Məhkəmə qərarları › İş №2(051)-588/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-588/2023

09.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-588/2023 09.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi: Ərizəçi nümayəndəsi X1 iştirakıilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-2551 saylı arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X2 işin məhkəmədə baxılmağa hazırlanması zamanı maraqlı şəxsin nümayəndəsinin etirazında istinad etdiyi dəlilləri qəbul etmədi və məhkəmədən işin məhkəmə baxışına təyin edilməsi haqqında qərardad çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə maraqlı şəxsin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktı mübahisələndirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni və maraqlı şəxsin etirazını, həmçinin əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarında olan AR Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli M/276 saylı etiraz ərizəsində maraqlı şəxsin nümayəndəsi öz mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçinin məqsədi başqa qaydada əldə edə bilməsi mümkün olmayan faktın xüsusi icraat qaydasında tanınması deyil, hərbi xidmət keçməsini təsdiq edən müvafiq sənədlərdə natamam olan qeydlərin məhkəmə tərəfindən tam faktı kimi tanınmasına nail olmaqdan ibarət olmuşdur. Ona görə də ərizəçi mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-2551 saylı arayışının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi zamanı hüquq haqqında mübahisə yaranmışdır. Ona görə də ərizəyə xüsusi icraat qaydasında hüquqi qaydasında baxılması mümkün deyildir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, hazırki iş üzrə hüquq haqqında mübahisə yaranmışdır, ərizəyə xüsusi icraat qaydasında baxılması mümkün deyildir və ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. İşin halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2- 2551 saylı arayışının Ərizəçi məxsus olması faktı maraqlı şəxs tərəfindən mübahisələndirildiyinə görə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Bununla yanaşı, məhkəmə izah edir ki, ərizəçi iddia icraatı qaydasında ümumi əsaslarla aidiyyəti məhkəmədə yenidən iddia vermək hüququna malikdir. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-2551 saylı arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlansın. Ərizəçiyə izah olunsun ki, ümumi əsaslarla yenidən iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixdə saat 11:51-də "xxxx" ASC-nin Mingəçevir şəhərində yerləşən filialına 29245 nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar