Məhkəmə qərarları › İş №2(051)-988/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-988/2025

27.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-988/2025 27.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi cəlb edilməklə “sənədin məxsusluğunun müəyyən olunması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsi cəlb edilməklə “sənədin məxsus olmasının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 saylı qərarı əsasında X2 Mingəçevir şəhərində yerləşən 0.04 ha torpaq sahəsinin verilməsi barədə JN-607A KOD 90200002 nömrəli şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1945-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuşdur. 29 oktyabr 1966-cı ildə X6 ilə nikaha girmiş, ancaq həmin vaxt onun pasportu olmamışdır. Ancaq sonradan pasport alarkən soyadı babasının adına uyğun olaraq Muxtarova soyadı yazılmışdır. 1988-ci ildə Azərbaycana qaçqın kimi gəldikdən sonra sovet pasportu ilə yaşamışdır. Sonradan ona şəxsiyyət vəsiqəsi verilərkən nikahda göstərildiyi kimi Daşdanova soyadı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Əmək kitabçasında da soyadı Muxtarova kimi göstərildiyindən Mingəçevir Şəhər Məhkəməsinin 08 fevral 2011-ci il tarixli 2(051 )-90/2011 saylı qətnaməsi ilə X2 təyin olunmuş pensiyanın ona məxsus olması faktı müəyyən olunmuş və qətnamə qanuni qüvvəsini almışdır. Yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi də Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə ailə üzvləri ilə birgə ona verilmişdir. Belə ki, adına JN-607A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. Həmin şəhadətnamə əsasında mülkiyyətə dair çıxarış almaq istəyərkən məlum olmuşdur ki, həmin şəhadətnamədə soyadı Muxtarova kimi qeyd olunmuşdur. Hazırda həmin sənədi verən Torpaq və Xəritəçəkmə Komitəsi fəaliyyət göstərmədiyindən düzəlişin həmin şəhadətnamənin verən orqanda aparılması mümkün olmaması barədə 17 saylı Ərazi İdarəsi tərəfindən məktub verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PH-in 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 öz izahatında göstərdi ki, Ərizəçi ilə təxminən 15 illik qonşudurlar. Ərizəçi ilk soyadı Muxtarova olmuşdur. 2011-ci ildə onun soyadının Muxtarova qeyd edilməsi səbəbindən pensiyası ilə bağlı məhkəmədə işə baxılmış və onun soyadının Daşdanova olması təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 öz izahatında göstərdi ki, Ərizəçi ailəsi ilə təxminən 10 ildən çoxdur ki, qonşu olmuşlar. Ailəvi gediş-gəlişləri olmuşdur. Muxtarova soyadı da Ərizəçi ilk soyadı olmuşdur. İş materiallarında olan: Ədliyyə Nazirliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən X6 adından Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-607A nömrəli şəhadətnamədə göstərilən Muxtarova soyadı ilə şəxsiyyət vəsiqəsində qeyd olunan Daşdanova soyadı arasında uyğunsuzluq mövcuddur. Müvafiq sənədlərdə hər hansı bir düzəlişin və ya həmin sənədin ləğv edilməsi Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. AZ-İİ 427241 №li xx.xx.2010-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 475 nömrə ilə qeyd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(051)-90/2011 saylı qətnaməsindən görünür ki, Mingəçevir şəhər Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1995-ci ildə X2 təyin olunmuş pensiyanın Ərizəçi məxsus olması faktı müəyyən edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-607A KOD 90200002 şəhadətnamədən görünür ki, mülkiyyətçilərdən biri olan X1 qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı: Ərizəçi torpağa mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəçinin həmin şəhadətnamədə soyadı Muxtarova kimi, şəxsiyyət vəsiqəsində Daşdanova kimi qeyd edilmişdir. Ərizəçiyə sənədin məxsusluğu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən Mingəçevir şəhər Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1995-ci ildə X2 təyin olunmuş pensiyanın Ərizəçi məxsus olması faktı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarın 6-cı maddəsinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmənin mövqeyi: Təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən göründüyü kimi ərizəçinin soyadı Muxtarova göstərilmişdir. Lakin şəxsiyyət vəsiqəsində soyadı Daşdanova olaraq qeyd olunmuşdur. Şahid ifadələri və təqdim edilmiş sənədlərlə Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 saylı qərarı əsasında X2 Mingəçevir şəhərində yerləşən 0.04 ha torpaq sahəsinin verilməsi barədə JN-607A KOD 90200002 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən olunmuşdur. Ona görə də ərizə təmin edilməli və Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 saylı qərarı əsasında X2 Mingəçevir şəhərində yerləşən 0.04 ha torpaq sahəsinin verilməsi barədə JN-607A KOD 90200002 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ:

Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 saylı qərarı əsasında X2 Mingəçevir şəhərində yerləşən 0.04 ha torpaq sahəsinin verilməsi barədə JN-607A KOD 90200002 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar