Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-893/2024 02.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna 5000 (beş min) manat kompensasiya verilməklə xitam verilməsi və mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, kompensasiya məbləğinin 7500 manat müəyyən edilməsinə razılıq vermişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzil təmsil etdiyi şəxsin xüsusi mülkiyyətindədir. Mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdən qeydə alınmışdır. Cavabdeh təmsil etdiyi şəxsin qardaşı Bəxtiyar Fərəcovun arvadı olmuş və onlar arasındakı nikah 28 noyabr 2023-cü ildə məhkəmə qaydasında pozulmuşdur. Təmsil etdiyi şəxsin mənzilində cavabdeh yaşayır. Həmin mənzildə cavabdeh yaşayış yeri üzrə qeydiyyatda olmasa da, ünvan 1 ünvanında yerləşən mənzildə istifadə hüququnun olması mübahisəsizdir. Təmsil etdiyi şəxsin qardaşı Bəxtiyar Fərəcovla aralarındakı münasibət pozulduğundan cavabdehlə həmin mənzildə birgə yaşaya bilmirlər. Odur ki, cavabdehin mənzilə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılmasını istəyir. Ümumi razılığla gələ bilmədiklərindən hazırkı iddia ilə məhkəməyə müraciət edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə təkrar rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmədən işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan **********34-05101-093058 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı və digər şəxslər yaşayış yeri üzrə ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. İşdə olan "xxxx" MMC-nin 34 №-li xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Mingəçevir şəhərində, yerindən asılı olaraq yaşayışa uyğun səviyyədə olan boş vəziyyətdə 3 otaqlı Leninqrad layihəli mənzillərin kirayə qiyməti 200 manat dəyərindədir. Eləcə də, göstərilənləri nəzərə alaraq qiymətləndirilməyə təqdim edilmiş, İddiaçı ərizəsinə cavab olaraq Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, bina 6A, mənzil 36-da yerləşən, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqdan ibarət olan Leninqrad layihəli orta təmirli bina yaşayış evinin yerindən asılı olaraq mart ayı 2024-cü il tarixə olan bazar qiyməti 60.000 manat dəyərində qiymətləndirilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1738/2023 saylı 28 noyabr 2023cü il tarixli qətnaməsindən görünür ki, X1 ilə Cavabdeh arasında xx.xx.1997-ci il tarixdə X2 bağlanmış və 232 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması, həmçinin iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı, 25 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun yarısı, 25 manat pul cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının qardaşının keçmiş arvadıdır. Cavabdeh iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda deyildir. Hazırda cavabdeh iddiaçıya məxsus mübahisəli mənzildə yaşayır. Cavabdehlə iddiaçının qardaşı Bəxtiyar Fərəcov arasındakı nikah rəsmi qaydada pozulmuşdur. İddiaçı cavabdehin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun olmasını qəbul edir. Bununla belə iddiaçı cavabdehlə birlikdə yaşaya bilmir. İddiaçı cavabdehə 7500 manat məbləğində kompensasiya verməklə istifadə hüququna xitam verilməsini və ona məxsus mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılmasını tələb edir. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8–ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14–cü maddəsinin 1–ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6–cı maddəsinin 1–ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, cavabdehin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qanunla müəyyən olunmuş qaydada tanınmalı, tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamalı, lakin iddiaçı bazar qiymətinə müvafiq olaraq cavabdehə kompensasiya təklif etməlidir. Cavabdeh isə həmin təklifi qəbul etməməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və həmin norma iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının adına qeydə alınmışdır, yəni iddiaçı mülkiyyətçidir. Cavabdeh isə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etmək hüququna malikdir. İddiaçı ilə cavabdeh arasında məhkəməyə qədər yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. Məhkəmə, göstərilən hüquq normalarına istinadən iddia tələbinin təmin olunmasına dair hüquqi mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29–cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007–ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxslər arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kompensasiyanın məbləğinin iddianın predmetinə daxil olmamasını nəzərə alaraq, kompensasiyanı iddiaçının təklif etdiyi 5000 manat məbləğində deyil, real bazar qiymətinə uyğun olaraq mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında 7500 manat məbləğində müəyyən etmiş və həmin məbləğin ödənilməsini iddiaçı tərəfə təklif etmişdir. İddiaçı da həmin məbləğdə kompensasiya ödəməyə razılıq vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmənin müəyyən etdiyi, iddiaçı tərəfin qəbul etdiyi 7500 manat kompensasiya məbləği kifayət qədərdir. Belə ki, cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün kifayətdir. Məhkəmə yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla belə hesab edir ki, cavabdehin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində Cavabdeh 7500 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Bu zaman məhkəmə iddiaçının təqdim etdiyi, Mingəçevir şəhərində, yerindən asılı olaraq yaşayışa uyğun səviyyədə olan boş vəziyyətdə 3 otaqlı Leninqrad layihəli mənzillərin kirayə qiymətinin 200 manat olmasına dair məhkəməyə təqdim etdiyi mütəxəssis rəyini də nəzərə almışdır. Məhkəmə, həmçinin nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 sentyabr 2007–ci il tarixli qərarındakı hüquqi mövqelərini rəhbər tutmuşdur. Həmin qərardakı hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən, yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair işlərə baxılarkən, mübahisəli yaşayış evinin bazar qiyməti deyil, davamlı müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və bu səbəbdən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 7500 (yeddi min beş yüz) manat kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onun istifadə hüququna xitam verilsin. Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Kompensasiyanın verilməsi ilə Cavabdeh əşyaları ilə birlikdə mənzildən çıxarılması eyni vaxtda icra edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-893/2024
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-893/2024
02.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver