Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-55/2022 12.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı X3 Cavabdeh qarşı azyaşlı uşağının miras əmlaka məcburi payın müəyyən edilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı X11 Cavabdeh qarşı X12 ilə cavabdeh arasında ünvan 1 evə dair bağlanmış müqavilənin ləğv edilməsi, qeyd edilən evə yetkinlik yaşına çatmayan qızı X6 vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bağışlanma müqaviləsinə əsasən X7 Cavabdeh bağışladığı ünvan 1 evdən vərəsələrin dairəsinə uyğun olaraq qızı X6 məcburi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkənə iclasında iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək izahatında bildirdi ki, X11 2015-ci ilin dekabr ayında cavabdehin oğlu X12 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2016-cı ildə Minə adlı bir uşaqları olmuşdur. X2 ilə X12 arasındakı ailə münasibətləri pozulmuş, məhkəmə qətnaməsi ilə nikahları ləğv edilmişdir. Nikahlarının ləğv edilməsi 19 noyabr 2019-cu ildə qeyd olunmuşdur. Nikah pozuldudan sonra Minə adlı uşaq anasının yanında qalmışdır. Ailə qurduqdan sonra iddiaçı Səfurə Quliyeva əri Elvin Məmmədovun mülkiyyətində olan ünvan 1 evdə yaşamışdır. Elvin Məmmədov 25 noyabr 2020-ci ildə vəfat etmişdir. Elvin Məmmədovun ölümündən sonra X5 qanuni nümayəndəsi kimi atasından qalmış miras əmlakın qəbulu ilə bağlı “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, ona bildirilmişdir ki, Elvin Məmmədov ölümündən əvvəl mülkiyyətində olan ünvan 1 evi 4Ə-881 №-li xx.xx.2019-cu l tarixli bağışlama müqaviləsinə əsasən anası Cavabdeh bağışlamışdır. Ona görə də S.Quliyeva qızı Minənin atasından miras qalmış evə məcburi payın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. X20 Məmmədovun uşağıdır, birinci növbəli vərəsədir. Hesab edir ki, Elvin Məmmədovun mülkiyyətində olmuş və sağlığında xx.xx.2019-cu il tarixli müqavilə ilə anası Cavabdeh bağışladığı ünvan 1 evə uşağı X6 məcburi payı vardır. Mülki Məcəllənin 1200-ci maddəsinin tələblərinə uyğun olaraq Minə Məmmədovanın məcburi payı müəyyən edilməlidir. İddianın təmin olunmasını xahiş edir. Onu da bildirir ki, Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışa görə X7 ancaq vərəsəsi X8r. Ancaq məlumdur ki, Elvin Məmmədovun anası və atası var və onlar sağdılar. Məcburi payın vərəsələrin dairəsinə uyğun olaraq müəyyən edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi, Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, X7 birinci növbəli vərəsəsi yalnız uşağı Minə deyil, atası və anası da sağdırlar və birinci növbəli vərəsələrdir. Bundan əlavə ünvan 1 evi Elvin Məmmədov deyil, Cavabdeh öz vəsaiti hesabına almışdır. Ancaq həmin vaxt Cavabdeh Moskva şəhərində olduğuna görə ev onun oğlu Elvin Məmmədovun adına qeydə alınmışdır. İddia əsassız olduğuna görə təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13.09.216-cı ildə anadan olmuş X6 atası X12, anası X4r. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X9 arasında olan nikahın ləğvi 19 noyabr 2019-cu ildə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Quliyeva soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 28 noyabr 2020-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışında göstərilir ki, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş X7 vərəsəsi X8r. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 may 1991-ci il təvəllüdlü X7 atası X13, anası Cavabdehdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan göünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi ümumi sahəsi 28,16 kvm olan 1 otaqlı 1A №-li bağ evi xx.xx.2013-cü ildə tam mülkiyyət hüququ ilə X7 adına qeydə alınmışdır. İşdə olan hədiyyə verən X12 ilə Cavabdeh arasında bağlanmış, Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 25 may 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Elvin Məmmədov mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 28,16 kvm, yaşayış sahəsi 16,43 kvm, yardımçı sahəsi 11,73 kvm olan bağ evini və həmin ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin anası Cavabdeh hədiyyə vermişdir. İşə əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1148/2021 №-li 30 sentyabr 2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdehın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qət edilmişdir. İşə əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin 2-1(107)-40/2022 №-li 13 yanvar 2022-ci il tarixli qərardadından görünür ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1148/2021 №-li 30 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-617/2022 №-li xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəki Apelyasiya məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-40/2022 №-li 13 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində yetkinlik yaşına çatmamış X6 qanuni nümayəndəsi olduğunu, Minənin onunla Elvin Məmmədovun birgə nikahından doğulduğunu, ünvan 1 evin Elvinin mülkiyyətində olduğunu, Elvin 28 noyabr 2020-ci ildə vəfat etdiyini, sağlığında, 25 may 2019-cu ildə mülkiyyətində olan həmin evi anası, hazırkı iş üzrə Cavabdeh bağışladığını, qızı Minənin birinci vərəsə olduğuna görə evə məcburi payının müəyyən olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vərəsələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin ( miras payını) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsələrdir. Qanun üzrə vərəsəlik zamanı vərəsələr bərabər pay almaq hüququna malikdirlər. Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, qanunverici vərəsəlik və ailə hüquq institutlarının konstitusiya əhəmiyyətindən çıxış edərək Mülki Məcəlləyə “məcburi pay” anlayışını daxil etmiş və Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə ailə münasibətlərinin himayə edilməsini, bununla da vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin (məcburi vərəsələrin) qanunla onlara verilmiş minimum paylarının qorunması hüquqlarını təmin etmişdir. Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər. Bağışlanmış əşyanın vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair göstəriş Mülki Məcəllənin 32-ci fəslində də nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Mülki Məcəllənin 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd edilən maddədən göründüyü kimi tələbin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı, əşya bağışlanma yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli, həmin əşya mirasa daxil olsa idi miras əmlakın həcmi artmış olmalı idi. İş materiallarından görünür ki, məcburi payı tələb olunan X14 mülkiyyətində olan əmlakı bağışlama yolu ilə özgəninkiləşdirmiş Elvin Məmmədovun birinci növbəli vərəsəsi olmaqla məcburi pay hüququa malik olan şəxsdir, əmlak bağışlama yolu ilə başqasının adına özgəninkiləşdirilmişdir. İddia tələbi ilə məhkəməyə müraciət edilən zaman əmlakın bağışlanmasından iki ildən artıq müddət keçməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, X10 atası X1 xx.xx.2019cu il tarixli bağışlama müqaviləsi ilə anası Cavabdeh bağışladığı ünvan 1 evə məcburi pay hüququ vardır. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən məcburi pay vərəsəlik zamanı çatası payın yarısını təşkil etmişdir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, mübahisələndirilən evi sağlığında bağışlama yolu ilə özgəninkiləşdirilmiş Elvin Məmmədovun üç nəfər-atası, anası və hazırda məcburi payı tələb edilən qızı, qanuni vərəsəsi vardır. Qeyd edilənlərə əsasən məhkəmə, həmçinin, hesab edir ki, X6 atası X7 mülkiyyətində olmuş və sağlığında xx.xx.2019-cu il tarixli 4Ə-881 №-li bağışlama müqaviləsi ilə Cavabdeh bağışladığı ünvan 1 evə altıda bir hissədə məcburi pay hüququ olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. X6 atası X7 mülkiyyətində olmuş və sağlığında xx.xx.2019-cu il tarixli 4Ə-881 №-li bağışlama müqaviləsi ilə Cavabdeh bağışladığı ünvan 1 evə altıda bir hissədə məcburi pay hüququ olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-55/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-55/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver