Məhkəmə qərarları › İş №2(051)-808/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-808/2024

03.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-808/2024 03.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı2 (həmçinin İddiaçı3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 etibarnamə üzrə nümayəndəsi) və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh: Cavabdeh1 və vəkili X1 iştirakı ilə İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 3cü şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 3cü şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı məhkəməyə müraciət edərək, Mingəçevir şəhər birinci dövlət notariat kontorunda xx.xx.2002-ci il tarixdə, 2V-İ-73 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və onun bütün hüquqi nəticələrinin ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı2 əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhərinin Koroğlu küçəsindəki 0.0652 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 45/11 saylı fərdi yaşayış evi onun və mərhum qardaşı Aydın Əliyevin paylı mülkiyyətindədir. Belə ki, həmin mənzilə dair 29 dekabr 2015-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Həmin onlara rəhmətlik atasından miras qalmışdır. X2 1989-cu ilin avqustun 28-də, anası X7 isə 28 may 1998-ci ildə rəhmətə getmişlər. Atası rəhmətə gedəndən sonra qeyd olunan torpaq sahəsini və onun üzərində inşa olunmuş evi onlar 3 qardaş və 2 bacılar miras əmlak kimi qəbul edib orada yaşamışlar. Cavabdeh1 ona qarşı paylı mülkiyyətdən onun və övladlarının payının naturada ayrılıb onlara verilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Mingəçevir Şəhər Məhkəməsində baxılan zaman məlum olmuşdur ki, mərhum X2 rəhmətə gedəndən sonra onun varisləri kimi yalnız İddiaçı2 və X13 qeyd olunmuşdur. Halbu ki, digər qardaşları İddiaçı3, X14 və bacısı X11 vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmamışlar. Onların bundan bu yaxınlarda xəbərləri olmuşdur. Hesab edir ki, digər bacı və qardaşların adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmadığına görə və onlar miras payından qanunsuz məhrum olduqlarına görə, Mingəçevir şəhər birinci dövlət notariat kontorunda xx.xx.2002-ci il tarixdə, 2V-İ-73 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Bundan başqa Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Mingəçevir şəhərinin Koroğlu küçəsində 0.0652 ha torpaq sahəsində yerləşən 45/11 saylı evin və torpaq sahəsinin 2/4 hissəsi onun, ¼ hissəsi Cavabdeh1 və ¼ hissəsi isə Cavabdeh2 paylarının müəyyən olunduğunu öyrəndi. Onu da məhkəmənin nəzərinə çatdırır ki, onlar 2 bacı 3 qardaşdırlar. Qardaşı Aydın xx.xx.2011-ci il tarixdə rəhmətə getmişdir. Qalanları isə sağdır və onlar da atasından miras qalmış torpaq sahəsi və yaşayış evinin varisləridir. Ancaq RX seriyalı, ******* saylı, 03 may 2018-ci il qeydiyyat tarixli çıxarışda bunların heç birinin adları qeyd olunmamışdır. Həmin çıxarışın alınması üçün heç bir bacı və qardaş razılıqlarını verməmişlər. Lakin, baxmayaraq Cavabdeh1 qeyd olunan çıxarışı hansı qaydada əldə etməsini başa düşmək mümkün deyildir. Bu isə həm onun, həm də bacı və qardaşlarının qanunla qorunan hüquqlarını pozmuşdur. Onlar iddiaçılar mərhum ataları X8 vərəsələri olduğuna görə, Mingəçevir şəhər birinci dövlət notariat kontorunda xx.xx.2002-ci il tarixdə, 2V-İ-73 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun bütün hüquqi nəticələri ləğv edilməlidir. Ona görə də məhkəmədən Mingəçevir şəhər birinci dövlət notariat kontorunda xx.xx.2002-ci il tarixdə, 2V-İ-73 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və onun bütün hüquqi nəticələrinin ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və verdiyi izahatında göstərdi ki, İddiaçı2 məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Nəzərə çatdırır ki, mübahisə predmeti olan Mingəçevir şəhəri 1-ci notariat kontorunda 2V-İ-73-li nömrə qeydə alınmış şəhadətnamə xx.xx.2002-ci il tarixdə tərtib edilmişdir. Odur ki, məhkəmədən iddianın müddətin keçməsi səbəbilə rədd edilməsini xahiş edir. Cavabdeh1 vəkili X5 məhkəmə iclası zamanı cavabdehin izahatına uyğun izahat verdi və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 və 3-cü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeyd edilən tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 məhkəmə iclasında iştirak etmişdir və onların adından iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İİ seriyalı, 132259 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2002-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu ildə X8 vərəsələri İddiaçı2 və X9r. Şəhadətnamə verilən miras əmlak – şəxsi mənzil, yaşayış mənzili 1958-ci ildə tikilmişdir. Mingəçevir şəhəri Koroğlu küçəsi ev 45/11-də yerləşir. Ümumi sahəsi 87,2 kv.m, yaşayış sahəsi 47,1 kv.m-dir. Mənzil 3 otaqlıdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi. Baş Dövlət Texniki İnvertarlaşmadırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən verilmiş 8652 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhərində Koroğlu küçəsində ev 45/11 üç otaqdan ibarət yaşayış evi mərhum X8 adına Mingəçevir XDS ic. Kom-nın 26 mart 1990-cı il tarixli, 79 saylı qərarı ilə mülkiyyət hüquqi əsasında 20 sentyabr 2002-ci il tarixdə qeydə alınmışdır. 8652 nömrə ilə reyestr kitabına yazılmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 X2 anası isə X3r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 X2 anası isə X3r. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 27 avqust 1989-cu ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 29 may 1998-ci ildə ölmüşdür. İşdə olan DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Koroğlu küçəsi, 45/11 saylı fərdi yaşayış evi ½ hissə İddiaçı2 qeydiyyat tarixi - xx.xx.2015 və ½ hissə Əliyev Aydın oğlunun mülkiyyətindədir. İşdə olan DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Koroğlu küçəsi, 45/11 saylı fərdi yaşayış evi 2/4 hissə İddiaçı2, ¼ hissə Cavabdeh1 qeydiyyat tarixi – xx.xx.2018 və ¼ hissə Cavabdeh2 mülkiyyətindədir. İşdə olan Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, İddiaçı2 məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Nəzərə çatdırır ki, mübahisə predmeti olan Mingəçevir şəhəri 1-ci notariat kontorunda 2V-İ-73-li nömrə qeydə alınmış şəhadətnamə xx.xx.2002-ci il tarixdə tərtib edilmişdir. Şəhadətnamənin verilməsindən 22 il keçmişdir. Odur ki, İddiaçı2 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mülki işə iddia müddəti tətbiq edilməsini xahiş etmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-67/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı2 qarşı “paylı mülkiyyətdən onun və övladlarının payının naturada ayrılıb verilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, mübahisəli mənzil Mingəçevir şəhər X12 İcraiyyə Komitəsinin 79 №-li 26 mart 1990-cı il tarixli qərarına əsasən 20 sentyabr 2002-ci il tarixdə X8 adına qeydə alınmışdır. X15 27 avqust 1989-cu ildə, onun arvadı X10 29 may 1998-ci ildə ölmüşdür. Bundan sonra qanun üzrə vərəsəlik işi açılmış və İddiaçı2 və X13 qanun üzrə vərəsə kimi qəbul edilərək onlara mübahisəli mənzil olan miras əmlakdan bərabər hissələrdə irs verilməsi qərarlaşdırılmışdır. Bu barədə xx.xx.2002-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Buna əsasən qeydiyyat tarixi xx.xx.2015-ci il tarixli çıxarış verilmiş və həmin çıxarışda Mingəçevir şəhəri, Koroğlu küçəsi, 45/11 saylı fərdi yaşayış evi ½ hissə İddiaçı2 və ½ hissə Əliyev Aydın oğlunun mülkiyyətində olması müəyyənləşdirilmişdir. Sonra isə xx.xx.2018-ci il tarixli çıxarış verilmiş və orada isə Mingəçevir şəhəri, Koroğlu küçəsi, 45/11 saylı fərdi yaşayış evi 2/4 hissə İddiaçı2, ¼ hissə Cavabdeh1 və ¼ hissə Cavabdeh2 mülkiyyətində olması müəyyənləşdirilmişdir. Bundan narazı qalan iddiaçı tərəf məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə qeyd edir ki, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi qeyri mümkündür. Belə ki, Mülki Məcəllənin irəli gələn tələblərindən görünür ki, mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin şəhadətnamə isə xx.xx.2002-ci il tarixdə qəbul edilmişdir. İddiaçı tərəf isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Yəni aradan 22 ilə yaxın bir müddət keçmişdir. İddiaçı tərəf onların bundan xəbəri olmadıqlarını bildirsə də, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-67/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin məzmunundan aydın olur ki, iddiaçı tərəfin şəhadətnamədən xəbəri olmuşdur. Buna baxmayaraq keçən müddət ərzində onu mübahisələndirməmişdir. Hazırda qanunvericiləyə əsasən həmin müddət keçmişdir. Məhkəmə hesab edir ki, kəsici müddət tətbiq edilməlidir. Cavabdeh tərəf məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iş üzrə müddət tətbiq olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırki iş üzrə tətbiq edilməli müddət kəsici müddət olduğundan bunu məhkəmə öz təşəbbüsü ilə tətbiq edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 1272-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarınından görünür ki, Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar). Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə kəsici müddət tətbiq edilməli və İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 və 3-cü şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun bütün hüquqi nəticələrinin ləğv olunması tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 227, 357–360–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 3cü şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun bütün hüquqi nəticələrinin ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar