Məhkəmə qərarları › İş №2(051)-750/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-750/2022

18.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-750/2022 18.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Mingəçevir şəhəri, Samux küçəsi 15 ünvanında yerləşən "xxxx" MMC-də işləməyən dövr üçün əsassız olaraq hesablanmış 4416.16 manat elektrik enerjisi haqqının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. İddia ərizəsi və ona əlavə edilən sənədlərə nəzər yetirdikdə görünür ki, "xxxx" MMC ilə cavabdeh arasındakı mübahisə kommersiya mübahisəsi olduğundan, Mingəçevir Şəhər Məhkəməsində baxıla bilməz. Belə ki "xxxx" MMC Mingəçevir şəhəri, Samux küçəsi 15 ünvanında yerləşməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Cəmiyyət xalçayuma xidməti üzrə sahibkarlıq fəaliyyətini həyata keçirir. "xxxx" MMC-yə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən borc hesablanmış və iddiaçı da məhz həmin əsassız hesab etdiyi borcun silinməsini məhkəmədən xahiş etmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli qərarının 24-cü bəndində qeyd edilmişdir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin su, qaz və elektrik enerjisindən istifadə etmələri onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Belə olan halda məhkəmə hesab edir ki, sahibkarlıq subyektləri olan "xxxx" MMC ilə "xxxx" ASC arasında olan mübahisə sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisəsi olduğundan, işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi geri qaytarılır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində "xxxx" MMC-nin təsisçisi olduğunu qeyd etmiş, lakin bununla bağlı hər hansı sənəd iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı Mingəçevir şəhəri, Samux küçəsi 15 ünvanında yerləşən "xxxx" MMC-də işləməyən dövr üçün əsassız olaraq hesablanmış 4416.16 manat elektrik enerjisi haqqının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar