Məhkəmə qərarları › İş №2(051)-66/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-66/2025

12.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-66/2025 12.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam vermə və mənzildən çıxartma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Mingəçevir şəhəri A.Şaiq küçəsi 15 saylı evin 29 saylı mənzilinə olan istifadə hüququna 5000 manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh1 və Bayraməliyeva Mahmudalı qızının mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 Mingəçevir şəhəri A.Şaiq küçəsi 15 saylı evin 29 saylı mənzilinə olan istifadə hüququna 8000 manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri A.Şaiq küçəsi 15 saylı evin, 29 saylı mənzil onun xüsusi mülküdür. Mülkiyyət hüququ 20 dekabr 2018-ci ildən qeydə alınmışdır. Cavabdeh1 onun oğlu, Cavabdeh2 sonuncunun arvadıdır. Onlar 2010-cu ildə evlənmişlər. Evləndikdən sonra Mingəçevir şəhəri A.Şaiq küçəsi 15 saylı evin, 29 saylı mənzilində yaşayırlar. Birgə evlilikdən onların 09 yanvar 2013-cü il təvəllüdlü Səma, xx.xx.2015-ci il təvəllüdlü Emil adlı uşaqları olmuşdur. Elmir Allahverdiyevdən başqa onun Ramin Allahverdiyev adlı oğlu da ailəsi ilə birlikdə həmin mənzildə qeydiyyatdadır. Mingəçevir şəhəri A.Şaiq küçəsi 15 saylı evin, 29 saylı mənzil onun şəriksiz mülkiyyətindədir. Onun arvadı, Cavabdeh1 anası Səmayə Allahverdiyeva 2003-cü ildə vəfat etmişdir. Bundan sonra o oğlu Cavabdeh1lə birgə yaşaya bilmədiyindən mülkiyyətində olan mənzildən çıxmışdır. Dəfələrlə oğluna təklif etmişdir ki, mənzili satsınlar o da özünə bir yaşayış yeri əldə etsin. Ancaq razılaşa bilmirlər. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, ev şəhərin mərkəzindən çox uzaq bir ərazidə yerləşir. Ekspertin göstərdiyi 300 manat məbləğində kirayə haqqı ilə razı deyil. Onun fikrincə kirayə haqqı ekspert rəyindən göstəriləndən daha aşağıdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və göstərdi ki, o, ailəlidir. Ona ailəsinin yaşaya bilməsi üçün heç olmazsa 1 otaqlıdan daha böyük bir ev lazımdır. 8000 manat kompensasiyaya ilə o ailəsinin həyatını rahat davam etdirə bilməz. Buna görə də 8000 manat kompensasiya verilməsinə etiraz edir. Kompensasiya qismində 10800 manat verilməsini tələb edir. Həmçinin qeyd edir ki, həmin mənzilə o atası, anası və bacı-qardaşları ilə birlikdə 1983-cü ildə köçmüşdür. Anası 2003-cü ildən ölmüşdür. Bundan sonra o atası ilə birlikdə 2004-cü ildə Rusiyaya getmişdir. 2011-ci ildə qayıtmış və Xəyalə ilə evlənmişdir. Bundan sonra həmin il Bakı şəhərinə getmiş və orada kirayədə yaşamışlar. Sonra isə 2017-ci ildə hazırki iş üzrə mübahisəli mənzilə qayıtmış və ailəsi ilə birlikdə hazırda həmin mənzildə yaşayır. İddia tələbində göstərilənlərə nəzərən qeyd edir ki, orada yazılanlar yalandır. O atası ilə həmişə yola getmişdir. Evin satılıb ələ edilən pulun bölünməsinə həmişə razı olmuşdur. İddia tələbinin rədd edilməsini xahiş edir. Əvvəlki Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılıb yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Əvvəlki Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 məhkəmə iclası zamanı verdiyi izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddianın dəlillərini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №li çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi, ev 15, mənzil 29 Yeni qaydalarla: AZ4508, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65.70 kv.metr olan mənzil İddiaçı xüsusi və tam mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2018-ci ildir. Daşınmaz əmlakın dövlət reyestrindən 100 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir şəhəri MKTK MİS-1-dən verilmiş 704 №li, xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı Mingəçevir şəhərində A.Şaiq küçəsi, ev 15, mənzil 29 yaşayır. Mənzil 5 mərtəbəli binanın 5 mərtəbəsində yerləşir 3 otaqlıdır, sahəsi 36,21 kv.mdir. Mənzilin kommunal şəraiti var. Bayraməliyev ailəsi 9 nəfərdən ibarətdir. İddiaçı, X2, Cavabdeh1, X13, X9, X10, Cavabdeh2 Mahmudəli qızı, X11, X12 ailə tərkibinə daxildir. İşdə olan X2, Cavabdeh1, X1 və Cavabdeh2 tərəfindən yazılmış ərizələrin surətlərindən görünür ki, ünvan 2 ünvanında yerləşən 29 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və ona mülkiyyət hüququnun verilməsinə razıdır. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-661/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarın surətindən görünür ki, iddia təmin edilmiş və xidmət haqqı və dövlət rüsumu İddiaçı tərəfindən ödənildikdən sonra Mingəçevir A.Şaiq küçəsi 15 nömrəli evin 29 nömrəli mənzilin X6 razılığı olmadan özəlləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İşdə olan AZ-İ seriyalı, 650257 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 arasında Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 02 mart 2011-ci il tarixdə 80 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Bayraməliyeva soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Səma və 04 may 2015-ci il təvəllüdlü Emil adlı uşaqların atası Cavabdeh1 anası Cavabdeh2dır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 68 №li, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Mingəçevir şəhəri, QRES qəsəbəsində, A.Şaiq küçəsi, ev 15, 29-da yerləşən, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində 3 otaqdan ibarət olan Dağıstan layihəli orta təmirli bina yaşayış evinin yerindən asılı olaraq iyul ayı 2024-cü olan bazar satış qiyməti 48000- 5000 manat dəyərində qiymətləndirilir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 69 №li, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Mingəçevir şəhərində yerindən asılı olaraq yaşayışa orta uyğun səviyyədə olan boş vəziyyətdə 1 (bir) otaqlı Dağıstan layihəli mənzillərin kirayə qiyməti 3 otaqlı 130 manat dəyərindədir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ******* №li arayışdan görünür ki, Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi, ev 15, mənzil 29-da İddiaçı, X2, Cavabdeh1, X13, X9, X10, Cavabdeh2 Mahmudəli qızı, X11, X12 qeydiyyatdadırlar. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş ƏQ-394/2024 saylı, “29” noyabr 2024-cü il tarixli rəydən görünür ki, Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi, ev 15, mənzil 29 Yeni qaydalarla: AZ4508, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65.70 kv.metr olan mənzilin likvid dəyəri 45350 manat, real bazar dəyəri: 49885 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, ekspertiza tədqiqatının dəyəri olan 250 manat yekun məhkəmə qətnaməsində tutularaq onların xeyrinə qətanmə çıxarılmasını xahiş etmişlər. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş ƏQ-395/2024 saylı, “29” noyabr 2024-cü il tarixli rəydən görünür ki, Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi, ev 15, mənzil 29 Yeni qaydalarla: AZ4508, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65.70 kv.metr olan mənzilin aylıq kirayə haqqısı 300 manat təşkil edir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli mənzili iddiaçı özəlləşdirmə yolu ilə qəbul etmiş və hazırda da tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər isə iddiaçının oğlu və gəlinidir. Cavabdehlərin hər biri iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdehlər hazırda iddiaçıya məxsus mübahisəli mənzildə yaşayır. Cavabdeh1 1983-cü ildən həmin mübahisəli mənzildə köçərək yaşamış, sonra 2004-2011ci illər ərzində Rusiya Federasiyasında yaşamış, 2011-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuş, qısa bir dövr ərzində həmin mənzildə yaşadıqdan sonra həmin ildə, yəni 2011-ci ildən Bakı şəhərinə köçmüş və 2017-ci ilə kimi Bakı şəhərində yaşamışdır. 2017-ci ildə ailəsi ilə birgə Mingəçevir şəhərinə qayıtmış və hazırki tarixədək həmin mübahisəli mənzildə ailəsi ilə birlikdə yaşayır. Digər Cavabdeh2 isə həmin mübahisəli mənzildə yaşasa da üzərində heç bir əşya hüquqları qeydə alınmamışdır. Beləliklə cavabdehlərlə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı arasında mübahisələr olduğundan mülkiyyətçi olan iddiaçı həmin mənzildə yaşaya bilməmiş və özünə məxsus olan mənzildən çıxmışdır. Hazırda iddiaçı ailədaxili münaqişə səbəbindən özünəməxsus mənzildə yaşaya bilmir. Buna görə də iddiaçı Cavabdeh1 cəmi 8000 manat məbləğində kompensasiya verməklə onun istifadə hüququna xitam verilməsi və cavabdehlərin ona məxsus mübahisəli mənzildən çıxarılmalarını tələb etmişdir. Cavabdeh iddiaçının təklif etdiyi məbləğə etiraz edir, həmçinin digər cavabdeh də iddianı qəbul etmir. Məhkəmə ilk növbədə nəzərə alır ki, Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8–ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14–cü maddəsinin 1–ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6–cı maddəsinin 1–ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehlərdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması əsasları, yəni cavabdehlərin iddiaçının ailə üzvü olub–olmaması, onların istifadə hüququnun olub-olmaması məsələsi müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşmaolmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbitedilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, cavabdehin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qanunla müəyyən olunmuş qaydada tanınmalı, tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamalı, lakin iddiaçı bazar qiymətinə müvafiq olaraq cavabdehə kompensasiya təklif etməlidir. Cavabdeh isə həmin təklifi qəbul etməməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və həmin norma iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi, ev 15, mənzil 29 Yeni qaydalarla: AZ4508, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının adına qeydə alınmışdır, yəni iddiaçı mülkiyyətçidir. Cavabdehlərdən yalnız Cavabdeh1 isə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etmək hüququna malikdir. İddiaçı ilə cavabdeh arasında məhkəməyə qədər yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Məhkəmə, göstərilən hüquq normalarına istinadən iddia tələbinin təmin olunmasına dair hüquqi mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29–cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında iddiaçının oğlu Cavabdeh1 özünün saxlanmasını tələb etmək hüququ olduğundan və həmin mənzildə də istifadə hüququ mövcuddur. Lakin gəlin (cavabdeh X14) “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilmədiyindən ona görə iddiaçının, yəni qaynatanın, cavabdehi, yəni gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Bu hissədə isə iddia əsaslıdır. Bununla yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh X7 mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh2 mübahisəli mənzilə 2011ci il tarixində gəlin kimi köçsə də qısa müddət sonra mənzili tərk etmiş, yenidən 2017-ci il tarixində həmin mənzilə köçsə də mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə mövcud olmadığından, həmçinin özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, həmçinin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmadığından iddia bu hissədə təmin edilməlidir. AR Mülki Məcəlləsinin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratınıtəyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtləki, həmin hərəkətlər qonşularınvə ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. AR Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007–ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxslər arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə ilkin olaraq təklif etdiyi cəmi 5.000 manat kompensasiya məbləği yetərli deyildir. Ona görə də məhkəmə kompensasiya məbləğini 8.000 manat məbləğində müəyyən etmiş, iddiaçı tərəf də həmin məbləğdə kompensasiya ödəməyə razı olmuşdur. Belə olan halda təklif olunan kompensasiya məbləği cavabdehin ailə üzvləri ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün yetərlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Məhkəmə yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla belə hesab edir ki, cavabdehin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində cavabdehə cəmi 8000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Belə ki, formalaşmış bu hüquqi mövqeyə əsasən cavabdeh kompensasiya verilməsi yolu ilə əldə edəcəyi ən azı həmin pul vəsaiti ilə 3 il müddətinə eyni şəraitli mənzildən istifadə hüququ əldə etməlidir. Məhkəmələr tərəfindən kompensasiyanın müəyyən edilməsi qaydası belə işlərə baxılması zamanı mühüm əhəmiyyətə malik olmaqla, mübahisə tərəflərinin mülkiyyət və istifadə hüquqlarının daha səmərəli müdafiəsinə, tərəflər arasında yaranmış hüquq münasibətlərinə müəyyənlik gətirilməsinə, mübahisə tərəflərinin sonsuz məhkəmə çəkişmələrinə cəlb olunmasının qarşısının alınmasına və bununla da prosessual qənaət prinsipinin təmin olunmasına xidmət edir. Ona görə də, məhkəmə tərəfindən iddiaçı tərəfə məhkəmənin təklif etdiyi, yəni 8000 manat miqdarda kompensasiyanın ödənilməsi ilə razılaşmış, cavabdeh tərəf məhkəmə iclası zamanı 8.000 manat kompensasiyanın məbləğinə etiraz etmiş və bu məbləğlə razılaşmamışdır. Lakin buna baxmayaraq cavabdeh tərəf məhkəmə iclası zamanı irəli sürdüyü kompensasiya məbləğlərinin hansı əsasla yarandığına dair heç bir sübut məhkəməyə təqdim etməmiş və yalnız məhkəmə iclası zamanı izahatlarında verdiyi formal mülahizələrlə kifayətlənmişlər. Məhkəmə, həmçinin nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 sentyabr 2007–ci il tarixli qərarındakı hüquqi mövqelərini rəhbər tutmuşdur. Həmin qərardakı hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən, yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair işlərə baxılarkən, mübahisəli yaşayış evinin bazar qiyməti deyil, davamlı müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına əsasən çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və bu səbəbdən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manat məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bərabər qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh1 cəmi 8000 (səkkiz min) manat kompensasiya verilməklə İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi, ev 15, mənzil 29 Yeni qaydalarla: AZ4508, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi, ev 15, mənzil 29 Yeni qaydalarla: AZ4508, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Kompensasiyanın verilməsi ilə Cavabdeh1 Cavabdeh2 ilə birlikdə mənzildən çıxarılması eyni vaxtda icra edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb müştərək qaydada "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar