiyyəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1–ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2–maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək–onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4–cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111–ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi(orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymək verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mingəçevir şəhəri, Nübar bağçılıq təsərrüfatı ərazisində (Gəncə şossesi) ərazisində tikinti işlərinin aparılması üçün qanunla müəyyən olunmuş qaydada lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına apardığından, bu tikili qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, tikinti qaz kəmərinin texniki istismarına və təmirinə maneələr törətdiyindən və orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaratdığından cavabdehlərin hesabına sökülməli, qaz kəmərinin mühafizə zonası boşaldılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci iddianın təmin edilmiş hissəsinə uyğun olaraq cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM–nin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. “Qaz İxrac” idarəsinin X5 Kəmərləri Sahəsinin istismarında olan «Mingəçevir QPS qolu» yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, Mingəçevir şəhəri Nübar bağçılıq təsərrüfatı (Gəncə şossesi) ərazisində yerləşən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus birmərtəbəli fərdi yaşayış evi öz vəsaitləri hesabına sökülsün, mühafizə zonası boşaldılsın. İş üzrə ekspertiza aparılmasının dəyəri olan 100 manat və mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid edilsin və müştərək qaydada onlardan tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-49/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-49/2023
13.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver