Məhkəmə qərarları › İş №2(051)-891/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-891/2024

18.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-891/2024 18.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 346.16 manat məbləğində borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən yaşadığı evə qaz sərfinə görə həyətyanı sahəsinin çöl tərəfinə sayğac quraşdırılmışdır. Evinə qazın verilməsi əvvəllər normal olmuşdur. Hər ay əvvəlcədən “Azəriqaz’ın əməkdaşları tərəfindən bildiriş-xəbərdarlıq verildikdən sonra, bildiriş üzrə borcları hissəhissə, yaxud tam formada ödəmişdir. Lakin qonşuluqda yaşayan şəxsin həyətində olan ağacın aşması nəticəsində evindən kənarda quraşdırılmış qaz sayğacının üzərinə düşmüş və sayğacın üst tərəfinin qəlyanı qırılmışdır. Qeyd olunan hal onun təqsiri üzündən baş verməmişdir. 10 fevral 2024-cü il tarixdə ona bildiriş-xəbərdarlıq gəlmişdir. Həmin bildirişdə ona 346.16 manat məbləğdə borc yazıldığı qeyd olunmuşdur. Hesab edir ki, bu tam qanunsuz və əsassızdır. Belə ki, qaz sayğacı onun cavabdehliyi sərhəddində quraşdırılmamış və onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Ağacın aşması isə təbii hadisə nəticəsində, yəni güclü küləyin təsirindən qırlmış və onun istifadəsində olan qaz xəttini sındırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı və iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, İddiaçı Cavabdeh Tərtər X6 İdarəsinin Mingəçevir rayonu üzrə xidmət sahəsində abonent kodu **********20000 olmaqla, xx.xx.2024-cü il tarixli, XS-45-00124/24 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh İB-nin Tərtər RQİİ-nin rayonu üzrə Yevlax xidmət sahəsi tərəfindən İddiaçı mənzilində 10598654 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, guya sayğacın üstünə ağac aşması nəticəsində sayğacda yaranmış hər hansı problem üzündən borcu artmışdır. Halbuki, abonent təbii qazdan istifadəyə görə borcunu fasilələr və ya yarımçıq olaraq ödəniş etdiyi üçün borcu hər ay artaraq yüksək məbləğə gətirib çıxarmışdır. Bunu abonentin saldosuna nəzər yetirdikdə müəyyən etmək olur. Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, borclu həmin məbləği hələ də ödəməmiş qalmaqdadır. İddiaçı onunla bağlanmış “Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı müraciəti ilə bağlı bildirmişdir ki, abonent 12 fevral 2024-cü il tarixdə saat 15:10-da Mingəçevir xidmət sahəsinin 104 qəza xidmətinə zəng edərək ünvanında qaz sızması olduğunu bildirmişdir. Qəza xidməti tərəfindən saat 15:13-də tərtib olunmuş 666 saylı sifariş vərəqəsilə ünvan 3 ünvanına yola düşmüşdür. Ünvanda 10598654 nömrəli məişət qaz sayğacının çıxışından fərdi evinə gedən qaz xəttinin polad əymədə yaranmış sızmanı aradan qaldıraraq polad əyməni yenisi ilə əvəz edərək sızmanı ləğv etmişlər. Ev daxilində yaranmış problemlərə (sızmalar, xəttin qırılması və.s) abonent məsuliyyət daşıyır. Yerli Qaz İdarəsi küçə xəttində qaz sızması ilə bağlı həmin ünvanda olmuşlar. Əməkdaşların yoxlamaları zamanı küçə xəttinə birləşən dik boruda, yəni sayğacdan əvvəl olan hissədə qaz sızması aşkar edilib aradan qaldırılıb. Bundan əlavə İddiaçı borcunun yaranmasına səbəb kimi qaz sızması nəticəsində olduğunu göstərmişdir. Hadisə Qaz İdarəsinin təqsiri ucbatından olmamışdır və buna görə də məsuliyyət daşımır. Hadisədən əvvəl dekabr ayına nəzər yetirilsə, abonent 135.20 manat məbləğində qazdan istifadə etmişdir. Bununla da iddiaçının borcu özünün istifadə etdiyi təbii qaza görə yaranmış borcudur və onun tərəfindən ödənilməlidir. Odur ki, məhkəmədən iddianın rədd olunması haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan Tərtər X6 İdarəsinin Mingəçevir XS ilə İddiaçı arasında xx.xx.2024–cü il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı– satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçıya xidmət edən qaz xətti üzərində xx.xx.2018–ci il tarixdə G-4 markalı 10598654 nömrəli qaz sayğacı quraşdırılmış və həmin qaz sayğacı üzərinə 12629785 nömrəli plomb vurulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Abonentin Saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına quraşdırılmış 10598654 №li qaz sayğacının 2023-cü ilin noyabr ayı üzrə sərfiyyatı 200 kub metr, dekabr ayı üzrə 676 kub metr, 2024-cü ilin yanvar ayı üzrə 1618 kub metr və fevral ayı üzrə isə 370 kub metr olmuşdur. Nəticədə, abonentə 346.16 manat qalıq borc hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına quraşdırılmış 10598654 №li qaz sayğacına 346.16 manat yekun borc hesablanmışdır. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, 10598654 nömrəli qaz sayğacı quraşdırılmış, həmin qaz sayğacı üzərinə 12629785 nömrəli plomb vurulmuşdur. Sayğacın (plombun) quraşdırılma səbəbi kimi sızma göstərilmişdir. İşdə olan 666 saylı sifariş vərəqəsindən görünür ki, İddiaçı 12 fevral 2024-cü il tarixdə saat 15:10-da Mingəçevir xidmət sahəsinin 104 qəza xidmətinə zəng edərək ünvan 1 ünvanında qaz sızması olduğunu bildirmişdir. Ünvanda 10598654 nömrəli məişət qaz sayğacının çıxışından evə gedən xətdə sızma aşkar olunmuşdur. Qəlyan dəyişilmiş, sızmanın qarşısı alınmışdır. İşdə olan YSTİ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, 19 yanvar 2024-cü il tarixində idarəyə daxil olan telefon zənginə və idarənin baş mütəxəssisi X1 verdiyi yazılı məlumata əsasən Təbriz küçəsi 28 ünvanında qırılmış ağacın budaqları tərəflərindən doğranaraq yığışdırılıb götürülmüşdür. İşdə olan YSTİ-nin baş mütəxəssisi Behbudov M., icraçı Əliyev C.Ş. və mişarçı Səmədov İ.M. tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 19 yanvar 2024-cü il tarixində idarəyə daxil olan zəng əsasında Təbriz küçəsi 28 ünvanında külək nəticəsində qopmuş 1 ədəd ağac budağı tərəflərindən doğranaraq yığışdırılıb götürülmüşdür. İşdə olan YSTİ-nin baş mütəxəssisi Mehman Behbudov tərəfindən İddiaçı ərizəsinə cavab olaraq yazılmış xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, yanvar ayının 19-da daxil olan telefon zəngi əsasında həmin adresdə qırılmış ağacın qənədləri briqadir Cəsarət Əliyev tərəfindən doğranıb götürülmüşdür. Həmin qənədlər qaz turbası olan tərəfdən digər istiqamətə düşmüşdür. Həmin qənədlər qaz turbasına heç bir ziyanlıq vurmamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə qaz paylayıcısı olan cavabdeh arasında təbii qazın alqı–satqısı barədə xx.xx.2024–cü il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilmiş hesaba ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən 10598654 nömrəli qaz sayğacı quraşdırılmış, həmin qaz sayğacı üzərinə 12629785 nömrəli plomb vurulmuşdur. Sayğacın (plombun) quraşdırılma səbəbi kimi sızma göstərilmişdir. Abonentin Saldosuna görə ünvan 1 ünvanında İddiaçı adına quraşdırılmış 10598654 №li qaz sayğacının 2023-cü ilin noyabr ayı üzrə sərfiyyatı 200 kub metr, dekabr ayı üzrə 676 kub metr, 2024-cü ilin yanvar ayı üzrə 1618 kub metr və fevral ayı üzrə isə 370 kub metr olmuşdur. Nəticədə, abonentə 346.16 manat qalıq borc hesablanmışdır. İddiaçı 12 fevral 2024-cü il tarixdə saat 15:10-da Mingəçevir xidmət sahəsinin 104 qəza xidmətinə zəng edərək ünvan 1 ünvanında qaz sızması olduğunu bildirmişdir. Ünvanda 10598654 nömrəli məişət qaz sayğacının çıxışından evə gedən xətdə sızma aşkar olunmuşdur. Qəlyan dəyişilmiş, sızmanın qarşısı alınmışdır. YSTİ-nin baş mütəxəssisi Behbudov M., icraçı Əliyev C.Ş. və mişarçı Səmədov İ.M. tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən 19 yanvar 2024-cü il tarixində idarəyə daxil olan zəng əsasında Təbriz küçəsi 28 ünvanında külək nəticəsində qopmuş 1 ədəd ağac budağı tərəflərindən doğranaraq yığışdırılıb götürülmüşdür. YSTİ-nin baş mütəxəssisi Mehman Behbudov tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli məlumata əsasən İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, yanvar ayının 19-da daxil olan telefon zəngi əsasında həmin adresdə qırılmış ağacın qənədləri briqadir Cəsarət Əliyev tərəfindən doğranıb götürülmüşdür. Həmin qənədlər qaz turbası olan tərəfdən digər istiqamətə düşmüşdür. Həmin qənədlər qaz turbasına heç bir ziyanlıq vurmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən iddia tələbinə qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi qismən əsaslıdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, 19 yanvar 2024-cü il tarixində Təbriz küçəsi 28 ünvanında güclü külək əsməsi nəticəsində 1 ədəd ağac budağı qopmuş və həmin ağacın qənədlər qaz turbası olan tərəfdən digər istiqamətə düşmüşdür. Sonradan aidiyyəti orqan tərəfindən qopmuş ağac budaqları doğranaraq yığışdırılıb götürülmüşdür. Nəticədə, iddiaçının evinə gedən qaz xəttində sızma baş vermişdir. Ona görə də iddiaçı 12 fevral 2024-cü il tarixdə saat 15:10-da Mingəçevir xidmət sahəsinin 104 qəza xidmətinə zəng edərək ünvan 1 ünvanında qaz sızması olduğunu bildirmişdir. İş üzrə cavabdeh olan qaz paylayıcısının işçiləri tərəfindən iddiaçının ünvanında 10598654 nömrəli məişət qaz sayğacının çıxışından evə gedən xətdə sızma aşkar olunmuşdur. Qəlyan dəyişilmiş, sızmanın qarşısı alınmışdır. Həmin hadisədən sonra iddiaçının Saldosunda əhəmiyyətli dərəcədə artım olmuşdur. Belə ki, iddiaçının adına quraşdırılmış 10598654 №li qaz sayğacının 2023-cü ilin noyabr ayı üzrə sərfiyyatı 200 kub metr, dekabr ayı üzrə 676 kub metr olduğu halda, 2024-cü ilin yanvar ayı üzrə 1618 kub metr fevral ayı üzrə isə 370 kub metr olmuşdur.. Göründüyü kimi sızmanın yarandığı yanvar ayı üzrə iddiaçının qaz sərfiyyatı çoxalmış, nəticədə, ona 346.16 manat qalıq borc hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının saldusuna əsasən onun qış ayları üzrə orta aylıq sərfiyyatı 618-676 kub metr həddində olmuş, lakin yanvar ayı üzrə sərfiyyatın 1618 kub metr olması, iddiaçının aylıq sərfiyyatına uyğun deyildir. Göründüyü kimi iddiaçıya hesablanmış sərfiyyat məhz ağacın budağının qopması və qaz xəttini zədələməsi nəticəsindən yaranmış sızmadan irəli gəlmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının sayğacında 2024-cü ilin yanvar ayı üzrə sərfiyyat kimi 1618 m3 təbii qaz görünsə də, iddiaçı həmin ay üzrə o həcmdə təbii qazdan istifadə etməmiş, ümumi orta aylıq sərfiyyata uyğun olaraq iddiaçının 2024-cü ilin yanvar ayı üzrə qaz sərfiyyatının 618 kub metr olması daha inandırıcıdır. Belə olan halda iddiaçının abonent koduna 1000 kub metr təbbi qaza görə əsasız borc hesablanmışdır. Abonentin Saldosuna əsasən yeni tarifə keçid 33,44 manat göstərilmiş, sərfin məbləği 0.20 qəpiklə hesablanmışdır. Bununla da qaz sərfiyyatı 167.2 m3 təşkil edir. Qalan 832.8 m3 qaz sərfiyyatı 0.12 qəpiklə hesablanaraq, həmin məbləğin üzərinə yeni tarifə keçidlə hesablanmış 33,44 manat gəlməklə, iddia tələbi 134 manat borc hissəsində əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi 212.16 manat təbii qazdan istifadəyə görə yaranmış borcla bağlı hissədə əsassızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11–ci maddəsinin 6– cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqısı, müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13–cü maddəsinin 9–cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 6–cı maddəsinin 2–ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 6.7–ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5–ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7–ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarında qazın alqı–satqısı və digər şərtləri yalnız qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməli, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi, həmçinin işlək vəziyyətdə saxlanması isə qaz paylayıcısının hesabına təmin edilməli olduğu, eləcə də qaz qurğusu sahibinə dəymiş ziyana görə yalnız qaz qurğularına bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxsin məsuliyyət daşıdığı imperativ şəkildə göstərilmişdir. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına əsasən hesab edir ki, İddiaçı ilə cavabdeh arasında təbii qazın alqı–satqısına dair müqavilə bağlanmışdır. İddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün ictimai yolda sayğac quraşdırılmışdır. Cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 10598654 nömrəli qaz sayğacı quraşdırılmış, həmin qaz sayğacı üzərinə 12629785 nömrəli plomb vurulmuşdur. xx.xx.2024-cü il tarixdə güclü küləyin təsirindən ağacın budağı qopmuş və iddiaçının evinə gedən qaz xətti zədələmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə qaz sızmasından xəbər tutmuş və dərhal qaz paylayıcısına məlumat vermişdir. Ondan sonra cavabdeh təşkilatın mütəxəssisləri həmin sızmanı aradan qaldırmış və iddiaçıya qaz verilməsi davam etmişdir. Bununla belə qaz paylayıcısı qaz xəttindən sızmanın baş verməsinin iddiaçının iradəsindən asılı olmayan hadisədən irəli gəldiyini nəzərə almadan, formal şəkildə iddiaçının təqsirli olması qənaətinə gəlmiş və iddiaçının abonent koduna əsasız olaraq debitor borc hesablamışdır. Halbuki, Tərtər X6 İdarəsinin Mingəçevir XS ilə İddiaçı arasında xx.xx.2024–cü il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı– satqısı barədə müqaviləsinin 6-cı bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hadisələr səbəbindən bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsinə görə tərəflər məsuliyyət daşımır. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün tətbiq edilməli olan mülki hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında mülki məsuliyyət daşıması üçün bilavasitə onun hərəkətlərində mülki hüquq pozuntusu törətməsi halı məcmu halında mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəf iddiaçının hərəkətlərində cavabdeh təşkilata zərər vurulmasına səbəb olan hüquqa zidd hallar müəyyən etməmişdir. Cavabdeh təşkilat üstün mövqeyinə uyğun olaraq hüquqdan suiistifadə edərək iddiaçıya əsassız borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır Ona görə də məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna iddiaçının aidiyyəti olmadığından, cavabdeh hüquqi şəxsin subyektiv hüququ iddiaçı tərəfindən pozulmadığından, iddiaçının abonent koduna qanunsuz hesablanmış 134 manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh hüquqi şəxs dəymiş tələbi ilə bağlı aidiyyəti üzrə iddia qaldırmaq hüququna malikdir. Məhkəmə, həmçinin nəzərə alır ki, 346.16 manat borcun 212.16 manat hissəsi iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə yaranmış debitor borcdur. Belə olan halda tələb 212.16 manat hissədə əsassızdır. Azərbaycan Respublikasının MPM–in 77.1–ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********20000 saylı abonent koduna hesablanaraq daxil edilmiş 134 (bir yüz otuz dörd) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar