Məhkəmə qərarları › İş №2(051)-697/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-697/2022

27.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-697/2022 27.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun **********00340 saylı abonent koduna əsassız olaraq hesablanaraq daxil olunmuş 216 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2019-cu il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğacın istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir. Köhnə sayğacın normal vəziyyətdə, heç bir problemi və qüsuru olmadığı, həmçinin plombun tamlığı təsdiq edildi və həmin sayğacı özləri ilə apardılar, lakin o, İki saatdan sonra küçəyə çıxdıqda, təzə sayğacın şəbəkəyə (ana xəttə) qoşulmuş vəziyyətdə görmüşdür. 03 mart 2020-ci il tarixdə X2 (adını sonradan öyrənmişdir) ondan qaz sayğacınızı təzələnib-təzələnməməsini soruşmuş və təzə montaj olunmuş sayğacların qeydiyyatının aparılmasını bildirərək ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Bundan sonra Taleh bəy blanka nə isə yazmış, o da həmin sənədə imza etmişdir. Bundan sonra onu inandırmışlar ki, sənədi aparıb müdürə imzaladıb, möhürlədib, sabah ona qaytaracaqlar. Bu günə qədər həmin sənəd ona təqdim edilməmişdir. Üç dəfə Mingəçevir şəhərində yerləşən X5 İstismar-satış şöbəsinə getmiş, həmin sənədə baxmaq istəsə də, göstərməyiblər. Ancaq məhkəmə sorğu etsə, məhkəməyə göndərə biləcəklərini bildirmişlər. İki gün sonra Metrologiya Departamentinin aktını və ona tikilmiş məktubu həyat yoldaşına vermişlər. Həmin aktda sayğacda qaz itkisi və müdaxilə edilməsinin müəyyən edildiyi qeyd olunmuşdur. Akt və məktubla tanış olandan sonra anlamışdır ki, ona əsassız borc yazılmışdır. İki il ərzində o, Prezident Administrasiyasına, X3, SOCAR rəhbərliyinə, Baş Prokuror, Azəriqaz İB Baş direktoruna dəfələrlə müraciətlər etmişdir. Qeyd edilənlərə əsasən, hesab edir ki, hesablanmış 216 manat məbləğində borcu qanunsuz və əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə cavabdeh hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan X5 İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış 17.01.2022–ci il tarixli 01 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı– satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçıya xidmət edən qaz xətti üzərində 04.09.2021–ci il tarixdə G-4 markalı **********1 nömrəli qaz sayğacı quraşdırılmış və həmin qaz sayğacı üzərinə 12029256 nömrəli plomb vurulmuşdur. İşdə olan qaz sayğacının yoxlanılması barədə 28.02.2020-ci il tarixli MSK-29/1710- 00404-1 saylı aktdan görünür ki, qaz sayğaclarına 28.02.2020-ci il tarixdə Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən baxış keçirilmiş və G-4 markalı qaz sayğacının çıxış plastmas borusunun əriyərək oturacaqdan aralanmış olduğu müəyyən edilmişdir. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 04.09.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, ******* nömrəli qaz sayğacı **********1 nömrəli qaz sayğacı ilə əvəz edilmiş və həmin qaz sayğacı üzərinə 10324195 nömrəli plomb vurulmuşdur. İşdə olan 28.02.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2160 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyan hesablanmışdır. İşdə olan Abonentin Saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 01.01.2022-ci il tarixə olan borcu 253.98 manat təşkil edir. Beləliklə məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, məişət qaz qurğusu istifadəçisi olan iddiaçı ilə qaz paylayıcısı olan cavabdeh arasında təbii qazın alqı–satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilmiş hesaba ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün 04.09.2021–ci il tarixdə 12029256 nömrəli plomb vurulmuş qaz sayğacı quraşdırılmışdir. Lakin cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istisimara qəbulu haqqında 04.09.2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən sökülmüş sayğac laboratoriyada baxış keçirilməsi üçün göndərilmişdir. İddiaçı tərəfin təqdim etdiyi 28.02.2020-ci il tarixli MSK-29/1710-00404-1 nömrəli aktdan görünür ki, həmin sayğaca 28.02.2020-ci il tarixdə Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən baxış keçirilmişdir. Həmin baxış zamanı G–4 markalı qaz sayğacının çıxış plastmas borusunun əriyərək oturacaqdan aralanmış olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, sayğac 04.09.2019–cu il tarixdə sökülmüşdür. Bununla belə həmin pozuntu aktı əsasında cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya 2160 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən iddia tələbinə qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia əsaslıdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında təbii qazdan istifadəyə görə alqı–satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqaviləyə əsasən paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək, “X1nın” tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək və sair vəzifələr daşımışdır. Lakin həmin müqavilədə yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış qaz sayğacının və plombun toxunulmazlığını təmin etmək iddiaçının vəzifəsi kimi müəyyən edilməmişdir. Çünki ictimai yolda quraşdırılmış qaz sayğacına iddiaçının nəzarət etməsi, faktiki olaraq mümkün sayıla bilməz. Belə olan halda iddiaçının mübahisəli sayğaca müdaxilə etməsi də inandırıcı görünmür. Həmçinin, iddiaçı tərəf isə həmin müdaxilə faktını etiraf etməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehə ziyan iddiaçının təqsirli hərəkəti nəticəsində dəyməmişdir. Eləcə də, cavabdehə dəymiş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqə olduğu müəyyən edilməmişdir. Ona baxmayaraq, cavabdeh təşkilat formal şəkildə tərtib edilmiş pozuntu aktına istinad edərək, həmin hüquq pozuntusunun iddiaçı tərəfindən törədilməsi haqqında qərar qəbul etmişdir. Halbuki, cavabdehə dəymiş ziyanın iddiaçı tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. Bununla da cavabdeh təşkilat öz üstün mövqeyinə əsaslanaraq hüquqdan sui–istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1–ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2–ci maddəsinə əsasən hüquqdan sui–istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh təşkilat qaz paylayıcısı kimi iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətə ödənişsiz qaydada dövlət yoxlamasından keçirmək vəzifəsi daşımasına baxmayaraq, onu etməmişdir. Halbuki, cavabdeh təşkilat qaz paylayıcısı kimi istehlakçının, yəni iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3–cü maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi hüquqdan sui–istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11–ci maddəsinin 6– cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqısı, müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13–cü maddəsinin 9–cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 6–cı maddəsinin 2–ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın 6.7–ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2–ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5–ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7–ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarında qazın alqı–satqısı və digər şərtləri yalnız qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməli, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi, həmçinin işlək vəziyyətdə saxlanması isə qaz paylayıcısının hesabına təmin edilməli olduğu, eləcə də qaz qurğusu sahibinə dəymiş ziyana görə yalnız qaz qurğularına bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxsin məsuliyyət daşıdığı imperativ şəkildə göstərilmişdir. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı–satqısına dair müqavilə bağlanmış, iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün ictimai yolda sayğac quraşdırılmış, qaz paylayıcısı olan cavabdeh tərəfindən yoxlamadan keçirilməmiş, lakin qaz paylayıcısı 04.09.2019–cu il tarixdə iddiaçıya xidmət edən qaz sayğacının istismar müddəti bitdiyi üçün sayğaca baxış keçirmiş və onu yenisi ilə əvəz etmişdir. Bundan sonra G–4 markalı ******* nömrəli sayğacın çıxış plastmas borusunun əriyərək oturacaqdan aralanmış olunduğu göstərmişdir. Lakin cavabdeh təşkilatın mütəxəssisləri həmin müdaxilənin kimin tərəfindən və hansı şəraitdə törədildiyi barədə heç bir zəruri araşdırma aparmadan, həmçinin heç bir sübuta əsaslanmadan formal şəkildə dəymiş ziyana görə iddiaçının təqsirli olması qənaətinə gəlmişdir. İddiaçı isə həmin müdaxilə faktını etiraf etməmişdir. Belə olan halda cavabdeh təşkilat ilk növbədə qaz qurğularına bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində ziyan vuran şəxsin məhz iddiaçı olmasını, həmin ziyanının məhz iddiaçının hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyinin və onun hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqənin olmasını əsaslı şübhələrdən kənar sübutlarla təsdiq etməli olduğu halda, etməmiş yalnız həmin sayğacın iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılması faktına istinad edərək, dəymiş ziyana görə iddiaçını təqsirli hesab etmişdir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün tətbiq edilməli olan mülki hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında mülki məsuliyyət daşıması üçün bilavasitə onun hərəkətlərində mülki hüquq pozuntusu törətməsi halı məcmu halında mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəf G–4 markalı ******* nömrəli sayğacın üzərində olan plomba hər hansı bir kənar müdaxilənin olduğunu aşkar etməmiş, həmçinin iddiaçının hərəkətlərində cavabdeh təşkilata zərər vurulmasına səbəb olan hüquqa zidd hallar müəyyən etməmişdir. Bu da onu deməyə əsas verir ki, həmin sayğacın çıxış borusuna iddiaçı tərəfindən müdaxilə edilməsi, işdə olan sənədlərlə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna iddiaçının aidiyyəti olmadığından, cavabdeh hüquqi şəxsin subyektiv hüququ iddiaçı tərəfindən pozulmadığından, cavabdeh hüquqi şəxs tərəfindən tərtib edilmiş X1nın pozulması haqqında 28.02.2020-ci il tarixli ******* saylı qərar əsassız olduğu üçün ləğv edilməli və həmin qərar əsasında iddiaçının abonent koduna qanunsuz hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM–in 77.1–ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı barəsində tərtib edilmiş X1nın pozulması haqqında 28.02.2020-ci il tarixli ******* saylı qərar ləğv edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00340 saylı abonent koduna hesablanaraq daxil edilmiş 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar