Məhkəmə qərarları › İş №2(052)-101/2024

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-101/2024

20.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-101/2024 20.06.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli Akta əsasən İddiaçı (ünvan 1 ünvan üzrə Abonent kodu **********00040) qaz sərfinə görə hesablanmış 777.60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanı üzrə Cavabdeh abonentidir. İstifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. Birliyin nümayəndələri ilə aralarında heç bir mübahisə və narazılığı olmamışdır. xx.xx.2019-cu il tarixdə 1002AQ**********08100 №-li qaz sayğacı istismar müddəti bitdiyinə görə çıxarılmış və ünvanına yeni sayğac quraşdırılmışdır. Bu barədə akt tərtib edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ******* №-li qaz sayğacı çıxarılmış, yeni sayğac quraşdırılmışdır. "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* №-li, xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir və qaz sayğacı abonentə təhvil verildi. Daha sonra xx.xx.2024-cü il tarixli ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib edilmişdir. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə aşağıdakılar yazılmışdır: Sayğaca ümumi baxış keçirildi, sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdə əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunur, sayğac istismara yararsızdır və dəymiş ziyanın və sayğacın dəyərinin ödənilməsi tələb edilmişdir. Aktda isə istehlakçının xəbəri olmadığı halda, onun imza etməkdən imtina etdiyi yazılmışdır. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Abonentin saldosundan görünür ki, o, hər ayın sonunda vaxtı - vaxtında qaz borcunu gecikdirmədən ödəmişdir. Qaz sayğacına ailə üzvləri tərəfindən də heç bir müdaxilə edilməmişdir. Bu vaxta kimi istehlak etdiyi təbii qazla bağlı heç bir problem olmamış, ödənişlərdə gecikmələri yaranmamış və ya sayğaca müdaxilə halları olmamışdır. Belə olan təqdirdə 90 günə uyğun sərfiyyat necə aparılmış və aylıq saz vəziyyətdə olan sayğaca 3 ay əvvələ necə cərimə hesablanmışdır. Onun təqsirinin müəyyən olunmadığı təqdirdə "Azəriqaz" İB tərəfindən ondan 777,60 manat məbləğində pulun tələb edilməsini ağlabatan hesab etmir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 1 əvvəllər onun valideynlərinin olmuş, valideynləri vəfat etdikdən sonra ev onun mülkiyyətinə keçmişdir. Mənzildə hazırda qardaşı öz ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildə evə qaz sayğacı quraşdırılmış və həmin sayğac köhnə, yəni ki, istifadə olunmuş sayğac olmuşdur. 2024-cü ildə isə həmin sayğac CavabdehİB-nin işçiləri tərəfindən sökülərək yenisi ilə əvəz edilmişdir. Bu zaman o, evdə olmamışdır. Sayğac dəyişdirildikdən sonra gəlinləri akta imza ataraq, sayğacı təhvil götürmüşdür. Köhnə sayğac isə laboratoriyaya göndərilmişdir. Oradan cavab gəlmişdir ki, guya sayğaca müdaxilə olunmuşdur. Lakin, bu həqiqəti əks etdirmir. Sayğac əvvəldən işlənmiş olduğu üçün, ola bilsin ki, qüsürlu olmuşdur. Belə ki, 2019-cu ildə sayğac quraşdırılan zaman Cavabdeh İB-nin işçiləri tərəfindən ona məlumat verilmişdir ki, sayğac üç gün sınaq müddəti üçün quraşdırılmışdır. Sonradan dəfələrlə telefonla əlaqə saxlanılmış, sayğacın yenisi ilə əvəz edilməsi tələb edilmiş olsa da, heç bir tədbir görülməmiş və köhnə sayğac qalmışdır. Həmin mənzil 2 otaqdan ibarətdir və mənzil mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunmuşdur. Sayğac isə mənzildən çöldə quraşdırılmışdır. Yəni ki, Cavabdeh İB-nin aktında qeyd edildiyi kimi sayğaca müdaxilə etmələri üçün heç bir səbəb yoxdur. Ümumiyyətlə sayğaca müdaxilə edildiyinə dair hər hansı sübüt yoxdur. Abonentin saldosunda aylıq istifadə etdiyi qazın dəyəri və ödənişləri göstərilmişdir. Odur ki, hesablanmış borc qanunsuzdur. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 09 fevral 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1-də yaşayan istehlakçı Firuzə Qasımovaya məxsus evin qaz sayğacı növbəti dövlət yoxlaması üçün sökülmüş və yenisi ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin X4 İstismarı İdarəsinin Naftalan XS-i üzrə rəis müavini X1 tərəfindən təsdiq edilmiş 29 fevral 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1-də quraşdırılmış sayğaca ümumi baxış keçirilmiş, sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdə olmuş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur, sayğac istismara yararsızdır. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin X4 İstismarı İdarəsinin Baş mühəndisi Süleyman Qarayev tərəfindən təsdiq edilmiş 29 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1-ə məxsus qaz sayğacının G-4 markalı sayğacın maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 6480 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Abonentin saldosundan” görünür ki, 2024-cü ilin mart ayında abonent İddiaçı akt üzrə 777.60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qərara əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçıya məxsus mənzilin qaz sayğacı mənzildən kənarda quraşdırılmış və kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmişdir. Bununla da, Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin tələbini pozmuşdur. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, 09 fevral 2024-ci il tarixdə Cavabdeh əməkdaşları sayğacı növbəti dövlət yoxlaması səbəbindən dəyişdirmiş və bu zaman sayöacda hər hansı nasazlıq olmamışdır. Bu isə onu deməyə əsas verir ki, sayğac yenisi ilə əvəz edilərkən, ona əvvəlcədən müdaxilənin edilmiş olması qeyri müəyyən olmuşdur. Bundan başqa qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda istehlakçıya bu barədə məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməli idi. Qaz paylayıcı təşkilat tərtib edilmiş akt və digər əlaqəli sənədlərdə sayğaca müdaxilə edilmiş olmasını qeyd etsə də, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair birlik tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının yararsız hala düşməsində bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən, sayğacda aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində hər hansı sanksiya tətbiq edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 777.60 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində ******* nömrəli akt əsasında əsassız olaraq hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar