Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-681/2024 24.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə evdən çıxarılma” tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən Etdi: İddia tələbi İddiaçı Cavabdeh 10000 (on min) manat kompensasiya verilməklə mülkiyyətində olan ünvan 1 № li mənzilindən istifadə hüququna xitam verilməsi, ona aid əşyaları və azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılmasını xahiş etmişdir. Sonra iddia tələbinin həcmini artıraraq 14000 (on dörd) manat kompensasiya verilməklə mülkiyyətində olan ünvan 1 № li mənzilindən istifadə hüququna xitam verilməsi, ona aid əşyaları və azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 saylı ev Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-ci il tarixli ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarışı ilə tam mülkiyyətindədir. Cavabdeh mübahisələndirilən ünvanda yaşamaq hüququnun tanınmasının müəyyən edilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsin xx.xx.2022-ci il tarixli, 2(51)- 1401/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2009-cu il tarixdə gəlin köçdüyü mənzilin mülkiyyətçisi ilə notariat qaydasında yazılı razılaşma 'bağlamadığından, onun istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığından, həmçinin o, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan cavabdeh İddiaçı ailə üzvü olmadığından, həmçinin hazırkı mülkiyyətçinin razılığı olmadığından, onun keçmiş ailə üzvü kimi mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququ da yaranmamışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-166/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-2685/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Şəxsin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə yaşamaq hüququnun tanınmasının müəyyən edilməsi və həmin mənzilə köçürilməsi praktiki olaraq mümkün deyil. Şəxs iddiaçının ailə üzvü deyildir. Oğlu ilə ailə münasibətlərinə xitam verilmişdir. Oğlu ona hər ay aliment ödəyir. Cavabdehin onun mülkiyyətində yaşamağını istəmir. Uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsini qəbul etmir. Bu səbəbdən də onun uşaqları ilə birlikdə mənzilindən ona 14000 manat kompensasiya ödənməklə çıxarılmasını istəyir. Onlar bir ailə olmadığından bu şəxs oğlu üçün daim problemlər yaratdığından aralarında olan nikah münasibətləri pozulandan sonra onlar bir daha birlikdə yaşaya bilməzlər. Bundan başqa evdə oğlu və yeni ailəsi üçün müəyyən şərait yaratmalıdır. Bu səbəbdən də 14.000 manat kompensasiya verməklə Cavabdeh və uşaqlarının, əşyaları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 saylı evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Cavabdeh məhkəmə iclası zamanı iddiaya etiraz edərək göstərdi ki, o, X13 ilə xx.xx.2009-cu ildə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. Oğlu Əli autizm xəstəsidir, uşaqlar onun himayəsindədir. O, ünvan 2 ünvanına gəlin köçmüşdür. Cavabdeh İddiaçı onun keçmiş qaynanasıdır. 2014-cü ildə Mingəçevir şəhərində torpaq sahəsi alınmış və 2015-ci ilin mart ayında həmin torpağın içərisində 3 otaqlı ev tikmişlər, istifadəyə verib evdə yaşamışlar. 2015-ci ilin sentyabr ayında o, əri və uşaqları ilə birlikdə Almaniyaya yaşamağa getmişlər. Orada xeyli qazanc, yəni pul əldə etdikdən sonra geri qayıtmışlar. 2019-cu ilin noyabr ayında Almaniyadan gəldikdən sonra yenidən həmin evin yanında ikinci evin tikintisinə başlamışlar. 20 sentyabr 2020-ci ildən təzə evdə nikahları pozulanadək uşaqlarla yaşamışdır. Həmin ev bir mərtəbəli olmaqla, dörd otaqdan ibarətdir və 3-ü yataq otağı, biri isə zaldır və onun tikintisi onun və yoldaşının vəsaiti hesabına həyata keçirilmişdir. Bundan əlavə həyat yoldaşı Rafael Paşayev diş həkimi işlədiyi üçün həmin torpaq sahəsində ona ev formasında kabinet tikilmiş, həmçinin həmin həyətdə digər yardımçı tikililər də vardır. Onun əşyaları mübahisəli mənzil olan ünvan 3 ünvanında yerləşir. Onun başqa yaşayış yeri yoxdur. Eyni zamanda bildirir ki, azyaşlı övladı da xəstədir və onun müalicəsi Mingəçevir şəhərində mümkün deyil, ancaq Bakı şəhərində müalicə olunmalıdır. Onlar xx.xx.2014-cü ildə evin pulunu qaynanasına versələr də, torpağı Rafaelə bağışlanma adı ilə vermişdi. Torpaq sahəsinin pulunu onlar versələr də, onlar həmin dövrdə xaricdə olduqlarına görə qaynanası bağışlanma müqaviləsi ilə üç övladının hər birinə ayrı-ayrı torpaq sahələri bağışlamışdır. Yuxarıda qeyd etdiyi kimi, mənzil də ər-arvad onların hesabına tikilmiş, evin sxemi olsa da, lakin bugünə kimi əri həmin evi onların öz adına keçirilməsini ləngitmişdir. Beləliklə, evin hələlik sənədləri onun bildiyinə görə yoxdur. Əgər son zamanlar tərəflər boşandıqdan sonra hər-hansı bir formada qeyri qanuni yolla Çıxarış əldə ediblərsə, onda o Çıxarışın surətini ki, məhkəməyə təqdim etsin. Bir daha vurğulayır ki, onun nikahın pozulması işi və mənzilə köçürülmə işi Ali Məhkəmədə olana qədər həmin sənədlər yox idi. Əgər olsaydı əri R.Paşayev həmin sənədləri məhkəməyə təqdim edərdi. Qeyd edir ki, cavabdehlə nikahları məhkəmə qaydasında pozularkən azyaşlı övladları onun himayəsində saxlanılmışdır. Onlar hazırda da cavabdehlə yaşayırlar. Artıq böyümüşlər, onların maddi və mənəvi təminatı, gündəlik yaşayış tələbatı da getdikcə artmaqdadır. Göründüyü kimi İddiaçı Dövlət orqanlarını aldadıb. Onların işləri Apellyasiya Məhkəməsidə onların xeyrinə qətnamə çıxardıqdan sonra gedib Ali məhkəməyə şikayət verib və bu iş gedə gedə evə Çıxarış alıb. Qeyd edir ki, Çıxarışda evin ünvanı Müşfiq Rəhimov küçəsi ev 11 E qeyd edilsə də əslində onların ünvan Müşfiq Rəhimov küçəsi ev 11 d-dir. xx.xx.2014-cü ildə İddiaçı 0,05 ha torpaq sahəsini onun əri X9 bağışlayıb və orada öz vəsait hesabına 2 ev tikmişlər. Onların mülki işləri Şəki Apellyasiya Məhkəməsidə qurtardıqdan sonra qaynanası evi, torpağı qanunsuz yolla öz adına keçirməklə Çıxarış almışdır. O, dövlət orqanını aldatmaqla, torpağı, evi öz adına qanunsuz yolla keçirib və ona görə də həmin Çıxarış ləğv olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi vəkil X6 etiraz ərizəsinə uğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Azərbaycan Respublikası DƏDRX-ın Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda istifadədə olan 0.05 ha torpaq sahəsi İddiaçı xx.xx.2023-cü il tarixdən tam mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmişdir. İİİ-ЖГ seriyalı 485869 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X12 arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 140 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə- Paşayev, arvada - Paşayeva soyadı verilmişdir; "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, qiymətləndirmə yerindən asılı olaraq Mingəçevir şəhəri M.Rəhimov küçəsi 11 E, ümumi sahəsi 120 kv.m. yaşayış evinin inşa edilməsinə 29.287 manat məblğində pul vəsaiti sərf edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2685/2023 saylı qərarına əsasən iddiaçı Cavabdehlər X13 və İddiaçı qarşı uşaqları ilə birlikdə ünvan 4 ünvanda yerləşən mənzildə yaşamaq hüququnun tanınmasının müəyyən edilməsi və həmin mənzilə köçürülməsi barədə iddia tələbi Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1401/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən rədd edilmişdir. İddiaçı Paşayeva X4 Şəhər Məhkəməsinin 2(051)-1401/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 166/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1401/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2685/2023 saylı qərarına əsasən X13 və İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-166/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi kasasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən edilmiş halları Torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı torpağı oğluna bağışlamışdır. İddiaçının oğlu cavabdehlə birgə nikah müddətində həmin torpada ev tikib yaşamışlar. Bir müddət yaşadıqdan sonra münasibətləri pozulmuşdur. Cavabdeh həmin yaşayış evindən çıxmalı olmuşdur. Daha sonra cavabdeh qeyd olunan yaşayış evinə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə cavabdehin uşaqları ilə birlikdə qeyd olunan torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. Hazırda yaşayış evinin yerləşdiyi topaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdehin həmin yaşayış sahəsindən kompensasiya verilməklə çıxarılmasını tələb edir. Tətbiq edilən Hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddəsinə əsasən Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin hər hansı məqsədlə yaşayış sahəsindən yararlanması, istifadə və sahiblik etməsi və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı və tikintinin sökülməsi zamanı isə ümumi əmlakından təyinatı üzrə istifadəsinin mümkün olmayacağı və cəkilmiş xərc həddində zərərə məruz qalacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, oxşar mübahisələrin qanuni həlli baxımından mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, şəxsin əvvəl (hətta əmlakı yüklü qəbul edən şəxsdən əvvəl mülkiyyət hüququ olan şəxsin verdiyi razılıq daxil olmaqla) verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün torpağa mülkiyyət hüququna istinadən tikilidən çıxarılmasını (məhkəmələrin göstərdiyi sahədən çıxarılmanı təmin etmək üçün sökülmə ilə bağlı işlərin görülməsi zəruridir) tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırki işin hallarından görünür ki, torpaq sahəsinin mülkiyyətçisi əvvəlki gəlni olmuş cavabdehin onun torpaq sahəsində yerləşən yaşayış sahəsindən çıxarılmasını tələb edir. Bu hal onu göstərir ki, mülkiyyətçinin mülkiyyətində olan əmlakdan maneəsiz istifadə hüququ vardır. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, hazırki mülkiyyətçi torpağı torpaq sahəsində inşa edilmiş yaşayış evi ilə birlikdə əldə etmişdir. Belə olan halda inşa edilmiş tikilidə yaşamaq hüququ məhkəmə qətnamələri ilə təsdiq olunmuş cavabdehin həmin yaşayış evindən əvəzsiz qaydada çıxarılması hazırki toprağın mülkiyyətçisinin öz hüquqlarından su-istifadə kimi qiymətləndirilməlidir. Eyni zamanda yaşayış evi tikilməklə yaxşılaşdırılma aparılmış torpaq sahəsinin mülkiyyətçisinin əsassız varlanması hesab olunmalıdır. Belə olan halda cavabdehin həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən çıxarkən kompensasiya almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə torpaq sahəsinin üzərində tikilmiş yaşayış sahəsinə sərf olunan vəsait barədə alınmış mütəxəssis rəyini, cavabdehin həmin yaşayış sahəsinin inşa edilməsində iştirakını, uşaqları ilə birlikdə yaşayış evini tərk edəcəyini nəzərə alaraq 20000 manat məbləğində kompensasiya məbləği müəyyən etmişdir. Müəyyən olunan məbləğ iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği cavabdehə kompensasiya məbləği kimi verməyə razı olmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 20.000 manat kompensasiya ödənilməklə o və azyaşlı uşaqları-xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X2 İradə Ehsan qızının mülkiyyətində olan Mingəçevir şəhəri, M.Rəhimov ev 11E torpaq sahəsində yerləşən yaşayış evindən çıxarılmalıdır. Kompensasiya verilməklə yaşayış evindən çıxarılma eyni vaxtda icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub Qət etdi : İddia qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 20.000 (iyirmi min) manat kompensasiya verilməklə Cavabdeh və uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X1 şəhəri, M.Rəhimov küçəsi ev 11 E saylı torpaq sahəsində yerləşən yaşayış evindən çıxarılsın. Kompensasiya verilməklə yaşayış evindən çıxarılma eyni vaxtda icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-681/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-681/2024
24.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver