Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-652/2022 02.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdehlər: Nuriyeva (Ələkbərova) Mehriban İsmayıl qızının və Cavabdeh2 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Nuriyeva (Ələkbərova) Mehriban İsmayıl qızına və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdehlər Nuriyeva (Ələkbərova) Mehriban İsmayıl qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəçevir şəhəri, 110 kv-luq 1-ci, 2-ci şəhər hava xəttinin 26-27 saylı dayaqlararası aşırımında elektrik verilişi xəttinin mühafizə zonasında cavabdehlər tərəfindən qanunsuz tikilmiş fərdi yaşayış evinin, evin hasarlarının və mövcud digər qanunsuz tikilmiş fərdi yaşayış evinin, evin hasarlarının və digər qanunsuz tikililərin cavabdehlər tərəfindən onların hesabına sökülməsi və sökülmüş tikinti materiallarının mühafizə sonasından çıxarılaraq ərazinin əvvəlki vəziyyətə gətirilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, "xxxx" MMCnin əməkdaşları tərəfindən yüksək gərginlikli hava elektrik verilişi xəttlərinin mühafizə zonalarına baxış keçirilərkən cavabdehlər Cavabdeh1 və atası Cavabdeh2 X4 Stansiyası və 110/35/10 kv-luq Şəhər Yarımstansiyası arasında əlaqələndirici, sistem üçün strateji əhəmiyyətli 110 kv-luq 1-ci, 2-ci şəhər Hava Xəttinin 26-27 saylı dayaqlar arası aşırımda elektrik verilişi xəttinin mühafizə zonasında fərdi yaşayış evi tikmələri müəyyən edilmişdir. Aşkar olunmuş qanunsuz tikili ilə əlaqədar cavabdehlərə xx.xx.2020-ci il tarixli rəsmi xəbərdarlıq edilmiş və qanunsuz tikilinin sökülməsi və mühafizə qoruğusunun əvvəlki vəziyyətinin bərpası tapşırılmasına baxmayaraq, heç bir nəticəsi olmamışdır. Bundan sonra cavabdehlər tərəfindən tikilmiş qanunsuz tikililər barədə lazımı tədbirlər görülməsi üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinə, Mingəçevir Bələdiyyəsinə və Mingəçevir Şəhər Polis Şöbəsinə rəsmi məlumatlar verilmişdir. Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən fakt üzrə araşdırma aparılaraq cavabdehlərin əməllərində cinayət tərkibi olduğuna görə materiallar Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə verilmiş və istintaq bölməsinin rəisi Şəmsəddin Balayev cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə 08 noyabr 2020-ci il tarixli qərar qəbul etmişdir. Qərarda qeyd olunur ki, "xxxx" MMC-dən daxil olmuş məlumat əsasında toplanmış HK-1/1295 saylı material araşdırmanın davam etdirilməsi üçün AR Baş Prokurorluğu vasitəsilə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilməsi məqsədilə Mingəçevir Şəhər Prokurorluğuna göndərilsin. Beləliklə, cavabdehlərin tikdiyi qanunsuz tikililər hal-hazırda qalmaqla təhlükə mənbəyidir, eləcə də istehsalat zərurəti olduqda xəttin mühafizə zonasına əməkdaşların və maşınmexanizmlərin sərbəst giriş-çıxışına, lazımi təmir-bərpa işlərinin aparılmasına maneələr yaradır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh (Ələkbərova) Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən, yaşayış məntəqələrinə aid 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində 2009-cu il tarixdən fərdi yaşayış evi və digər yarımçıq tikililər tikilmiş və elə həmin vaxtlardan da onlar həmin evdə yaşayırlar. Bu vaxta qədər X2 Şəbəkəsi tərəfindən onlara hər hansı xəbərdarlıq edilməmişdir. Bundan əlavə Mingəçevir REŞ tərəfindən həmin fərdi yaşayış evi işıq enerjisi ilə təmin edilmiş, həmçinin müvafiq kommunal şirkətlər tərəfindən quraşdırılmış kommunal sayğaclar əsasında bütün kommunal xərcləri o, ödəmişdir. Hazırkı vaxta qədər ona heç bir dövlət və ya özəl qurumlar tərəfindən xəbərdarlıq və etiraz daxil olmamışdır. Ona görə də o, hesab etmişdir ki, mülkiyyətində olan torpaq sahəsində onun fərdi yaşayış evi tikməsi qanunidir. Çünki həmin vaxt onun tikdiyi tikili üçün aidiyyəti orqanlardan icazə alınması nəzərdə tutulmamışdır. O, mübahisəli fərdi yaşayış evini tikib başa çatdırdıqdan, yəni orada uzun müddət ailəsi ilə yaşayıb təsərrüfat yaratdıqdan sonra onun evinin qanunsuz tikili olduğu bildirilmişdir. Hazırda onun mübahisəli fərdi yaşayış evindən başqa yaşayış sahəsi yoxdur, yəni sözügedən ev onun və ailəsinin yeganə yaşayış sahəsidir. O, hazırkı vaxta qədər əldə etdiyi bütün vəsaitini həmin fərdi yaşayış evinin tikintisinə sərf etmişdir. Onun bundan sonra yeni ev almaq üçün heç bir maddi imkanı yoxdur. Çünki həmin evin tikintisi üçün götürdüyü borcları tam şəkildə qaytara bilməmişdir. Həmin fərdi yaşayış evi söküləcəyi təqdirdə, o, ailəsi ilə birlikdə küçədə qalacaqdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı digər cavabdeh (Ələkbərova) Cavabdeh1 ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri, ekspert rəyini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarı ilə müəyyən edilmiş qaydaların hər hansı şəkildə pozulması və baş verə biləcək bədbəxt hadisəyə görə məsuliyyət daşıdığı, həmçinin istehsalat zərurəti yarandıqda istənilən vaxt xəttin qoruq zonasında maşınmexanizmlərdən istifadə etməklə “Mingəçevir” REŞ tərəfindən təmir işlərinin aparıla bilinəcəyi barədə Cavabdeh2 xəbərdar edilmişdir. İşdə olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1033 saylı məktubdan görünür ki, mühafizə zonasında olan torpaq sahələrinin verilməsi və tikinti işlərinin aparılmasına Mingəçevir Bələdiyyəsi tərəfindən heç bir qərar verilməmişdir. İşdə olan materialın aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Mingəçevir REŞ MMC-dən daxil olmuş müraciət əsasında toplanmış HK-1/1296 saylı material araşdırmanın davam etdirilməsi üçün AR Baş Prokurorluğu vasitəsi ilə aidiyyatı üzrə AR FHN-nin Əməliyyat-İstintaq idarəsinə göndərilməsi məqsədi ilə Mingəçevir şəhər Prokurorluğuna göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, **********9 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən, yaşayış məntəqələrinə aid 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Ələkbərova (Nuriyeva) Mehriban İsmayıl qızının adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda həmin 0,06 ha torpaq sahəsinə dair Ələkbərova (Nuriyeva) Mehriban İsmayıl qızının adına xx.xx.2021-ci il tarixdə AA 560078 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4050 saylı ekspert rəyindən görünür ki, Mingəçevir şəhər 110-kv-luq 1-ci, 2-ci Şəhər Hava Xəttinin 26-27 saylı dayaqlararası aşırımda elektrik verilişi xəttinin keçdiyi mübahisəli ərazinin "xxxx" MMC-nin balansında olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. "xxxx" MMC-nin həmin torpaq sahəsi üzərində əşya hüququ qeydə alınmamışdır. Mingəçevir şəhəri ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələrinə aid xüsusi mülkiyyət hüququ ilə Ələkbərova (Nuriyeva) Mehriban İsmayıl qızının adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinin sərhədləri daxilinə Mingəçevir şəhəri 110 kv-luq 1-ci, 2-ci Şəhər Hava Xəttinin 26-27 saylı dayaqlararası aşırımda elektrik verilişi xəttinin mühafizə zonasına nəzərdə tutulmuşdur. Qeyd olunan elektrik verilişi xəttinin mühafizəsi zonası tikinti-texniki normalara əsasən neçə metr sahəni əhatə etməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən mühafizə zonası 20 metr müəyyən edilmişdir. Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən, yaşayış məntəqələrinə aid xüsusi mülkiyyət hüququ ilə Ələkbərova (Nuriyeva) Mehriban İsmayıl qızının adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinin 0.0533 ha hissəsi Mingəçevir şəhəri 110 kv-luq 1-ci, 2-ci Şəhər Hava Xəttinin 26-27 saylı dayaqlararası aşırımda elektrik verilişi xəttinin mühafizə zonasına düşür. Mingəçevir şəhəri ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələrinə aid xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş, fərdi yaşayış evi, torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarlar, həmçinin mövcud olan digər tikililər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin uyğun inşa olunmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən, yaşayış məntəqələrinə aid 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə cavabdeh Ələkbərova (Nuriyeva) Mehriban İsmayıl qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda cavabdehlər 2009-cu il tarixdə həmin 0,06 ha torpaq sahəsi üzərində müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan fərdi yaşayış evi, həmin torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarlar, həmçinin digər tikililər inşa etmişlər. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsinin 0.0533 ha hissəsi Mingəçevir şəhəri, 110 kv-luq 1-ci, 2-ci şəhər hava xəttinin 26-27 saylı dayaqlararası aşırımında elektrik verilişi xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilsə də, cavabdeh Nuriyeva (Ələkbərova) Mehriban İsmayıl qızının mülkiyyətindədir və həmin torpaq sahəsi tikinti məqsədləri üçün ayrılmışdır. İddiaçı MMC-nin mübahisəli torpaq sahəsi üzərində əşya hüququ qeydiyyata alınmamışdır. Hazırda iddiaçı hüquqi şəxs cavabdehin mülkiyyətində inşa edilmiş mübahisəli fərdi yaşayış evinin və digər tikililərin sökülməsini tələb edir. Məhkəmə mübahisənin qanuni həll edilməsi üçün nəzərə alır ki, ilk növbədə tərəflər arasında mövcud olan mülki hüquq münasibətinin xarakteri, yəni mülki hüquq və vəzifələrin yaranmasına səbəb əsaslar müəyyən olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə özbaşına tikilinin sökülməsi tələbindən irəli gələn əmlak mənsubiyyəti ilə bağlı mübahisə olduğundan, həmin mübahisə əmlak və əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla əlaqəli şəkildə tətbiqi əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində yaşayış evi, digər tikili, qurğu və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə istinad edilən maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olaraq hesab edir ki, hazırda qüvvədə olan mülki qanunvericilik tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş istənilən tikilini özbaşına tikili saymış, yəni həmin şərtlərdən birinin real mövcud olması, tikilinin özbaşına tikili sayılması üçün yetərlidir. Eləcə də mülki qanunvericilik, özbaşına tikinti aparmış şəxsin həmin tikiliyə sərəncam vermək hüququnu istisna etmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olan, yaşayış məntəqələri üçün ayrılmış torpaq sahəsində lazımi icazələr almadan, həmçinin şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa etdirdiyi mübahisəli fərdi yaşayış evi özbaşına tikili sayılmalıdır. Belə ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, həmin torpaq sahəsi yaşayış məntəqələri üçün nəzərdə tutulsa da, qanunun tələbinə görə cavabdeh tərəfindən lazımi icazə alınmadığından həmin tikili özbaşına tikilidir və həmin tikili üzərində cavabdehin sərəncam vermək hüququ yoxdur. Belə olan halda mülki qanunvericilik özbaşına tikililərin sökülməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmə tərəfindən sökülə bilər. Göründüyü kimi Qanunverici Mülki Məcəllənin qeyd olunan maddəsində lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikililərin maraqlı şəxsləri müraciəti əsasında məhkəmə tərəfindən sökülməsini dispozitiv qaydada müəyyən etsə də, həmin normada özbaşına tikilinin əvəzi ödənilmədən və cavabdehin hesabına sökülməsini imperativ qaydada göstərməmişdir. Bu hal, yəni özbaşına tikilinin əvəzi ödənilmdən və cavabdehin hesabına sökülməsi, yalnız Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrinə münasibətdə imperativ qaydada təsbit edilmiş, lakin mülkiyyətində olan torpaq sahəsinə münasibətdə isə həmin qaydaların tətbiqi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə həm Mülki Məcəllənin, həm də Torpaq Məcəlləsinin qeyd olunan maddələrinin tələbləri baxımından qeyd edir ki, hazırkı mübahisə üzrə sökülməsi tələb olunan özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olduğundan, hazırkı mübahisəyə Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi istisna olunur. Mülki Məcəllənin 180.4-cü maddəsi isə yuxarıda qeyd edildiyi kimi dispozitiv xarakterli olduğundan, məhkəmə iddiaçını tələbinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, mülkiyyətində olan torpaq sahəsində cavabdehin vəsaiti hesabına inşa edilmiş tikililərin inşaat norma və qaydalarına uyğun olmadığı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Bu hala cavabdeh tərəf də etiraz etməmişdir. Lakin inşaat norma və qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, cavabdeh tikdiyi tikililərə sərf olunmuş materialların, mübahisəli fərdi yaşayış evində istifadə etdiyi daşınar əşyaların və avadanlıqların sahibidir və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Uzun illər ərzində cavabdeh heç bir aidiyyəti dövlət orqanı və iddiaçı tərəfindən xəbərdarlıq almadan mülkiyyətində olan torpaq sahəsində ailəsi üçün fərdi yaşayış evi inşa etmiş və tikililərdən məqsədli təyinatına uyğun olaraq istifadə etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehlər həmin tikililər hesabına yaşayış ehtiyaclarını təmin etmişlər. Bununla da cavabdehlər həmin ərazidə sosial mühit, habelə ailə mühiti və şəxsi təsərrüfat yaratmışlar. Cavabdehlər hazırkı vaxta qədər özlərinin və ailələrinin, habelə təsərrüfatının elə həmin yerdə qalacağına ümid etmiş və ona heç kimin mane olmayacağına əmin olmuşdur. Çünki həmin vaxta qədər iddiaçı tərəfindən onlara qarşı heç bir etiraz və sair xəbərdarlıq edilməmiş, daha doğrusu, iddiaçı cavabdehlərə qarşı dözümlülük nümayiş etdirərək susmuşdur. Əksinə, bütün kommunal xidmət müəssisələri cavabdeh tərəflə müqavilələr bağlayaraq, onu elektrik enerjisi, qaz və su ilə təmin etmiş, həmçinin mübahisəli fərdi yaşayış evində sayğaclar quraşdırmışdır. Cavabdeh tərəf isə kommunal sahələr üzrə göstərilən xidmətlərin haqqını ödəmişdir. Qeyd olunan bu hallar cavabdehlərə ev üzərində heç bir mülkiyyət hüququ verməsə də, müəyyən müddət ərzində dövlət orqanları və iddiaçı hüquqi şəxs tərəfindən hər hansı reaksiyanın olmaması, onlarda belə bir fikir yaratmışdır ki, mübahisəli fərdi yaşayış evi onların qanuni sahibliyində və istifadələrində olan yeganə yaşayış sahəsidir. Bu hallar cavabdeh tərəfi hərəkətlərində haqlı olduqlarına əminlik yaratmışdır. Ona görə də mübahisəli özbaşına tikili uzun müddət ərzində cavabdehlərin və ailəsinin yaşadığı yeganə “ev” olmuşdur. Məhkəmə, həmçinin nəzərə alır ki, MM-nin 180.4-cü maddəsində özbaşına tikilinin maraqlı şəxsin tələbi ilə məhkəmə tərəfindən sökülməsi nəzərdə tutulsa da, lakin həmin normada iş üçün mühüm əhəmiyyəti olan hallar, yəni söküntüyə məruz qalacaq şəxs tərəfindən özbaşına tikinti işlərinin xəbərdarlıq edildikdən sonra qanunsuz olduğunu biləbilə aparılması, özbaşına tikilinin yaşayış üçün hazır vəziyyətdə və onların yeganə yaşayış evi olub-olmaması, həmçinin həmin şəxslərin özlərinə başqa yaşayış evi almaq imkanın olub-olmaması ilə bağlı məsələlər nəzərə alınmamışdır. Qeyd olunan bu halların müəyyən edilməməsi, işin qanuni həll edilməsini istisna edir. Doğrudur, milli qanunvericilikdə həmin hallar nəzərdə tutulmasa da, ədalət mühakiməsinin həyata keçirlməsi zamanı birbaşa tətbiq edilməsi nəzərdə tutulan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində həmin hallara xüsusi diqqət ayılmışdır. Belə olan halda yaranmış ziddiyyətin aradan qaldırılması və mübahisənin həlli zamanı Avropa Məhkəməsinin presedentlərində formalaşmış hüquqi mövqelər tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.2-ci maddəsinə əsasən əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. Ona görə də məhkəmə tərəflərin bərabərliyi və hərtərəflilik prinsipinin tələblərini rəhbər tutaraq hazırkı mübahisənin həll edilməsi zamanı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etmək məqsədi ilə Avropa Məhkəməsinin presedentlərinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi Əhmədova Azərbaycana qarşı xx.xx.2022-ci il tarixli Qərarının 41-ci bəndində əvvəlki hüquqi mövqelərinə uyğun olaraq bir daha qeyd etmişdir ki, İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın (bundan sonra“Konvensiya”) 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt edilmiş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılıdır. Konvesiyanın 8-ci maddəsində isə hər kəsin öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malik olması göstərilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan yaşayış məntəqələri üçün ayrılmış torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən onun hesabına sökülməsi, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcəkdir. Belə ki, İddiaçı hüquqi şəxsin Mingəçevir şəhəri, 110 kv-luq 1-ci, 2-ci şəhər hava xəttinin 26-27 saylı dayaqlararası aşırımında elektrik verilişi xəttinin mühafizə zonasının cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşməsinin səbəblərini müəyyən etməmiş və mühafizə zonasına aid torpaq sahəsinin mülkiyyət verilməsini hazırkı vaxta qədər mübahisələndirməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdehin evinin əvəzi ödənilmədən və onun hesabına sökülməsi, onun ailəsi ilə birlikdə evsiz qalmasına səbəb olduğundan, iddianın təmin edilməsi qanuni məqsədə mütənasib deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi Əhmədova Azərbaycana qarşı xx.xx.2022-ci il tarixli Qərarının 46-cı bəndində əvvəlki hüquqi mövqelərinə uyğun olaraq bir daha qeyd etmişdir ki, məhkəmənin yaxşı qurulmuş presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs-həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq, Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil məhkəmə tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan özbaşına tikintidən söhbət gedəndə, ön plana çıxa biləcək amillər ondan ibarətdiur ki, evin qanunsuz tikilibqurulmasının, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikintini davam etdirməsinin xarakteri və dərəcəsinin nədən ibarət olmasıdır. Sözügedən qanunsuzluq, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmamasıdır. Başqa bir amil, işin daha az ciddi üsullarının olub-olmaması ola bilər. Bu siyahı tam deyil. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər Bununla yanaşı məhkəmə, həmçinin nəzərə alır ki, mülkiyyətində olan torpaq sahəsində sökülməsi tələb olunan həmin fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamasına baxmayaraq, hər halda, cavabdehlər tikdirdiyi tikililərə sərf olunmuş materialların, fərdi yaşayış evindəki daşınar əşyaların və avadanlıqların sahibləridir və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar onlara məxsusdur. Bununla yanaşı, mübahisəli fərdi yaşayış evi cavabdehlərin yeganə yaşayış sahəsidir və onların başqa yaşayış evi əldə etmək üçün zəruri vəsaitləri yoxdur, bundan əlavə cavabdehlər dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid deyildirlər. Məhkəmə hesab edir ki, həmin tikililər Nuriyeva (Ələkbərova) Mehriban İsmayıl qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.06 ha torpaq sahəsində cavabdehlərin vəsaitləri hesabına inşa edildiyindən, müəyyən iqtisadi dəyərə malik olduğundan, həmçinin cavabdehlərin fasiləsiz və etirazsız olaraq uzun müddət istifadəsində qaldığından, həmin tikililər cavabdehlərin yeganə yaşayış evi olmuş və cavabdehin həmin tikiliyə mülkiyyət hüququnun tanınmasını qanuni olaraq gözləmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X5 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X5 Məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ona görə də məhkəmə hesab edir ki, həmin tikililər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hüquqi şəxsin əvəzi ödənilmədən cavabdehlərin yaşadığı, özbaşına inşa edilmiş fərdi yaşayış sökülməsi tələbinin təmin edilməsi üçün hüquqi əsasları mövcud deyildir. Məhkəmə tədqiq edilmiş sübutların məcmununa qiymət verərək belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə mübahisə predmeti olan, cavabdehin məxsus, yaşayış məntəqələri üçün ayrılmış torpaq sahəsində yerləşən tikililər, Mingəçevir şəhəri, 110 kv-luq 1-ci, 2-ci şəhər hava xəttinin 26-27 saylı dayaqlararası aşırımında elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsinə baxmayaraq, cavabdehlər tərəfindən və onların vəsaiti hesabına inşa edilmişdir. Ona görə də cavabdehlərin və ailəsinin həmin tikililərə sərf olunmuş materiallar və digər ləvazimatlar üzərində mühüm iqtisadi marağı vardır. Onların bu marağı iddiaçının mənafeyi ilə ziddiyyət təşkil etmir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, əşyanın şəxsə mənsub olması, onun iqtisadi mənada mənimsənilməsi, hüquqi mənada isə ona mülkiyyət hüququnun əldə edilməsi ilə təzahür edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi olmuş və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus olmuşdur. Qərarda qeyd edilmişdir ki, ərizəçinin evi onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından mülkiyyətə bərabərdir. Göründüyü kimi Avropa Məhkəməsi dövlət orqanlarının uzun müddət yol verdikləri marağı mülkiyyətə bərabər tutmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə istinad olunan hüquq normalarının və X5 Məhkəməsinin presedentlərinin tələbləri baxımından hesab edir ki, Mingəçevir şəhəri, 110 kv-luq 1-ci, 2-ci şəhər hava xəttinin 26-27 saylı dayaqlararası aşırımında elektrik verilişi xəttinin mühafizə zonasında inşa edilməsinə baxmayaraq, hazırkı vəziyyətdə cavabdehlərin vəsaiti hesabına inşa edilmiş və onların sosial ailə həyatının mövcudluğunun əsasını təşkil edən həmin fərdi yaşayış evinin özbaşına tikili hesab edilərək əvəzi ödənilmədən və onların hesabına sökülməsi, «digər şəxslərin hüquqlarının müdafiəsindən» ibarət qanuni məqsədə mütənasib hesab edilə bilməz. Belə ki, cavabdehlərin istifadəsində olan həmin “ev”in saxlanması, cavabdehlərin uzun müddət təşəkkül tapmış ailə maraqlarının və qanuni mənafelərinin səmərəli müdafiəsini təmin edir, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, həmçinin iddiaçı hüquqi şəxsin əsaslı mənafelərinə əhəmiyyətli dərəcədə zərər vurmur. Lakin həmin özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi isə Konvensiyanın 8ci maddəsində nəzərdə tutulduğu kimi cavabdehlərin evinə hörmət hüququnu poza bilər. Məhkəmə hazırkı şəraitdə cavabdehin qanuni gözlənti hüququna müdaxilənin qarşıya qoyulan qanuni məqsədə mütənasibliyi baxımından qeyd edir ki, iddiaçı hüquqi şəxs cavabdehə məxsus, titkinti məqsədləri üçün ayrılmış torpaq sahəsində cavabdehin vəsaiti hesabına inşa edilmiş özbaşına tikilinin, “ev”in sökülməsini yalnız cavabdeh tərəfin başqa yaşayış sahəsi əldə etməsi üçün ağlabatan miqdarda kompensasiya verməklə tələb etmək hüququna malikdir. Belə olan halda cavabdehlərin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan evinə hörmət hüququ təmin edilmiş olar. Əks yanaşma, müdaxilənin qanuni məqsədə mütənasib olmaması kimi qiymətləndirilməlidir. Bununla yanaşı məhkəmə, həmçinin nəzərə alır ki, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi üzərində cavabdeh Nuriyeva (Ələkbərova) Mehriban İsmayıl qızının mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınsa da, cavabdeh tərəf həmin torpaq sahəsində özbaşına inşa etdirdiyi fərdi yaşayış evinin tikilməsinə dair lazımi icazə sənədinə malik olduğunu sübut edə, həmçinin sözügedən tikili ilə bağlı iddia tələbi irəli sürə bilməmiş, eləcə də o, vicdanlı sahiblik vasitəsilə əldə edilmiş mülkiyyət hüququnu sübuta yetirmək üçün hər hansı məhkəmə prosesinə başladığını da göstərə bilməmişdir. Ona görə də, iddiaçı hüquqi şəxsə məxsus olan, Mingəçevir şəhərində yerləşən, 110 kvluq 1-ci, 2-ci şəhər hava xəttinin 26-27 saylı dayaqlararası aşırımında elektrik verilişi xəttinin mühafizə zonasında, 2009-cu ildə İnşa edilmiş özbaşına tikilinin yaşayış evi kimi cavabdehin təxminən 12-13 il istifadə etməsi faktı, həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz. Odur ki, məhkəmə işin müəyyən olunmuş faktiki hallarına uyğun olaraq nəticəyə gəlir ki, Cavabdeh1 məxsus torpaq sahəsində cavabdehlərin vəsaiti hesabına inşa edilmiş özbaşına fərdi yaşayış evinin əvəzi ödənilmədən və onların hesabına sökülməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci cavabdeh tərəfindən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı MMC-nin cavabdehlər Nuriyeva (Ələkbərova) Mehriban İsmayıl qızına və Cavabdeh2 qarşı Mingəçevir şəhəri, 110 kv-luq 1-ci, 2-ci şəhər hava xəttinin 26-27 saylı dayaqlararası aşırımında elektrik verilişi xəttinin mühafizə zonasında cavabdehlər tərəfindən qanunsuz tikilmiş fərdi yaşayış evinin, evin hasarlarının və mövcud digər qanunsuz tikilmiş fərdi yaşayış evinin, evin hasarlarının və digər qanunsuz tikililərin cavabdehlər tərəfindən onların hesabına sökülməsi və sökülmüş tikinti materiallarının mühafizə sonasından çıxarılaraq ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehlər Nuriyeva (Ələkbərova) Mehriban İsmayıl qızından və Cavabdeh2 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-652/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-652/2022
02.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver