Məhkəmə qərarları › İş №2(051)-667/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-667/2024

02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-667/2024 02.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında A №158988 saylı xx.xx.2009-cu il tarixdə 1551 nömrə ilə qeydiyyata alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum X1na məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X1 xx.xx.1971-ci ildə Mingəçevir şəhərində yerləşən və fəaliyyət göstərən “Azərkabel” zavoduna işə düzəlmiş və keçmiş Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 06 sentyabr 1979-cu il tarixli 308 №-li qərarı ilə “Azərkabel” zavodunun işçilərinə bağçılıq məqsədilə ayrılmış 4 (dörd) hektar torpaq sahəsindən atası İlhami Quliyevin istifadəsinə “Azərkabel” zavodu Həmkarlar İttifaqı Komitəsinin 16 noyabr 1979cu il tarixli 01 №-İi qərarı ilə bağçılıq təsərrüfatı üçün 0.06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Bundan sonra X1na Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli 161 №-li sərəncamı əsasında ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş və X7 kitabında xx.xx.2009-cu il tarixdə 1551 nömrə ilə (A №158988) uçota alınmışdır. Lakin Torpaq sahəsinin planı və ölçüsü sənədində onun adı “İlhami” əvəzinə səhvən “İlham” göstərilmişdir. X1 xx.xx.2021-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. Onun bütün rəsmi sənədlərində: şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnaməsində, ölüm haqqında şəhadətnaməsində, hərbi biletində, diplomunda, xarici pasportunda, evlənmək haqqında şəhadətnaməsində, torpaq sahəsinin ayrılması haqqında protokolda və digər sənədlərdə adı “İlhami” kimi qeyd olunub. O, xx.xx.2023-cü il tarixdə Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Xüsusi Notariat Ofisinə ərizə ilə müraciət edərək mərhum atasından miras qalmış 0.06 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Onun müraciəti ilə əlaqədar xüsusi notarius Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə 15 noyabr 2023-cü il tarixli 2423 nömrəli məktubla müraciət edərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X5 barəsində Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı ona verməyi xahiş etmiş və qanunvericiliyə uyğun olaraq vərəsəlik şəhadətnaməsinin yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən Çıxarış təqdim edildikdən sonra veriləcəyi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi 04 dekabr 2023-cü il tarixli 3-21-3-35/2-Q-0107- 8/2023 saylı məktubla mərhum atası İlhami Quliyevin adına çıxarış verməkdən İmtina edərək göstərmişdir ki, Torpaq sahəsinin planı və ölçüsü sənədində və digər sənədlərdə hər hansı bir düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil və MPM-nin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq İcra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. “Torpaq sahəsinin planı və ölçüsü” hüquqmüəyyənedici sənəddir və həmin sənədin mərhum X1na məxsus olması faktını məhkəmədən kənar qaydada əldə edə bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin 04 dekabr 2023-cü il tarixli 3-21-3-35/2-Q-0107- 8/2023 saylı məktubundan görünür ki, Ərazi İdarəsində mövcud olan arxiv sənədlərində və təqdim edilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsində xx.xx.2009-cu il tarixdə 1551 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən “X6” ilə, ölüm haqqında şəhadətnamədəki “X5” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığından, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan AA seriyalı №2064160 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1950-ci il tarixdə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan “Azərkabel” zavodu Həmkarlar İttifaqı Komitəsinin iclası 01№li protokolundan 16 noyabr 1979-cu il tarixli Çıxarışdan görünür ki, 0.06 ha torpaq sahəsi bağçılıq təsərrüfatı üçün zavodun işçisi X2 istifadəsinə verilmişdir. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında A №158988 saylı xx.xx.2009-cu il tarixdə 1551 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu sənəd X4 məxsus sahəsi 599.45 kv.m olan fərdi bağ sahəsi ilə bağlı tərtib edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Azərkabel” zavodu Həmkarlar İttifaqı Komitəsinin iclası 01№li protokolundan 16 noyabr 1979-cu il tarixli Çıxarış əsasında 0.06 ha torpaq sahəsi bağçılıq təsərrüfatı üçün ərizəçinin X1nun istifadəsinə verilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında 599.45 kv.m olan fərdi bağ sahəsinə dair tərtib edilmiş, A №158988 saylı xx.xx.2009-cu il tarixdə 1551 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədində isə həmin torpaq sahəsinin «X6»na məxsus olduğu göstərilmişdir. Belə ki, həmin sənəddə X2 adı “İlhami” olduğu halda, səhvən “İlham” kimi yazılmışdır. Halbuki, ərizəçinin atasının adı şəxsiyyəti təsdiq edən bütün sənədlərdə “İlhami” kimi qeyd edilmişdir. Ona görə də sənədlər arasında uyğunsuzluq yaranmışdır. Hazırda ərizəçi həmin uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında A №158988 saylı xx.xx.2009-cu il tarixdə 1551 nömrə ilə uçota alınmış X3 məxsus sahəsi 599.45 kv.m olan fərdi bağ sahəsi ilə bağlı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir, həmin sənəddə yazılmış “X6” adı “X5” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında A №158988 saylı xx.xx.2009-cu il tarixdə 1551 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında A №158988 saylı xx.xx.2009-cu il tarixdə 1551 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum X3 məxsus olması faktını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında A №158988 saylı xx.xx.2009-cu il tarixdə 1551 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar